Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-409/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 regional filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 regional filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(118)-156/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı iddia qaldıraraq, 1974-1979-cu ildə Şamaxı rayonu Nərimankənd kəndində “K.Marks” adına kolxozun bazasında yaradılmış “K.Marks” adına üzümçülük sovxozunda 5 il 10 ay, kooperativ cəmiyyətində 1983-1986-cı illərdə Şamaxı kooperativ cəmiyyətində, 1979- 1981-ci illərdə Şamaxı rayonunun Nərimankənd kəndində “K.Marks” adına Sovxozda, 1981-ci ildə Qaqarin adına Sovxozda, 1986-cı ildə Şamaxı sovxozunda, 1988-ci ildə Şamaxı rayonu “K.Marks” sovxozunda, 1989-1990-cı illərdə Şamaxı rayonu MTS-də, 1990-1993-cü illərdə Kommunal məsələləri kombinatında, 1993-2002-ci ilə kimi X6 işləməyi və ИT-İ №0545756 saylı kitabçada göstərilən 32 ildən yuxarı iş stajı faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 regional filialına qarşı iddia qaldıraraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şamaxı rayon şöbəsinə müraciət edərək, sənədlərini təqdim etmişdir. Ondan əmək kitabçasını tələb etmişlər. Əmək kitabçasını təqdim etmişdir. Lakin, ona cavab olaraq, təqdim etdiyi xx.xx.1981-ci il tarixdə tərtib olunmuş ИТ-0545756 saylı əmək kitabçasının, H3 №4052914 saylı hərbi biletin surətinə əsasən onun sığorta stajının 17 il 11 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu, təqdim etdiyi Şamaxı Rayon Dövlət Arxivinin xx.xx.2021ci il tarixli 101 nömrəli arxiv arayışlarına əsasən ona X6 1997-2005-ci illər ərzində əmək haqqı hesablanmadığı, 1974-1978-ci illər ərzində “K.Marks” adına kolxozda olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyi, həmçinin xx.xx.1987-xx.xx.1987-ci və xx.xx.1987xx.xx.1988-ci illər ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əmək haqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 13281,76 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalından az olduğu, xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirilmişdir. O, 1974-1979-cu ildə Şamaxı rayonu Nərimankənd kəndində “K.Marks” adına kolxozun bazasında yaradılmış “К.Marks” adına üzümçülük sovxozuna 5 il 10 ay (beş il on ay) iş stajı ilə qəbul edilmişdir, Şamaxı rayonu Kooperativ Cəmiyyəti İdarəsindən ona verilmiş 30 mart 2021-ci il tarixli 03 saylı əmək haqqı və başqa gəlirlər barədə verilmiş arayışdan görünür ki, o, 1983-1986-cı illərdə Şamaxı kooperativ cəmiyyətində işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X7 30 mart 2021-ci il tarixli 101 saylı arxiv arayışından görünür ki, o, 1979-1981-ci illərdə Şamaxı rayonunun Nərimankənd kəndində “K.Marks” adına sovxozda, 1981-ci ildə Qaqarin adına sovxozda, 1986-ci ildə Şamaxı sovxozunda, 1988-ci ildə Şamaxı rayonu “K.Marks” sovxozunda, 1989-1990-cı illərdə Şamaxı rayonu MTS-də, 1990-1993-cü illərdə kommunal məsələləri kombinatında, 1993-2005-ci ilə kimi X6 işləmişdir. Bütün bunlar onun əmək kitabçasında qeyd edilmişdir. Bundan əlavə, 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və bütün bunlar onun əmək sığorta stajına daxil edilməlidir. Əlavə olaraq bildirir ki, onun ИТ-1 № ******* saylı kitabçasından görünür ki, onun 32 (otuz iki) ildən çox stajı var, əmək kitabçası dövlət notarius tərəfindən təsdiq edilmişdir.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı 1974-cü il taixdən 1979-cu il tarixədək Şamaxı rayonu Nərimankənd kəndində “K.Marks adına kolxoz”un bazasında yaradılmış “K.Marks adına üzümçülük sovxoz”unda, 1979-cu il tarixdən 1981-ci il tarixədək Şamaxı rayonunun Nərimankənd kəndində “K.Marks adına sovxoz”da, 1981-ci il tarixdə “Qaqarin adına sovxoz”da, 1983-cü il tarixdən 1986-cı il tarixədək Şamaxı rayonu “Kooperativ Cəmiyyəti”ndə, 1986-cı il tarixdə “Şamaxı sovxoz”unda, 1988-ci il tarixdə Şamaxı rayonu “K.Marks adına sovxoz”da, 1989-cu il tarixdən 1990-cı il tarixədək Şamaxı rayonu MTS-də, 1990-cı il tarixdən 1993-cü il tarixədək “Kommunal məsələlər kombinatı”nda, 1993-cü il tarixdən 2005-ci il tarixədək “X11”ndə işlədiyini və 1976-cı il tarixdən 1978-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etdiyini iddia edir.
5. İddiaçı ona pensiya təyin olunması üçün fondun 11 saylı regional ərazi filialına müraciət etmişdir. Fondun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 24 iyun 2021-ci il tarixli **********9 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubu ilə iddiaçıya pensiya təyin edilməsindən imtina olunmuşdur, imtinanın əsasları kimi, iddiaçının ümumi stajının 17 il 11 ay olması, həmçinin 1997-2005ci illər ərzində işlədiyini iddia etdiyi “X11”ndə əməkhaqqı almadığı, o cümlədən 1974-1978ci illər ərzində “K.Marks adına kolxoz”da olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi, xx.xx.1987-xx.xx.1987-ci və xx.xx.1987-xx.xx.1988-ci illər ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilməməsi olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(118)-156/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 regional filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim Leyla Mirzəyeva)
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əmək stajının təsdiq edilməsi barədə xx.xx.1981-ci il tarixdə tərtib edilmiş ИТ-0545756 nömrəli əmək kitabçası və 30 mart 2021-ci il tarixli № 101 nömrəli arxiv arayışı təqdim edilmişdir. Təqdim olunmuş xx.xx.1981-ci il tarixli ИТ-0545756 nömrəli əmək kitabçası və H3 № ******* saylı hərbi biletin surətinə əsasən iddiaçının sığorta stajı 17 il 11 ay olmaqla tələb olunan 25 il müddətdən azdır. Bundan başqa, iddiaçı tərəfindən 30 mart 2021-ci il tarixli №101 nömrəli arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışından görünür ki, İddiaçı 1997-2005-ci illər ərzində işlədiyini iddia etdiyi “X11”ndə əməkhaqqı almadığı, o cümlədən 1974-1978-ci illər ərzində “K. Marks adına kolxoz”da olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi, xx.xx.1987-xx.xx.1987-ci və xx.xx.1987-xx.xx.1988-ci illər ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13281,76 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a (X8) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdig edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən Milli Arxiv İdarəsi və dövlət arxivləri arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onların sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. İş üzrə icraat materiallarından da məlum olur ki, İddiaçı 1997-2005-ci illər ərzində işlədiyini iddia etdiyi “X11”ndə əməkhaqqı almadığı, o cümlədən 1974-1978-ci illər ərzində “K.Marks adına kolxoz”da olan əmək fəaliyyəti dövrlərinin əmək kitabçasında qeyd edilmədiyi, xx.xx.1987-xx.xx.1987-ci və xx.xx.1987xx.xx.1988-ci illər ərzində əmək fəaliyyəti zamanı 1987-ci il üzrə əməkhaqqı hesablanmamışdır. İş materiallarından göründüyü kimi, ümumilikdə, İddiaçı sığorta stajı 17 il 11 ay təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulan 25 il sığorta stajı tələbindən azdır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13281,76 manat olmaqla qanunveririclikdə nəzərdə tutulmuş fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmasına baxmayaraq kifayət qədər sığorta stajı, o cümlədən pensiya kapitalı olmadığı üçün ona yaşa görə pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiası təmin olunmamalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 149. Normativ hüquqi aktlar Vİ. mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri
63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti...
Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Maddə 23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
14. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər tələb olunur.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yaşa görə əmək pensiyası təyin etməkdən imtinası əsassız olmuşdur.
22. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur.
23. ИТ-İ ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı 01 noyabr 1979-cu ildən 18 may 1981-ci ilədək “K.Marks” adına kolxozda, 01 iyul 1981-ci ildən 21 oktyabr 1981-ci ilədək Qaqarin adına sovxozda, 23 oktyabr 1981-ci ildən 01 iyul 1982-ci ilədək 2 nömrəli qoyunçuluq briqadasında, 01 iyul 1982-ci ildən 28 sentyabr 1982-ci ilədək Üdüllü ətçiliksüdçülük sovxozunda, 02 dekabr 1982-ci ildən 20 avqust 1986-cı ilədək Şamaxı rayon Kooperativ Cəmiyyətinin Çuxuryurd kənd təsərrüfatı hesablı pərakəndə ticarət müəssisəsində, 10 sentyabr 1986-cı ildən 03 aprel 1987-ci ilədək Şamaxı adına üzümçülük sovxozunda, 06 aprel 1987-ci ildən 01 noyabr 1987-ci ilədək Şamaxı Tədarük satışı bazasında, 02 noyabr 1987-ci ildən 30 iyun 1988-ci ilədək K.Marks adına sovxozda, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Şamaxı MTS-də, xx.xx.1990-cı ildən xx.xx.1993cü ilədək Kommunal müəssisələr kombinatında, xx.xx.1993-cü ildən xx.xx.2005-ci ilədək Şamaxı rayon “Kənd Kimya” A.T.S.C-də işlədiyi qeyd edilmişdir.
24. “Azərittifaq” Şamaxı rayon Kooperativ Cəmiyyətinin 30 mart 2021-ci il tarixli 03 saylı arayışında qeyd olunmuşdur ki, X1 1983-1986-cı illərdə aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir.
25. “Azərittifaq” Şamaxı rayon Kooperativ Cəmiyyətinin əmrlərindən çıxarışdan görünür ki, Usubov Əlikram 87 saylı, 02 dekabr 1982-ci il tarixli əmrlə Şamaxı rayon Kooperativ Cəmiyyətinin Çuxuryurd kənd təsərrüfatı hesablı pərakəndə ticarət müəssisəsində işə qəbul edilmiş, 78 saylı 20 avqust 1986-cı ildən işdən azad edilmişdir.
26. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 29 mart 2021-ci il 01 saylı arxivdən çıxarışında qeyd olunmuşdur ki, Usubov Əlikram 100 saylı, 10 sentyabr 1986-cı il tarixli əmrlə Şamaxı adına südçülük sovxozuna fəhlə qəbul edilmiş, 44 saylı 03 aprel 1987-ci il tarixli əmrlə işdən azad edilmiş, 201 saylı 02 noyabr 1987-ci il tarixli əmrlə sovxozun inşaat briqadasına fəhlə qəbul edilmiş, 112 saylı, 30 iyun 1988-ci il tarixli əmrlə işdən azad edilmişdir.
27. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının iddiaçıya 01 saylı 29 mart 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət X7nda saxlanılan 1987-ci ilə aid K.Marks adına sovxozun sənədlərində, 1987-ci ilə aid Təsərrüfatlar arası Tədarük satış emalı və ticarət müəssisəsinin dövrü sənədlərində onun haqqında məlumat aşkar edilməmişdir.
28. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 01 saylı, 30 mart 2021-ci il tarixli arxiv çıxarışında göstərilmişdir ki, İddiaçı 1974-1978-ci illərdə Şamaxı rayon Nərimankənd kənd “K.Marks” adına kolxozda işləmişdir və həmin arayışda iddiaçının 1974-1978-ci illər ərzində əmək gününün miqdarı qeyd edilmişdir.
29. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının iddiaçıya ünvanladığı 01 saylı 30 mart 2021-ci il tarixli məktubunda 1997-2005-ci illərə aid X11nin dövrü sənədlərinin Dövlət X7na təhvil verilmədiyi qeyd olunmuşdur.
30. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 101 saylı 30 mart 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1979-1981-ci illərdə “K.Marks” adına sovxozda, 1981-ci ildə “Qaqarin” adına sovxozda, 1986-cı ildə “Şamaxı” sovxozunda, 1988-ci ildə K.Marks, 1989-1990-cı illərdə MTS-də, 1990-1993-cü illərdə Kommunal müəssisələri kombinatında, 1995-1996-cı illərdə X6 işlədiyi və həmin dövrlərdə aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir.
31. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 320/88 saylı, 28 oktyabr 2021-ci il tarixli məktubunda İddiaçı Şamaxı rayon K.Marks adına kolxozda 1974-1978-ci illərdə işlədiyi və kolxozun minimum əmək iştirakı normasının kişilər üçün 180 təşkil etdiyi qeyd edilmişdir.
32. Məhkəməyə sorğu əsasında daxil olmuş Şamaxı Xalq Məhkəməsinin 1-112 saylı, 07 avqust 1986-cı il tarixli hökmündən görünür ki, müttəhim İddiaçı Əlməhəmməd oğlu Azərbaycan SSR CM-nın 154-cü maddəsinin birinci hissəsi ilə müqəssir bilinib, aylıq əmək haqqının 20%-i hər ay tutulub dövlət nəfinə verilməklə 1 il islah işinə məhkum edilmişdir.
33. Apellyasiya şikayətindən və cavabdehin imtinasından müəyyən olunur ki, iddiaçının 17 il 11 ay sosial sığorta stajının olması mübahisələndirilmir.
34. Cavabdeh inzibati orqan iddiaçının 1997-2005-ci illərdə Kənd-kimya birliyində, 1974-1978-ci illərdə K.Marks adına kolxozda və 1987-ci ildə K.Marks adına kolxozda işlədiyi müddəti mübahisələndirir.
35. İddiaçının 1974-1978-ci illərdə K.Marks adına kolxozda işlədiyi dövrün əmək kitabçasında əks etdirilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
36. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
37. Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri təqdim etmişdir.
38. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.
39. İddiaçının 1997-2005-ci illərdə Kənd-kimya birliyində və 1987-ci ildə K.Marks adına kolxozda işlədiyi dövrün sığorta stajı kimi qəbul edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrlərdə iddiaçının işləməsi əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən, həmin qeydlər mötəbər hesab olunmalıdır. İş dövrünün yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır.
40. Məhkəmə kollegiyası qeyd olunan sənədləri iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Həmin sənədlərdə qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2022-ci il tarixli, 2-1(118)-156/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.