Məhkəmə qərarları › İş №2-1(105)-411/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-411/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-411/2021 05.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu, Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı 10.12.1993-cü il təvəllüdlü X2 06.10.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-1101/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq 10.12.1993-cü il təvəllüdlü X2 06.10.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 10.12.1993-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. 11.08.2012-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 16.07.2012-ci il təvəllüdlü X5 və 26.01.2014-cü il təvəllüdlü X3 adlı iki övladları olmuşdur. Yoldaşı uzun müddət zob xəstəliyindən əziyyət çəkmişdir. 06.10.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı özü, mərhum yoldaşı, 2 övladı və anası Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 5-ci məhəllə, 1/3 saylı bağ evində birgə yaşamışlar. Hadisə olan gün bütün ailə üzvləri evdə olmuşlar. Mərhum yoldaşının digər otaqda gözlənilmədən, ani yıxılmasından sonra saat 20:30 radələrində Sumqayıt Şəhər Təcili və X6 Stansiyasına çağırış etmişlər. Artıq briqada evə çatarkən mərhum yoldaşı vəfat etmişdir. Yoldaşı Quba rayonu Növdün kənd qəbiristanlığında dəfn oİunmuşdur. Mərhum ev şəraitində öldüyünə görə ölüm şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qanunla müəyyən olunmuş müraciət etsə də, rədd cavabı almış, ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-1101/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva) İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmamışdan öncə X2 ölüm faktının müəyyən edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1169/2021 saylı, 01.04.2021-ci il tarixli qərardadı ilə işə inzibati məhkəmədə baxılmalı olması səbəbindən mülki iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1101 /2021 saylı, 21.05.2021-ci il tarixli qərardadı əsassız olduğundan ləğv edilməli, yoldaşı X1 ölüm faktı müəyyən edilməlidir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin hallarından görünür ki, iddiaçının iddia tələbi cavabdeh təşkilat tərəfindən ölüm faktının müəyyən edilməsi və müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədardır. İşdən görünür ki, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq iddiaçıya yardım etmiş, iddiaçı isə tələbinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etmişdir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3 və 309.1-ci maddələrinə əsasən şəxsin ölümünün qeyd edilməsi faktı hüquqi əhəmiyyətli fakt olaraq müraciət edən şəxsin yaşayış yeri üzrə məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Qeyd olunan iddia tələbinə o halda xüsusi icraat qaydasında baxılması mümkün olur ki, müraciət edən şəxs həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 52 saylı 03 iyl 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X6 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Təlimatın 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu verdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə, tibbi şəhadətnamə olmadığı tədqirdə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Göründüyü kimi, Təlimat”ın 4-cü bəndinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş verdiyi təqdirdə Təcili və X6 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir və ambulator tibb müəssisəsinin həkiminə təqdim edilməsi üçün təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi”ni doldurur. Ölümün baş vermə səbəbi bəlli olduğu tədqirdə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər əsasında ambulator tibb müəssisəsi tərəfindən tibbi şəhadətnaməsi verilir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə şöbəsi TTTYS-nin 12 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan 1993-cü il təvəllüdlü X2 adına 8 nömrəli çağırış daxil olmuş və onun meyiti aşkar edilmişdir. Kollegiya qeyd edir ki, ölümün səbəbinin müəyyən edilməsi üçün mütləq şəkildə Məhkəmə Tibbi Ekspertiza və X4 yerli şöbələri tərəfindən meyit yarılmalı və bununla bağlı müvafiq rəy verilməlidir. Göründüyü kimi, hal-hazırda mərhum X2 üzərində ekspertiza tədqiqatının aparılması və ölümün səbəbinin müəyyən edilməsi mümkün deyil. Ölümün səbəbi məlum olmadığı tədqirdə isə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4cü bəndinə əsasən tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbləri baxımından iddia tələbinə xüsusi icraat qaydasında ərizəçinin yaşadığı yerin məhkəməsi tərəfindən baxılması mümkündür. Qeyd olunan ölüm faktı başqa qaydada öz təsdiqini tapdığı tədqirdə, məsələn təhqiqat və ya istintaq orqanının müvafiq ekspertiza rəyinə əsaslanaraq “cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin bağlamasının rədd edilməsi barədə” qərarı olduğu və buna baxmayaraq qeydiyyat orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmədiyi təqdirdə hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olardı. Bu səbəbdən kollegiya hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-1101/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar