Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-411/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, öhdəliyin icrası haqqında iddia növü, iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (qanuni etibarnamə üzrə nümayəndəsi X3) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun təmin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1693/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı (qanuni etibarnamə üzrə nümayəndəsi X3) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona ev tikmək üçün 0,04 ha torpaq sahəsi təhkim edilsədə, müvafiq sərəncam verilməmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1693/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İsmayıl Quliyev) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Xudat şəhər Sovetində rəsmi qaydada torpaq növbəsində dayanaraq 1995-ci ildə Xaşmaz rayon İcra Hakimiyyətinin Xudat şəhər İnzibati Ərazi vahidliyinin nümayəndəliyi tərəfindən fərdi yaşayış evi tikmək üçün 0,04 ha torpaq sahəsi (12 oktyabr 1995-ci il tarixli torpaq komissiyası üzvlərinin imzası və Xudat şəhər İƏV nümayəndəsinin möhürü ilə təsdiq olunmuş təhkim aktı, torpağın ona məxsus olması barədə) almışdır. Qeyri müəyyən səbəbdən Xaçmaz rayon XDS qərarı ona verilməmişdir. Orta təhsilli olduğu üçün vaxtında mülkiyyətə dair çıxarış almaq üçün müraciət etməmişdir. 08 sentyabr 2020-ci il tarixdə torpağa mülkiyyətə dair sənədi əldə etmək üçün İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etmişdir Sözü gedən məsələ ilə bağlı 04 oktyabr 2022-ci il tarixdə məktubuna cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilməsi və sənədlərin təqdim edilməsi məsləhət görülmüşdür. xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə bu məsələ ilə müraciət etsə də, heç bir rəsmi cavab almamışdı. Bu barədə poçt vasitəsi ilə göndərdiyi qəbzi əsaslanaraq Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sözügüdən torpaq sahəsinə mülkiyyət hüququnu bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Lakin Sumqayıt İnzibati Məhkəməsi 23 fevral 2023-cü il tarixdə iddia tələbi təmin olunmasını mümkünsüz sayılması barədə qərardad çıxartdı. İddia tələbinə baxılmasının mümkünsüz hesab edilməsini məhkəmə çıxardığı qərarda belə əsaslandırır ki, iddiada qanuni nümayəndə tərəfindən sənədlərə imza atılması, eyni zamanda cavabdeh təşkilatdan cavab məktubunun sözügedən məsələ ilə bağlı sənədlərdə olmamasını əsas gətirərək iddianın mümkünsüz sayılması qərarına gəlmişdir.Qərardadı əsassızdır, ləğv edilməlidir. Belə ki, rəsmi olaraq öz adından bütün hüquqlarının bütün dövlət orqanlarında müdafiə etmək, təmsil etmək, yerinə imza etməyi və s. etibarnamədə göstərilən hərəkətlər etməyi 09 avqust 2022-ci il tarixdə Xaçmaz rayon notariusunda X2 etibarnamə üzrə etibar etmiş və notarius tərəfindən həmin etibarnamə rəsmi qeydiyyata alınmaqla təsdiq olunub. Bundan başqa məhkəmə iddianın mümkünsüz sayıdığı əsaslardan biri də sözügedən məsələ ilə cavabdeh təşkilata müraciət edilməməsini əsas gətirir. 10 iyun 1997-ci il tarixli vətəndaşların ərizə və şikayətləri barədə Azərbaycan Respublikası qanunu müvafiq olaraq qarşı təşkilat müraciətlərin bir ay müddətində cavablandırılmasının nəzərdə tutur. Lakin xx.xx.2022-ci il tarixdə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestri və publik hüququ şəxsin 05 saylı Ərazi Xidmətinə sözügedən məsələ ilə bağlı müraciət etsə də bu günə kimi cavab almamış və Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə də həmin təşkilata vaxtında müraciət etdiyini təsdiq edən xx.xx.2022-ci il tarixli poçt qəbzini işə əlavə etmişdır. Lakin Sumqayıt İnzibati Məhkəməsi iddia tələbinə dair sənədlərə baxarkən poçt qəbzinə cavabdehə müraciət qismində sənədin iş materialında mövcud olduğuna diqqət yetirməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 16.1. Bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının: Bənd.3.3 Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4 Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Bənd 15.2. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır(İPM-in 25 və 26-cı maddələri). Bənd 15.3. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Bənd 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir Bənd 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırki inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki inzibati iş üzrə iddia tələbinin mümkün sayılmamasının əsası kimi iddia ərizəsinin iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalansa da, onun səlahiyyətini təsdiq edən sənədin olmaması və hazırki mübahisə ilə bağlı müvafiq iznibati orqana müraciət edilməsi və bununla bağl inzibati orqan tərəfindən onun müraciətindən imtina olunmasına dair müvafiq sənədin əlavə edilməməsi kimi hallara istinad edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan hər iki əsasla bağlı birinci instnasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası ilk növbədə iddianın mümkün sayılmaması əsası qismində çıxış edən iddia ərizəsinin iddiaçının səlahiyyətli nümayəndəsi olmayan şəxs tərəfindən imzalanması halı ilə bağlı onu qeyd edir ki, iddia ərizəsinin tərtib edilməsində yol verilmiş həmin xətanın iddiaçının şifahi məhkəmə baxış iclasında iştirakının təmin edilməsi və ona müvafiq yardım edilməsi ilə aradan qaldırılması mümkün olsa da,birinci instansiya məhkəməsi tərəfindən həmin halların iddiaçının diqqətinə çatdırılması (iddiaçının müvafiq məhkəmə iclası barədə məlumatı olmamışdır), həmin halların müzakirə edilməsi, onun aradan qaldırılmasına dair təkliflər verilməsi, həmin halların aradan qaldırılması ilə bağlı lazimi şərait yaradılması və ağlabatan müddət təyin edilməsi ilə bağlı heç bir tədbir görülməmiş, iddiaçıya bu halın aradan qaldırılmasına yönələn hər hansı yardım edilməmişdir. Halbuki, inzibati prosessual qanunveriicliyin tələbinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri də məhz məhkəmənin yardım etmək vəzifəsidir. Həmçinin, yuxarıda qeyd edilmiş müvafiq Plenum qərarında da qeyd edilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İndiki halda isə birinci instansiya məhkəməsi tərəfindən inzibati prosessual qanunvericiliyin qeyd olunan tələblərinə və istinad olunan normanın tələblərinə əməl edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmamasına dair qeyd olunan əsasla bağlı hissədə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin istinad etdiyi digər əsasla bağlı qeyd edir ki, hazırki inzibati iş ürzə iş materiallarında iddiaçı tərəfindən cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etməsinə dair poçt qəbzi mövcud olmuşdur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hala diqqət yetirilməmiş, habelə iddiaçının cavabdeh inzibati orqana ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətə baxılmanın nəticəsi (bununla bağlı cavabdehin hərəkətsizliyi halının olması və ya cavab məktubunun olub-olmaması halı) araşdırılmamışdır. Halbuki,birinci instansiya məhkəməsi qeyd olunan halları xidməti vəzifəsinə görə yoxlamağa borclu olmuşdur. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması ilə bağlı birinci isntansiya məhkəməsinin mövqeyi qeyd olunan hissədə də əsassız olmuşdur. Göründüyü kimi, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-in 12 və 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddianının mümkünlüyünü tərəflərin iştirakı ilə müzakirə etməli, yol verilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq yardım göstərməli və iddianın mümkün sayılmasına əsas ola biləcək halların mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmalı idi. İndiki halda isə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallarla bağlı heç bir tədbir görülməmiş, müvafiq yardım edilməmiş, iddiaçının müvafiq inzibati orqana etdiyi müraciət ilə bağlı müvafiq hallar araşdırılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, məhkəmənin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1693/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun təmin edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-411/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-411/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver