Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-413/2022 01.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0422 ha torpaq sahəsinin mərhum Əlibala Əlihüseyn oğluna və Məmmədhəsən Əlihüseyn oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(118)-480/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və texniki pasportun hazırlanması ilə bağlı ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, müraciətə baxılmış və idarənin xx.xx.2021-ci il tarixli, **********00 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd təqdim olunmadığı aşkar olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Qanunun 8.0.9.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilən tikililərə dair hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur. Həmin Qanunun 8.0.10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, şifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-226/2020 nömrəli qətnaməsi ilə daşınmaz əmlakın üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir. Cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 11.1 və 15-ci maddələrinə əsasən müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0422 ha torpaq sahəsinin iddiaçının mərhum qaynatası Əlibala Əlihüseyn oğluna və Məmmədhəsən Əlihüseyn oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 30 yanvar 2020ci il tarixli, 2(027)-226/2020 nömrəli qətnaməsi ilə 28 oktyabr 1928-ci il tarixli 4/4 saylı “Torpaq qeydi” nə əsasən Quba rayon Yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə X4, X1 birgə istifadəsinə verilmiş ünvan 3 ünvanda yerləşən bir mərtəbəli, 3 otaqlı ev və həmin evin yerləşdiyi 431.00 kv.m torpaq sahəsindən ibarət miras əmlak X11, X5 tərəfindən faktiki qəbul edildiyindən, X11 öldükdən sonra həmin miras əmlakın ½ hissəsi X9 arvadı İddiaçı tərəfindən faktiki qəbul edildiyindən, həmin ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi olan miras əmlaka İddiaçı ½ hissədə vərəsəlik hüququnun müəyyən edilməsi qət edilmişdir. Quba Regional ASAN Xidmət Mərkəzi notariat kontorunun 23 iyul 2021-ci il tarixli, 2188 nömrəli məktubunda qeyd edilir ki, X5 və İddiaçı xx.xx.1991-ci il tarixində vəfat etmiş X4 və xx.xx.1951-ci il tarixində vəfat etmiş X2 qanun üzrə vərəsələridir. İddiaçı vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin, ona imtina cavabı verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(118)-480/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0422 ha torpaq sahəsinin İddiaçı mərhum qaynatası Əlibala Əlihüseyn oğluna və Məmmədhəsən Əlihüseyn oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Cavabdeh orqan qeyd edir ki, X6 və X3 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildirlər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1 və 8.0.10.2-ci maddələrinə istinad etməsi ağlabatan deyil və əsassızdır. Belə ki, mübahisəli ev 2006-cı ildən sonra yox, 1930-cu ildə tikilmiş evdir. Qeyd edir ki, mübahisəli əmlaklar üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsinə əsas, həmin əmlaklara qanunla tanınan və qorunan vərəsəlik hüququ var. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək onun iştirakı olmadan işə baxılmasını və apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 1-ci bənd. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; (-) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan (iş vərəqə səh.57-60) Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş müvafiq arayışlardan görünür ki, X6 xx.xx.1991-ci il tarixində, X11 xx.xx.2006-cı il tarixində, X3 xx.xx.1951-ci il tarixində və X14 xx.xx.1991-ci il tarixində ölmüşlər. İşin hallarından görünür ki, İddiaçı cavabdehlər Bağırova (Hüseynova) Sayıb Əlibaba qızına və qeyrilərinə qarşı miras əmlakdan onun vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(027)-226/2020 nömrəli qətnaməsi ilə iddia qismən edilərək 28 oktyabr 1928-ci il tarixli, 4/4 saylı “Torpaq qeydi”nə əsasən Quba rayon Yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə X4, X1 birgə istifadəsinə verilmiş ünvan 5 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 kv.m torpaq sahəsi olan miras əmlak X11, X5 tərəfindən faktiki qəbul edildiyindən, X11 öldükdən sonra həmin miras əmlakın ½ hissəsi Sudef Hüseynovun arvadı İddiaçı tərəfindən faktiki qəbul edildiyindən, sözügedən ünvanda yerləşən ev və həmin evin yerləşdiyi torpaq sahəsi olan miras əmlaka İddiaçı ½ hissədə vərəsəlik hüququ müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 23 iyul 2021-ci il tarixli, 2188 saylı məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin 30 yanvar 2020ci il tarixli, 2(027)-226/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.1951-ci il tarixdə vəfat etmiş X1 miras əmlakı X11, X5 tərəfindən faktiki qəbul edildiyindən, X11 öldükdən sonra həmin miras əmlakın ½ hissəsi Sudef Hüseynovun arvadı İddiaçı tərəfindən faktiki qəbul edildiyindən, X5 və İddiaçı X4 və X1 qanun üzrə vərəsələridir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq təqdim edilən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilmiş 28 oktyabr 1930-cu il tarixli, 4/4 nömrəli torpaq qeydinin surətindən görünür ki, Quba rayon Yerli Təsərrüfat İdarəsinin 28 oktyabr 1930-cu il tarixli qərarı ilə ünvan 6 ünvanında yerləşən bir mərtəbəli, 3 otaqlı ev, həmin evin yerləşdiyi 431,00 (350,7 kv m + 80,30 kv m) kv.m torpaq sahəsi X4 və X1 birgə istifadəsinə verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Azərbaycan SSR Mənzil Kommunal Təsərrüfatı tərəfindən 1987-ci ilin avqust ayında Quba rayonunda yerləşən sözügedən fərdi yaşayış evinə dair X4 adına texniki pasport tərtib edildiyi müəyyən edilmişdir. Cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsidir. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1 və 1.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri əsas hesab edilir. Qeyd olunan hüquq normalarının hazırkı işə tətbiqi baxımından məhkəmə kollegiyası hesab edir ki, yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilmiş 28 oktyabr 1930-cu il tarixli № 4/4 saylı torpaq qeydi sözügedən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 431,00 kv.m torpaq sahəsi üzərində X4 və X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı X4 və X1 qanun üzrə vərəsəsidir. Yuxarıda qeyd olunan hüquq normasının tələbinə görə iddiaçıya hüququn ölmüş şəxslərə məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 13, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2-1(118)-480/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.