Məhkəmə qərarları › İş №2-1(105)-405/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-405/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-405/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı 25.11.1956-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonu Acıbac kəndində doğum faktının düzgün müəyyən edilməsinə və bu barədə müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-1497/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 25.11.1956-cı il tarixdə Ermənistan Respublikasının Qafan rayonu Acıbac kəndində doğum faktının düzgün müəyyən edilməsinə və bu barədə müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sənədlərə əsasən xx xxxxxx 1958ci il tarixdə Qərbi Azərbaycanın Qafan rayonunun Acıbac kəndində anadan olmuş, həmin dövrdə kəndin ucqar bir ərazidə yerləşməsi, sənədləşmənin vaxtında aparılmaması, valideynlərin doğum şəhadətnaməsini vaxtında yazdırmamalarına fikir verməmələrinə görə onun da doğum tarixi ilə əlaqədar səhvliklərə yol verilmiş, 1956-cı il tarixdə doğulmağına baxmayaraq, sənədləşmə aparılarkən doğum tarixi səhvən 1958-ci il kimi qeydə alınmışdır. Belə ki, o Ermənistan SSR Qafan rayon Kacaran şəhər 5 nömrəli orta məktəbini 1973-cü il tarixdə bitirmiş, 5 nömrəli orta məktəb tərəfindən verilmiş orta məktəb attestatında xx xxxxxx 1958-ci il tarixdə anadan olmuş şəxslərin həmin məktəbi 1973-cü ildə yəni 15 yaşında bitirməsi mümkün deyildir. Bundan başqa, nikah haqqında şəhadətnamədən görünür ki, o, 24 sentyabr 1975-ci ildə X3 ilə nikaha daxil olmuşdur, yəni 17 yaşında bu isə həmin vaxtı qanunla mümkün deyildir. Qafan rayonunda aidiyyatı orqanlara müraciət etməyinə baxmayaraq, ermənilər tərəfindən arxivdə olan bütün sənədlərin itməsi bildirilmiş, ona görə də, sənədlərin bərpa edilərək verilməsi mümkünsüz olmuşdur. Qərbi Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) 1988-ci il tarixdə deportasiya edilərək köçürülməsinə görə tərəfindən doğum tarixi ilə əlaqədar heç bir sənəd əldə etmək mümkün olmamışdır. Onunla uşaqlıqdan bir yerdə yaşamış, onu uzun illər tanıyan, Qafan rayonunda anadan olmuş şəxslər onun həqiqətən də 1956-cı ildə anadan olmağını və həmin ilin onun doğum ili olmağını təsdiq edə bilərlər. Onlardan halhazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Təbriz küçəsi ev 15-də yaşayan X4, Abşeron rayonu Mehdiabad qəsəbəsi 20 Yanvar küçəsi ev 12/61-də yaşayan X1, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ev 23 mənzil 6-da yaşayan X5, Bakı şəhəri, F.Xoyski prospekti ev 111, mənzil 6-da yaşayan X6 göstərmək olar. Onlar və onlardan başqa bütün kənd sakinləri onun doğum ilinin 1956-cı il olmasını təsdiq edə bilərlər. Qeyd edilən məsələ ilə bağlı iddiaçı ilk əvvəl Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, müvafiq məhkəmə onun ərizəsini icraata götürmədən geri qaytarmışdır.

3. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-1497/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov)

4. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin olaraq Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, iddiası təmin edilməmiş və aidiyyəti olaraq inzibati məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərardadında isə onun ümumi şəhər (rayon) məhkəməsinə müracət etmək hüququ izah olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn münasibətlərin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.1-ci bəndinə görə, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qeyd olunanlara əsasən Sumqayıt İnzibati Məhkəməsi iddia ərizəsini araşdırmalı və müvafiq qətnamə çıxramalı olduğu halda aidiyyata görə iddianı mümkünsüz hesab etmişdir halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn münasibətlərin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarının 15.1-ci bəndinə əsasən aidiyyat məsələsi aşkar etmişdirsə işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərməli idi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 62. Məhkəmə bildirişləri

62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır.

Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə.

Maddə 35. İddianın mümkünlüyü

35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Maddə 80. Məhkəmə qərardadları

80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır...

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat

87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Hazırki işin hallarından görünür ki, iddiaçı 1956-cı ildə doğulduğunu, lakin doğum haqqında şəhadətnamədə doğum tarixinin 1958-ci il yazıldığını bildirərək, doğum faktının düzgün müəyyən edilməsi və bu barədə müvafiq şəhadətnamənin verilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda sadalanan maddi hüquq normalarından məlum olur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlara qarşı verilən iddia tələbinə o halda inzibati məhkəmələr tərəfindən baxılır ki, şəxsin doğum faktı barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanda məlumat olsun və həmin məlumatın əsasında müvafiq qeydin aparılmasından imtina edilmiş olsun. İddia tələbinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, iddiaçının adına Ermənistan Respublikasının Qafan rayon VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamə doğum haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Cavabdeh iddiaçıya ünvanladığı 19 mart 2022-ci il tarixli 05/Q-387/15 saylı məktubundan məlum olmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının reyesterində iddiaçının doğumunun qeydiyyatı barədə məlumat mövcud deyil. Ona görə də, iddiaçının doğumu barədə qeydinin bərpa edilməsi üçün onun doğum qeydi faktı müəyyən edilməlidir.

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinin tələbinə görə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mülki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxıla bilməz.

17. “İnzibati məhkəmə içraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

18. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı doğum tarixi barədə qeydin düzgün olmamasını mübahisələndirərək, doğum faktının düzgün müəyyən edilməsini tələb etdiyindən, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə aid deyil.

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı əsaslıdır.

20. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2-1(118)-1497/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar