Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-41/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-406/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 1214-T saylı razılıq məktubuna əsasən, Abşeron rayonu, At-yalı, Bakı-Şamaxı yolu 15-ci km Nübar qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, üzvü olduğu ”Nübar bağçılıq cəmiyyəti" tərəfindən Abşeron rayonu, At-yalı, Bakı–Şamaxı yolu 15–ci km, "Nübar" qəsəbəsi ərazisində 300 kv.m torpaq sahəsi xx.xx.2006–cı ildən daimi istifadə etmək üçün ona verilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixdə verdiyi razılığa əsasən qeyd edilən torpaq sahəsinin 108 kv.m. ərazisində 1 (bir) mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Evin tikintisi tam başa çatmış və su, qaz, işıq xətləri ilə təmin olunmuş, eyni zamanda sayğaclar quraşdırılmışdır. Haİ-hazırda ailəsi ilə bərabər həmin evdə yaşayır. Qeyd etmişdir ki, fərdi yaşayış evinin dörd bir yanında fərdi yaşayış evləri var. Evinin ətrafında neft buruğu yoxdur. Həmçinin evinin üstündən və ya altından komnukasiya xətləri keçmir. Fərdi yaşayış evini Daşınmaz Əmlak Üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış və texniki sənəd verilməsi üçün cavabdeh orqana üraciət etmiş, müraciətinə əsasən evinə baxış keçirilmişdir. Lakin nəticə olaraq müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, evinin sənədləşdirilməsi üçün müraciətinə cavabdeh orqanın imtina etməsi yuxarıda göstərdiyi səbəblərdən əsassızdır. Müraciətinə laqeyd yanaşıldığı üçün və əsassız olaraq imtina edildiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər tərəflərindən araşdırılması zamanı İddiaçı məxsus yeni layihələndirilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlərin hazırki ərizəyə əlavə edilmədiyi və torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmisdir. Habelə müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən torpaq sahəsinin baxış keçirilmiş əraziyə aid olub– olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda onların təyinatına uyğun olan kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Bu torpaqlarda əsaslı tikililərin ucaldılması isə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin torpaq sahəsinin təyinatının dəyişdirilməsi haqqında sərəncam verməsindən və tikinti işlərinin aparılmasına dair müvafiq icazələr alındıqdan sonra mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1–ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-406/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, göstərilən fərdi yaşayış evini Abşeron rayon İcra Hakimiyyətinin icazəsi əsasında tikmişdir, daha sonra evi bütün kommunal xətlərlə təmin olunmuşdur və artıq 3 ildən çox müddətdir ki, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bundan başqa cavabdeh orqanın məhkəməyə etiraz məktubuna əsasən məhkəmənin torpaq sahəsini kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qiymətləndirilməsi də düzgün deyildir. Çünki həmin torpaq sahəsinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Belə bir sübut məhkəməyə təqdim olunmuş olsa da belə nəzərə alınmalıdır ki, o, həmin torpaq sahəsinin üzərinə İcra Hakimiyyətinin icazəsi ilə ev tikmişdir, həmçinin də onun evinin dörd bir yanındakı qonşular həmin ərazidə ev tikiblər. Bu isə o deməkdir ki, artıq həmin ərazidəki torpaqlardan təyinatı üzrə istifadə olunmadan torpaq sahələrinin təyinatı dəyişmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-406/2020 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı, “Nübar bağçılıq cəmiyyəti" tərəfindən ona ayrılmış, Abşeron rayonu, At-yalı, Bakı–Şamaxı yolu 15–ci km, "Nübar" qəsəbəsi ərazisində yerləşən 300 kv.m torpaq sahəsində Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixdə verdiyi razılığa əsasən inşa etdiyi 1 (bir) mərtəbəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, torpaq sahəsinə dair texniki və hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, həmçinin evin yerləşdiyi torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatlı olduğuna görə cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün — torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Sadalanan qanunvericilik normalarının əlaqəli təhlili belə izah olunur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri, hazırkı halda iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün- torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur. Məhkəmə araşdırmazı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən sadalanan hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilməmişdir. Torpağa istifadə hüququ ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzvlük kitabçası ilə bağlı kollegiya qeyd edir ki, kitabçadakı məlumatlara əsasən, “Nübar bağçılıq cəmiyyəti" tərəfindən iddiaçıya Abşeron rayonu, At-yalı, Bakı–Şamaxı yolu 15–ci km, "Nübar" qəsəbəsi ərazisində 300 kv.m torpaq sahəsi ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına üzvlük kitabçası əlavə edilsə də, kitabçanın həqiqiliyini təsdiq edən, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı iş materiallarına əlavə edilməmiş, ayrılmış torpağın sxemi təqdim edilməmiş, eləcə də, iddiaçı həmin torpağa hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə olan təqdirdə kollegiya üzvlük kitabçasını torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd kimi qəbul etmir. Bundan əlavə cavabdehin imtina məktubundan görünür ki, iddiaçı torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqana hüquqmüəyyənedici sənəd təqdim etməsə də, idarənin mütəxəssisləri tərəfindən faktiki olaraq evin inşa edildiyi torpaq sahəsinə keçirilmiş baxış zamanı, torpağın kadastr məlumatlarına əsasən kateqoriyasına görə kənd təsərrüfatlı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən bunun sübutu olaraq məhkəmə kollegiyasına kadastr xəritəsindən çıxarış təqdim edilmişdir. Həmin xəritədən də görünür ki, iddiaçı tərəfindən inşa edilmiş yaşayış evinin yerləşdiyi torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatlı təyinatlı torpaqlara aiddir. Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Torpaq Məcəlləsinin tələblərinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. (9.2, 10.4, 10.5) Beləliklə də, istinad olunan normalardan görünür ki, müəyyən kateqoriyaya aid edilmiş torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Bunun üçünsə ilk öncə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırmalı, həmin orqan isə torpaqların bir kateqoriyadan digərinə keçirilməsi barədə qərar qəbul etməlidir. Yalnız bundan sonra, yəni torpaq sahəsinin məqsədli təyinatı dəyişdirildikdən sonra torpaq sahəsindən təyinatı dəyişdirilmiş istifadə mümkün hesab oluna bilər. Məhkəmə kollegiyası bir halı xüsusi olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçının digər əsaslarla, yəni torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri olmadığından, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.10.2-ci maddəsində sadalanan sənədlər iddiaçı tərəfindən tam olaraq inzibati orqana təqdim edilmədiyindən, kollegiya cavabdeh inzibati orqanın imtinasını əsaslı və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Və məhz bu səbəbdən torpağın kateqoriyası ilə bağlı əlavə araşdırma aparılmasını və səlahiyyətli dövlət orqanından bununla bağlı rəy alınmasını zəruri hesab etmir. Çünki torpağın kateqoriyası ilə bağlı cavabdehin mövqeyinin düzgün olmadığı məhkəmə araşdırması zamanı müəyyən edilsə belə, iddiaçı inşa etdiyi fərdi yaşayış evi üzərində hüququnun qeydə alınması üçün zəruri sənədlərə malik deyildir. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-406/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-41/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-41/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver