Məhkəmə qərarları › İş №2-1(105)-412/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-412/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-412/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan ölçüsünün verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-1(118)-362/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfatı İstehsalat Birliyinin X6 ilə İddiaçı arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 11894 nömrəli, 21 avqust 2003-cü il tarixli müqaviləyə əsasən Novxanı bağ massivi, B-1392 ünvanında yerləşən 0,12 ha-dan ibarət olan bağ torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Həmin bağ torpaq sahəsinə dair Sumqayıt şəhəri İH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi tərəfindən 3115 inventar nömrəli “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu” tərtib edilmiş və pasportda torpaq sahəsinin ölçüsü 1200 kv.m göstərilmişdir. Sumqayıt şəhər X6 tərəfindən verilmiş CHZ seriyalı 033678 və 033510 saylı, 25 avqust 2003-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən X3 hesabına 25 avqust 2003-cü il tarixdə 110453 (yüz on min dörd yüz əlli üç) və 20000 (iyirmi min) manat pul ödənilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi u DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1392 ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsini xahiş etmişdir. Cavabdeh 16 iyun 2022-ci il tarixli, **********82 nömrəli məktubu ilə müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 11894 nömrəli, 21 avqust 2003-cü il tarixli müqavilənin həqiqiliyinə şübhə yarandığı üçün, müqavilənin verilməsinə əsas kimi qeyd olunan Sumqayıt Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğu ünvanlanmış və sorğuya cavab olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt Şəhər İHB-nin xx.xx.1996-cı il tarixli 435 nömrəli ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 1392 ünvanında yerləşən torpaq sahəsinə plan ölçünün verilməsi, habelə bağda olan yaşayış evinin dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirirərək sonuncu ərizəsində ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1392 ünvanında yerləşən yalnız torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 avqust 2003-ci il tarixdə Kommunal Təsərrüfat Birliynin X6ndən aldığı B-1392 nömrəli, 0,12 hektarlıq bağlıq sahədə 20 ilə yaxın müddət ərzində zəruri abadlıq-becərmə işləri görülmüş, bağ sahəsi iki tərəfdən mişarlanmış əhəngdaşı ilə hasarlanmış, ağacların becərilməsi üçün sayğacın su xəttinin çəkilməsini təmin etmiş, uzun illər apardığı kultivasiya və becərmə işləri ilə bağda çoxsaylı bəzək kolları, meyvə ağacları yetişdirilmişdir. Bağ sahəsində olan 54 kv.m yaşayış evini restovrasiya edib əsaslı təmir etmişdir. Torpaq sahəsi üzərində və bağda olan yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyesterdən çıxarış və torpaq sahəsinin plan ölçüsünün verilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh ərizəsinin təmin olunmasından imtina edilmişdir. Ərizə təqdim olunarkən bağın iddiaçıya məxsus olmasını özündə əks etdirən sənədlər paketini tam şəkildə idarənin məsul şəxsinə təqdim edilmişdir. Həmin şəxs iddiaçının təqdim etdiyi sənədlərdən yalnız icarə müqaviləsini götürüb digər sənədlərə ehtiyac olmadığını bildirərək geri qaytarmışdır. 01 iyun tarixində idarənin mühəndisi zəruri tədbirlərin icrası və torpaq sahəsinə yerində baxılması üçün şərait yaradılmasını xahiş etmiş, həmin gün sözügedən bağ sahəsinə gəlinmiş və mühəndis xüsusi sputnik cihazından istifadə edərək əraziyə baxış keçirmiş və rəyini hazırlamışdır. Mühəndis iddiaçı, iki qonşunun, bələdiyyə işçisinin və özünün iştirakı ilə akt tərtib etmişdir ki, həmin bağ həqiqətən iddiaçının istifadəsindədir və qonşuları kimlərdir. Cavabdehin nümayəndəsi iddiaçının ərizəsinin icrası ilə əlaqədar bağ sahəsinə gəlmiş, qonşuları ilə müvafiq təhlili söhbətlər aparıb bağın uzun illərdir iddiaçıya məxsus olmasına dair araşdırma aparmış və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib etmişdir. Həmin aktın məzmunundan da görünür ki, B-1392 nömrəli bağ sahəsi iddiaçıya məxsusdur. Sumqayıt bələdiyyəsinin bələdiyyə büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Novxanı bağları massivində olan B- 1392 nömrəli bağ iddiaçının adına olmaqla elektron sənəd dövriyyəsi sistemində 29011xxxxxxx koduna malikdir. Torpağın vergi rüsumu 2022-ci ilin iyun ayına kimi ödənilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək, etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-1(118)-362/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus Sumqayıt şəhəri Novxanı bağ massivi, B- 1392 ünvanda yerləşən torpaq sahəsinin (B-1392 №li 0.12 ha bağ torpaq sahəsi) üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İ.Quliyev) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, müvafiq torpaq sahəsinə dair hüququn iddiaçıya keçməsi ilə bağlı əsaslar olmadığından qeyd edilən bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsi ilə əlaqədar müraciətin icrasından imtina edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və porosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgun tətbiq edilmədiyindən, həmçinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından məhkəmənin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin nümayəndəsi ilkin baxış zamanı imtinaın səbəbini izah edə bilməsə də sonrakı məhkəmə proseslərinin birində müqavilə vərəqinin əzilməməsi səbəbindən şübhəli olduqların bildirmişdir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması barədə qərar qəbul etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli, 2186 nömrəli Sərəncamı: 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qərara alıram: Bənd 1. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilsin. Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 2.1. Ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin; 2.2. bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ: Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçının istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-1392 ünvanında yerləşən 0,12 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması barəsindədir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyaına alınması üçün hüquqi əsas mövcuddur. Belə ki, cavabdeh öz imtinasının dəlili kimi sözügedən torpaq sahəsinə dair müqavilənin həqiqiliyinə şübhələr olmasını göstərsə də bu şübhənin nədən ibarət olmasını, şübhənin əsaslarını qeyd etməmişdir. Eyni zamanda həmin müqavilənin qüvvədən düşdüyü müəyyən edilməmiş, cavabdeh tərəfindən də onun qüvvədən düşdüyünü təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.7-ci maddəsində də nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. İddiaçı da hazırda bu hüququnu reallaşdırmaq niyyətindədir. Cavabdehin imtina məktubu, etiraz və apellyasiya şikayətinin dəlilli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 11894 nömrəli, 21 avqust 2003-cü il tarixli müqavilənin həqiqiliyinə şübhə yaranmasıdır. Kollegiya cavabdehin dəlilinə ilk növbədə münasibətdə qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatın nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 21 avqust 2003-cü il tarixdə Kommunal Təsərrüfatı İstehsalat Birliyinin X6 tərəfindən Sumqayıt şəhər İHB-nin xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokolu əsas götürülərək Novxanı bağ massivi, B-1392 ünvanında yerləşən 0,12 ha bağ torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Qeyd olunduğu kimi müqavilənin bağlanmasına əsas Sumqayıt şəhər İHB-nin xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokolu əsas götürülmüşdür. Kollegiya qeyd edir ki, cavabdehin imtinasında və apellyasiya şikayətində “ümumi sərəncam” kimi göstərdiyi Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 435 saylı sərəncamı ilə “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir ki, hazırkı işdə də, iddiaçının adına müvafiq bağ sahəsinə dair icarə müaviləsi məhz həmin Əsasnamənin şərtlərinə uyğun olaraq bağlanılmışdır. Başqa sözlə, müqavilənin bağlanmasına əsas olmuş sərəncam ayrı məzmunda verilməmişdir ki, hazırda da müqavilənin bağlanma əsasının mötəbərliyi şübhə altına alınmış olsun. Bir halda ki, iddiaçı ilə bağ torpaq sahəsinin icarə münasibətlərinə girilir, bunun üçün maddi hüquqi əsas kimi belə münasibətləri tənzimləyəcək hər hansı normativ akta istinad zəruri və təbiidir. Həmçinin, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 11894 nömrəli, 21 avqust 2003-cü il tarixli müqavilə cavabdeh tərəfindən də məhkəmə təqdim edilmişdir. Bununla da, həmin müqavilənin cavabdeh inzibati orqanın arxivində saxlanıldığı müəyyən edilir. Bundan başqa, cavabdeh inzibati orqanın özü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Sumqayıt şəhəri X6 tərəfindən 11894 nömrəli, xx.xx.2003-cü il tarixli müqavilə ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,12 ha-dır, torpaq sahəsinin bir tərəfi yol, digər tərəfləri qonşudur, bir tərəfi hasarsız, digər tərəfləri mişardaşı ilə hasarlanmış, torpaq sahəsində mübahisəli hal yoxdur, sahə üzərində tikintialtı sahəsi 96 kv.m olan birmərtəbəli bağ evi mövcuddur, yerüstü kommunikasiya xətləri keçmir. Göründüyü kimi torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsi 0,12 ha olmaqla, hazırda iddiaçının faktiki istifadəsindədir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2-1(118)-362/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar