Məhkəmə qərarları › İş №2-1(105)-410/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-410/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-410/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə vergi borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan fazilərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən günədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyrinə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək məcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 286/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı “xxxx” ASC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə vergi borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan faizlərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən günədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyrinə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək məcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-286/2021 saylı 13 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Vəfa Əzizova) Qərardaddan iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İPM-də öhdəliyin icrası haqqında iddialara iddia müddəti müəyyən edilməmişdir. Məhkəmənin İPM-nin 38.2-ci maddəsində məcburetmə növündə iddialar üçün müəyyən edilmiş 30 günlük iddia müddətini hazırkı iddaya tətbiq etməsi və bunu məhkəmə praktikasında yol verilməsi ilə əsaslandırması tamamilə hüquqaziddir. Digər tərəfdən, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddianın tələbinə daxil edilmiş məsələlərin həll edilməsi üçün 27.11.2018-ci il tarixdən etibarən birbaşa cavabdeh vergi orqanına, onun yuxarı orqanına müraciətlər edilmiş, bu müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması gecikdirilmişdir. Müraciətin cavablandırılmasının gecikdirilməsinin bir səbəbi də məlum COVİD-19 virusuna görə hökümət qərarları ilə tətbiq edilən sərt karantin rejimində dövlət orqanlarının, özəl təşkilatların fəaliyyətinə qoyulan məhdudiyyət olmuşdur. İddiaçının inzibati orqana son müraciəti 18.03.2020-ci il tarixdə cavabdehin yuxarı orqanı olan Azərbaycan Respublikasının Vergilər Nazirinə olmuşdur. Bu müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sənədlərlə iş və müraciətlərə baxılması (katiblik) baş idarəsinin 21.05.2020-ci il tarixli **********020548300 nömrəli məktubu ilə cavab verilmişdir. Bu məktub 02.06.2021 tarixdə iddiaçıya təqdim olunmuşdur. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozularaq, müraciətləri araşdırılmamış, onlar cavablandırılmamışdır. Qüvvədə olan sərt karantin rejimi və məhkəmələrin fəaliyyətindəki məhdudiyyət nəzərə alınarsa, məhkəməyə iddia ərizəsi 30 günlük müddət keçmədən verilmişdir. İddiaçının cavabdehə və onun yuxarı orqanına yazdığı müraciətlərin məzmunundan göründüyü kimi, mübahisə predmetini iddia ərizəsində qoyulan tələblər təşkil etmişdir. Hətta sonuncu müraciətlərdə qoyulan tələblər iddia ərizəsində qoyulan tələblərlə eyni olmuşdur. Silinməli borcların ümumi məbləğinin iddia ərizəsində müraciətlərə nisbətən 10.527,99 manat fərq etməsi mübahisənin mahiyyətini, onun əsaslarını, tələblərin məzmununu dəyişmir. Ona görə məhkəmə də bu halı mübahisənin əvvəlcə cavabdeh inzibati orqanda mübahisələndirilmədiyinə əsas kimi qəbul edə bilməzdi. Əksinə, inzibati mübahisə bütün bəndlər və tam həcmdə öncə vergi orqanında mübahisələndirilmiş, həll edilmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Mübahisələndirilən məbləğin müraciətlərdə 342.803,86 manat, iddia ərizəsində isə 353.331,85 manat göstərilməsinin səbəbi o olmuşdur ki, məhkəmə ərəfəsində müstəqil auditor rəyi ilə iddia tələbinin məbləği dəqiqləşdirilmişdir. Eyni zamanda, vergi ödəyicisinin şəxsi hesabında daim yenilənmə olduğu üçün iddia müraciətlərdən sonrakı dövrü də, yəni 30.07.2021-ci il tarixə olan vəziyyəti əhatə etmişdir. Amma tələbin hüquqi əsasları və dəlilləri eynilə qalmışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılmasını xahiş etdi. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, öhdəliyin icrası növündə baxılan iddialar üçün mümkünlük şərtlərindən biri ilkin olaraq inzibati orqana müraciət edilməsi, digəri isə iddia müddətlərinə riayət edilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, hazırkı iş üzrə iddiaçı “iddiaçının şəxsi hesab vərəqində 30.07.2020-ci il tarixinə vergi borcunun uçotunda yol verilmiş nöqsanların aradan qaldırılması və vergilər üzrə vərəqədə ümumilikdə 353.331,85 manat vergi borcunun silinməsi, bu əməliyyatın “qalıq” sütununda 136.795,46 manat vergi borcunun silinməsi, “artıq ödəmə” sütünunda isə 216.536,39 manat əlavə edilməsi yolu ilə icra edilməsi, iddiaçıya aid vergilər üzrə vərəqənin “faiz üzrə qalıq” sütununda 30.07.2020-ci il tarixinə göstərilən və ümumlikdə 353.331,85 manatın tam silinən gününədək iddiaçıya hesablanan faizlərin silinməsi, iddiaçıya aid vergilər üzrə vərəqdə “artıq ödəmə” sütununda 216.536,39 manat əlavə edilən günədək cavabdehdən həmin məbləğin 0,1 faizi həcmində hər gün üçün faizlərin hesablanaraq iddiaçının xeyrinə tutulması, iddiaçının ümumilikdə 353.331,85 manat artıq hesablanmış borc məbləği silinən günədək məcburi dövlət sosial sığortası üzrə hesablanan penya məbləğinin ödəməkdən azad edilməsini xahiş edir. Hazırki iddia tələbindən də göründüyü kimi qaldırılmış iddia növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən İnzibati Prosessual Məcəllədə öhdəliyin icrası haqqında iddialar üçün iddia müddəti nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi isə İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Öhdəliyin icrası növündə iddialar üçün ayrıca iddia müddətləri müəyyən edilməsə də, məhkəmə praktikasında məcburetmə növündə iddialarda olduğu kimi öhdəliyin icrası növündə baxılan iddialarda da 30 günlük iddia müddəti hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qanunvericilikdə öhdəliyin icrası haqqında iddialar üçün iddia müddəti nəzərdə tutulmadığı halda hazırkı iddia tələbinə iddia müddətini tətbiq edərək iddianı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qərardadında həmçinin göstərmişdir ki, iddiaçı müəssisənin müraciətləri və cavabdeh vergi orqanının ona verdiyi cavablar 2018-ci və 2019-cu illərə aid olsa da, iddiaçı müvafiq iddianı 11.09.2020-ci il tarixdə qaldırmışdır. İddiaçı müəssisənin nümayəndəsi Vəkil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət edərək 13.01.2020-ci il tarixli müraciətində müəssisənin şəxsi hesab vərəqinə işlənmiş 352.318,20 manat əsassız borc məbləğinin silinməsinə dair müraciətinin obyektiv araşdırılması və əsaslandırılmış qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən müəssisəyə ünvanlanmış cavab isə 18.03.2020-ci il tarixə aiddir. Bundan başqa iddiaçı cavabdeh inzibati orqana etdiyi müraciətlərində 342.803,86 manat məbləğində vergi borcunun silinməsini tələb edir, iddia tələbində bu məbləğ 353.331,85 manat təşkil edir. İddiaçı tərəf isə cavabdehə sonuncu dəfə 18.03.2020-ci il tarixdə müraciət etdiyini, sonuncu müraciətlərində qoyulan tələblərin iddia ərizəsində qoyulan tələblərlə eyni məzmunlu olduğunu və həmin müraciətə görə cavabı 02.06.2020-ci il tarixdə aldığını göstərir. İddiaçı tərəf 18.03.2020-ci il tarixdə cavabdehə sonuncu dəfə müraciət etməsi barədə sübutu (səh. 131-134) məhkəməyə təqdim etsə də, birinci instansiya məhkəməsi qeyd olunan müraciəti ümumiyyətlə nəzərə almamış və qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Hazırki işə baxmış birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən hallar araşdırılmadığından və onlara qiymət verilmədiyindən mahiyyəti üzrə qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-286/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-286/2021 saylı, 13 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar