Məhkəmə qərarları › İş №2-1(105)-410/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-410/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-410/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)-2065/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1988-ci ildə Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbində İstehsalat əmək xəsarəti almış, 219057 nömrəli vəsiqəyə əsasən İ qrup əlildir.

Birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Cavabdeh yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət edərək əmək xəsarətinə görə ona ödənilən aylıq müavinətdən tutulmaların dayandırılmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli, Ş-10047/01/25 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2022-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq olunmuş Dövlət Peşə Təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış və aparılmamış X4 aylıq vəzifə maaşlarının xx.xx.2022-ci il tarixdən qüvvədə olan cədvəlin 5-ci bəndinə əsasən diaqnostik qiymətləndirmədən keçməyən X4 aylıq əmək haqqısı 414 manat təşkil edir. İddiaçıya həmin məbləğin 25 faizi həcmində hər ay 103.50 manat məbləğində təqaüd ödənilməlidir. Ona 2022-ci ilin yanvar ayından iyun ayınadək köçürülən təqaüd məbləği 103.50 manat əvəzinə 117.50 manat olmuşdur. Həmin artıq ödənilmiş vəsait qanunun tələblərinə uyğun olaraq iddiaçının təqaüdündən tutulacaqdır.

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Mingəçevir şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ona ödənilən məvacibdən diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən hər ay 14 manat pul tutulmasının qanunsuz hesab edilərək, ödənilən həmin məvacibin üzərinə hər ay 14 manat pul məbləğinin hesablanması öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “onun diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən Mingəçevir Şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o 1988-ci ildə əvvəlki adı Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbi, hazırkı X5 adına Mingəçevir şəhər 1 saylı Texniki Peşə Məktəbində X8 işləyərkən əmək xəsarəti almış, sol əlinin 3 barmağı amputasiya olunmuşdur. 1998-ci il tarixli istehsalda bədbəxt hadisə barədə akta əsasən həkim-ekspert komissiyası tərəfindən ona aldığı xəsarətə görə əmək haqqının 25 faizi məbləğində ömürlük təqaüd müəyyən edilmişdir. Həmin təqaüdün məbləği Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən 2022-ci ilin yanvar ayından 117,5 manat olmuşdur. Qeyd edilən təqaüd məbləğini 2022-ci il may ayına kimi almış, iyun ayından etibarən isə təqaüdü 14 manat azaldılaraq 103,5 manat müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə aidiyyəti üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyində baxılmışdır. Lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmamış, yenidən Təhsil Nazirliyinə yazılı müraciət etmişdir. Təkrar müraciəti də təmin olunmamışdır. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 də müraciət etmiş, lakin ona heç bir köməklik edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Diaqnostik qiymətləndirmə isə müəllimlərin dərs yükünün və əməkhaqlarının artırılması məqsədilə aparılır. NK-nın 1 fevral 2018-ci il tarixli, 26 nömrəli qərarına əsasən dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və X4 aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və X4 aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilmişdir. Sözügedən qərarın 1.4-cü bəndinə əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər. Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin istehsalat təlim ustası, 1-ci qrup əlil İddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmədiyi üçün onun aylıq vəzifə maaşının müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və X4 aylıq vəzifə maaşından 25 faiz aşağı ödənilməsi müəyyən edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2115/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov).

9. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi üzrə Cavabdeh yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcud mübahisə ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Bu səbəbdən, məhkəmə hesab edir ki, hazırkı cavabdehə yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-674/2023 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2115/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı Cavabdeh yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “aylıq müavinətindən tutulmaların qanunsuz hesab edilməsi və hər ay ona ödənilən müavinətin üzərinə əlavə edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmə iddiaçının tələbinə cavab verməli olan orqanın Elm və Təhsil Nazirliyi olduğunu hesab edirdisə, bununla bağlı məhkəmənin cavabdehin əsl cavabdeh olan sözügedən orqanla əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etmək kimi xidməti vəzifəsi olmuşdur. Belə ki, cavabdeh agentlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ş10047/04/25 nömrəli məktubdan görünür ki, iddiaçı hazırkı tələblə bağlı məhz Cavabdehnə də müraciət etmiş, onun müraciəti baxılması üçün aiddiyyəti üzrə agentliyə göndərilmişdir. Bununla da, aydın olur ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə də müvafiq müraciət edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İKİNCİ İCRAAT

13. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5888/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)-2065/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim C.Məmmədov).

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı peşə xəsarəti ilə əlaqədar müavinət almış, lakin cavabdeh tərəfindən ona verilmiş müavinətin məbləği azaldılmışdır. İddiaçı həmin azalmanın qanunsuz olduğu qənaətinə gələrək, Cavabdeh tərəfindən həmin təqaudun bərpa edilməsin tələb etmiş, cavabdeh inzibati orqan həmin azalmanın qanunauyğun edilməsini əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir. Belə ki, İddiaçı istehsalat təlim ustasının vəzifəsində işlədiyinə görə ona səhvən müəllim üçün nəzərdə tutulmuş vəzifə maaşının 25% həcmində əmək zədəsi üzrə müavinət ödənilmiş və bir müddətdən sonra həmin səhv cavabdeh təşkilat tərəfindən aradan qaldırılmışdır.

16. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının vəkillə təmin olunma barədə ərizəsi təmin olunmuşdur.

18. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elim və Təhsil Nazirliyi verdiyi sənəddə göstərir ki, 2022-ci ildə məktəbin direktoru tərəfindən sənədlərə baxılarkən görmüşdür ki X8 kimi deyil səhvən müəllim maşının 25%-i qədərində müavinət verilir. Ona görə də o durdurulub. May ayına kimi ödənilmiş 117.50 manat azaldılaraq 103.75 manat edilmişdir. 2022- ci ilin may ayına kimi ödənilmiş 14 manat da geri qaytarılıb. Nəticədə 14 manat azalma buna görə yaranıb. Arxasınca da qeyd edirlər ki, 2022-ci il Prezidentin təhsil işçilərinin əmək haqqılarının 10% artımı Nazirlər Kabinetinin fərmanına əsasən X10 X1 keçmədiyi üçün ona şamil edilməmişdir. 14 manat azalma səhvən müəllim maaşı verildiyi üçün yaranırsa, bəs nəyə görə 2022-ci ilin artımı ona düşmür? Qətiyyən belə deyil, iddia qaldırmamışdan əvvəl 2 dəfə Nazirliyə yazılı surətdə müraciət etmişdir. Hər dəfə də yazılı cavab veriblər ki, X10 X2 keçmədiyi üçün 2022-ci ildə təhsil işçilərinin əmək haqqına artım ona düşmür. Əgər səhvən müəllim maşının 25%-i verilirdisə və bu aşkarlanarkən durdurulmuşdusa, Nazirliyə yazılı müraciətinə cavab verərkən orda niyə qeyd etmirdilər. Bəs onlara yazili müraciət edərkən nəyə görə bildirmirdilər ki xəstə adam 1-ci qrup gözdən əlil 2 ildir uzanan məhkəmə çəkişmələrinə ayaq döyməzdi. Xahiş edir, Elim və Təhsil Nazirliyinin havayı yerə bu məhkəmə çəkişmələrində süründürdüklərinə görə mənə dəymiş maddi və mənəvi ziyana görə təzminat ödəməsi təmin edilsin. Əvvəlcədən 2 dəfə Nazirliyə müraciətində sonra da 3 dəfə məhkəmə iclaslarında deyil xx.xx.2023-cü lidə keçirilmiş məhkəmə iclasında Elm və Təhsil Nazirliyinin nümayəndəsi bildirdi ki, təqaüdündən 14 manat azalmasının səbəbi səhvən müəllim əmək haqqı kimi verilməsi ilə bağlıdır. Amma o vaxtadək 5 xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023. məhkəmə iclası keçrilmişdi. Bu iclasların heç birində belə bir fikir səsləndirilməmişdi. Nazirliyin sənədi başdan ayağa təzadlarla doludur. Bir fikir o birisi ilə uyğun gəlmir. Səhvən müəllim əmək haqqının 25%-i verilibsə və anlaşılanda durdurulub may ayına kimi verilən də geri qaytarılıbsa bununla razıdır. Səhvən olub geri qaytarılıb. Amma belə deyil axı. Yuxarıda bildirdiyi kimi sənəddə qeyd edirlər ki məktəbin direktoru sənədlərə baxarkən səhvən müəllim maaşının 25% faizi verildiyini aşkar edib və durdurub. Arxasıycan da qeyd edirlər ki, cənab Prezidentin 2022- ci ildə təhsil işçilərinin əmək haqlarının 10% artımını ona tətbiq etməyib. Ona görə ki, Nazirlər Kabinetinin sərəncamına görə X10 Bacarığının Qiymətləndirilməsi Komissiyasından keçməmişdir. Əgər 14 manat azalma səhvən Müəllim əmək haqqı verildiyinə görədirsə Prezdentin 2022-ci ildə təhsil işçilərinin əmək haqqılarının 10% artımı nəyə görə ona verilmir? Bu 14 manatı Nazirlik həm səhvən müəllim maaşı verilərək aşkarlandıqda durdurulmasına calayır, həm də 2022-ci ilin təhsil işçilərinin əmək haqqına edilmiş artıma. Bu necə ola bilər axı? Əgər bu azalma səhvən müəllim əmək haqqı verildiyiyçindirsə onda 2022-ci il təhsil işçilərinə verilən 10% artım hanı? Yox əgər X10 bacarığının qiymətləndirməsi komisiyasından keçmədiyi üçün 2022-ci ilin artımı düşmürsə, onda necə səhvən müəllim maaşı verilə bilir axı? Nazirlik bu 14 manat azalmanı bunların hər ikisinə necə aid edə bilir axı? Görəsiniz həqiqətən də səhvən müəllim maşı verilib sonra aşkarlanıb durdurulub yoxsa bu Nazirliyin bir uydurmasıdır? Əgər doğrudan da onlar dediyi kimidirsə də nəyə görə 2022-ci ildə komisiyadan keçmədi üçün 10% artım niyə verilmir? Deyirlər düşmür. Amma 2023-cü ildə prezidentin təhsil işçilərinin əmək haqqının artırılması ilə bağlı imzaladığı fərmanla artım mənə də düşür? Nazirlik həmin sənəddə onu da qeyd edir ki 2023-cü ilin artımla bağlı fərmana əsasən verilən müavinat artaraq 114.50 manat olur. Yəni onların dediyi kimi desək düşür? Komissiyadan keçməyən X4 əmək haqları bir il artıma düşür bir il yox? Deyirlər Nazirlər Kobinetinin qərarına əsasən X10 bacarığını qiymətləndirlməsi komisiyasından keçməyən X4 ən yüksək maşı 414 manatdır. Onun da 25%-103.75 manatdır. 1998-ci ildə əmək haqqının 25%-ömürlük müavinat kəsilibsə, Nazirlər Kabinetinin 2022-ci ildə verdiyi qərar özündən 24 il əvvələ necə tətbiq edilə bilər? b) Apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, 1998-ci ildə akta əsasən Həkim Ekspert Komissiyası aldığı xəsarətə görə əmək haqqının 25%-i həcmində ömürlük təqaüd müəyyən etmişdir. Təqaüd təyin edilən zaman təhsil işçilərinin qiymətləndirməsi yox idi. Hal-hazırda işləmədiyi halda qiymətləndirmədən necə keçə bilər? AR Konstitusiyasının 149-cu maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirdi ki, iddiaçı 1987-ci ildən Mingəçevir şəhər 39 saylı peşə məktəbində işləmiş, əmək xəsarəti almış, 1994-cü ildə əlilliklə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçıya əvvəlki vəzifə maaşının 25% həcmində müavinət təyin edilmişdir. İddiaçının müraciəti ilə əlaqədar araşdırma aparan zaman müəyyən edilmişdir ki, 2022-ci ildə iddiaçıya istehsalat təlim ustasının vəzifə maaşının deyil, müəllim vəzifəsinin 25 faizi həcmində əmək zədəsi üzrə müavinət təyin edilmişdir. Bu da təxminən 114 manat idi. Daha sonra dəqiqləşdirmələr aparıldıqdan sonra iddiaçıya təyin edilmiş müavinətin məbləği 103 manat olmuşdur. AR Nazirlər Kabinetinin 2023-cü ilin mart ayında qəbul etdiyi qərara əsasən əmək haqqı 10% artırılmışdır. Hal-hazırda iddiaçıya 114 manat müavinət ödənilir. AR Nazirlər Kabinetinin 2018-ci il tarixli qərarında qiymətləndirmədən keçən və keçməyən şəxslərin əmək haqqı fərqləndirilmişdir. Qiymətləndirmədən keçməyən şəxslərin əmək haqqı qiymətləndirmədən keçənlərdən 25% az hesablanır. Qaydalarda müavinət hesablanarkən qiymətləndirmədən keçməyən şəxslərin əmək haqqı nəzərə alınmaqla hesablanması nəzərdə tutulmuşdur. İddiaçı faktiki olaraq qiymətləndirmədən keçməmişdir, ona görə müavinət keçməyənlərin əmək haqqı nəzərə alınmaqla hesablanmışdır. AR Nazirlər Kabinetinin 2003-cü il tarixli qərarında 25% nəzərdə tutulmuşdur və həmin məbləğ ödənilir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

20. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 26 nömrəli Qərarı 6-1. Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və X4 aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və X4 aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.

22. “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 395 nömrəli Qərarı 1.2. aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin: “6-1. Dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və X4 aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və X4 aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”;

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, hazırki mübahisənin predmeti “peşə liseyindən əmək xəsarətinə görə ödənilən məvacibdən hər ay 14 manat pulun çıxılmasının qanunsuz hesab edilərək, əmək xəsarətinə görə ödənilən məvacibin üzərinə hər ay üçün 14 manat məbləğin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir.

28. Cavabdeh imtina məktubunda bildirmişdir ki, İddiaçı işlədiyi dövrdə əmək xəsarəti alması səbəbi ilə 1998-ci ildə əlillik dərəcəsi verildiyindən ona vəzifə maaşının 25 faizi həcmində müavinət ödənilmişdir. 2022-ci ilin əvvəlində sənədlərə baxış zamanı məlum olmuşdur ki, İddiaçı istehsalat təlim ustasının vəzifə maaşının deyil, müəllim vəzifəsinin 25 faizi həcmində əmək zədəsi üzrə müavinət alır. Həmin tarixdən İddiaçı istehsalat təlim ustasının vəzifə maaşının 25 faizi həcmində müavinət verilmiş və müəllim kimi ona artıq ödənilmiş vəsait geri qaytarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 120-ci maddəsinin 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları dərc edildiyi gündən qüvvəyə mindiyi üçün diaqnostik qiymətləndirmədən keçən istehsalat təlim ustalarının əmək haqqında olan artım ona şamil olunmamışdır. Bu səbəbdən 2022-ci il üçün İddiaçı müavinəti onun əmək stajına müvafiq hesablanmaqla diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustası kimi ən yüksək stavkanın 414 manatın 25 faizi olaraq 103.50 manat ödənilmişdir. 2023-cü il tarixdən istehsalat təlim ustalarının əməkhaqqının 10 faiz artması ilə əlaqədar olaraq ona diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustasının maaşının, yəni 455 manatın 25 faizi olaraq 114 manat məbləğində müavinət ödənilir.

29. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

30. Belə ki, cavabdeh inzibati orqanın məktubunun məzmunu ilə müəyyən olunur ki, iddiaçıya müavinətin səhvən müəllim vəzifəsinin 25 faizi həcmində təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən həmin tarixdən İddiaçı istehsalat təlim ustasının vəzifə maaşının 25 faizi həcmində müavinət verilmiş və müəllim kimi ona artıq ödənilmiş vəsait geri qaytarılmışdır.

31. Bundan sonra, diaqnostik qiymətləndirmədən keçən istehsalat təlim ustalarının əmək haqqında artım olmuş, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş həmin artım ona şamil edilməmişdir. Bu səbəbdən 2022-ci il üçün İddiaçı müavinəti onun əmək stajına müvafiq hesablanmaqla diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustası kimi ən yüksək stavkanın-414 manatın 25 faizi olaraq 103.50 manat ödənilmişdir.

32. Daha sonra, 2023-cü il tarixdən istehsalat təlim ustalarının əməkhaqqının 10 faiz artması ilə əlaqədar olaraq ona diaqnostik qiymətləndirmə aparılmamış istehsalat təlim ustasının maaşının, yəni 455 manatın 25 faizi olaraq 114 manat məbləğində müavinət ödənilir.

33. Beləliklə işin halları ilə müəyyən olunur ki, 2023-cü il tarixdən istehsalat təlim ustalarının əməkhaqqı 10 faiz artmış, qiymətləndirmə aparılmamış istehsalat təlim ustasının maaşı 414 manatdan 455 manata çatdırılmış, iddiaçıya da həmin məbləğin 25 faizi olaraq 114 manat məbləğində müavinət ödənilir.

34. Beləliklə iddiaçının bildirdiyi kimi, artan müavinətin iddiaçıya şamil olunmaması, onun tərəfindən alınmaması halı iş materialları ilə müəyyən olunmur.

35. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(118)- 2065/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar