Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-405/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsi vəzifəsi qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-2286/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallarında olan dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 27 aprel 2023-cü il tarixli, 5041 saylı müqavilədən görünür ki, icarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin icarəyə verdiyi Sumqayıt şəhəri, 10-cu mkr, 23 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 20.0 kv.m torpaq sahəsi icarəçi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. İddiaçı cavadehə müraciət edərək Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 321-3/2-H-1168-8/2024 nömrəli nömrəli məktubu ilə cavab verilərək mülkiyyətində olan obyektin tikilinin bir hissəsi olması səbəbindən torpaq sahəsindən yalnız icarə əsasında istifadənin mümkünlüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmuşdur. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisidir. Həmin binanın altında olan 20 kv.m sahəsində olan torpaq sahəsinin icarəçisidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 nömrəli Fərmanı əsasında təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin , habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 12-ci bəndinə əsasən mülkiyyətçi olduğu binanın altındakı torpaq sahəsini almaq məqsədilə xx.xx.2024- cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Əsasnamənin 13cü bəndinə əsasən Dövlət Xidməti ərizənin daxil olduğu andan 20 gün müddətində özəlləşdirilmiş müəssisənin mülkiyyətçisinə torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsi verir və müəyyən olunmuş məbləğ ödənildikdən sonra 10 gün müddətində alqı-satqı müqaviləsini bağlamaqla alıcıya müvafiq şəhadətnamə verir. Buna baxmayaraq Dövlət Xidməti ona torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsini verməmişdir, əvəzinə müəmmalı səbəbi göstərməklə Əsasnamə ilə nəzərdə tutulmamış “ekspertiza”nın keçirildiyi və aydın olmayan qanunvericilik tələblərinə əsasən ərizəsindəki xahişinin icra olunmasının mümkün olmadığını bildirmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbində qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 321-3/2-H-1168-8/2024 nömrəli nömrəli məktubu ilə cavab verilərək mülkiyyətində olan obyektin tikilinin bir hissəsi olması səbəbindən torpaq sahəsindən yalnız icarə əsasında istifadənin mümkünlüyü iddiaçıya bildirilmiş və torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmuşdur. Belə ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının icarəsindədir. İddiaçıya məxsus qeyri-yaşayış obyekti ticarət cərgəsinin bir hissəsi olması səbəbindən onun yerləşdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada birgə hüquqlar yarandığından, qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinin ticarət cərgəsi ərazisindən istifadə edən digər şəxslərin hüquqlarını məhdudlaşdıracağını və bununla mübahisəli vəziyyətin yarana biləcəyini nəzərə alaraq, Xidmət tərəfindən əsaslı olaraq torpaq sahəsində yalnız icarə əsasında istifadə edilməsinin mümkün olduğu iddiaçıya bildirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Yuxarıda istinad olunan qanunvericilik normasına əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanılmasına Əmlak Məsələləri Dövlət Xidmətinin məcbur edilməsi barədə tələbi əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin cavab məktubunda iddiaçının hər hansı hüquqları məhdudlaşdırılmamış, icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin mümkünlüyü iddiaçıya bildirilmişdir. Bununla belə, iddiaçı tərəfindən iddia predmeti olan torpaq sahəsi üzərində icarə əsasında hüquqlarının rəsmiləşdirilməsinin mülkiyyət hüququ ilə müqayisədə onun torpaq sahəsi üzərində hüquqlarının həyata keçirilməsinin hər hansı şəkildə məhdudlaşdıracağı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-2286/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçı qarşısında mübahisələndirilən torpaq sahəsinin ona satılması ilə bağlı öhdəlik daşımır. İddiaçının arzuladığı tələbə uyğun inzibati aktın qəbulu ilə bağlı vəzifənin cavabdehin üzərinə qoyulması onun hüquqlarına birbaşa müdaxilə hesab olunur. Belə olduqda isə, cavabdehin müqavilə bağlamaq barədə qərar qəbul edilməsindən imtina etməsi iddiaçının hüquqlarını pozmur. Diskresion səlahiyyətləridir. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq da qeyd etmişdir ki, cavabdehin diskresion səlahiyyətlərinin mövcudluğu əsaslandırılmamışdır: Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı əsasında təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnamənin 13cü bəndinə əsasən, ərizə daxil olduğu andan 20 gün müddətində Cavabdehin ərizəçiyə ödəmə tələbnaməsinin verməsi, torpaq sahəsinin satması və müvafiq şəhadətnamə verməsi öhdəliyi vardır. İnzibati icraat haqqında Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi başa düşülür. İddiaçının əsas iddia tələbi Cavabdehin üzərinə müqavilə bağlamaq barədə qərar qəbul edilməsi deyil, Cavabdehin üzərinə İddiaçıya ödəmə tələbnaməsinin verməsi vəzifəsinin qoyulması olmuşdur. Buna baxmayaraq, Məhkəmə tərəfindən iddianın predmeti olmayan məsələ (Cavabdehin müqavilə bağlamaq öhdəliyi/hüququ) ilə bağlı mülahizə və əsaslandırmalar verilmiş, faktiki olaraq iddia tələbinin mahiyyəti üzrə qərar verilməmişdir. İddiaçı, xx.xx.2024-cü il tarixli iddia tələbinin həcmini artırmışdır. Belə ki, İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixli məktub ilə müraciət edərək, həmçinin xx.xx.2025-ci il tarixində keçirilmiş şifahi məhkəmə baxışı prosesində çıxış edərək, əsas iddia ilə yanaşı Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı sahib olduğu torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının Cavabdeh tərəfindən tanınmış olmasını da xahiş etmişdir. Lakin, Məhkəmə tərəfindən iddia tələbinin həcminin artırılması faktı nəzərə alınmamış və ona mahiyyət üzrə qərar verilməmişdir b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Hazırda iddiaçı cavabdehin üzərinə ona mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsini tələb edir. Birinci instansiya məhkəməsi qərarında cavabdeh torpaq satışı ilə bağlı öhdəlik daşımadığını, qərar vermək onun diskresion səlahiyyətində olmasını qeyd edərək, iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlamadan iddia tələbinin əsaslığına hüquqi qiymət verməli deyildi. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd) Kollegiya qeyd edir ki, aşağıda sadalananlara əsasən iddia tələbi iddiaçının hüquqi marağına uyğun deyil. Belə ki iş materialları Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olarkən məhkəmə tərəfindən Dövlət Arxivinin Sumqayıt Filialına sorğu verilmiş, sorğuda Sumqayıt Şəhər Bələdiyyəsinin 30 saylı, 25 avqust 2006-cı il tarixli qərarını və həmin qərarın verilməsinə əsas olmuş sənədləri tələb edilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş bələdiyyə qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 10-cu mkr ərazisində şəhid ailəsi X1 obyektinin tikinti-quraşdırılması məqsədilə 20.kv.m torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsinin 30 saylı, 25 avqust 2006-cı il tarixli qərarı əsasında ayrılmışdır. Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilkin olaraq Sumqayıt Şəhər Bələdiyyəsinin müvafiq qərarı əsasında X4 icarə müqaviləsi əsasında ayrılmışdır. Həmin torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası üzrə X4 mülkiyyət hüququnu təsdiq edən çıxarış təqdim edilmiş, daha sonra isə o, bu əmlakı alqı-satqı müqaviləsi əsasında X2. Sonuncu da qeyri-yaşayış binasına dair çıxarış əldə etmiş və həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü “bələdiyyə” olaraq göstərilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixində X5 həmin qeyri-yaşayış binasını alqısatqı müqaviləsi əsasında İddiaçı satmış və sonuncu (iddiaçı) da bu əsasla öz adına ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Lakin bu dəfə tərtib edilmiş çıxarışda eyni torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunduğu kimi mübahisəyə səbəb olan torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin 30 saylı, 25 avqust 2006-cı il tarixli qərarı ilə şəhid ailəsi X1 obyektinin tikintisi məqsədilə ayrılmış və bu qərar əsasında müvafiq qeyri-yaşayış obyektinin inşasına və daha sonra alqı-satqı müqavilələri əsasında mülkiyyət hüququnun keçməsinə şərait yaradılmışdır. Hazırda isə həmin qeyriyaşayış obyektinin mülkiyyətçisi İddiaçıdur. Bütün bu hüquqi münasibətlərin təməlində torpaq sahəsinin bələdiyyə qərarı ilə ayrılması dayanır və bu da o deməkdir ki, sözügedən torpaq sahəsi faktiki olaraq bələdiyyə torpağı olub və bu mülkiyyət növü sonradan da dəyişdirilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi çıxarışda torpaq sahəsinin mülkiyyət növü "dövlət" olaraq göstərilsə də, bu hüquqi sənəddə mülkiyyət növünün belə qeyd olunması sənədin əvvəlki hüquqi vəziyyəti və faktiki əsasları ilə ziddiyyət təşkil edir və bu da hüquqi yanlışlığın olduğunu göstərir. Belə ki, çıxarışda mülkiyyət növü kimi “dövlət” qeyd edilməsi faktiki vəziyyətə uyğun deyil, çünki torpaq sahəsi bələdiyyə qərarı ilə ayrılmış və torpaq sahəsinin dövlətdən bələdiyyəyə keçirilmə prosesi baş verməmişdir. Bu səbəbdən, iddiaçı torpaq sahəsinin hüquqi rejimini düzgün müəyyən etmək, çıxarışda qeyd olunan mülkiyyət növünə dair qeydin düzəldilməsi üçün ilk növbədə çıxarışı hazırlayan quruma müraciət etməlidir. Həmin yanlışlığın aradan qaldırılması iddiaçının hüquqlarının müdafiəsi və bu iddianın ümumiyyətlə hüquqi əsaslar üzrə qiymətləndirilməsi üçün zəruri ilkin şərtdir. Bu baxımdan, hazırki mübahisənin predmeti olan torpaq sahəsi üzrə mülkiyyət hüququnun və idarəetmə səlahiyyətinin dövlət orqanı olan Əmlak Məsələləri Dövlət Xidmətinə aid olduğu qənaəti yanlış olmuşdur. Əksinə, torpaq sahəsinin statusu və onun ayrılmasına dair hüquqi əsaslar göstərir ki, bu torpaq bələdiyyəyə məxsus olmuş və yalnız bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınmasına səlahiyyəti olan orqan DƏDRX publik hüquqi şəxsin müvafiq ərazi idarələridir. Lakin yuxarıda qeyd edildiyi kimi iddiaçı ilk öncə çıxarışda qeyd olunan mülkiyyət növünə dair qeydin düzəldilməsi üçün çıxarışı hazırlayan quruma müraciət etməli buna nail olduqdan sonra isə torpağın mülkiyyətinə verilməsinə dair DƏDRX publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (qeyd edilən torpaq sahəsi Sumqayıt şəhərində yerləşdiyi üçün) müraciət edilməlidir. Lakin iddiaçı ilk öncə həmin qeydin düzəldilməsi və yuxarıda qeyd edilən orqana müraciət etməli olduğu halda, yenı çıxarışında torpağın mülkiyyətinin dövlət yazılması əsası ilə yanlış olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müraciət etmişdir. Digər tərəfdən, hətta iddiaçı çıxarışda olan qeydin düzəldilməsinə nail olmuş olsaydı belə, hazırki inzibati iş üzrə məhkəmə tərəfindən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair hüquqi yardım gösdərilməklə cavabdeh əvəz edilmiş olması düzgün olmazdı. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə ................., qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .................. yoxlamalıdırlar. Adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda istinad olunan normanın tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılmalıdır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası (məcburetmə) haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. Bununla əlaqədar həm də nəzərə alınmalıdır ki, şəxsin iddia ilə məhkəməyə müraciət etməsi üçün onun ümumi hüquqi müdafiə marağı, yəni məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacı mövcud olmalıdır. Ümumi hüquqi müdafiə marağı konsepsiyasına görə, iddiaçı öz istəyinə daha asan və daha sadə yolla nail olmaq imkanına malik olduğu hallarda, onun məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olmur. Bu mənada, iddiaçının həmin tələblə bağlı əvvəlcə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi hallarda da, ümumi hüquqi müdafiə marağı mövcud olmur. Kollegiya yuxarıda istinad edilən çıxarışda olan qeydin düzəldilməsi, həmçinin iddiaçının DƏDRX publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciətinin olmaması və cavabdehin imtinasının olmamasını nəzərə alaraq iddiaçıdan cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddia tələbinə dəqiqləşmə alınması ilə bağlı hüquqi yardım gösdərilməsinə lüzum görmür. Bir sözlə, iddiaçı inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi halda iddianın xüsusi mümkünlük şərtini yerinə yetirməmiş olar. Nəticə etibarilə, yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyəti üzrə qərar qəbul edilməsi ilə bağlı hüquqi yanlışlığa yol verilmiş, mümkünlük şərtlərinin qiymətləndirilməsi aparılmadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul edilmişdir. Bir sözlə yuxarıda qeyd edilən yanlışlıq (çıxarışda olan qeyddəki yanlışlıq) aradan qaldırılmadan və iddia tələbi iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmadığından iddia mümkün deyildir. Digər tərəfdən iddiaçının iddia etdiyi iddia tələbinin həcminin artırılmasına münasibətdə kollegiya qeyd edir ki, bu dəyişiklik də iddianın hüquqi mümkünlüyünü təmin etmir. Belə ki, həmin tələb birinci, yəni torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsi tələbindən asılı olduğundan, hazırki halda həmin tələb mümkün sayılmadığından, sözügedən tələb mümkün tələb deyildir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2-1(118)-2286/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “cavabdehin üzərinə iddiaçıya mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 10-cu mikrorayon, 23 ünvanında olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin dəyərini müəyyən olunmuş qaydada ödəmək üçün ödəmə tələbnaməsinin verilməsi vəzifəsi qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-405/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-405/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver