Məhkəmə qərarları › İş №2-1(105)-406/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-406/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-406/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ona aid olan hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(118)- 300/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının ona aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 01 dekabr 2015-ci il tarixli, 126 nömrəli sərəncamına əsasən Şamaxı rayonunun ərazisində X2ş otlaqları ərazisinin “Nəcəf” adlanan hissəsindən 65 ha torpaq sahəsi 01 dekabr 2015ci il tarixindən 01 dekabr 2030-cu il tarixə kimi, yəni 15 il müddətinə icarə hüququ ilə istifadəsinə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış 07 dekabr 2016-cı il tarixli, Ş-031466 saylı bildirişdə qeyd olunmuşdur ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli sərəncamına əsasən İcra hakimiyyəti ilə iddiaçı arasında bağlanmış torpaq icarəsi haqqında 01 dekabr 2015-ci il tarixli, 126 nömrəli müqavilə və həmin müqaviləyə aid Şamaxı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı qüvvədən düşmüş hesab edilərək ləğv olunmuşdur. Qeyd edir ki, AR Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516 S saylı sərəncamında icarəsində olan 65 ha “Nəcəf” adlanan torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək X5 Torpaqları kateqoriyasına keçirilən qış otlaqlarının siyahısına daxil edilməmişdir. Cavabdeh tərəfindən 15 il müddətinə icarəsinə verilmiş 65 ha torpaq sahəsinin geri alınması ilə əlaqədar 2016-cı ildən hazırkı vaxta qədər cavabdehə müraciət etsə də müraciətlərinə cavab verilməmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 18 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək X5 torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə, qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamı ilə qüvvədən düşmüş hesab olunmuşdur. Sahələr 2017-ci ildən etibarən "xxxx" MMC-nin icarəsindədir. İddiaçının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncama dair heç bir narazılığı olmamış və 2021-ci ilədək bununla əlaqədar rayon İcra Hakimiyyətinə müraciəti daxil olmamışdır. Hesab edirlər ki, 5 ildən sonra belə bir iddia tələbinin irəli sürülməsi əsassızdır. İddiaçı həmçinin, vəsatətlə məhkəməyə müraciət edərək, iddia müddətinin üzürlü səbəbdən buraxılmış hesab edilərək bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, dəfələrlə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etsə də, ona həmin otlaq sahəsinə və ölçüsünə uyğun başqa yerdən torpaq sahəsi veriləcəyinə vədlər verilmişdir. Bu səbəbdən o, məhkəmədə iddia qaldırmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(118)-300/2022 nömrəli qərardadı ilə müddətin bərpa olunmasına dair vəsatət təmin edilməmiş, müddətin ötürülməsi səbəbi ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova) Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 08 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şifahi vəsatət verərək, vəkillə müqavilə bağlamaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, vəsatət təmin edilərək iclas 22 iyun 2022-ci il tarixə təxirə salınmışdır. 22 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və nümayəndəsi təkrarən iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı o cümlədən nümayəndəsi tərəfindən məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbdən baş verməsinə dair sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfindən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin dinlənilmə hüququnu təmin edib və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və qərardadı onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncamın iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı həmin vaxtdan sərəncamdan xəbərdar olduğunu inkar etmir və başqa torpaq sahəsi ilə təmin olunacağına inanaraq məhkəmədə iddia qaldırmadığını bildirir. Məhkəmə hesab edir ki, iddiaçının gətirdiyi dəlillər iddiaçının məhkəməyə 5 ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzürlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçı qeyd olunan sərəncamla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu baxımdan, məhkəmə iddianı mümkün hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli sərəncamına və sərəncama əlavə edilən cədvələ əsasən, İddiaçı ilə bağlanmış icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarından görünür ki, Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya 07 dekabr 2016-cı il tarixdə Ş-031466 saylı bildiriş ünvanlanaraq qeyd olunmuşdur ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli sərəncamına əsasən İcra hakimiyyəti ilə iddiaçı arasında bağlanmış torpaq icarəsi haqqında 01 dekabr 2015-ci il tarixli, 126 nömrəli müqavilə və həmin müqaviləyə aid Şamaxı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı qüvvədən düşmüş hesab edilərək ləğv olunmuşdur. İşin birinci intansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və iddiaçı tərəfindən mübahisələndirilməyən halından görünür ki, iddiaçı mübahisələndirilən sərəncamdan ən azı xx.xx.2016-cı il tarixli bildirişi aldığı vaxtdan məlumatlı olmuşdur. İddiaçının bildirdiyinə görə, cavabdehin torpaq sahəsi ilə təmin olunacağı barədə vədinə inanıb məhkəməyə vaxtında müraciət etməmiş, bu səbəbdən 01 aylıq müddəti ötürmüşdür. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan müddəti, eyni zamanda həmin müddətin bərpasına dair ərizə verilməsi üçün qanunvericiliklə müəyyən edilən 1 il müddəti buraxmışdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair vəsatəti rədd edərək, iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 38.1, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 2-1(118)-300/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar