Məhkəmə qərarları › İş №2-1(105)-41/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-41/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-41/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayon Qaraçay cek Bələdiyyəsinə qarşı “cavabdehin 20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli protokol qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə açar sözlər: bələdiyyə qərarının ləğv edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz Rayonu Qaraçay cek Bələdiyyəsinə qarşı “20 dekabr 2006-cı il tarixli, 14 saylı qərarı ilə ona 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsi barədə Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli iclas protokolunun ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-557/2021 saylı qərarından maraqlı şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Xaçmaz Rayonu Qaraçay cek bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə ona 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair Bələdiyyənin 18 noyabr 2019-cu il tarixli, 13 nömrəli prorokol qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Qaraçay cek Bələdiyyəsinin 20.12.2006-cı il tarixli protokolu ilə ona yaşadığı kəndin ərazisindən 0,12 ha torpaq sahəsi ayrılmış və qeyd olunan qərara əsasən 0,12 ha torpaq sahəsinə hüququ qeydiyyata alınaraq ona hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********23 reyestr nömrəli çıxarış verilmişdir. Bununla belə Qaraçaycek bələdiyyəsinin 18.11.2019-cu il tarixli 13 nömrəli protokoluna əsasən faktiki olaraq istifadəsində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin 20.12.2006-cı il tarixli 14 saylı qərarı ləğv edilmiş və əsas kimi torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının Memarlıq şöbəsinin rəyinin alınmaması göstərilmişdir. Həmin protokol qərarı qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki 2007-ci ilin dekabr ayına qədər torpaq sahələrinin ayrılması üçün rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin rəyi alınmırdı. Qeyd olunan tarixədək Bələdiyyə torpaqlarının ayrılaraq vətəndaşa satılması üçün ləğv edilmiş DT və XK-nin rayon şöbələrinin müvafiq rəyi alınırdı. Ona Bələdiyyə tərəfindən 0,12 ha torpaq sahəsi satılarkən həmin vaxt müvafiq sənədlər hamısı toplanmış, o cümlədən, DT və XK-nin Xaçmaz rayon şöbələrinin müvafiq rəyi ilə alınmışdır.

Cavabdehin etirazları:

4. İddiaya qarşı cavabdehin etirazı məhkəməyə təqdim edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-557/2021 saylı, 01.03.2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixli 14 saylı qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsinə dair həmin bələdiyyənin 18 noyabr 2019-cu il tarixli 13 nömrəli prorokol qərarının ləğv edilməsi qərara alınmışdır.

5. Həmin qərardan maraqlı şəxs X6 apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-557/2021 saylı, 01.03.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

6. Maraqlı şəxs X6 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, bu səbəbdən də qərar ləğv edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, Qaraçay cek Bələdiyyəsinin 18.11.2019-cu il tarixli 13 nömrəli protokuluna əsasən faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin 20.12.2006-cı il tarixli 14 saylı qərarı ləğv edilmişdir. Həmin qərarın ləğv edilməsi onun tərəfindən edilmiş şikayətlərin nəticəsində olmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq onun mülkiyyət hüquqlarının pozuntusuna gətirib çıxarır. Xaçmaz rayon Regional Ədliyyə İdarəsinin məktubundan da görünür ki, qanunauyğunluq yoxlanılmış və nəticədə həmin qərarın ləğv olunması qərara alınmışdır. Həmçinin həmin qərar təkbaşına qəbul edilmiş və inzibati orqana nəzarəti həyata keçirən qurumdan gizli şəkildə aparılmışdır.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı məhkəməyə təqdim edilməmişdir.

məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş maraqlı şəxs X6 apellyasiya şikayətində qeyd edilənləri müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğu üçün ləğv edilməlidir və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki iddiaçının nümayəndəsi olan X1 Şakir Gülbaba oğluna qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbi ilə Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdır. Maraqlarının toqquşduğu ərazi yaşayış evi ilə həyətyanı sahələrini birləşdirir. Həmin ərazini öz torpaq sahəsinə birləşdirmək üçün iddia qaldırır, lakin Xaçmaz Rayon Məhkəməsi tərəfindən onun iddası təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsində, həm də Azərbaycan Respublikası Ali Məhkəməsində həmin qətnamə qüvvədə qalmışdır. İddianın təmin olunmama əsası kimi X3 həmin torpaq sahəsindən öz həyətyanı sahəsinə gediş-gəliş yolu və ot tayasının saxlanılması üçün istifadə etdiyi və iddiaçının heç bir hüququnun pozulmadığı göstərilmişdir. Həmçinin, Xaçmaz rayonu Qaraçay cek Bələdiyyəsinin 18 noyabr 2019-cu il protokoluna əsasən faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin ayrılması barədə bələdiyyənin 20.12.2006-cı il tarixli qərarı ləğv edilmişdir. Həmin qərar X6 tərəfindən edilən şikayətlərin nəticəsində ləğv edilmişdir. Bundan əlavə həmin torpaq sahəsi faktiki olaraq X3 mülkiyyət hüquqlarının pozuntusuna gətirib çıxarır. Xaçmaz rayon Regional Ədliyyə İdarəsinin məktubundan da görünür ki, qanunauyğunluq yoxlanılmış və nəticədə həmin qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərar təkbaşına qəbul edilmiş və inzibati orqana nəzarəti həyata keçirən qurumdan gizli şəkildə aparılmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, X6 ilə qonşudurlar. Evləri arasında 10 metr məsafə vardır. X5 ot tayası üçün yarım sot yer vermiş, lakin sonradan o, ot tayasının yerinə zibil yığdığına görə aralarında mübahisə yaranmışdır. Şakir Müslümovla aralarında Xaçmaz Rayon Məhkəməsində ayrı-ayrı mübahisələr də olmuşdur. Hazırki iş üzrə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış cavabdeh Xaçmaz rayon Qaraçay-Cek Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbi kimi bələdiyyə sədrinin işdən çıxması və sədr işləmək istəyən şəxsin olmaması səbəbindən məhkəmə iclasında nümayəndənin iştirakı olmayacağı bildirilmiş, həmçinin bələdiyyə üzvlərinin imzası ilə məhkəmə kollegiyasına məktub göndərilərək mübahisələndirilən məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etdiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədbiq edilən hüquq

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

14. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

15. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

16. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

17. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

18. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

26. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

27. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

28. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

29. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

30. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. (-); Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; (-). Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. (-);

32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-).

33. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. (-). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hazırki qərarın 12-24-cü bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - DTXK Xaçmaz rayon Şöbəsinin 12.12.2006-cı il tarixli 2579 saylı rəyindən görünür ki, İddiaçı bələdiyyə mülkiyyətindən fərdi yaşayış evinin tikilmısi məqsədi ilə 0.12 ha torpaq sahəsinin satılması qanunamüvafiqdir(i.v. 4) - **********23 reyestr nömrəli reyestrdən çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaraçaycek kəndi ərazisində 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir(i.v. 5). - DƏDRX-nin 5 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş 15.01.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı bələdiyyənin 20.12.2006-cı il tarixli qərarı əsasında satılmış 0,12 ha ölçüdə torpaq sahəsinə dair tərtib edilmişdir(i.v. 6). - Xaçmaz rayonu Qaracay cek kənd bələdiyyəsinin 18 noyabr 2019-cu il tarixli 13 nömrəli iclas protokolundan görünür ki, bələdiyyənin 20 dekabr 2006-cı il tarixli 14 saylı Qaraçay cek kənd sakini İddiaçı 0.12.ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarı ləğv edilmişdir. Qərarın ləğvi üçün əsas kimi Xaçmaz Regional Ədliyyə İdarəsinin müraciəti əsasında aparılmış araşdırma nəticəsində memarlıq xidmətinin rəyinin alınmaması, 20.12.2006-cı il tarixdə bələdiyyənin iclasının keçirilmədiyi göstərilmişdir(i.v. 25-28). - Xaçmaz rayonu Qaracay cek kənd bələdiyyəsinin 29 dekabr 2019-cu il tarixli 15 nömrəli iclas protokolundan görünür ki, Qaracaycek bələdiyyəsinin 18 noyabr 2019-cu il tarixli 13 nömrəli iclas protokolu əsasında qərarı ləğv edilmişdir(i.v. 21-23).

36. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsindən alınmış cavab məktubundan görünür ki, vətəndaş X3 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.12 ha torpaq sahəsinin İddiaçı satılması ilə bağlı Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin 20.12.2006-cı il tarixli 14 saylı qərarının qanunauyğunluğunun yoxlanılması barədə eyni məzmunlu müraciəti əsasında aparılmış müvafiq araşdırma nəticəsində qeyd olunan qərarın qanunsuz olduğu müəyyən edilmiş və həmin qərarın ləğv edilməsi ilə bağlı Qaraçaycek bələdiyyəsinə 14.11.2019-cu il tarixdə № 04/M-554 saylı təklif məktubu göndərilmiş və bu barədə 14.11.2019-cu il tarixdə 04/M-554 saylı məktubla DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Ş.Müslümova rəsmi məlumat verilmişdir. Qaraçay-Cek bələdiyyəsi tərəfindən həmin təklif məktubu bələdiyyənin 18 noyabr 2019-cu il tarixli 13 nömrəli iclasında müzakirəyə çıxarılaraq bələdiyyənin 20.12.2006-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilmiş, bununla bağlı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə, şikayətçi Ş.Müslümova və İddiaçı regional ədliyyə idarəsi tərəfindən 20.11.2019-cu il tarixdə məlumat verilmişdir. Ş.Müslümovun fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.12 ha torpaq sahəsinin İddiaçı satılması ilə bağlı Xaçmaz rayonu Qaraçaycek bələdiyyəsinin 20.12.2006-cı il tarixli, 14 saylı qərarının ləğv edilməsinə baxmayaraq, DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə Ədliyyə Nazirliyindən daxil olmuş müraciəti 2020-ci ildə yenidən regional ədliyyə idarəsində araşdırılmışdır. Ş.Müslümovun həmin müraciəti ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Qaraçay cek bələdiyyəsinin ləğv edilmiş 20.12.2006-cı il tarixli 14 saylı qərarı əsasında 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması ilə bağlı 15.01.2020-ci il tarixdə reyestr nomrəsi **********23 olan çıxarış verilmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı adına verilmiş 15.01.2020-ci il tarixli, **********23 reyestr nömrəli çıxarışın ləğv və ya etibarsız hesab edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Xaçmaz regional ədliyyə idarəsi tərəfindən Qaraçay çek bələdiyyəsinə 15.05.2020-ci il tarixdə 04/M-140/2 saylı təklif məktubu göndərilmişdir. Xaçmaz regional ədliyyə idarəsınin həmin təklif məktubu bələdiyyənin 21.05.2020-ci il tarixli 07 saylı iclasında müzakirəyə çıxarılaraq 15.01.2020-ci il tarixli, **********23 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə Sumqayıt İnzibatı Məhkəməsinə müraciət olunması barədə qərar qəbul edilmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli qərardadı ilə Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin 20.12.2006-cı il tarixli 14 saylı qərarının etibarsız hesab edilməsi və həmin qərar əsasında verilmiş torpağa mülkiyyət hüququna dair 15.01.2020-ci il tarixli, **********23 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər bələdiyyəyə geri qaytarılmışdır. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 01.03.2021-ci il tarixli qərarı ilə 0.12 ha torpaq sahəsinin İddiaçı satılmasına dair Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsinin 20.12.2006-cı il tarixli, 14 saylı qərarının ləğv edilməsi ilə bağlı bələdiyyənin 18.11.2019-cu il tarixli iclas qərarı ləğv edilmişdir. Əlavə olaraq bildirilir ki, Xaçmaz rayonu Qaraçay cek bələdiyyəsi tərəfindən 20.12.2006-cı il tarixli, 14 saylı qərarı ilə İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsinin satılmasına dair qərarının ləğv edilməsi barədə bələdiyyənin 18.11.2019-cu il tarixli, 13 nömrəli iclas protokolunun ləğv edilməsi barədə 29.12.2019-cu il tarixli, 15 nömrəli protokolu Xaçmaz regional ədliyyə idarəsinə təqdim edilməmişdir(i.v. 126-129).

37. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, bələdiyyənin vətəndaşı xəbərdar etmədən birtərəfli qaydada öz qərarı ilə torpaq sahəsinin iddiaçıya verilməsinə dair qərarını ləğv etməsi qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və mübahisələndirilən inzibati akt ləğv edilməlidir.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsini əsaslı hesab edir və hazırkı qərarın 6-cı bəndində öz əksini tapan maraqlı şəxsin apellyasiya şikayətinin dəlilini ona görə əsassız hesab edir ki, maraqlı şəxsin nümayəndəsinin də istinad etdiyi məhkəmə qərarlarında tərəflər arasında olmuş mübahisə iddiaçıya bələdiyyə tərəfindən 20.12.2006-cı il tarixli 14 saylı qərarla ayrılmış 0.12 ha torpaq sahəsilə bağlı deyil, iddiaçıya Xaçmaz rayon AİK-nın 27.11.1998-ci il tarixli 12 saylı qərarı əsasında verilmiş 2498,17 kv.metr torpaq sahəsinin 100 kv.metr hissəsilə bağlı olmuş və həmin sahənin Şakir Müslümov tərəfindən zəbt edilməsi barədə Nümayəndə iddia tələbi hər üç məhkəmə instansiyasında təmin edilməyərək məhkəmələr o qənaətə gəlmişlər ki, tərəflərin istifadə etdikləri sahələr özlərinə aid olmaqla mülkiyyətlərindədir (i.v.90-99).

39. Məhkəmə kollegiyası hazırkı qərarın 30-cu bəndində istinad edilən qanunun tələbləri baxımından Bələdiyyənin birtərəfli qaydada qəbul etdiyi qərarların hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməməsinin Konstitusiya Məhkəməsinin qərarlarında da öz əksini tapmasını xatırladaraq hesab edir ki, Bələdiyyə tərəfindən 14 ildən sonra əvvəllər qəbul edilmiş bələdiyyə qərarının özü tərəfindən ləğv edilməsi fiziki şəxs olaraq iddiaçının hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəldildiyindən əsassız olmuşdur. 40 Belə ki, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 48ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz».

41. Beləliklə, məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddia tələbinin qanuni əsasları müəyyən edildiyindən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas ola bilməz, bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-557/2021 saylı, 01.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Maraqlı şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-557/2021 saylı, 01.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar