Məhkəmə qərarları › İş №2-1(105)-41/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-41/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-41/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: icra başçısı nümayəndəliyinin sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-862/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 saylı sərəncamının surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Cavabdehin imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993-cü il tarixli, 14 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə daxil edilmədiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq ahəsinin su xəttinin mühafizə zolağında yerləşdiyi, sözügedən torpaq sahəsi üzərində qeyri-yaşayış binasının inşa edildiyi, iddia predmeti olan daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi, faktiki torpaq sahəsinə dair Abşeron rayon Masazır Bələdiyyəsinin adına **********8849 nömrəli kadastr planının tərtib edildiyi, müraciət üzrə təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.10 ha göstərilsə də, faktiki vəziyyətdə 0.049 ha olduğu müəyyən olunmuşdur. Abşeron Rayon Dövlət Arxivininin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron RİH-nin Masazır kənd İN-nin xx.xx.1993-cü il tarixli, 14 nömrəli sərəncamında X2 adı aşkar edilməmişdir. Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd edilən mülki işlə bağlı məhkəmə tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatıdır və həmin torpaq sahəsinə dair Masazır bələdiyyəsinin adına **********8849 nömrəli kadastr planı tərtib edilmişdir. Qeyd olunanlardan çıxış edərək, iddiaçı X2 iddia tələbində göstərilən tələb Masazır bələdiyyəsinin maraqlarına toxunur. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, elektron məlumat bazasında Abşeron rayonu Masazır kəndi üzrə İcra Nümayəndəsinin Sərəncamı əsasında ayrılmış torpaq sahələrinin hüdudlarına dair məlumat aşkar edilmədiyindən sualların cavablandırılması mümkün olmamışdır. Əlavə olaraq sözügedən torpaq sahəsinin 12 kv.metr hissəsi digər şəxsin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktuba qoşma kimi əlavə olunmuş Abşeron rayonu, Masazır kəndində yerləşən X3 ayrılmış torpaq sahəsinin planı sənədində qeyd olunmuş koordinatlarda yerləşən torpaq sahəsinin bir hissəsi Mərkəzin Elektron məlumat bazasında olan 2005-ci ilə aid bələdiyyə xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara (bələdiyyə mülkiyyəti), digər hissəsi isə su xəttinin mühafizə zonasına (dövlət mülkiyyəti) düşür. Abşeron rayonu Masazır bələdiyyəsinin adına verilmiş **********5849 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri Mərkəzin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu Masazır kəndində yerləşən 0,049 hektar torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 may 2023-cü il tarixdə ərizə ilə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin 25 iyun 2023-cti il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubla onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin 10 mart 1993cü il tarixli, 14 saylı sərəncamı ilə İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının müraciət ərizəsinə daxil edilmədiyi, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq ahəsinin su xəttinin mühafizə zolağında yerləşdiyi, sözügedən torpaq sahəsi üzərində qeyri-yaşayış binasının inşa edildiyi, iddia predmeti olan daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi, faktiki torpaq sahəsinə dair Abşeron rayon Masazır Bələdiyyəsinin adına **********8849 nömrəli kadastr planının tərtib edildiyi, müraciət üzrə təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.10 ha göstərilsə də, faktiki vəziyyətdə 0.049 ha olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-862/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən 0,049 hektar torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Beləliklə qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə cavabdeh təşkilat tərəfindən imtina üçün bəhanə gətirilir. "xxxx" ASC tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin su xəttinin mühafizə zolağından 5 m məsafədə yerləşir. Bildirilir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 70-ci maddəsinə görə Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. Belə olan halda cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsini iddiaçının adına rəsmiləşdirmək üçün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxmayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Hazırkı iddia tələbinin predmeti 3-cü arqumentdə göstərilmiş üzərində hüquqlar qeydə alınmamış qeyri-yaşayış sahəsi deyil, həmin qeyri-yaşayış sahəsi ətrafında olan torpaq sahəsidir. Torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsinin olması iddianın rədd edilməsi əsas hesab edilə bilməz. Cavabdeh təşkilatın gətirdiyi 4-cü arqumentə, yəni faktiki torpaq sahəsinə dair Abşeron rayon Masazır Bələdiyyəsinin adına **********8849 nömrəli kadastr planının tərtib edildiyinə münasibətdə qeyd olunan hal cavabdeh təşkilat tərəfindən texniki səhv olaraq etirazda yazılması qeyd olunmuşdur. Torpaq sahəsi üzərində verilmiş torpaq sahəsinin plan və ölçü sənədi torpaq üzərində mülkiyyət hüquqununu müəyyən etmir və həmin sənədin mövcud olması torpaq sahəsinin Masazır qəsəbəsi ərazisində yerləşməsinə dəlalət edə bilər. İddia tələbinin predmeti olan torpaq sahəsinin bələdiyyələr mövcud olmayan ərəfədə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrılması mümkündür. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, bələdiyyənin inzibati ərazisində dövlət və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin yerləşməsi yolveriləndir. Belə olduğu tədqirdə 4-cü arqument öz əhəmiyyətini itirmiş olur. Cavabdeh təşkilatın gətirdiyi 5-ci arqumentə, yəni müraciət üzrə təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0.10 ha göstərilsə də, faktiki vəziyyətdə 0.049 ha olduğuna münasibətdə bildirilir ki, iddiaçı azalma ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin, iddiaçı ona ayrılmış torpaq sahəsindən yalnız 0.049 ha hissəsinin qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya torpaq sahəsinin 0,10 ha dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Bu səbəbdən də cavabdeh təşkilatın 4-cü arqumenti də əsassızdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ilə eyni ərazidə yerləşən torpaq sahələri əldə etmiş iddiaçının qonşuları olan X9, X4, X7, X5 mənzil sahələri üzərində onların mülkiyyət hüququ tanınmış və müvafiq çıxarışda həmin torpaq sahələrinin təyinatı barədə qrafa boş saxlanılmışdır. Cavabdeh təşkilatın qeyd elədiyi kimi həmin ərazi örüş torpaqları üçün nəzərdə tutuluduğu hansı səbəbdən həmin növ torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evlərinin üzərində olan mülkiyyət hüquqularının qeydə alınması torpaq sahəsinin örüş torpaq sahələrinə aid olmaması anlamına gəlir. Belə ki, qeyd olunan halın araşdırması məqsədi ilə cavabdeh təşkilata sorğu göndərilmiş, lakin cavabdeh təşkilatın təhrifedici formada 2008-ci ildə bələdiyələr tərəfindən torpağın təyinatının dəyişdirilməsi səlahiyyətinin olması kimi cavabı 2022-2023-cü illərdə həmin torpaq sahələri üzərində mənzillərin mülkiyyət hüququnun qeydə alınması üçün əsas sayıla bilməzdi.Lakin göründüyü kimi cavabdeh təşkilatın hal-hazırda gətirdiyi arqument həmin mənzillər üzərində mülkiyyət hüququnun qeydə alınması üçün maneə yaratmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən həmin torpaq sahəsinin kənd təsərrüfatı kateqoriyasına aid edilməsi ilə bağlı əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir. .... Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinə dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməmiş,torpaq sahəsi su xəttinin mühafizəsi zonasında yerləşir, torpaq sahəsinin üzərində qeyri-yaşayış binası inşa edilmiş, hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələrinə aiddir, faktiki torpaq sahəsinə dair müvafiq bələdiyyənin adına kadastr planı tərtib edilmiş, sənəd üzrə ölçüsü 0,10 ha olsa da, faktiki ölçüsü 0,049 ha olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq icra hakimiyyətinin Masazır kəndi üzrə nümayəndəsinin sərəncamı əsasında iddiaçının adına 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması və ona həmin sahədə mənzil tikintisinə icazə verilməsi qərara alınmış, həmin sərəncama torpaq sahəsinin yerini müəyyən edən heç bir sənəd əlavə edilməmişdir. İş materiallarından görünür ki, məhkəmə araşdırması zamnaı cavabdehin mütəxəssiləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilərək, iddiaçının iddia etdiyi torpaq sahəsinin planı tərtib edilmişdir. İş materiallarından görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 11/04 nömrəli qərarı ilə 110 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə Masazır kənd sakininə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmış və onun əsasında torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilərək, kadastr kitabında uçota alınmış, həmin plan ölçü sənədində torpaq sahəsinin bonitet balı “100” kimi qeyd edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etməməsi barədə rəy verilmiş, yeruqurluşu planından çıxarış tərtib edilmişdir İş materiallarından görünür ki, qeyd edilən plan və ölçü sənədi bələdiyyənin müraciəti əsasında cavabdeh tərəfindən həmin plan və ölü sənədinə aid məlumatların elektron kadastr bazasından silinməsi üçün müvafiq tədbirlər görülmüşdür. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsinin yaxınlığından- beş metr məsafədən "xxxx" ASC-yə məxsus magistral su kəməri keçir, 10 metr mühafizə zonası saxlanılmalıdır. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir, müayinə aktının məzmununda torpaq sahəsinin faktiki ölçüsünün 0,049 ha olduğu, yol və qonşu torpaq sahələri ilə sərhəd olduğu, 1 ədəd qeyri yaşayış obyekti olduğu, cənubşərq istiqamətindən yeraltı su xətti keçdiyi, torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi altında yerləşdiyi, faktiki koordinatların əlavə edildiyi qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçının adına ayrılmış torpaq sahəsinin planı sənədində qeyd edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin bir hissəsi Mərkəzin Elektron məlumat bazasında olan 2005-ci ilə aid bələdiyyə xəritəsinə əsasən kənd təsərrüfat təyinatlı torpaqlara (bələdiyyə mülkiyyəti), digər hissəsi isə su xəttinin mühafizə zonasına (dövlət mülkiyyəti) düşür, müvafiq bələdiyyənin adına tərtib edilmiş plan və ölçü sənədinin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri Mərkəzin arxivində aşkar edilməmişdir. Kollegiya cavabdehin imtina, etiraz və şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, müvafiq sərəncam əsasında iddiaçının adına torpaq sahəsi ayrılsa da, həmin sərəncama torpaq sahəsinin yerləşmə mövqeyini (yerini) müəyyən edən hər hansı sxem və ya digər sənəd əlavə edilməmişdir. İndiki halda torpaq sahəsinin yeri məhz iddiaçının iddia etdiyi və faktiki istifadəsində olan yerə münasibətdə müəyyən edilməsi mümkündür. Həmçinin, qeyd edilməlidir ki, müvafiq sərəncam əsasında iddiaçının adına 0,10 ha torpaq sahəsi ayrılsa da, faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,049 ha olmuş və torpaq sahəsinin ölçüsünün azalması səbəbləri müəyyən edilə bilməmiş, habelə həmin sahə qeyri-yaşayış binasının (tikiliyə aid heç bir sənəd mövcud olmamış) tikinti altı sahəsi olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazinin ətrfaında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair sənədlər tələb edilərək, tədqiq edilmişdir. Nəticə etibarilə bərabərlik prinsipinin tələbləri baxımından həmin ərazidə müvafiq nümayəndəliyin sərəncamı əsasında ayrılan və bu əsasla mülkiyyət hüququ dövlət qeydiyyatına alınması halı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri bələdiyyə mülkiyyətində olmuş, kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuş, habelə kadastr məlumatına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin də su xəttinin mühafizə zonasına düşən hissə istisna olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlara (bələdiyyə mülkiyyətinə) aid sahə olmuşdur. Eyni zamanda kollegiya onu qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair müvafiq bələdiyyənin adına kadastr plan və ölçü sənədi tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin bonitet balı “100” kimi qeyd edilmişdir, bu hal özlüyündə həmin sahənin kənd təsərrüfatı yararlı torpaq sahəsi olması halını deməyə əsas verir. Bundan əlavə, qeyd edilməlidir ki, müvafiq sərəncamın məzmununda torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması qeyd edilsə də, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinin məhz qeyri-yaşayış binasının tikintisi altında yerləşdiyi müəyyən edilmiş, həmin tikilinin inşa edilməsinə dair hər hansı sənəd mövcud olmamışdır. Göründüyü kimi, indiki halda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məhz müvafiq sərəncam əsasında onun adına ayrılmış torpaq sahəsi olması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki, iddiaçının hazırki iddia tələbinin əsasını məhz həmin sərəncam təşkil etmişdir. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən sözügedən sərəncam daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində o halda çıxış edir ki, məhz həmin sənəd əsasında ayrılmış torpaq sahəsi naturada mövcud olmuş olsun. İndiki halda isə sözügedən torpaq sahəsinin məhz müvafiq nümayəndəliyin sərəncamı əsasında ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməsi halı, habelə ətrafında eyni hüquqmüəyyənedici sənəd əsasında ayrılmış və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsinin mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbinə bərabərlik prinsipinin tələbləri baxımından da hüquqi qiymət verilməsinin əsasları mövcud olmamışdır. Halbuki, iddia tələbinin əsaslılığı üçün ilkin olaraq həmin halların müəyyən edilməsi zəruri olmuşdur. Kollegiya hesab edir ki, qeyd edilən hallar müəyyən edilmədiyindən,nəticə etibarilə ilkin dəyərləndirmə mərhələsində iddianın əsaslılığını müəyyən edilməsi mümkün olmadığından, bu hal özlüyündə iddianın rədd olunması üçün əsas hesab olunduğundan, cavabdehin imtina, etiraz və şikayətinin digər dəlilləri üzrə əlavə qiymətləndirmə aparılması zərurəti mövcud olmamışdır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdeh inzibati orqanın imtina və şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, iddia tələbinin əsaslılığı baxımından düzgün dəyərləndirmə aparılmamış, sənəd üzrə ayrılan torpaq sahəsi ilə faktiki istifadə vəziyyətində olan torpaq sahəsinin yerləşmə mövqeyi, təyinatı və ətarf qonşu torpaq sahələrinə münasibətdə araşdıma aparılmamış, cavabdehin imtina və etirazının əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, həmin torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən torpaq sahəsinin yerləşmə mövqeyinə aid sxemin tərtib edilməsi, onun sərhədlərinin, naturada harada yerləşməsi müəyyən edilməsi, ona dair yerləşmə cizgisi hazırlanması, təsdiq edilməsi, nautarda yeri müəyyən edildikdən sonra iddiaçıya təhvil verilməsi halı məhz torpaq sahəsini ayıran qurumun (müvafiq icra hakimiyyəti orqanının) səlahiyyətinə aid olmuşdur. Lakin həmin qurum tərəfindən sözügedən torpaq sahəsinə dair yerləşmə mövqeyini əks etdirən hər hansı sənəd iddiaçıya verilməmiş, habelə hazırda da təqdim edilməmişdir. Göründüyü kimi müvafiq sərəncam ilə iddiaçının adına torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerləşmə yerinə dair heç bir sənəd tərtib edilməmiş, hazırda da mövcud olmamış, arxivə də təhvil verilməmişdir. Bu hal isə özlüyündə iddiaçının hüquqlarının pozulmasına və onun realizəsinə maneçilik yaradılmasına səbəb olur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsinin yerinin müəyyən edilməsi ilə bağlı məsələnin həlli məqsədilə mümkün hüquqi müdafiə vasitələrindən (torpaq ayıran müvafiq səlahiyyətli inzibati orqana qarşı iddia qaldırmaqla) istifadə etmək hüququna malikdir, habelə qeyd edilən məsələ öz həlini tapdıqdan sonra həmin torpaq sahəsinə dair əmlak hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq inzibati orqana müraciət etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-862/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar