Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-406/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Xırdalan bələdiyyəsinə qarşı “Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamının, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə 05.12.2006-cı il tarixli aktın, o cümlədən DƏDRXnin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X3 mülkiyyətinə qeydiyyatı, bu barədə ona verilmiş 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)- 130/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Abşeron rayon Xırdalan Bələdiyyə Başçısının 29 noyabr 2006-cı il tarixli, 396 saylı sərəncamı ilə Bələdiyyə ehtiyat fondunun predmeti olan torpaq sahəsindən-VAZ-ın yaxınlığındakı, vaxtilə Kooperativ Cəmiyyətinin 46 saylı yeməkxanası olmuş, hal-hazırda X5 məxsus tikililərin yerləşdiyi 375 (15,0x25,0) kv.metr torpaq sahəsinin sahibkarlıqla məşğul olmaq üçün tikinti məqsədilə M.İ.Dadaşova satılması qərara alınmışdır. Abşeron rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi ilə X6 arasında 05 dekabr 2006-cı il tarixdə torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 75 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, qeyd edilən 0.0375 ha torpaq sahəsi 23 fevral 2007ci il tarixdə tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda İddiaçı ASC (bundan sonra iddiaçı) cavabdeh Xırdalan bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamının, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə 05.12.2006-cı il tarixli aktın, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X3 mülkiyyətinə qeydiyyatı, bu barədə ona verilmiş 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın və X6 ilə "xxxx" ASC-nin arasında bağlanmış 08.04.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanda yerləşən İddiaçı ASC-nin mülkiyyətində 16.958,3 kv.m. qeyri-yaşayış, 3,72 ha torpaq sahəsi vardır. 1970-ci illərdə inşa edilib istismara verilmiş bu müəssisənin ərazisində 0,0375 ha (375 kv.m) torpaq sahəsində metaldan quraşdırılmış 6 nömrəli yeməkxana olmuşdur. Yeməkxana Əmlak məsələləri Dövət Komitəsinin İstehsal və Xidmət müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. 90-cı illərin sonunda metaldan quraşdırılmış həmin yeməkxana sökülmüşdür. Sonradan, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli, 396 nömrəli sərəncamı ilə "xxxx" ASC-nin ərazisində və istifadəsindəki mövcud olmayan yeməkxananın altındakı 0,0375 ha torpaq sahəsinin üçüncü şəxs X2 qərara alınmışdır. Xırdalan Bələdiyyəsi ilə M.Dadaşovun arasında tərtib edilmiş 05.12.2006-cı il tarixli aktla (alqı-satqı müqaviləsilə) bu torpaq sahəsi M.İ.Dadaşova satılmışdır. Mövcud sənədlərin əsasında həmin torpaq sahəsi Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsində **********81 nömrəli reyestrdə ********* nömrəsilə M.İ.Dadaşovun mülkiyyətinə qeydə alınıb, ona 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarış verilmişdir. Torpağı mülkiyyətinə qanunsuz almış M.Dadaşov 08.04.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən bu torpaq sahəsini "xxxx" ASC-də borcun təminatı üçün ipoteka ilə yüklü etmişdir. Bu əqdlər qanunsuz olduğuna görə aşağıdakı əsaslarla ləğv edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinin İİ hissəsinə əsasən, əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə, torpaqdan daimi istifadə hesab olunur. Həmin 0,0375 ha torpaq sahəsi İddiaçı ASC-nin mülkiyyətindəki sahənin ərazisində yerləşdiyinə və əvvəldən müddəti göstərilmədən onun daimi istifadəsinə verildiyinə görə Torpaq Məcəlləsinin 60-cı maddəsinə müvafiq olaraq, İddiaçı ASC bu sahəni özəlləşdirmək hüququna malikdir. Torpaq sahəsinin ipoteka ilə yüklülüyünə xitam verilməsini qanunla müəyyən edilmiş qaydada "torpağın mülkiyyətçisi həll etməlidir. Azərbaycan Respublikası MM-in 149.2-ci maddəsinə əsasən: “Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa.., bunun nəticəsində daşınmaz əmlaka olan maraqlarına toxunulmuş şəxs qeydiyyatın çıxarılması haqqında iddia qaldıra bilər”. 10.08.2000-ci il tarixli 383 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət .əmlakının özəlləşdirilməsinin” İİ Dövlət proqramının 2.3.2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektləri qrupuna daxil edilmiş və 09.12.1999-cu il tarixli 226 nömrəli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının registri haqqında” Əsasnamənin 2-ci bəndinə müvafiq olaraq mübahisəli torpaq sahəsi registrdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, mövcud torpaq sahəsi dövlət əmlakı olduğu halda, Xırdalan Bələdiyyəsi onu satmaqda haqlı olmamışdır. Abşeron rayon Xırdalan Bələdiyyəsinin sərəncamına əsasən torpaq sahəsinin satılmasına dair X6 ilə həmin bələdiyyə arasında tərtib edilmiş 05.12.2006-cı il tarixli alqısatqı aktı (əqd) qanunvericiliyin tələblərini pozmaqla bağlandığı üçün özlüyündə etibarsızdır və həmin akt və onun doğurduğu nəticələr də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MM-in 394-cü maddəsinin tələblərinə zidd olaraq alqı-satqı müqaviləsi notariusda təsdiq edilmədiyi və torpağın mülkiyyətçisinin torpaq sahəsini satmaq hüququ olub-olmadığını yoxlamadan Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsi həmin 0,0375 ha torpaq sahəsini M.İ.Dadaşovun mülkiyyətinə qeydə alıb, bu barədə ona 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarış verməklə Daşınmaz Əmlakın Dövlət Reyestri” Qanununun 15.1.5-ci və 14-cü maddəsinin tələblərini pozmuşdur. Cavabdehin etirazı X5 Xırdalan Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna daxil olan torpaqlara aid olduğuna görə bələdiyyə tərəfindən 29 noyabr 2006-cı il tarixli 396 saylı sərəncam verilmişdir. Həmin sərəncama əsasən torpaq üçün nəzərdə tutulmuş 75 manat pul "xxxx"ASC-nin vasitəsi ilə bələdiyyənin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi X5 ayrılmamışdan öncə aidiyyatı qurumların rəyləri alınmışdır. Hesba edir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2-1(118)-130/2021 saylı qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı mikrorayon ünvanında İddiaçı ASC-nin istifadəsindəki 0,0375 ha torpaq sahəsinin X1 dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamının, həmin sərəncamın əsasında bağlanmış alqı-satqı barədə 05.12.2006-cı il tarixli aktının, o cümlədən DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsində 0,0375 ha torpaq sahəsinin **********8 nömrəli reyesterdə ********* nömrəsi ilə X3 mülkiyyətinə qeydiyyatı və bu barədə ona verilmiş 23.02.2007-ci il tarixli 00076655 nömrəli çıxarışın ləğv edilməsi qərara alınmışdır. (hakim C.Məmmədov) Həmçinin, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-13/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı X6 ilə "xxxx" ASC-nin arasında bağlanmış 08.04.2008-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi hissəsində iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qərar maddi və və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. İşə baxılarkən Abşeron rayonu, Xırdalan şəhərində 470,0 ha torpaq sahəsi Xırdalan Bələdiyyəsinin mülkiyyətində olması, sözügedən 470,0 ha torpaq sahəsinə dair Xırdalan Bələdiyyəsinə “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 18 mart 2010-cu il tarixli, seriya MA, ******* nömrəli çıxarış verilərək, mülkiyyət hüququ Daşınmaz Əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınması nəzərə alınmamış, Xırdalan Bələdiyyəsinin mülkiyyət hüququnu əhatə edən ərazinin faktiki yerləşmə zonası araşdırılmamış və qiymətləndirilməmişdir. Apelyasiya şikayətinə dair etirazın dəlilləri 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, məhkəmə mübahisəsinin predmeti olan torpaq sahəsi həm də Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 16-cı km ünvanında yerləşən və hal-hazırda dövlət mülkiyyətindəki və İXMİM-nin balansındakı “6 saylı yeməkxana” obyektinə aid olan torpaq sahəsi ilə əlaqəlidir. Bu obyekt “Azərbaycan Respublikasının Ticarət Nazirliyinin və X8 Nazirliyinin ləğv edilməsi və onların bazasında yeni nazirlik yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 24.06.1997-ci il tarixli, 607 nömrəli Fərmanı ilə özəlləşdirilməyə açılmış, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin qrupuna aid olmaqla, Azərbaycan Respublikası Prezidentinin 09.12.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Məlum olduğu kimi, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. O da məlumdur ki, dövlət mülkiyyətində olan əmlak yalnız dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilə bilər və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə və həmin qanunun tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 382 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020-ci il tarixli, 1017 nömrəli Fərmanının 4.1-ci yarımbəndi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Lakin göründüyü kimi Abşeron rayonu Xırdalan Bələdiyyəsi belə bir səlahiyyətə malik olmadığı halda, göstərilən dövlət obyektinə aid 0.0375 ha torpaq sahəsinin X1 dair 29.11.2006-cı il tarixli, 396 saylı sərəncam verməklə, dövlət mülkiyyətində olan torpaq sahəsinin hüquqi statusunun və rejiminin dəyişdirilməsinə vəsilə olmuş və faktiki olaraq özgəninkiləşdirilməsinə imkan yaratmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, eləcə də iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanında İddiaçı ASC-nin istifadəsində olan 0,0375 ha torpaq sahəsinin X1 dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 16-cı km-ə olan 3.72 ha torpaq sahəsi 01 dekabr 2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(118)-831/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssis qismində cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli, 10/285 saylı rəyində bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 dekabr 2020-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km ünvanında yerləşən İddiaçı ASC-nin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi 37547 kv.metr təşkil edir. Həmin torpaq sahəsindən 37200 kv.metr hissəsi 01.12.2009-cu il tarixli, **********76-12301 reyestr nömrəli əmlak kompleksi kimi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı km.ünvanında yerləşən İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. X5 verilmiş **********81 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0375 ha torpaq sahəsi İddiaçı ASC-nin əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 37547 kv.metr torpaq sahəsinin daxilində yerləşir, X5 verilmiş **********81 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.0375 ha torpaq sahəsinin dövlət mülkiyyətinə aiddir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı 22 sentyabr 2020-ci il tarixli, **********36 saylı məktubdan da görünür ki, “dövlət əmlakının Registrində” sahəsi 225,8 kv.metr olan 6 saylı yeməkxana binasının altında yerləşən 375 kv.metr torpaq sahəsi dövlətin, yəni Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır. İşə baxan məhkəmə sərəncamın ləğvi hissəsində iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, Xırdalan bələdiyyəsi tərəfindən dövlətin mülkiyyətində olan torpaq sahəsinin başqa şəxsə ayrılması barədə qəbul edilmiş qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi qanunvericiliyə əsasən bələdiyyələrə öz mülkiyyətlərində olan torpaq sahələrinə dair sərəncam verilməsi ilə bağlı hüquq verilsə də, onların mülkiyyətinə aid olmayan torpaq sahələri ilə bağlı sərəncam vermək səlahiyyəti verilməmişdir. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Göründüyü kimi, cavabdeh bələdiyyə, bələdiyyə fonduna daxil olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qanunsuz olaraq sərəncam verərək, həmin torpaq sahəsini digər şəxsə vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflərin münasibətlərini düzgün qiymətləndirərək yuxarıda qeyd edilən maddi hüquq normalarına düzgün istinad etmiş və iddianı sərəncamın ləğv edilməsi hissəsində təmin etməkdə haqlı olmuşdur. Cavabdeh isə apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir və bu dəlillər qanuni və əsaslı məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-130/2021 saylı qərarı dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-130/2021 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 16-cı kilometrliyi ünvanında yerləşən İddiaçı ASC-nin istifadəsində olan 0,0375 ha torpaq sahəsinin X1 dair Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 29.11.2006-cı il tarixli 396 nömrəli sərəncamı ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-406/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-406/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver