Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-411/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1,17 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(118)-462/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1,17 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixinədək təyin edilmiş əlillik müddətinin qurtarması ilə bağlı dövlət qulluğu pensiyası dayandırılmışdır. Hal-hazırda o, aldığı pensiyanın hesablanması barədə ətraflı məlumatı möhürlə təsdiq edilmiş vəziyyətdə istəyir. Poçt xəbərnaməsindən göründüyü kimi, ƏƏSMN məsul şəxsi məktubunu 26 avqust 2021-ci il tarixdə rəsmi qaydada almışdır. Poçt göndərişi üçün 1,17 man ödəmişdir. Lakin bu günə kimi müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanun pozuntusu kimi tanınmasını, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını və poçt göndərişinə görə ödənilmiş 1,17 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(118)-462/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə cavabdeh təşkilatın inzibati fəaliyyətinin nəticəsi deyil. Məhkəmə daha sonra iddiaçının əlillik təyinatından imtina barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, hazırkı iddia da iddiaçının ƏƏSMN-nə etdiyi müraciəti pensiyanın hesablanması ilə bağlı olduğuna görə iddiaçı sözügüdən qərarın qanuni qüvvəyə mindikdən sonra, yəni ona müvafiq əlillik dərəcəsi təyin edildikdən sonra pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət edə bilər. Cavabdeh inzibati orqan tərəfindən müraciəti təmin edilmədiyi təqdirdə müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, pensiyanın hesablanması haqqında ətraflı məlumat almaq barədə cavabdeh aldığı xx.xx.2021-ci il tarixli ərizəsinin mahiyyəti İPM-nin tələblərinə əsasən qərardadda göstərilməli olduğu halda, birinci instansiya məhkəməsinin qərardadında göstərilməmişdir. Pensiyanın hesablanması haqqında ətraflı məlumat almaq barədə xx.xx.2021-ci il tarixli ərizəsinin mahiyyəti qərardadda göstərilmədiyindən Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(118)-462/2022 nömrəli qərardadı səhvdir, tətbiq edilməli olan norma tətbiq edilməmişdir, tətbiq edilməməli olan maddi və prosessual hüquq normaları tətbiq edilmişdir və bundan irəli gələrək qərardad əsaslandırılmamışdır. Pensiyasının hesablanması haqqında ətraflı məlumat almaq barədə xx.xx.2021-ci il tarixli ərizəsində 2021-ci ilə qədər hesablanmış məlumat istəsə də, hakim qərardadında səhvən yazmışdır ki, əlilliyin təyin edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(118)- 463/2022 nömrəli işdə udsa da, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir, məhkəmə mübahisəsi qurtaranda məlumat almaq hüququ üçün yenə də məhkəməyə müraciət edə bilər, yalnız onda məlumat almaq hüququ yaranacaqdır. Cavabdeh orqan ona aid pensiyanın hesablanması məlumatı gizlətməklə hüquqlarını pozmuşdur. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edərək cavabdehin nümayəndəsinin iştirakının təmin edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, növbəti məhkəmə iclasının yeri və vaxtı barədə qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş iddianın mümkünlüyü məsələsinə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixinədək təyin edilmiş əlillik müddətinin qurtarması ilə bağlı dövlət qulluğu pensiyası dayandırılmışdır. Hal-hazırda o, aldığı pensiyanın hesablanması barədə məlumat almaq istəyir və bu barədə cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilmədiyindən hazırkı mızmunlu iddia tələbi ilə məhkəməyə mürciət etmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Hazırkı işdə iddiaçı cavabdeh inzibati orqana pensiyanın hesablanması barədə məlumat almaq üçün ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməməsi səbəbindən iddia ilə məhkəməyə müraciət etsə də, birinci instansiya məhkəməsi iddianı qeyri-mümkün hesab edərkən mübahisənin cavabdeh təşkilatın inzibati fəaliyyətinin nəticəsi olmaması, habelə iddiaçının ona müvafiq əlillik dərəcəsi təyin edildikdən sonra pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət edə bilmək imkanı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasl birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən məzmunlu əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh dövlət orqanı kimi iddiaçının müraciətinə cavab vermək vəzifəsi daşıyır. Belə ki, iddiaçının müraciətinin məzmunundan görünür ki, həmin müraciət cavabdehə ona əlillik dərəcəsi təyin edilməsi ilə bağlı deyil, pensiyasının hansı qaydada hesablanması barədə məlumat almaq məqsədi ilə ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.5-ci maddəsinə əsasən isə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın nümayəndələri iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktuba istinad edərək ona cavab verildiyini bildirsələr də, həmin məktub iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciəti ilə bağlı olmuşdur. Digər tərəfdən, cavabdehin təqdim etdiyi, işin 63-64-cü səhifələrində olan “əmək pensiyasının yenidən hesablanması və müvafiq məlumatların göndərilməsi haqqında” xidməti məktubdan göründüyü kimi, cavabdehin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filalının direktoru Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəz Filalının direktoruna məhz iddiaçının pensiyasının hesablanması ilə bağlı məlumatlar təqdim etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi məhz yuxarıda qeyd edilən əsaslarla iddianı mümkün hesab etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, yuxarıda qeyd edilən ziddiyyətli xüsusatlar, habelə iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi yekun nəticə nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsi yenidən araşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2-1(118)-462/2022 nömrəli qərardadı ləğv edilsin. İş materialları iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-411/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-411/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver