Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-414/2021 24.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ açar sözlər: vergi ödəyicisinin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin aradan qaldırılması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Qurbanova Səkinə Ağakərim qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin (blokun) götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(118)-879/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “iddiaçının depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin (blokun) götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 2 Saylı Ərazi vergilər baş idarəsi arasında elektron sənəd mübadiləsi haqqında 27 oktyabr 2015-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin məcburi icra edəcəyi öhdəliklər müəyyən olunmuşdur. Lakin aparılan uzunmüddətli vergi yoxlaması zamanı İddiaçı MMC-nin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş manelər yaradılmışdır, bu da MMC-nin normal fəaliyyətinə mane yaradır, partnyorlarla problemlərin yaranmasına gətirib çıxarır. Cavabdeh 2 Saylı Ərazi Vergilər Baş İdarəsi 21.06.2019-cu il tarixli, YN **********185572 saylı qərarla İddiaçı (VÖEN **********) üzrə səyyar vergi yoxlamasını keçirilməsinə başlanmış, 02.04.2020-c il tarixli qərarla isə 18.05.2020-ci il tarixədək müvəqqəti olaraq dayandırılmışdır. Hər hansı bir vergi borcu müəyyən olunmamış, vergi borcunun olması barədə qərar qəbul olunmamış, ona görə də hər hansı məhdudiyyətlərin qoyulması qanunsuz və əsassızdır. İddiaçı MMC tərəfindən bütün vergilər vergi məcəlləsinin tələblərinə əsasən vaxtlı vaxtında dövlət büdcəsinə ödənilmişdir. Ona görə də İddiaçı MMC-nin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin (blokun) ləğv edilməsi vəzifəsinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş olunur.
Cavabdehin etirazları:
3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 2 iyul 2020-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı hər hansi vergi borcunun aşkar olunmadığını, buna görə də depozit hesabları üzərində əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətin qanunsuz və əsassız olduğunu göstərməsinə dair bildirilir ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli, 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında” Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmadıgından iddia tələbinin rədd edilməsi xahiş olunur.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(118)-879/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı MMC-nin ƏDV hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi A.İsmayılov apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(118)-879/2021 saylı qərarının ləğv edilməklə iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi A.İsmayılov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikası Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları ilə tənzimlənir. Göstərilənlərə əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz, eləcə də məhkəmə mübahisəli məsələyə dair qərar qəbul edərkən qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. b) apelyasiya şikayətinə qarşı etirazlar
7. apelyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, əlavə olaraq onu da qeyd etdi ki, birinci instansiya məhkəməsində nümayəndə olaraq iştirak edərkən məhkəmə gedişatı zamanı iddiaçı tərəfin iddia etdiyi məhdudiyyət əyani şəkildə nümayiş etdirilmiş və iddiada qeyd edildiyi kimi elektron xidmətin aparılması mümkün olmamış, yəni sistemdə “səhv” yazısı çıxmış, lakin yenə də qeyd etmək istəyir ki, bu onlardan asılı deyildir. Bu qeyd edilən hallar bir neçə dəfə başqa vergi ödəyiciləri ilə bağlı da baş vermiş və həmin şəxslər tərəfindən hesabat verildikdən sonra sistem aktivləşmişdir. Ona görə də şikayətlərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
9. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iş üzrə İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.5. Şikayətlə bağlı qərar apelyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Maddə 90.2. Apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
12. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 175.8. ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaiməfakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları: Bənd 1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDVnin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDVnin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. Bənd 1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDVnin depozit hesabı X1 (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bənd 4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. Bənd 4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bənd 4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir. Bənd 4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısına daxildir.
15. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının “Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında” 24 dekabr 2012-ci il tarixli **********004800 saylı Qərarı: Bənd 1. Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin: 1.1. “Elektron bəyannamənin qəbulu” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə); 1.2. “Elektron vergi hesab-fakturasının qəbulu” elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə); 1.3. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə);
16. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti üzrə inzibati reqlamentinin ümumi müddəaları: 1.1. Elektron xidmətin adı: Vergi və digər büdcə daxilolmalarının internet vasitəsi ilə ödənilməsi. 1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyiciləri tərəfindən vergi və rüsumların müasir ödəniş mexanizmlərindən istifadə edilərək elektron formada ödənilməsini əhatə edir. 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi. 1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur. 1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır. 1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, iş materiallarında olan 27.10.2015-ci il tarixli iddiaçı ilə cavabdeh arasında bağlanmış “Elektron sənəd haqqında” Müqavilənin 2.1.3-cü bəndinə görə vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, internet vergi idarəsində digər vergi ödəyicilərinə alınmış mala görə elektron vergi hesab-fakturasının hazırlanıb təqdim edilməsi müəyyən edilmişdir.
19. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Müqavilənin 2.1.3-cü bəndində qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2007-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na uyğun həyata keçirilməlidir.
20. 27.10.2015-ci il tarixli Müqavilənin 4.3-cü bəndinə görə bəyənnamənin (hesabatın) və bildirişin elektron şəkildə tərtib və təqdim olunması üçün zəruri proqram təminatları Vergilər Nazirliyi tərəfindən hazırlanır və Müqavilə əsasında əvəzsiz vergi ödəyicisinə verilir.
21. İstinad olunan 27.10.2015-ci il tarixli Müqavilənin 7.1.-ci bəndində müqavilənin 5 il müddətinə qüvvədə olması qeyd edilsə də, 7.2-ci bəndində o da vurgulanır ki, müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri Müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə Müqavilənin müddəti Müqavilədə nəzərdə tutulmuş müddətdə uzadılmış hesab edilir.
22. İş materiallarına əlavə olunmuş 12 may 2020-ci il tarixli müraciətə baxılması barədə məktubdan məlum olur ki, İddiaçı MMC 12 may 2020-ci il tarixdə cavabdeh təşkilata rəsmi müraciət etmiş, müraciətə cavab olaraq ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər hansı bir məhdudiyyətin qoyulmaması bildirilmişdir.
23. İş materialları ilə müəyyən edilir ki, “xxxx” MMC sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi vergi orqanları tərəfindən tam təmin edilməmişdir. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatların çıxarışlarından ƏDV köçürmə əməliyyatının uğurla icra edilə bilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Zəhmət olmasa VÖEN-i düzgün göstərin” yazısı göstərildiyi müəyyən edilmişdir.
24. Eyni zamanda iş materiallarında İddiaçı MMC-nin hər hansı bir vergi borcunun olmasına dair sübut yoxdur, yəni iddiaçının vergi borcunun olması barədə qərar qəbul olunmamışdır. Ona görə də hər hansı məhdudiyyətlərin qoyulması əsassızdır.
25. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, İddiaçı MMC-nin ƏDV hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiy-yətlərin aradan qaldırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir.
27. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir.
28. Məhkəmə iddianın əsaslılığı ilə bağlı hesab edir ki, iddianın təmin edilməsi bardə birinci instansiyanın nəticəsi düzgündür.
29. Belə ki, iddiaçının tələbinin əsaslılığını təsdiq edən hal kimi hazırki qərarın 18- 21-ci bəndlərində istinad edilən tərəflər arasında baglanmış müqavilə öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmir. Bunun nəticəsi olaraq İddiaçı MMC-nin maliyyə fəaliyyəti əsassız olaraq dayanmış, malın təqdim edilməsi məhdudlaş-dırılmışdır.
30. Cavabdeh tərəfin hazırki qərarın 6-ci bəndində göstərilən apelyasiya şikayətinin dəlilləri əsassızdır ona görə ki, hazırki qərarın 13-16-ci bəndlərində istinad edilən istər Nazirlər Kabinetinin müvafiq qərarlarında, istərsə də Vergilər Nazirliyinin adı çəkilən qərarlarında birbaşa olaraq göstərilir ki, vergi və digər büdcə daxilolma-larının internet vasitəsi ilə ödənilməsinə elektron xidməti göstərən dövlət qurumu Azərbaycan Respublikasının Vergilər Nazirliyidir.
31. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV subuçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına görə məsuliyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi daşıyır.
32. Buna baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının daima işlək vəziyyətdə saxlanılması, vergi ödəyicilərinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilmədiyi üçün maraqlı şəxsin - iddiaçının sub-uçot hesabında məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal fəaliyyət göstərməsinə, habelə üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneçilik törədir və gəlir əldə etməsinin qarşısını alır. Həmçinin, sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğu üçün sonradan iddiaçının hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmaya, yaxud xeyli dərəcədə çətinləşə bilər.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Odur ki, şikayət təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
34. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 87 və 89-cu maddələrinə əsasən məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(118)-879/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, 1193-cü məhəllə, Yusif Səfərov küçəsi 14) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.