Məhkəmə qərarları › İş №2-1(105)-405/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-405/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-405/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X5, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı işlədiyi müddətinin sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 04.08.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 28.10.1997-ci ildən 20.12.2005-ci ilə kimi Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, pensiyasının yenidən hesablanması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək Qubadlı rayon qaz İstismar İdrəsində çilingər işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməklə,əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 04.08.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ididaçı İddiaçı 1981-ci ildə anadan olmuşdur. 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək Qubadlı rayon Qaz İstismar İdarəsində çilingər işləmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 05.03.2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabda qeyd olunmuşdur ki, iddiaçı xx.xx.1981-ci il təvəllüdlü olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 07 il 04 ay sığorta stajı və 7674 manat pensiya kapitalının olması zəruridir. İddiaçının 1997-2005-ci illərdə işlədiyi müddətin isə yoxlanılması mümkün olmadığından həmin müddət onun sığorta stajına daxil edilməmişdir. Halbuki onun işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, İddiaçı əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmiş, lakin sonuncu iddiaçıya ünvanladığı məktubunda bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1981-ci il təvəllüdlü olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 07 il 04 ay sığorta stajı və 7674 manat pensiya kapitalının olması zəruridir. İddiaçının 1997-2005-ci illərdə işlədiyi müddətin isə yoxlanılması zərurəti yarandığından həmin dövrlərin yoxlanılması üçün müvafiq qaydada sorğu edilmişdir. Lakin iddiaçının Qubadlı rayon X7 işləməsi faktı təsdiq edilmədiyindən, həmin dövrlərin yoxlanılması mümkün olmamış, bu səbəbdən həmin müddət onun sığorta stajına daxil edilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(085)- 738/2019 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(85)-738/2019 saylı qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 477/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2- 1(085)-738/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır (sədrlik edən hakim H.Babayeva, hakimlər Ruhiyyə Əsgərova və Zaur Məmmədov). Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apeylasiya Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2-1(105-477/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbukl edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 959/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 21 oktyabr 2019-cu il tarixli, 2-1(105)-477/2019 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim Zakir Quliyev, hakimlər Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov). İşə apelyasiya qaydasında baxıldıqda Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-325/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-325/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır (sədrlik edən hakim Fuad Məmmədov, hakimlər Telman Məmmədov və Səyyad Qafari). Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-325/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, iddanın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 368/2021 saylı, 31 mart 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 20 oktyabr 2020-ci il tarixli, 2-1(105)-325/2020 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən hakim İspəndiyar Səfiyev, hakimlər Rahib Nəbizadə və İlqar Hüseynov). APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək olan dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 4.2.7-ci bəndinə əsasən heç bir məlumatın olmaması səbəbindən qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan həmin iş dövrü mötəbər sübutlara əsaslanmır və iddiaçının həmin müəssisədə işləməsi şübhə altına alınır. Yəni vətəndaş həmin müəssisədə ümumiyyətlə işləməyib. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəmsəsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraaq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019cu il tarixli, 2-1(085)-738/2019 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı ona əlilliyə görə pensiya təyini üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək Qubadlı rayon X7 işləməsi faktının təsdiq edilmədiyini, həmin müddətlərin qarşılıqlı yoxlanılmasının mümkün olmadığını bildirərək imtina cavabı vermişdir. Bundan sonra iddiaçı 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək Qubadlı rayon X7 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona pensiya təyin edilməsini xahiş etmiş, işə baxan məhkəmə isə iddianı təmin edərək iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasının mövcudluğunu mübahisənin həlli üçün yetərli hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olub-olmamasına dair araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd edildiyi kimi iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi ona əlilliyə görə pensiya təyin olunmasına nail olmaq olmuşdur. Kollegiya hesab edir ki, əlilliyə görə pensiya təyini üçün isə iddiaçıya, əlillik təyin edildiyi zaman qüvvədə olan normalar nəzərdən keçirilməlidir. “Əmək pensiyalar haqqında” Qanunun 12-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil və ya sağlamlıq imkanları məhdud olmuş sığortaolunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İşdən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı 04.08.2008-ci il tarixdən (iddiaçının 27 yaşı olduğu zaman) 2-ci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçının adına açılmış və 30.10.1997-ci il tarixdə doldurulmuş ******* seriyalı əmək kitabçasından görünür ki, Qubadlı rayon Qaz İstismar İdarəsinin 28.10.1997-ci il tarixli, 53 nömrəli əmri ilə iddiaçı həmin tarixdə ərizəsinə əsasən idarəyə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, həmin İdarənin 20.12.2005-ci il tarixli, 65 nömrəli əmri ilə həmin tarixdə işdən azad edilmişdir. Əmək kitabçasında bundan başqa iddiaçının işləməsinə dair heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə Kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilmiş və 25 iyun 2021-ci il tarixli yazılı verilmiş cavabda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Qubadlı rayon X9 adlı hüquqi şəxs aşkar edilməmişdir (i.v.256). Həmçinin məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası «X13» Qapalı Səhmdar Cəmiyyətinə sorğu verilmiş və 15 iyul 2021-ci il tarixli, RS-01/229 saylı cavab məktubund aşağıdakılar qeyd olunmuşdur. «Vətəndaş İddiaçı «X13 QSC-də işləyib-işləməməsi və Qubadlı Rayon X9 tərəfindən verilmiş arayışa aydınlıq gətirilməsi barədə «X13» QSC-yə ünvanladığınız 2-1(105)- 405/2021 saylı, 30.06.2021-ci il tarixli məktubunuza tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, məktubunuza əlavə olunmuş Qubadlı Rayon X8 rəisi Q.Quliyev tərəfindən vətəndaş İddiaçı adına verilmiş iş arayışı bizdə ciddi şübhələr yaradır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 01.12.1997-ci il tarixli, 700 nömrəli Fərmanına əsasən Dövlət Əmlak Komitəsinin 1618 nömrəli, 29.12.1998-ci il tarixli sərəncamı ilə Maye Qaz üzrə İstehsalat Birliyi «X13» X12 Cəmiyyəti «X13» Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, "xxxx" Dövlət Şirkəti 1996-cı ildə yenidən təşkil olunaraq, adı dəyişdirilərək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, 2009-cu ilin iyul ayının 1-də isə Azərbaycan Respublikası Prezidentinin 366 nömrəli Sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə verilmiş və hal-hazırda SOCAR-ın tərkibində "xxxx" İstehsalat Birliyi kimi öz fəaliyyətini davam etdirir. Belə olan halda, qeyd olunan arayışın künc ştampında "xxxx" Dövlət Şirkətinin Maye Qazın İstehsalı və Təchizi üzrə X3 rayon X8 adının əks olunması, bundan başqa tarix olaraq 03.07.2019-cu il qeyd olunması, dairəvi möhürlə təsdiq olunması həmin arayışın saxta olmasına ciddi əsaslar yaradır. Belə ki, müəəssisə ləğv edilərək yenidən yaradıldıqda möhür ləğv edilir. Bu səbəbdən də həmin arayışın və ona vurulmuş möhürün saxta olub-olmamasının araşdırılması və qanuna müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirik. «X13» Qapalı Səşmdar Cəmiyyəti olaraq bir daha bildirirk ki, İddiaçı adında əməkdaş QSC-də işləməmişdir (i.v.258). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Qubadlı rayon Vergilər Şöbəsinin 23 iyul 2021-ci il tarixli, **********947800 saylı «Məlumatın təqdim edilməsi barədə» məktubunda aşağıdakılar qeyd olunmuşdur. «Sumqayıt Apeylasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2-1(105)-405/2021 nömrəli məktubu ilə vergi orqanına Qubadlı Rayon X8 təsis sənədləri və fəaliyyəti haqqında məlumat verilməsi barədə sorğu təqdim edilmişdir. Sumqayıt Apeylasiya Məhkəməsi tərəfindən apeylasiya şikayətinə ətraflı baxılması üçün təqdim olunmuş sorğuya əsasən Qubadlı Rayon X8 fəaliyyəti barədə məlumat əldə etmək üçün Qubadlı rayon İcra Hakimiyyətinə 22.07.2021-ci il tarixli, **********877200 nömrəli məktub göndərilmişdir. Qubadlı Rayon İcra Hakimiyyətinin 22.07.2021-ci il tarixli, 3-3/352 nömrəli məktubuna əsasən bildirilir ki, 31 avqust 1993-cü ildə Qubadlı rayonu işğal edildikdən sonra Qubadlı Rayon X8 fəaliyyəti dayandırılmışdır. Hal-Hazırda Qubadlı Rayon X9 fəaliyyət göstərmir, vergi orqanında qeydiyyata alınmamışdır». Yuxarıda qeyd olunan məktuba Qubadlı rayon İcra Hakimiyyətinin 22 iyul 2021-ci il tarixli məktubu əlavə edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 31.03.2021-ci il tarxli, 2-1(105)-368/2021 saylı göstərişlərinə müvafiq olaraq məhkəmə kollegiyası tərəfindən dindirilmiş Şahid izahat verərək bildirdi ki, 1993-cü ildə Azəriqaz Dövlət Şirkətinin prezidenti T.Hüseynovun 60/K nömrəli əmri ilə Qubadlı rayon qaz istismarı idarəsinin rəisi vəzifəsinə təyin olunmuş, Qubadlı rayonu işğal olunduqdan sonra əvvəlcə Sabirabad rayonunda məcburi köçkün kimi məskunlaşmış, sonradan Sumqayıt şəhərində məskunlaşanda 12-ci mikrorayonda yerləşən 33 saylı yataqxanada qeyd edilən idarə üçün otaq götürmüşlər. İddiaçı uzun illər tanımış, İddiaçı xahişi ilə 1997-ci ildə onu Qubadlı rayon X7 4-cü dərəcəli çilingər vəzifəsinə işə götürmüşdür. İşə götürməyinə baxmayaraq İddiaçı 1997-2005-ci illər ərzində konkret əmək funksiyası olmamışdır. Qubadlı rayon X8 fəaliyyəti dövründə əmək haqqı almamışlar, İddiaçı əmək haqqı verilməmişdir. 1997-2005-ci illər ərzində Qubadlı rayon X7 işləyən heç kim konkret aylıq əmək haqqı almamışdır. İddiaçı Qubadlı rayon X7 ştat cədvəlində 47-ci işçi kimi qeyd edilmişdir. İşlədiyi dövrdə özü də əmək haqqı almamışdır. Beləliklə də məhkəmə kollegiyası işin sadalanan xüsusatlarına məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı 28.10.1997-ci ildən 20.12.2005-ci ilədək "xxxx" Dövlət Şirkəti Maye Qazın İstehsalı və Təchizi üzrə X3 rayon X7 işləməsi barədə əmək kitabçasında aparılmış qeydlər həqiqəti əks etdirməmiş, iddiaçı həmin illərdə Qubadlı rayon X7 ümumiyyətlə işləməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, əlilliyə görə pensiyanın təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(085)- 738/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, əlilliyə görə əmək pensiyasının təyin edilməsi və 04.08.2008-ci il tarixdə təyin edilən əlilliyə görə müavinətlə əlilliyə görə əmək pensiyası arasındakı fərqin hesablanmaqla ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar