Məhkəmə qərarları › İş №2-1(105)-414/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-414/2022

05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-414/2022 05.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 330236,1 manat vergi borcu və 116.118,07 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)- 32/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********154171 nömrəli qərardan görünür ki, "xxxx" MMC üzrə növbəti səyyar vergi yoxlamasının təyin edilməsi (yoxlama ilə əhatə olunan dövr yanvar 2017-aprel 2018) qərara alınmışdır.

2. 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli **********154598 nömrəli tələbnaməsindən görünür ki, "xxxx" MMC–dən vergi-hesab fakturaları, depozit, kassa sənədləri, bank sənədləri, qaimə sənədləri, müqavilələr(kontraktlar), forma-2 (aktlar), nəzarət kitabçası və digər ilkin mühasibat sənədləri, səyyar (kameral) vergi tədbiri ilə əlaqədar digər zəruri sənədlər tələb edilmişdir.

3. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********162470 nömrəli xx.xx.2018-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC üzrə xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövrlər üçün aylar üzrə satılmış malların real bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmişdir.

4. 1800027026165657 nömrəli xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC-də yanvar 2017-aprel 2018-ci illəri əhatə edən dövr üzrə səyyar vergi yoxlaması keçirilmiş və müəssisənin 2017-ci ildə mənfəət vergisi üzrə 148382,48 manat, ƏDV üzrə 133544,20 manat, əmlak vergisi üzrə 677,80 manat, 2018-ci ildə ƏDV üzrə 44121,51 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 160 manat məbləğində vergilərin azaldılması müəyyən olunmuşdur.

5. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********195602 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-yə mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi və müzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergiyə görə azaldılmaya yol veridiyinə görə 326886,06 manat əlavə vergi və 163443,04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

6. Vergi Cinayətlərinin İbtidai Araşdırlması Baş İdarəsinin 23 dekabr 2002-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC–nin direktoru E.Əliyevanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2954 saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 148.382,48 manat məbləğində mənfəət vergisinin, 177.665,71 manat məbləğində ƏDV-nin, ümumilikdə 326.048,19 manat məbləğində vergilərin az hesablanması müəyyən olunmur.

7. İş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 9/8271 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində “Muxtaroğlu-VM “ MMC tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış 148.382,48 manat məbləğində mənfəət vergisinin, 177.665,71 manat məbləğində ƏDV-nin, ümumilikdə 326.048,19 manat məbləğində vergilərin az hesablanması müəyyən olunmur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

8. İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 330236,1 manat vergi borcu və 116.118,07 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 330236,1 manat vergi borcunun və 116.118,07 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdən vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İddiaçı müəssisə avtomobillər üçün hissələr, qovşaqların və ləvazimatların pərakəndə satışı ilə məşğul olur. Şirkətin hazırda 34 nəfər işçisi vardır. Cavabdeh vergi orqanı tərəfindən müəssisədə xx.xx.2018-ci il tarixdə səyyar vergi yoxlaması başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlamanın nəticəi olaraq xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmiş və müəssisədə 569.890.63 manat vergilərin azaldılması müəyyən olunmuş və 687.563.12 manat maliyyə sankisyası hesablanmışdır. İddiaçı həmin akta etiraz vermiş, idarə tərəfindən yeni səyyar vergi yoxlaması aparılmış və xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktı tərtib edilmiş, müəssisəyə 491709,88 manat vergi borcu hesablanmış və 240954,95 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin sonadan həmin akt iddiaçıya məlum olmayan səbəbdən ləğv edilərək yenidən yoxlama təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə yeni akt tərtib edilmiş və həmin məbləğlər təkrarlanmışdır. İddiaçı tərəfindən həmin akta da etiraz edilmiş və idarə tərəfindən yenidən yoxlama aparılaraq xx.xx.2019-cu il tarixli akt tərtib edilərək iddiaçıya 330.236,1 manat verginin azaldılması müəyyən edilmiş və 165.118,08 manat maliyyə saknsiyası hesablanmışdır. Lakin bu dəfə iddiaçıya həmin aktla tanış olub qanunvericilikdə nəzərdə tutulmuş müddət verilmədən xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması aktına baxılma haqqında protokol tərtib edilmiş və xx.xx.2019-cu il tarixdə həmin akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən bir sıra prosessual qanun pozuntularına yol verilmişdir. Bundan başqa, səyyar vergi yoxlaması aktının əsasını satılan malların bazar qiymətinin müəyyənləşdirilməsi üçün xx.xx.2009-cu il tarixli ekspertizanın təyin edilməsi barədə qərar əsasında verilmiş ekspert rəyi təşkil edir. Müəssisə tərəfindən yoxlayıcıya bütün zəruri maliyyə sənədləri, o cümlədən malların dəyərini əks etdirən gömrük sənədləri təqdim olunduğu halda, yoxlayıcı tərəfindən ekspertizanın təyin olunmasında zərurətin nədən ibarət olduğu aydın deyildir.

11. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçıya səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb olunması haqqında xx.xx.2018-ci il tarixli tələbnamə verilmiş, lakin tələbnamədə göstərilən sənədlər səyyar vergi yoxlamasına tam təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən göstərilən yoxlama dövrü üzrə malların alış-satışı üzrə qaimələr və müqavilələr yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı satılmış malların bazar qiymətinin müəyyən edilməsi zərurəti ilə əlaqədar “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş və ekspert qarşısında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə aylar üzrə satılmış malların bazar qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Qərarda göstərilən dövr ərzində satılmış malların ilkin sənədləri ekspertə təqdim edilmədiyinən ekspert tərəfindən vergi ödəyicisinin təqdim etdiyi 41-ci hesab üzrə malların hərəkəti cədvəli, müxtəlif internet saytlarında olan məlumatlar və iddiaçının Abşeron rayonu, Xırdalan şəhərində yerləşən təsərrüfat subyektində satış qiymətləri barədə məlumatlar nəzərə alınaraq malların satış (bazar) qiymətləri müəyyən edilmişdir. Aparılmış ekspert araşdırmasından sonra iddiaçı tərəfindən ümumilikdə 326886,06 manat verginin azaldılması müəyyən edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-32/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 29 dekabr 2019-cu il tarixli **********195602 saylı qərarın ləğv edilməsi və yoxlama nəticəsində hesablanmış 326886,06 manat vergi borcunun və 163443,04 manat maliyyə sanksiyasının iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması, ekspertizaların keçirilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 400,0 manat məbləğində pul vəsaitinin İddiaçı MMCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qərara alınmışdır.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, müəssisənin rəhbərliyi tərəfindən göstərilən dövr üzrə qaimələr və müqavilələr təqdim olunmamışdır. Qərarda göstərilən dövr ərzində satılmış malların ilkin sənədləri (Vergi ödəyicisi 41-ci hesab üzrə malların hərəkəti cədvəlini aylar üzrə alışı və satışı da daxil olmaqla təsdiqləyərək yoxlamaya təqdim etmişdir) ekspertə təqdim edilmədiyindən ekspert tərəfindən vergi ödəyicisinin təqdim etdiyi 41-ci hesab üzrə malların hərəkəti cədvəlindən, müxtəlif internet saytlarından və AZ0100 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ev 263-də yerləşən MMC-yə məxsus mağazada, yağlama sexində göstərilən məlumatlar nəzərə alınaraq yanacaq sürtkü yağları, filtrlərin satışını həyata keçirən mağazalardan malların satış qiymətləri öyrənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə qəbul edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun qüvvəyə minməsi haqqında” 774 saylı Sərəncamına əsasən qiymətləndirmənin forma və metodlarını müstəqil seçim yolu ilə dövlət və kommersiya sirlərini saxlamağa üçüncü şəxsdən şifahi məlumatlar almaqla adları göstərilən malların orta bazar qiymətləri müəyyənləşdirilmişdir. xx.xx.2019-cu il tarixdə “Azərekspertiza” Birliyindən ekspert rəyi alınmışdır. Vergi Məcəlləsinin 44.9-cu maddəsinə əsasən ekspert rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verilir. Həmin şəxsin izahat vermək, öz etirazlarını bəyan etmək, ekspertə əlavə sualların qoyulmasını, əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixdə “Azərekspertiza” Birliyi tərəfindən təqdim edilmiş 238 saylı ekspert rəyi “tanış oldum və bir surətini aldım” dərkənarı ilə əlbəəl cəmiyyətin direktoruna təqdim edilmişdir. Göründüyü kimi, satılmış malların bazr qiymətlərindən aşağı rəsmiləşdirilməsi barədə ekspert rəyi nəzərə alınaraq iddiaçı tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 148382,48 manat, 2017-ci ilin müvafiq ayları üzrə əlavə dəyər vergisinin 133544,20 manat, 2018-ci ilin müvafiq ayları üzrə əlavə dəyər vergisinin 44121,51 manat məbləğində azaldılması müəyyən edilmişdir. Eyni zamanda 2017-ci ildə əmlak vergisinin 677,80 manat və 2018-ci ildə muzdlu işlə əlaqədar olaraq ödəmə mənbəyində tutulan verginin (ƏDV bəyannaməsi tərkində) 160,07 manat məbləğində azaldılması aşkar edilmişdir. İddiaçı tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərdə ümumilikdə 326886,06 manat məbləğində vergilərin azaldılmasına yol verildiyinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 163443,04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktla ümumilikdə hesablanmış 326886,06 manat vergi məbləği vergi ödəməkdən yayınma cinayət əlaməti doğurduğundan yoxlama materialları aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş və sonuncu tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və xx.xx.2020-ci il tarixli qərara əsasən dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilər tam olaraq ödənildiyindən cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019cu il tarixli **********195602 nömrəli qərar qəbul edilən zaman İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində 288844,99 manat məbləğində artıq ödəmə olmuş və bu səbəbdən də dövlət büdcəsinə ödəməkdən yayındırılmış 326886,06 manat vergi məbləğinin 288844,99 manat hissəsi artıq ödəmə hesabına, qalan 38041,07 manat vergi məbləği hissəsi isə vergi ödəyicisi tərəfindən sonradan tam olaraq dövlət büdcəsinə ödənilmişdir. İddiaçıMMCnin rəhbəri xx.xx.2020-ci il tarixdə istintaq orqanına ərizə ilə müraciət edərək dövlət büdcəsinə ödəməkdən yayındırılmış 326886,06 manat vergi məbləğinin tam şəkildə ödənildiyi üçün cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İstintaq orqanının qərarı qanuni qüvvəyə minmişdir.

15. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmənin ünvanına elektron qaydada apellyasiya şikayətinə etiraz ünvanlayaraq və etirazın dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında şahid X5 ifadə verərək bildirdi ki, onlar İddiaçı yarandığı dövrdən 2 ay sonra 2015-2016-cı ildən onlara maliyyə uçotunu təşkil edir, bütün hesabatları tərtib edirlər. Bu barədə müqavilələri var. Vergi yoxlamasının əhatə etdiyi və əlavə dəyər vergisinin hesablandığı dövrdə topdansatış elektron qaimə ilə vergi orqanına təqdim etdikləri qiymətlərlə vergi orqanının mütəxəssis rəyində müəyyən etdiyi fərqlə bağlı bildirmişdir ki, malın satış qiyməti onun idxal edildiyi dövrlərdən habelə satış həcmindən asılı olaraq dəyişir. Şirkətdən 2 litr yağ alan adamla 200 litr yağ alan adama eyni qiymətə verilmir, fərqli verilir. İdxal edilmiş mallar heç bir halda maya dəyərindən aşağı satılmamış, minimum 12-15 faiz baha satılmış və müvafiq qiymətlərə uyğun olaraq da 20 faiz mənfəət vergisi hesablanıb ödənilmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı MMC-də vergi yoxlamasını həyata keçirmiş böyük dövlət vergi müfəttişi X2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, səyyar vergi yoxlaması keçirilən zaman mal qalığı ilə bağlı inventarizasiya da keçirilmişdir, yəni həm mühasibat uçotu ilə, həm də səyyar vergi yoxlaması ilə bu qiymətlər öz əksini tapmışdır. Mühasibat uçotunu vergi ödəyicisi təqdim etmişdir. “Mühasibat uçotu haqqında” Qanuna görə istər idxal malları, istərsə də, daxildən alınan mallar hamısı 41-ci hesab vərəqəsində öz əksini tapır. 41-ci hesab vərəqəsi mal materialların uçotudur, orada həm malların məbləği, həm də miqdarı göstərilir. Hər ay satış olanda və yaxud mal alınanda ƏDV-siz, yəni 41-ci hesab vərəqəsi mədaxil olunur. Bundan əlavə vergi ödəyicisinin qaimə hesab- faktura ilə satdığı mallar var, sənəd üzrə 994 ədəddir, ümumi məbləği təxminən 447 min manata yaxındır. Ümumi dövriyyədə 5 faiz civarında olur. Bunun siyahısı da var. O, yoxlama zamanı vergi öcəyicisindən xahiş etmişdir ki, əgər ilkin sənədləri verə bilmirlərsə, 41-ci hesab vərəqəsini ona təqdim edin, satışa qədər mal qalığını, malın məbləğini yazıb versin, vergi hesablansın. Yoxlama üçün ən vacib olan sənədlərdən biri 41-ci hesab vərəqəsidir. O, MMC-nin satdığı mallara ekspertin müəyyən etdiyi bazar qiymətini tətbiq etməklə vergini hesablamışdır. Qiymətləri vergi ödəyicisinin təqdim etdiyi 41-ci hesab vərəqəsi əsasında vergi ödəyicisinin satışını müəyyən etmiş və hesablamışdır. Məhsulların satışını isə ekspertin müəyyən etdiyi qiymətlərə əsasən hesablamışdır.

19. Məhkəmə kollegiyasının iclasında şahid X3 ifadə verərək bildirdi ki, göstərilən tarixdə İddiaçı anbarında və dükanlarında baxış keçirmiş, dükanda olan bəzi malların qiymətləri üzərində yazılmışdı, onların fotoşəkilləri çəkilərək rəyə əlavə olunmuşdur, digər malların qiyməti isə müxtəlif internet saytlarından, anoloji malların satışını həyata keçirən ticarət şəbəkələrindən öyrənilmiş və rəydə qeyd olunmuşdur. Həmin vaxt yoxlayıcı Təhməzov Camal ona malların adlı siyahısını və gömrük sənədlərini təqdim etmişdir. Bəzi malların qiyməti mağazada var idi, bəzilərini isə üçüncü şəxslərdən şifahi məlumat almaq yolu ilə və internet resursları vasitəsilə müəyyən etmişdir. Hansı malların qiymətini internet resurslarından müəyyən etdiyini xatırlamır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

23. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırki işin hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı müəssisənin rəhbərliyi tərəfindən göstərilən dövr üzrə qaimələr və müqavilələrin, həmçinin satılmış malların ilkin sənədlərinin təqdim olunmadığını əsas gətirərək ekspertiza təyin etmiş və ekspert qarşısında iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə satılmış malların bazar qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Ekspert tərəfindən vergi ödəyicisinə məxsus mağaza, yağlama sexində göstərilən məlumatlar nəzərə alınaraq sürtgü yağları, filtrlərin satışını həyata keçirən digər mağazalardan məlumatlar öyrənilməklə adları göstərilən malların orta bazar qiymətləri müəyyənləşdirilmiş və xx.xx.2019-cu il tarixdə “Azərekspertiza” birliyindən ekspert rəyi alınmışdır. Ekspert rəyi əsasında malların bazar qiymətlərindən aşağı qiymətə rəsmiləşdirildiyi və bununla da ƏDV-nin 179231,70 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi 2017-ci il üzrə mənfəət vergisi üzrə 5.064.670,91 manat gəlir göstərmişdir. Ekspert rəyinə əsasən vergi ödəyicisi tərəfindən malların bazar qiymətlərindən aşağı məbləğdə rəsmiləşdirildiyi müəyyən edilmiş, nəticədə yoxlama ilə gəlirin 6.346.583,31 manat olduğu və 741.912,4 manat dövriyyənin azaldılması aşkar edilmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2029-cu il tarixli **********195602 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə "xxxx" MMC-yə mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi və müzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergiyə görə azaldılmaya yol veridiyinə görə 326886,06 manat əlavə vergi və 163443,04 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir.

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən topdansatış fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin idxal etdiyi malların satışı ilə bağlı bazar qiymətini müəyyən etmək üçün ekspert qarşısında sual qoyularkən bu qiymətin pərakəndə, yoxsa topdansatış üzrə qoyulması nəinki «Ekspertizanın təyin edilməsi haqqında» qərarda dəqiq olaraq göstərilməmiş, həmçinin ekspertin həmin qiyməti pərakəndə satış üzrə müəyyən etməsi belə səyyar vergi yoxlaması aktı tərtib olunarkən, onun nəticəsinə dair məsuliyyətə cəlb etmə qərarı qəbul olunarkən nəzərə alınmamışdır. Halbuki vergi orqanının xx.xx.2019-cu il tarixli «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarı «Azərekspertiza» Birliyinin xx.xx.2019-cu il tarixli rəyi əsasında qəbul edilmişdir ki, həmin qərarın da qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən inzibati orqanın üzərinə düşür. İş üzrə səyyar vergi yoxlaması dövrü üçün ekspert tərəfindən müqayisə edilən malların qiyməti internet saytları və qeyri-müəyyən ünvanlarda yerləşən satış mağazaları üzrə aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur. Ekspert sürtkü yağları, filtrlər və s. bazar qiymətini müəyyən edərkən ədəbiyyat və informasiya mənbəyi kimi istinad etdiyi internet ünvanlarında (saytların) hansı məqalələrdən istifadə etdiyini, istinad olunan fiziki və hüquqi şəxslər barədə, onların şifahi formada verdiyi hansı məlumatları dəqiq göstərmədiyindən onun konkret hansı mənbədən istifadə etdiyi də aydın deyildir. Həmçinin vergi orqanı tərəfindən iddiaçıda aparılan səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydaların pozulmasına da yol verilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı malların qiymətinin müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən «Ekspertizanın təyin edilməsi» haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilsə də, bu zaman həmin qərarla bağlı müvafiq protokol tərtib edilməmiş, belə ki, həmin protokol məhkəməyə təqdim olunmamış, bunun nəticəsində vergi ödəyicisinin ekspertizanın təyin olunması ilə bağlı vergi qanunvericiliyində göstərilən hüquqlarının ona izah edilməsi təmin olunmamış və buna görə də Vergi Məcəlləsinin 44-cü maddəsinin tələbləri pozulmuşdur. Odur ki, vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********195602 saylı qərar qəbul edilərkən əsas götürülmüş xx.xx.2019-cu il tarixli ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. İş üzrə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halına yol verilməsini təsdiq edə biləcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır.

27. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə aşağıdakılara əsasən razılaşmır.

28. İlk növbədə qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri)

29. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

30. İşdə olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X3 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, aparılmış araşdırma zamanı İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə satılmış malların orta bazar satış qiyməti müəyyən edilmişdir. Araşdırmalar müxtəlif internet saytlarında göstərilən məlumatlar nəzərə alınmaqla və sürtkü yağları və filtrlərin satışını həyata keçirən mağazalardan malların satış qiyməti öyrənilməklə aparılmışdır. Qiymətləndirmə zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyinin baza məlumatlarına və material.az, ru.all-in.az, biznesinfo.az, elanlarim.com, birja-vdv.az və s.saytlara istinad edilmişdir.

31. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, İddiaçı MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Lakin vergi orqanının «Ekspertizanın təyin olunması haqqında» **********162470 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, ekspertiza təyin olunarkən ekspert qarşısında yoxlanılan dövrə aylar üzrə satılmış malların real bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı sual qoyulmuşdur. Yəni, ekspertiza təyin olunarkən bu barədə qərarda yoxlanılan dövr üçün aylar üzrə satılmış malların bazar qiymətinin topdansatış və ya pərakəndə satış üzrə müəyyən edilməli olması dəqiq olaraq göstərilməmişdir. Təyin olunan ekspertiza ilə bağlı verilmiş ekspert rəyində iddiaçı tərəfindən 2017-ci ilin yanvar ayından 2018-ci ilin aprel ayınadək olan dövrdə aylar üzrə satılmış malların real orta bazar qiyməti müəyyən edilmişdir.

32. İşin hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı müəssisənin rəhbərliyi tərəfindən göstərilən dövr üzrə qaimələr və müqavilələrin, həmçinin satılmış malların ilkin sənədlərinin təqdim olunmadığını əsas gətirərək ekspertiza təyin etmiş və ekspert qarşısında iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün aylar üzrə satılmış mallartın bazar qiymətlərinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə xx.xx.2019-cu il tarixli qərarı qəbul edərkən ekspert rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan həmin rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir.

33. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib hesab edir ki, ekspert rəyi cavabdeh inzibati orqanın qanuni əsasla əldə etdiyi sübut növüdür və vergiyə cəlb olunan dövriyyənin hesablanması ekspert rəyi və digər əlaqəli sübutlarla müəyyən edilə bilər. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı ekspert rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız ekspert rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir.

34. Nəzərə alınmalıdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqininin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə, eləcə də analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisinə aid məlumatlara istinadən ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir.

37. Belə ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə görə, Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin müəyyən olunması nəticə vermədiyi təqdirdə, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsi ilə hər bir halda birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsi tələb olunmur.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012ci il tarixli Qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır.

39. Vergi orqanı tərəfindən yuxarıda qeyd olunan tələblərə əməl edilməmiş, Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində əsaslı tədbirlər görülməmişdir. Vergi Məcəlləsinin 14.6.3cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Lakin cavabdeh yalnız ekspertin rəyindən yararlanmış, ekspert tərəfindən oferta kimi təqdim edilmiş məlumatlar əsasında verilmiş rəyi mötəbər sübut kimi qiymətləndirmiş, onun tərəfindən təqdim edilmiş qiymətlər əsasında satış dövriyyəsi müəyyən edərək həmin dövriyyədən əlavə vergi hesablamışdır. Halbuki, ekspert rəyinin mötəbərliyi ilə bağlı məhkəmə kollegiyasının iclasında dindirilmiş ekspert, habelə iddiaçı MMC-yə mühsibat xidmətləri göstərən A.Rzanın ifadələri ilə də şübhə altına alınmışdır. Belə ki, eksert hansı malların qiymətinin hansı internet resursundan əldə edilməsi ilə bağlı məhkəmənin sualına cavab olaraq bunu xatırlamadığını bildirmiş, nə cavabdeh inzibati orqan, nə də ekspert iddiaçının satdığı mallara analoji olan malların bazar qiyməti ilə bağlı ekspert rəyinin əsaslandığı hər-hansı mötəbər sübut təqdim etməmişdir.

40. Halbuki, qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməsi iddiaçının yuxarıda göstərilən hüquqlarının pozulmasına səbəb olmuşdur. Lakin hazırkı iş üzrə inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-32/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar