Məhkəmə qərarları › İş №2-1(105)-405/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-405/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-405/2023 26.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-1045/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 saylı qərarı ilə fərdi yaşayış evinin tikmək üçün 30 ailəyə, o cümlədən İddiaçı 0.10 ha torpaq sahəsi ayrılmışdır.

2. Abşeron rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarına əsasən İddiaçı və ailə üzvlərinə ayrılmış 0.08 ha torpaq sahəsinə dair JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir.

3. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə İddiaçı Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.

4. Abşeron rayonu X5 Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinə ünvanladığı xx.xx.2011-ci il tarixli məktubda Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 saylı qərarı ilə fərdi yaşayış evinin tikmək üçün İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinə hüquqi sənədin verilməsinə Saray Bələdiyyəsinin etiraz etmədiyi göstərilmişdir.

5. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli bildirişində aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair iddiaçının və başqa şəxslərin adına ləğv edilmiş DT və XK tərəfindən JN-1297A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edildiyini əsas gətirərək müraciəti təmin etməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 1998-ci il tarixli JN-1297A Kod 30800086 saylı şəhadətnamənin ləğv edilməsi və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarına əsasən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdm edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli 236 saylı qərarı ilə ayrılmış 0.10 ha və Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı ilə (JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) ayrılmış 0.08 ha torpaq sahəsi üzərində ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul eidlməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı ilə Saray üzümçülük sovxozunun ərazisindən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin həmin qərarda 0,10 ha torpaq sahəsinin ayrılmasına və faktiki mövcudluğuna baxmayaraq, onun iştirakı və xəbəri olmadan tərtib olunmuş 10 may 1998ci il tarixli JN-1297A Kod 30800086 saylı torpağın mülkiyyətinə dair şəhadətnamədə səhvən 0,08 ha, yəni 0,02 ha az torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona torpaq sahəsinin “plan və ölçü” sənədinin verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin dövlət kadastrı kitabında 27 fevral 2012-ci il tarixli 18542 nömrə ilə uçota alınmış A N2 ******* saylı rəsmi sənəddə də ayrılmış torpaq sahəsinin ölçüsünün 0,10 ha olması (həmin sənəddə ölçü vahidi kimi kvadrat metr götürüldüyü üçün torpaq sahəsinin ölçüsü müvafiq olaraq 0,10 ha=1000 kv.metr kimi göstərilmişdir.) dəqiq göstərilmişdir. Baxmayaraq ki, mülkiyyətinə ayrılmış torpaq sahəsinin bütün sənədlərində, o cümlədən arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0,10 ha olması təsdiq edilmişdir. Hazırda o, 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

8. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sözügedən torpaq sahəsinə dair iddiaçının və başqa şəxslərin (X2, X6, X3) adına ləğv edilmiş DT və XK tərəfindən JN-1297A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi aşkar edilmişdir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-884/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(105)-609/2021 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ailə üzvləri X2, X7 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

11. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)- 1045/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı ilə Saray üzümçülük sovxozunun ərazisindən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsinin ayrılmasına və faktiki mövcudluğuna baxmayaraq, onun iştirakı və xəbəri olmadan tərtib olunmuş 10 may 1998-ci il tarixli JN-1297A Kod 30800086 saylı torpağın mülkiyyətinə dair şəhadətnamədə səhvən 0,08 ha, yəni 0,02 ha az torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona torpaq sahəsinin “plan və ölçü” sənədinin verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin dövlət kadastrı kitabında 27 fevral 2012-ci il tarixli 18542 nömrə ilə uçota alınmış A№3856584 saylı rəsmi sənəddə də ayrılmış torpaq sahəsinin ölçüsünün 0,10 ha olması (həmin sənəddə ölçü vahidi kimi kvadrat metr götürüldüyü üçün torpaq sahəsinin ölçüsü müvafiq olaraq 0,10 ha=1000kv.metr kimi göstərilmişdir) dəqiq göstərilmişdir. Baxmayaraq ki, mülkiyyətinə ayrılmış torpaq sahəsinin bütün sənədlərində,o cümlədən arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0,10 ha olması təsdiq edilmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd olunan şəhadətnamədəki buraxılmış nöqsanı əsas gətirərək ona torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və haqqında çıxarışın verilməsindən rəsmi surətdə imtina etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. “Torpaq islahatı haqqında” Qanun Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının ...qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

22. Hazırkı mübahisənin predmetini cavabdehin torpaq sahəsinin qeydiyyata alınmasından imtinası təşkil edir. Cavadehin imtinasının, habelə etirazının əsas dəlilləri ondan ibarətdir ki, aqrar islahat nəticəsində ləğv edilmiş DT və XK tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha deyil, 0.08 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair JN-1297A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir.

23. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 1297A KOD 30800086 saylı şəhadətnamədəki 0.08 ha torpaq sahəsinin yerləşməsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların olması səbəbindən Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına tərtib edilmiş 0,10 ha torpaq sahəsinin plan və ölçü sənədindəki koordinatları ilə üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Hazırda İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 0,1287 ha təşkil edir. Ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına tərtib edilmiş 0,10 ha torpaq sahəsinin plan və ölçünün döngə nöqtələrinin koordinatları hazırda İddiaçı faktiki istifadəsində olan 0,1287 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir.

24. Birinci instansiya məhkəməsi iş üzrə araşdırma apararaq düzgün olaraq müəyyən etmişdir ki, Abşeron rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 saylı qərarı və onun əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırda qüvvədədir. İddiaçı həmin şəhadətnamədə düzəlişin həyata keçirilməsini tələb etmək hüququna malikdir. Lakin hal-hazırda qərarın və şəhadətnamənin qüvvədə olduğu bir vaxtda iddianın təmin edilməsi üçün əsas mövcud deyildir.

25. İşin yuxarıda qeyd edilən halları, o cümlədən iddiaçının hüquqi marağına uyğun olaraq qüvvədə olan hüquqmüəyyənedici sənəd (JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) əsasında ona məxsus və hazırda istifadəsində olan 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi və ya Abşeron rayon AİK-nın xx.xx.1998-ci il tarixli 16 saylı qərarının və onun əsasında verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin müvafiq qaydada mübahisələndirilməsi imkanları barədə iddiaçıya məhkəmə iclasında yardım edilərək, İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəfləri, iddianın uğurluluq ehtimalı iştirak edən şəxslərlə müzakirə edilmiş, iddiaçı məhz Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 236 saylı qərarı ilə ayrılmış 0.10 ha və həmin torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar üzrə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyesterində qeydə alınaraq çıxarışın verilməli olduğunu bildirərək iddia tələbini müdafiə etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, nə qədər ki, iddiaçıya məhz 0.08 ha torpaq sahəsinin verilməsi barədə AİK-nın xx.xx.1998-ci il tarixli 16 nömrəli qərarı və həmin torpaq sahəsinə dair JN- 1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə qüvvədədir iddiaçının 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə iddia tələbi təmin oluna bilməz. Belə ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də onun yönəldiyi fiziki və hüquqi şəxslərin və suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(118)-1045/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar