Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-412/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı ona hesablanmış pensiyanın artımının 72 aya deyil, 29 aya bölünməsi və yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-304/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ona hesablanmış pensiyanın artımının 72 aya yox, 29 aya bölünməsi və yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24.07.2020-ci il tarixli, **********0 saylı məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı narazı qalaraq hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmiş, daha sonra iddiasını dəqiqləşdirərək, iddiaçıya hesablanmış pensiyanın artımının 72 aya yox, 29 aya bölünməsi və yenidən hesablanmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 25.08.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2006-cı ilədək ümumi staj 39 il 5 ay 13 gün təşkil edir. İddiaçının işlədiyi vaxt pensiyaçı kimi 2017-ci ilin oktyabr ayında birinci pensiya artımı yaranmışdır. O, dövrə qədər Dövlət Sosial Müdafiə Fonduna 14563,42 AZN yığılıb və miqdara görə aylıq pensiya artımı qanunun 37.3.1-ci maddəsinə əsasən hesablanaraq 202.26 AZN olub. Deməli 01.10.2017-ci ildən 02.03.2020-ci ilə qədər (yəni 29 ay müddətində) istifadə olunmamış yığılan miqdara görə iddiaçının yenidən işləmədiyi vaxtdan pensiyaçı kimi aylıq pensiya artımı bu müddətdə yığılan miqdar (2642,15 AZN) ayların sayına (29 aya) bölünərək hesablanmalıdır. Yığılan miqdar - 2017-ci il (03 ay)- 169.80 AZN; 2018-ci il (12 ay) -792.37 AZN; 2019-cu il (12 ay)-1194.80 AZN; 2020-ci il (2 ay)-244.08 AZN; 41 saylı Sumqayıt şəhər seçki dairəsindən verilən arayışa əsasən 2018- 2019-2020-ci illərdə 241.19 AZN; Cəmi: Dövlət Sosial Müdafiə Fonduna yığılan məbləğin miqdarı 2642.15 AZN, 2642.15 AZN : 29 =91.10 AZN. Lakin, DSMF-nin Sumqayıt şöbəsi "Əmək pensiyası haqqında" Qanunun 37.3.1-ci maddəsini kobud şəkildə pozaraq göstərilən müddətdə (01.10.2017-ci il, 02.03.2020-ci il) yəni 29 ay olmaqla (6 ildən az olduğu halda) ayların sayına (29 aya) bölməli olduğu halda miqdarı 72-yə bölərək, iddiaçının pensiya artımını 30 AZN hesablamaqla hüquqlarını kobud şəkildə pozmuşdur. Bu haqda dəfələrlə müraciətlərinə baxmayaraq, iddiaçının hüquqları bərpa edilməmişdir Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-304/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev) Qərardan İddiaçı apelyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Qeyd edilən normadan görünür ki, pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı əsas götürülməlidir. Buna görə də, cavabdehin iddia etdiyi kimi yığılan məbləğ 72 aya yox, 29 aya bölünməlidir. Əmək pensiyalarının indeksləşdirilməsi qanunun 29-cu maddəsi ilə tənzimlənir. Məhkəmənin gəldiyi nəticə qanunun normaları ilə tənzimlənmir və əssasızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialının X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsini qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instaniya məhkəməsi iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanda qanunvericiliyin tələbinə uyğun olaraq, gözlənilən pensiya ödənişi müddəti aylarının sayından iddiaçının işlədiyi ayların sayını çıxmış və bu rəqəm 72-dən artıq olduğu üçün, 72-yə bölünmə əsası ilə pensiyanı yenidən hesablamış, qanunvericiliyin tələblərini pozmamışdır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçıya 25.08.2008-ci il tarixdən yaşa görə 97,71 manat əmək pensiyası təyin edilmişdir. İddiaçının 01.01.2006-cı il tarixədək sosial sığorta stajı 39 il 05 ay təşkil edir. İddiaçının 01.10.2017-ci il tarixdən 02.03.2020-ci il tarixədək fərdi hesabında toplanılan pensiya sığorta kapitalı 2199,70 manat təşkil edir. Bu zaman, 01.10.2017-ci il tarixdən 02.03.2020-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı yenidən hesablanaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3-cü maddəsinə əsasən 72-yə bölünərək pensiyasının üzərinə 30,55 manat hesablanmış, pensiyanın məbləği 558,98 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3 və 37.3.1ci maddələrinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Göründüyü kimi, qeyd olunan fərmanının 2.11-ci bəndinə uyğun olaraq göstərilmiş 144 ay pensiya ödəniş müddəti azaldılmaqla 72 ay nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan gözlənilən pensiya ödənişi müddəti aylarının sayından iddiaçının işlədiyi ayların sayını çıxmış və bu rəqəm 72-dən artıq olduğu üçün 72-yə bölünmə əsası ilə pensiyanı yenidən hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiyanın yenidən hesablanması zamanı qanunvericiliyin tələbləri pozulmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-304/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-412/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-412/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver