Məhkəmə qərarları › İş №2-1(105)-414/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-414/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-414/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1455/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ AZ-İİ 147082 nömrəli “Ölüm haqqında Şəhadətnamə” yə əsasən X6 09 yanvar 2002ci il tarixdə ölmüşdür. İddiaçı ərizə ilə DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək ünvan 1ində yerləşən mərhum atası X4 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 08 fevral 2022-ci il tarixli **********07 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin adına qeydiyyata alınmışdır. Torpaq sahələri mübahisəli ərazidə yerləşdiyinə görə həmin torpaq sahəsinin üzərində mərhum atası X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1ində yerləşən mərhum atası X4 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən, iddiaçının mərhum atası X4 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Qeyd edir ki, cavabdeh torpaq sahəsinin bir hissəsini daşınmaz əmlakın dövlət reyestrində başqa bir şəxsin adına qeydiyyata alındığını qeyd etsə də, həmin şəxsin kimliyini açıqlamamış və torpaq sahəsinin hansı hissəsinin başqa şəxsin adına dövlət reyestrində qeydiyyata alınmasını göstərməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1455/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İ.Quliyev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı Qobustan rayonu, Bəlkə kəndində yerləşən mərhum atası X4 məxsus 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və arayışın verilməsini xahiş edir. Lakin iddiaçı tərəfindən mərhum atası X3 vərəsəsi olması ilə bağlı sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi bu halda iddiaçının iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Bundan başqa işin hallarından göründüyü kimi cavabdeh qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd edir ki, birinci instansiya məhkəməsinin ilk iclasında X3 onun atası olması ilə bağlı sübut təqdim olunması ilə məhkəmənin tələbinə münasibətdə iddiaçı özünün doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qərardadı qəbul edildikdən sonra mərhum atasından miras qalmış hazırda mübahisələndirdiyi torpaq sahəsi ilə əlaqədar vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı o əsasla mümkün saymamışdır ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququnu təsdiq edən, mərhum atasının qanuni vərəsəsi olması ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa işin hallarından göründüyü kimi cavabdeh mübahisəli torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını qeyd edir. İddianın uğurluluq ehtimalı baxımından bu halın araşdırılması və ona uyğun hüquq müdafiə vasitəsi seçilməsi məqsədəmüvafiq hesab edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Hazırkı işdən görünür ki, məhkəmə yardım etmək vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 15 fevral 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iddianın mümkün sayılmamasına səbəb olan halları iddiaçının diqqətinə çatdırmaqla kifayətlənmiş, həmin halları iddiaçı ilə müzakirə etdikdən sonra həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmamış, bunun üçün ağlabatan vaxt təyin etməmişdir. İşdən görünür ki, iddiaçı apellyasiya şikayəti verdikdən sonra mərhum atasından miras qalmış torpaq sahəsi ilə əlaqədar vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 112 nömrəli məktubdan görünür ki, X3 ölümü ilə əlaqədar xx.xx.2023-cü il tarixdə vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuşdur. Miras əmlakın tərkibində olan ünvan 1i ünvanında yerləşən 0,18 ha həyətyanı torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili nəticəsində müəyyən edilir ki, daşınmaz əmlak üzərində üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün ərazi idarəsinə müraciət etmədən öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsələri inzibati orqana müraciət etmək, həmçinin, müvafiq tələblə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından iddiaçının müraciəti ilə onun mərhum atasından miras qalmış əmlakla əlaqədar vərəsəlik işi açıldığı, başqa sözlə, iddiaçının notarius tərəfindən müəyyən edilən vərəsə olduğu, bununla da onun hazırki iddianı qaldırmağa subyektiv hüququnun olduğu müəyyən edilir. Odur ki, bu hissədə məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, şikayətin dəlillərini əsaslı hesab edir. Bundan əlavə, birinci instansiya məhkəməsi qərardadında iddianın mümkünsüz sayılmasının digər əsası kimi cavabdehin imtina məktubunda torpaq sahəsi üzərində başqa şəxsin mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığının göstərildiyini, iddianın uğurluluq ehtimalı baxımından bu halın araşdırılması və ona uyğun hüquq müdafiə vasitəsi seçilməsinin məqsədəmüvafiq hesab edilə biləcəyini qeyd etmişdir. Kollegiya məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvəla iş materiallarında torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı səlahiyyətli dövlət orqanından mütəxəssis rəyi alınmamışdır. Cavabdehin imtina məktubu həmin nəticəyə gəlməyə əsas verəcək yetərli sübut sayıla bilməz. Bundan başqa, həmin məktubdan görünür ki, torpaq sahəsi bütövlükdə deyil, yalnız bir hissədə daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin adına qeydiyyata alınmışdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(118)-1455/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar