Məhkəmə qərarları › İş №2-1(105)-413/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-413/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-413/2025 19.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-468/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 468/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarları ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı barəsində cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 05 may 2023-cü il tarixli **********847000 saylı, 05 may 2023-cü il tarixli **********894000 saylı, 05 may 2023-cü il tarixli **********893300 saylı, 05 may 2023-cü il tarixli **********891900 saylı, 18 may 2023-cü il tarixli **********165000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində mənə gəlir vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi) məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, iddiaçı 2021-2022-ci illər ərzində ona məxsus olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsində fərdi ev tikintisi həyata keçirmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 83-cü maddəsinə əsəsən torpaq mülkiyyətçisinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək, qanunvericilikdə müəyyən olunmuş qaydada torpağı satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, nizamnamə (pay) fonduna, habelə vərəsəliyə və irsən vermək və onunla əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq hüququ vardır. Bundan əlavə mülkiyyət toxunulmaz olub, dövlət tərəfindəön müdafiə edilir - Azərbaycan Respublikası Konstitusiyanın 13.1-ci maddəsi, 29.3-cü maddəsin qeyd edir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Fərdi yaşayış evindən istifadəyə görə vergi hesablanmasının heç bir qanuni əsası yoxdur. ünvan 1 ünvanda tikilmiş fərdi yaşayış evinin sadəcə 1 ədəd çıxarışı var. Bu da onu deməyə əsas verir ki, tikintini həyata keçirən zaman iddiaçı özü üçün fərdi yaşayış sahəsi inşa etmək niyyətində olub. Lakin daha sonra maddi sıxıntılar səbəbi ilə daşınmaz əmlakın bir hissəsini satmaq məcburiyyətində qalıb. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mərtəbələrinin sayı 3-dən hündür, hündürlüyü 12 metrdən çox olmayan evlərin tikintisi məlumatlandırma icraatı səviyyəsində həyata keçirilir və iddiaçı bu qaydaya da əməl etmişdir. Göründüyü kimi, fərdi yaşayış evinin tikintisi qanunun tələblərinə cavab verməklə inşa edilmişdir. Yaşayış evinin ayrı-ayrı şəxslərə satıldığını nəzərə alsaq, hər mənzil üçün ayrıca sayğacların quraşdılırması və hər mənzilin ayrıca girişinin olması normaldır. Mübahisə ilə bağlı İqtisadiyyat Nazirliyinin yanında Dövlər Vergi Xidmətinin Apellyasiya şurasına şikayət ərizəsi göndərilsə də, müvafiq orqan heç bir geri dönüş etməmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdınlmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya İnzibati orqandan məlumat əldə etmək hüququ vardır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmçinin ərizə verərək, iddia müddətinin ötürülməsinin üzürlü səbəblərdən olduğunu nəzərə alaraq, buraxılmış müddətin bərpa edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bundan əlavə İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Uçot-baza məlumatlarına əsasən fiziki şəxs xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün “şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” olduğu, xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatının qüvvəyə mindiyi müəyyən edilmişdir. Uçot baza məlumatlarının araşdırılması zamanı notariusdan əldə edilmiş alqı-satqı müqaviləsinə əsasən fərdi sahibkar tərəfindən 2022-ci ilin noyabr ayı ərzində 70000,0 manat, 2023-cü ilin yanvar ayında 15000,0 manat və 2023-cü ilin fevral ayında 10000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edilməsinə baxmayaraq müvafiq dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilməməsi, eyni zamanda 2022-ci və 2023-cü illər üçün gəlir vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalarla bağlı vergi ödəyicisinə vergi orqanı tərəfindən “Aşkar edilmiş kənarlaşma haqqında” xx.xx.2023-cü il tarixli **********044300 nömrəli və xx.xx.2023-cü il tarixli **********017700 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2022-ci il üçün noyabr ayı üçün 10677,97 manat, 2023-cü ilin yanvar ayı üçün 2288,13 manat və 2023-cü ilin fevral ayı üçün 1525,42 manat ƏDV, 2022-ci il üzrə 1977,4 manat və 2023-cü il üzrə 706,21 manat gəlir vergisi məbləğləri hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********891900 nömrəli, **********893300 nömrəli, **********894000 nömrəli, xx.xx.2023-cü il tarixli **********165000 nömrəli xx.xx.2023-cü il tarixli **********847000 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********181200 nömrəli, xx.xx.2023-cü il tarixli **********211000 nömrəli, xx.xx.2023-cü il tarixli **********118500 nömrəli və xx.xx.2023-cü il tarixli **********110900 nömrəli məktublarla məlumat verilmişdir. Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə əlaqədar məsələnin birgə araşdırılması məqsədilə “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********798500 nömrəli məktub göndərilərək, xx.xx.2023-cü il tarixdə, saat 15:00 üçün şəxsən və ya səlahiyyətli nümayəndəsi (vəkili) vasitəsilə Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə dəvət olunmuş, fərdi sahibkar Dövlət Vergi Xidmətinin inzibati binasında olmuş və araşdırmaya uyğun sualları cavablandırmışdır. Fərdi sahibkar izahatında inşa edilmiş binanın bankdan kredit alaraq iki oğlu üçün inşa etdiyini, bankda borcu olduğu üçün otaqları ayırıb satdığını, təqdim edilmiş mənzillərə görə almış şəxslərə çıxarış verildiyini, hal hazırda öz adına həmin tikilidə çıxarışla yaşayış sahəsinin olmadığını, quraşdırılmış sayğacların hər alıcının öz adına quraşdırıldığını, satılmış mənzillər kvadrat metri 350,0 manata təqdim edildiyini bildirmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı fərdi sahibkar tərəfindən 2022-ci ildə təbii qaz, içməli su və çirkab suyuna görə 2978,25 manat (ƏDV daxil) dəyərində elektron qaimə fakturaların əldə edildiyi, 2022-ci ildə 70000,0 manat və 2023-cü ildə 25000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edildiyi, idxal əməliyyatlarının həyata keçirilmədiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan daşınmaz əmlakının xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə fərdi sahibkarın adına xüsusi mülkiyyət olaraq qeydiyyata alındığı, vergi ödəyicisi tərəfindən 2022-ci ilin noyabr ayında üç nəfər fiziki şəxsə 70000,0 manat (ƏDV daxil), 2023-cü ilin yanvar ayında bir nəfər fiziki şəxsə 15000,0 manat (ƏDV daxil) və 2023-cü ilin fevral ayında bir nəfər fiziki şəxsə 10000,0 manat (ƏDV daxil) dəyərində, ümumilikdə 95000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən ümumi sahəsi 496 kv.metr olan daşınmaz əmlakın 2022-ci ilin noyabr ayında 316,9 kv.metr olan hissəsi, 2023-cü ilin yanvar və fevral aylarında 152,7 kv.metr olan hissəsi, ümumilikdə 469,6 kv.metr olan hissəsi təqdim edildiyi, bugünkü günə fərdi sahibkarın mülkiyyətində daşınmaz əmlakın 26,4 kv.metr olan hissəsi qaldığı müəyyən edilmişdir. Araşdırma zamanı təqdim edilmiş daşınmaz əmlakın çıxarışlarına əsasən mənzillər təqdim edildikcə əmlak sahiblərinin sayının artdığı müəyyən edilmişdir ki, bu da mülkiyyətin payçı mülkiyyəti olduğu, yəni fərdi sahibkarın tam mülkiyyətində olmadığı deməkdir. Fərdi sahibkar tərəfindən araşdırmaya təqdim edilmiş daşınmaz əmlakın daxili və xarici fotoşəkillərinin vizual araşdırılması zamanı və eyni zamanda fərdi sahibkarın izahatında hər mənzil üçün ayrıca işıq, su və qaz sayğaclarının quraşdırılması, binanın ətrafının fərdi evlərlə müqayisədə hasarlanmaması, binanın həyətinin ümumi istifadəyə verilməsi, binanın bir bloklu olması, hər mənzilin ayrıca girişinin olması, hər mərtəbənin dəhlizinin ümumi istifadə üçün nəzərdə tutulmuş formada təmir olunması vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın faktiki olaraq satış məqsədi ilə inşa edildiyinə əsas verir. Vergi Məcəlləsinin 154.6-cı maddəsinə əsasən aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin vergi üstünlüyü əldə etmək məqsədilə əməliyyatlar həyata keçirdiyi aşkar edildikdə vergilərin faktiki iqtisadi göstəricilər əsas götürülməklə hesablanması vergi orqanı tərəfindən həyata keçirilə bilər. Eyni zamanda bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalara görə yaranan vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada yerinə yetirilməli olduğundan həmin yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Beləliklə, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan daşınmaz əmlakının xx.xx.2021-ci il tarixdə fərdi sahibkarın adına qeydiyyata alındığını, vergi ödəyicisi tərəfindən 2022ci ilin noyabr ayında üç nəfər fiziki şəxsə 70000,0 manat (ƏDV daxil), 2023-cü ilin yanvar ayında bir nəfər fiziki şəxsə 15000,0 manat (ƏDV daxil) və 2023-cü ilin fevral ayında bir nəfər fiziki şəxsə 10000,0 manat (ƏDV daxil) dəyərində, ümumilikdə 95000,0 manat dəyərində daşınmaz əmlakın təqdim edildiyini, təqdim edilmiş sənədlərin araşdırılması zamanı ümumi sahəsi 496 kv.metr olan daşınmaz əmlakın 2022-ci ilin noyabr ayında 316,9 kv.metr olan hissəsi, 2023-cü ilin yanvar və fevral aylarında 152,7 kv.metr olan hissəsi, ümumilikdə 469,6 kv.metr olan hissəsi təqdim edildiyi, bugünkü günə fərdi sahibkarın mülkiyyətində daşınmaz əmlakın 26,4 kv.metr olan hissəsi qaldığını, araşdırmaya təqdim edilmiş daşınmaz əmlakın daxili və xarici fotoşəkillərinin vizual araşdırılması zamanı və eyni zamanda fərdi sahibkarın izahatında hər mənzil üçün ayrıca işıq, su və qaz sayğaclarının quraşdırılması, binanın ətrafının fərdi evlərlə müqayisədə hasarlanmaması, binanın həyətinin ümumi istifadəyə verilməsi, binanın bir bloklu olması, hər mənzilin ayrıca girişinin olması, hər mərtəbənin dəhlizinin ümumi istifadə üçün nəzərdə tutulmuş formada təmir olunması vergi ödəyicisi tərəfindən daşınmaz əmlakın faktiki olaraq satış məqsədi ilə inşa edilməsinə əsas verdiyini, uçot-baza məlumatlarına əsasən 2022-ci və 2023-cü illərdə təqdim edilmiş daşınmaz əmlakla bağlı xərclərinin uçotunun aparılmadığını və bu səbəbdən vergi orqanı tərəfindən müvafiq dövrlər üçün gəlir vergisi üzrə Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaların aparıldığını nəzərə alaraq, iddianın rədd edilməsi xahiş edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakı qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi əsasında notarial qaydada dövlət büdcəsinə vergilərini ödəməklə hissə-hissə bir neçə şəxsə satmışdır. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə görə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən vətəndaş öz şəxsi mülkiyyətində olan əmlakını tam və ya qismən satmasının yalnız sadələşdirilmiş vergi öhdəliyi yaratdığı vergi məcəlləsində göstərilmişdir. Vətəndaş müvafiq alqı-satqı əməliyyatını notariusda edərək mülkiyyəti təsdiq edən reyestrdən çıxarışı notariusa təqdim etmiş, sadələşdirilmiş vergini VM-nin 220.8-ci maddəsinə uyğun olaraq hesablamış və ödəmişdir. Vergi Məcəlləsinin 218.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 218.1 maddəsinin tələblərindən asılı olmayaraq vətəndaşın mülkiyyətindəki əmlakı notarial satması ƏDV-yə deyil sadələşdirilmiş vergiyə cəlb edildiyi qeyd edilmişdir. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 62.1, 62.2 və 62.3-cü maddələrinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. İş hallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçotda olaraq eyniləşdirmə nömrəsi almasına baxmayaraq uzun müddətdir ki, kommersiya fəaliyyəti ilə məşğul olmur və fəaliyyətinin müvəqqəti dayandırılması barədə vergi orqanına müvafiq ərizə təqdim etmişdir. İddiaçı 2021-2022-ci ilər ərzində özünə məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikmişdir, bundan sonra maliyyə çətinlikləri ilə əlaqədar həmin tikilinin müəyyən hissələrini digər şəxslərə notarial qaydada satmışdır. Bununla əlaqədar alqı-satqı müqavilələri notariusda bağlanan zaman satdığı hissənin sahəsinə uyğun olaraq vergilər notarius tərəfindən ondan tutulmuş və büdcəyə ödənilmişdir. Eyni zamanda ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evi vahid əmlak kimi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış və ona 1 ədəd çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,059 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. X14 və X25 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 86 kv.metr olan yaşayış sahəsini 20.000 manata X5. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evi sahəsinin təqdim edilməsinə görə 86-30=56 kv.metr vergitutma obyektinin sahəsi x 15 sadələşdirilmiş vergi dərəcəsi x 0,30 əmlakın faktiki yerləşdiyi ərazi üzrə əmsal vergisi olmaqla X7 ümumilikdə 252,00 manat vergi məbləği tutulmuşdur. X14 və X23 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 144,9 kv.metr olan yaşayış sahəsini 30.000 manata X4. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evi sahəsinin təqdim edilməsinə görə 144,9-30=56 kv.metr vergitutma obyektinin sahəsi x 15 sadələşdirilmiş vergi dərəcəsi x 0,30 əmlakın faktiki yerləşdiyi ərazi üzrə əmsal vergisi olmaqla X7 ümumilikdə 517,05 manat vergi məbləği tutulmuşdur. X14 və X10 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 86 kv.metr olan yaşayış sahəsini 20.000 manata X1. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evi sahəsinin təqdim edilməsinə görə 86-30=56 kv.metr vergitutma obyektinin sahəsi x 15 sadələşdirilmiş vergi dərəcəsi x 0,30 əmlakın faktiki yerləşdiyi ərazi üzrə əmsal vergisi olmaqla X7 ümumilikdə 252,00 manat vergi məbləği tutulmuşdur. X14 və X19 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 64,1 kv.metr olan yaşayış sahəsini 10.000 manata X3. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evi sahəsinin təqdim edilməsinə görə 64,1-30= kv.metr vergitutma obyektinin sahəsi x 15 sadələşdirilmiş vergi dərəcəsi x 0,30 əmlakın faktiki yerləşdiyi ərazi üzrə əmsal vergisi olmaqla X7 ümumilikdə 153,45 manat vergi məbləği tutulmuşdur. X14 və X16 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X14 xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,6 kv.metr olan yaşayış sahəsini 15.000 manata X2. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan fərdi yaşayış evi sahəsinin təqdim edilməsinə görə 88,6-30= kv.metr vergitutma obyektinin sahəsi x 15 sadələşdirilmiş vergi dərəcəsi x 0,30 əmlakın faktiki yerləşdiyi ərazi üzrə əmsal vergisi olmaqla X7 ümumilikdə 263,70 manat vergi məbləği tutulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,059 hektar torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 496 kv.metr olan fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən 86 kv.metr yaşayış sahəsi ********** qeydiyyat nömrəli çıxarışla X20 adına xx.xx.2022-ci il tarixdə; 2-ci mərtəbəsində yerləşən 144,9 kv.metr yaşayış sahəsi ********** qeydiyyat nömrəli çıxarışla X17 adına xx.xx.2022-ci il tarixdə; Torpaq sahəsi tam, fərdi yaşayış evinin ümumi sahəsindən 26,4 kv.m hissəsi X9 adına; 2-ci mərtəbəsində yerləşən 86 kv.metr yaşayış sahəsi ********** qeydiyyat nömrəli çıxarışla X6 adına xx.xx.2022-ci il tarixdə; 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 64,1 kv.metr olan 9,10,11,12,13 və 14 nömrəli otaqlar ********** qeydiyyat nömrəli çıxarışla X13 adına xx.xx.2023-cü il tarixdə; 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88,6 kv.metr olan 15, 16, 17, 18, 19 və 20 nömrəli otaqlar ********** qeydiyyat nömrəli çıxarışla X11 adına xx.xx.2023-cü il tarixdə paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından (aktlarından), vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 gün iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir. Şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətində uzadıla bilər. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə 3 iş günü ərzində məlumat verilir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, bu Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında müəyyən edilən hallar istisna olunmaqla, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır. Şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandırır. Qərarın (aktın) və ya hərəkətin icrası tam və ya qismən dayandırmaq barədə qərarı həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı qəbul edir. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən hesablanmasından və ya tətbiq edilməsindən şikayət edilən verginin, faizlərin və ya maliyyə sanksiyasının məbləği hesablanmaya (tətbiq edilməyə) uyğun şəkildə ödənildiyi və bu şikayətin təmin edilməsi nəticəsində vergi, faizlər və ya maliyyə sanksiyası tamamilə və ya qismən ləğv edildiyi halda, vergi ödəyicisinin aşağıdakılara hüququ vardır: Maddə 63.4.1. səhv tutulan məbləğlərə görə bu Məcəllənin 61.2-ci maddəsinə uyğun olaraq kompensasiya almaq; Maddə 63.4.2. bu Məcəlləyə müvafiq olaraq həmin məbləğlərdən faizlər almaq. Vergi Məcəlləsinin 64-cü maddəsinə əsasən məhkəməyə verilmiş şikayətlərə baxılma Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bununla yanaşı İddiaçı ƏDV ödəyicisi kimi nəzərdən keçirilməsi əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən vətəndaş öz şəxsi mülkiyyətində olan əmlakını tam və ya qismən satmasının yalnız sadələşdirilmiş vergi öhdəliyi yaradır. Vətəndaş müvafiq alqı satqı əməliyyatını notariusda edərək mülkiyyəti təsdiq edən reyestrdən çıxarışı notariusa təqdim etmiş, sadələşdirilmiş vergini Veri Məcəlləsinin 220.8-cü maddəsinə əsasən hesablamış və ödəmişdir. Vergi Məcəlləsinin 218.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 218.1 maddəsinin tələblərindən asılı olmayaraq vətəndaşın mülkiyyətindəki əmlakı notarial satması ƏDV-yə deyil sadələşdirilmiş vergiyə cəlb edildiyi qeyd edilmişdir. Vergi Məcəlləsində fərdi yaşayış evinin təqdim edilməsinin ƏDV-yə cəlb edilməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius Vergi Məcəlləsinin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir. Bununla yanaşı, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş verginin hesablanması qaydası Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilir. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarının 12-ci bəndinə əsasən Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqısatqı, bağışlama, dəyişdirmə, renta, habelə mülkiyyət hüququnun keçməsi ilə bağlı digər özgəninkiləşdirmə müqavilələri) notariat qaydasında təsdiqi zamanı notarius Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci, 220.8-1-ci və 220.8-2-ci maddələrinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tətbiqi məqsədləri üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxs barədə məlumat Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə notariusun verdiyi sorğu əsasında əldə edilir. ünvan 1 ünvanda tikilmiş fərdi yaşayış evinin sadəcə bir ədəd çıxarışı vardır. Bu onu deməyə əsas verir ki, iddiaçı fərdi yaşayış evinin tikintisini şəxsi istifadəsi üçün həyata keçirmişdir. Sonradan mülkiyyətçi kimi hüququndan istifadə edərək evin bir hissəsini satmış və alqı-satqı zamanı tələb olunan vergiləri dövlət büdcəsinə ödəmişdir. Həmçinin Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mərtəbələrin sayı 3-dən hündür, hündürlüyü 12 metrdən çox olmayan evlərin tikintisi məlumatlandırma icraatı səviyyəsində həyata keçirilir və iddiaçı qeyd edilən normanın da tələbinə əməl etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus fərdi yaşayış evinin tikintisi qanunun tələblərinə cavab verməklə inşa edilmişdir. Həmçinin yaşayış evinin ayrı-ayrı şəxslərə satıldığını nəzərə alsaq, hər mənzil üçün ayrıca sayğacın quraşdırılması və hər mənzilin ayrıca girişinin olması binanın satış məqsədli inşa edildiyini deməyə əsas vermir. Qeyd edilənlərlə yanaşı İnzibati Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Yuxarıda qeyd olunan normaların tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktı icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmalı və inzibati aktda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, o cümlədən nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Belə ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Yuxarıda şərh edilənlərə əsasən inzibati orqan diskresion səlahiyyətlər daxilində inzibati akt qəbul etdiyi halda öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalı idi. İstinad edilən normalardan göründüyü kimi, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə düşür. Vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, iddia tələbini təmin etməklə, cavabdeh inzibati orqanın qanunsuz qərarlarını ləğv edərkən haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-468/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar