Məhkəmə qərarları › İş №2-1(105)-406/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-406/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-406/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1203/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. (AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi). Dövlət İmtahan Komissiyası tərəfindən verilmiş 10 iyul 1992-cu il tarixli, 2313 nömrəli diplomdan görünür ki, iddiaçı 1987-1992-ci il tarixlərində Azərbaycan Politexnik İnstitutunda “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus ГP 046716 saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək keçmiş X4 həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi AT-V seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1993-cü il tarixdə Dərbənd evtikmə kombinatına mexanik vəzifəsinə işə qəbul olunmaqla xx.xx.1994-cü il tarixdə hüquqşünas köməkçisi vəzifəsinə keçirilmiş və xx.xx.1995-ci il tarixə kimi həmin kombinatda işləmiş, xx.xx.1995-ci il tarixdən “Yalama” sovxozunda baş hüquqşünas köməkçisi vəzifəsində işləmiş, xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ədliyyə polis orqanlarında xidmətdə olmuş, xx.xx.2001-ci il tarixdən xx.xx.2012ci il tarixədək Xaçmaz rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin böyük məhkəmə icraçısı, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək icra məmuru və böyük icra məmuru vəzifələrində işləmiş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də hüquqşünas vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdən Xaçmaz rayon İcra Hakimiyyətində dövlət qulluğuna qəbul edilməklə hal-hazıradək həmin orqanda işləyir. İddiaçı ona ədliyyə orqanlarının işçisi kimi əmək pensiyasının təyin edilməsi barədə 08 yanvar və 13 yanvar 2020-ci il tarixlərdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh 04 fevral 2020-ci il tarixli, **********1 saylı məktubu iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il (hazırda 35 il) qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 01 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 25 ildən az qulluq stajı olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət etmişdir. Cavabdeh 26 oktyabr 2022-ci il tarixli, **********5 saylı məktubu müraciətə eyni məzmunlu imtina cavabı verərək qeyd etmişdir ki, qanunvericilikdə güzəştli illərlə deyil, birmənalı olaraq sözügedən kateqoriyalı vəzifədə şəxsin 25 il təqvimi qulluq stajının olması nəzərdə tutulmuşdur. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ədliyyə orqanlarının xüsusi rütbəli əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi üçün təhsil müddətinin qulluq illərinə aid edilməsinin mümkün olmaması haqqında tərəflərindən 9 iyun 2021-ci il tarixli, **********6 nömrəli məktubla izah verilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il müddəti 2 il 6 ay hesablayıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında xx.xx.1992-ci il tarixli, 631 saylı qərarını rəhbər tutaraq uzun müddət xidmət illərinə əlavə edilməklə və xüsusi rütbəli şəxs kimi Ədliyyə orqanlarında 22 il 09 ay 06 gün iş stajına malik olmasını nəzərə alaraq həmin dövrə kimi onun hüququ yarandığından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş qanun tətbiq edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1ci maddəsinə əsasən ona xüsusi rütbəli şəxs kimi pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək ona 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər aldığı təhsil dövrü və hərbi biletdə qeyd edilən xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin sentyabr ayının 29-da cavabdehə müraciət etməklə 2017-ci ilin iyul ayına kimi olan dövr üzrə pensiyaya çıxmaq hüququnun yarandığını və ona pensiya təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarında qeyd edilir ki, zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Qeyd edir ki, o, 1987-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmaqla 1992-ci ildə həmin tədris müəssisəsini bitirmiş, 1993-1996-cı il tarixlərdə Dağıstan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. Lakin 1987-ci ildən 1992-ci ilin iyul ayına kimi olan dövr, yəni Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23..1992-ci il tarixli, 631 nömrəli Qərarının tələblərinə zidd olaraq 2 il 6 ay staj kimi qəbul olunmamış və əsassız olaraq ona pensiya təyin olunmasından imtina edilmişdir. Yəni cavabdehin imtina məktubunda xx.xx.1995-ci ildən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 22 il 09 ay 06 gün ədliyyə stajını (belə ki , Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsində xidmət etdiyi müddət ərzində yəni 30 noyabr 1995-ci il tarixdən 12 yanvar 2001-ci il tarixədək müddətdən 30 noyabr 1995-ci il tarixdən 01 may 1997-ci il tarixədək olan müddət fövqəladə vəziyyət dövrünə aiddir və həmin müddətdə xidmətin 1 gününün 2 gün kimi hesablanmasına görə iş stajına 1 il 05 ay 01 gün əlavə olunmuşdur, bu barədə müvafiq arayış əlavə olunmuşdur) nəzərə almışdır. Hesab edir ki, NK-nın qeyd etdiyi qərarına əsasən Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı dövr də nəzərə alınmaqla iş stajının 25 il 03 ay 06 gün olması qəbul edilməli və ona xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında pensiya təyin olunmalıdır. Fövqəladə vəziyyət dövrünə aid müddətdə hesablanmış olan 1 il 05 ay 01 gün əlavə staj müddəti nəzərə alınmadan 2021-ci ildə bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi 16 avqust 2021-ci il tarixli 2-1(112)-7893/2021 saylı qərarında (abzas 18) ali təhsil aldığı müddəti və ədliyyə nazirliyində xidmət illərini bir yerdə hesablayaraq (fövqəladə vəziyyət dövründə aid olan müddəti 1 il 05 ay 01 günü nəzərə almadan) 01 iyul 2017-ci il tarixə cəmi 23 il 09 ay 06 gün stajın olmasını təsdiqləmişdir. Həmin staja fövqəladə vəziyyət dövründə hesablanmış 1 il 05 ay 01 gün əlavə olunduqda xx.xx.2017-ci il tarixə 25 il 03 ay 06 gün stajı yaranır bu da həmin tarixə tələb olunan 25 ildən artıqdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı üçün müraciət edərək 1987-1992-ci illərdə təhsil aldığı müddətin 2 il 6 ay kimi nəzərə alınaraq xüsusi rütbəli şəxs kimi ona pensiya təyin olunmasını və hüququn yarandığı tarixdən ödənilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə polisi orqanlarında işə qəbul olmuş və xx.xx.2017-ci il tarixdə öz arzusu ilə onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edilməklə tənzimlənmişdir. Qanunun 9.7-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericilikdə güzəştli illərlə deyil, birmənalı olaraq sözügedən kateqoriyalı vəzifədə şəxsin 25 il təqvimi qulluq stajının olması nəzərdə tutulmuşdur. Burada diqqət çəkilməli olan əsas məsələ qulluq stajı anlayışıdır. Qulluq stajı şəxsin işlədiyi müəssisədə qulluq etdiyi illəri ehtiva edir. Təhsil dövrü isə qulluq müddəti hesab olunmadığı üçün onu qulluq stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən Qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1203/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər aldığı təhsil dövrü, hərbi biletdə qeyd edilən dövr və xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında qulluq etdiyi xidmət illəri onun sığorta stajına daxil edilərək, ona xx.xx.2017-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad edilməklə tənzimlənmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə iş stajı 25 ildən az, yəni 22 il 09 ay 06 gün təşkil etdiyindən, ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən işi tam, ətraflı araşdırmamış, qanunvericilik normalarına düzgün istinad etməmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarının 1-ci hissəsinin on birinci abzasına istinad edərək iddiaçının ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində qiyabi təhsilalma formasında keçdiyi təlim dövrünün 5 ilədək müddətini təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil etmişdir. Lakin məhkəmənin istinad etdiyi Qərarın 1-ci hissəsinin on birinci abzasına 2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilərək 1-ci hissənin on birinci abzasının “və ədliyyə” sözləri çıxarılmışdır. Digər bir məsələ isə, məhkəmənin istinad etdiyi Qərarın məzmunu ilə bağlıdır. Belə ki, sözügedən qərarın 1-ci hissənin on birinci abzasında qeyd olunur: “Zabit heyətinə daxili işlər və gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Normanın məzmunundan göründüyü kimi şəxsin təhsil aldığı müddəti qulluq illərinə daxil etmək üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə istinad etmək lazımdır. Həmin maddə isə birbaşa hərbi qulluqçulara aid məsələləri tənzimləyir. İddiaçı isə ədliyyə orqanlarında işlədiyi üçün hərbi qulluqçu sayılmır. Ədliyyə işçilərinə münasibətdə isə Qanunun 9.7-ci maddəsi tətbiq edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarında 02 oktyabr 2013-cü il tarixli 270 nömrəli qərarı ilə dəyişiklik edilərək 1-ci hissənin 11-ci abzasında "və ədliyyə" sözləri çıxarılsa da, bunun iddia tələbinin təmin edilməsinə heç bir təsiri yoxdur. Belə ki, iddiaçı ədliyyə orqanlarında işləməklə xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarla 2013-cü ildə ədliyyə işçilərinə verilən güzəşt hüququnu əldə etmişdir. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Birinci instansiya məhkəməsinin qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2019-2021-ci illərə dair qərarlarına istinadən qeyd olunur ki, həmin qərarlarda AR NK-nin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarına istinad edərək ali təhsil dövrünün beş ilinin hər ili altı ay sayılmaqla ədliyyə qulluqçusunun xüsusi rütbəli şəxs kimi güzəştli şərtlə əmək pensiyası hüququn yarandığı bildirilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi Maddə 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Maddə 20. Xüsusi rütbələr 20.1. Tutduqları vəzifəyə və ədliyyə orqanlarında stajına uyğun olaraq ədliyyə orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir: Ali xüsusi rütbələr:- həqiqi dövlət ədliyyə müşaviri;- İ dərəcəli dövlət ədliyyə müşaviri;- İİ dərəcəli dövlət ədliyyə müşaviri;- İİİ dərəcəli dövlət ədliyyə müşaviri. Böyük xüsusi rütbələr:- baş ədliyyə müşaviri;- ədliyyə müşaviri;- kiçik ədliyyə müşaviri. Orta xüsusi rütbələr:- İ dərəcəli ədliyyə qulluqçusu;- İİ dərəcəli ədliyyə qulluqçusu;- İİİ dərəcəli ədliyyə qulluqçusu. 20.3. Ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulur. 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 6 mart 2018-ci il tarixli, 1031 nömrəli Azərbaycan Respublikasının Qanunu: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunununda aşağıdakı dəyişikliklər edilsin:

1. 23.8-ci maddədə “25 il qulluq etmiş işçilər” sözləri “35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilsin. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydası: 2.1-ci bənd. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir: (-) 2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; (-).

“Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.

“Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (-). 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra-sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; (-).

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarı (iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olan redaksiyası): “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.

“Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarı (hazırda qüvvədə olan redaksiyası): “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1-ci bənd. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; (-). Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.

1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunu: 1-ci maddəsinin v) bəndi. Ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları 109-cu maddəsinin «и» bəndi. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri (-) İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Hazırki mübahisə predmeti cavabdehin iddiaçıya ədliyyə orqanlarında qulluq etmiş şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası barədədir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissəsinin on birinci abzasına görə iddiaçının ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə bu dövr 2 il 6 ay olacaqdır. Nəticədə 22 il 09 ay 06 gün ədliyyə orqanlarında qulluq illəri, 40 gün hərbi xidmət dövrü və 2 il 6 ay təhsil illəri ilə birlikdə iddiaçının xx.xx.2017-ci il tarixə azı 25 il ədliyyə orqanlarında qulluq illəri mövcud olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Kollegiya yaranmış mübahisə ilə bağlı qeyd edir ki, ədliyyə işçiləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 9.7-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir. Hazırda iddiaçı tələbinin əsası kimi 1 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında 25 il qulluq stajının olduğunu nəzərə alaraq "Əmək pensiyaları haqqında" Qanunun 9.7-ci maddəsinin həmin tarixədək qüvvədə olan redaksiyasının onun barəsində tətbiq edilməsini tələb edir. "Əmək pensiyaları haqqında" Qanunun 9 və 9.7-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün yeganə şərt ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajının olmasıdır. Həmin şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus AT-V seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ədliyyə polis orqanlarında xidmətdə olmuş, xx.xx.2001-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Xaçmaz rayon məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları bölməsinin böyük məhkəmə icraçısı, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək icra məmuru və böyük icra məmuru vəzifələrində işləmiş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Ümumilikdə, iddiaçının ədliyyə orqanlarında qulluq stajı xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etməklə, 21 il 01 ay 07 gün təşkil edir. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17/3-276 nömrəli arayışda qeyd edilir ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluqda olmuş və AR NK-nın xx.xx.1992-ci il tarixli, 631 saylı qərarına müvafiq olaraq xx.xx.2001-ci il tarixə qulluq müddəti: təqvimi hesablama ilə (05 il 01 ay 12 gün Penitensiar xidmətdə qulluq, 02 il 06 ay 00 gün ali təhsil müddətinin yarısı) 07 il 07 ay 12 gün, güzəştli hesablama ilə xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək fövqəladə vəziyyət dövründə xidmətin 1 gününün 2 gün kimi sayılmasına görə 01 il 05 ay 01 gün əlavə olunmaqla 09 il 00 ay 13 gün təşkil etmişdir. İşdən görünür ki, iddiaçının arayışda qeyd edilən xx.xx.1995-ci il tarixdən xx.xx.1997ci il tarixədək qulluq stajı fövqəladə vəziyyət dövrünə düşdüyündən cavabdeh tərəfindən xidmətin 1 günü 2 gün kimi sayılaraq iddiaçının stajına 01 il 05 ay 01 gün əlavə edilmişdir. Belə olan halda, qeyd edilən 01 il 05 ay 01 gün əlavə edilməklə, iddiaçının mübahisələndirilməyən qulluq stajı 22 il 06 ay 08 gün təşkil edir. Cavabdeh isə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xx.xx.2017-ci il tarixədək, hətta, 22 il 09 ay 06 gün qulluq stajının olduğunu qeyd etmişdir. Belə ki, cavabdeh iddiaçının ədliyyə orqanlarında qulluq stajını xx.xx.1995-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində deyil, xx.xx.1995-ci il tarixdən xx.xx.2017-ci il tarixədək hesablamışdır. İddiaçıya məxsus ГP 046716 saylı hərbi biletin surətindən görünür ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək keçmiş X4 həqiqi hərbi xidmətdə olmuşdur (10 ay 27 gün). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 2.1 və 2.2.7-ci bəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilmişdir. Beləliklə, iddiaçının 01 iyul 2017-ci il tarixədək hərbi xidmət və ədliyyə orqanlarında xidmət dövrü ilə birlikdə 23 il 05 ay 05 gün xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq stajına malik olduğu müəyyən edilir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin əsas dəlili qanunvericiliyin tələbləri baxımından təhsil dövrünü xüsusi rütbəli şəxs kimi qulluq stajına daxil etmək mümkün olmadığından iddiaçının qulluq stajının 25 ildən az olmasıdır. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, Dövlət İmtahan Komissiyası tərəfindən verilmiş 10 iyul 1992-cu il tarixli, 2313 nömrəli diplomdan görünür ki, iddiaçı 1987-1992-ci il tarixlərində Azərbaycan Politexnik İnstitutunda “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarın 1-ci hissəsinin on birinci abzasının ilkin redaksiyasına əsasən zabit heyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Kollegiya qeyd olunan hüquq normasını hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçının ədliyyə orqanlarına vəzifəyə götürülməzdən əvvəl 1987-1992-ci il tarixlərində Azərbaycan Politexnik İnstitutunda aldığı təhsil müddəti də beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməklə, bu dövr 2 il 6 ay olacaqdır. Odur ki, iddiaçının ali təhsil dövrü onun xüsusi rütbəli şəxs kimi qulluq stajına əlavə edilməlidir. Nəticədə, 22 il 06 ay 08 gün ədliyyə orqanlarında qulluq illəri, 10 ay 27 gün hərbi xidmət dövrü və 2 il 6 ay təhsil illəri ilə birlikdə, iddiaçının 01 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında 25 ildən artıq qulluq stajına malik olduğu müəyyən edilir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq birinci instansiya məhkəməsinin istinad etdiyi AR NK-nın xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci hissəsinin on birinci abzasına 2 oktyabr 2013-cü il tarixli 270 nömrəli qərarla dəyişiklik edilərək həmin normadan “ədliyyə” sözünün çıxarıldığını, normanın məzmununda şəxsin təhsil aldığı müddətin qulluq illərinə daxil edilməsi üçün “Əmək pensiyaları haqqında" Qanunun 9.5.1-ci maddəsinə istinad edildiyini, həmin maddənin isə birbaşa hərbi qulluqçulara aid məsələləri tənzimlədiyini qeyd etmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, qeyd edilən normadan 2013-cü ildə “ədliyyə” sözü çıxarılsa belə, bu hal iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, iddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin qulluq stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan qulluq stajına daxil edilməli olubolmamasıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilə bilər. Bundan başqa, sözügedən normanın iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan ilkin redaksiyasından göründüyü kimi iddiaçının şəxsində müvafiq xüsusi rütbəli şəxs kateqoriyasından olan şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən onların təhsil müddəti yuxarıda qeyd edilən qaydada xidmət müddətinə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə görə xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsində isə qeyd edilir ki, bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12ci maddəsinin “a” bəndi hərbi qulluqçuların pensiya hüququnu tənzimləsə də, hazırda qüvvədə olan qanunvericilik hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəaları xüsusi rütbəli şəxslərə münasibətdə də şamil etmişdir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyini də nəzərə almaq lazımdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ 01 iyul 2017-ci il tarixədək yaransa da, pensiyanın təyini üçün ilk dəfə 08 yanvar 2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası iddiaçıya münasibətdə də tətbiq edilməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi ödənilməmiş pensiya ödənişlərinin 08 yanvar 2018-ci il tarixindən ödənilməsini nəzərə almaqla iddianı təmin edərkən haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1203/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar