Məhkəmə qərarları › İş №2-1(105)-414/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-414/2024

15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-414/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Parvız Rustamovun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə ona ayrılmış Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi üzərində mülkiyyət hüqununu qeydə alınması və daşınmaz əmlakın dövlət reystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4658/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt şəhər Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli, 27 saylı qərarının surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 400 kv metr həyətyanı torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli, 27 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi ona təhvil verilmişdir. Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən tərtib edilmiş mövqe planından çıxarışın surətindən görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli, 27 saylı qərarı ilə İddiaçı adına rəsmiləşdirilmiş Sumqayıt şəhər 20-ci mikrorayon ünvanında yerləşən həyətyanı torpaq sahəsi barəsindədir. Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən 2005-ci ildə tərtib edilmiş inşaat pasportunun surətindən görünür ki, İddiaçı adına rəsmiləşdirilmiş Sumqayıt şəhər 20-ci mikrorayon ünvanında yerləşən həyətyanı torpaq sahəsi barəsindədir. Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Sumqayıt bələdiyyəsinin hesabına ******* manat torpaq alqı-satqı pulu ödəmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanladığı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, ərizənizə əlavə edilmiş sənədlərin arxiv əsasları idarənin arxiv saxlancında aşkar olunmamışdır. Müraciətinizə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması saydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına uyğun olaraq bələdiyyənin 03 oktyabr 2003cü il tarixli 92 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi, kadastr planı və alqı- satqı aktı tərtib edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 184 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı adına torpaq sahəsinin rəsmiləşdirilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 27 saylı iclas protokolunun qərarı və ona əlavə edilmiş sənədlərin kserosurətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin 2 tərəfi yol, digər tərəfləri qonşudur. 4 tərəfi mişar daşı ilə hasarlanmışdır. Texnik inventarlaşma işləri aparılmış, boş torpaq sahəsi olması və 0.0184 ha artıq torpaq sahəsi mövcud olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi cavabdehin üzərinə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi olan mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 400 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüqununu qeydə alınması və daşınmaz əmlakın dövlət reystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikmək üçün 400 kv m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılması mövcud qanunvericiliyə uyğun aparılmış və o, bələdiyyəyə torpaq sahəsinə görə bələdiyyənin hesabına torpaq haqqı olaraq 1.000.000 manat pul (köhnə pulla) ödəmişdir. Bələdiyyənin 1 avqust 2005-ci il tarixli aktı ilə torpaq sahəsinin naturada yeri müəyyən edilmiş, nişanlanmış və ona təhvil verilmişdir. Torpaq ayrıldığı tarixdən qanuni əsaslarla həmin torpaq sahəsindən istifadə edir və ona sahiblik edir. Torpaq sahəsini hasara almış və üzərində digər işlər görmüşdür. Bu müddət ərzində torpaq sahəsi ilə əlaqədar heç kimin (dövlət və ya qeyri-dövlət orqanlarının, bələdiyyə, hüquqi və fiziki şəxslərin) ona qarşı iddiası, tələbi və ya narazılığı olmamışdır. O, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəfləridən araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti 3-21-3-31/1-R-0018-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin arxiv əsasları idarənin arxiv saxlancında aşkar olunmamışdır. İddiaçının müraciətinə dair sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqısatqısı Qaydaları”nın müddəalarına uyğun olaraq bələdiyyənin 03 oktyabr 2003-cü il tarixli 92 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi, kadastr planı və alqı-satqı aktı tərtib edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 184 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4658/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən 400 kv m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüqununu qeydə alınması və daşınmaz əmlakın dövlət reystrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının tərtib edilməməsi, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Bundan başqa iddiaçının faktiki istifadəsində torpaq sahəsinin artıq olmaması ona qanunvericiliklə müəyyən edilmiş qaydada topraq sahəsinin qeydə alınması üçün maneə deyildir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Sumqayıt Bələdiyyəsinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Rarvız Rustamov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı ilə iddiaçının adına ayrılmış 400 kv.m torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair arxiv sənədlərinin arxiv saxlancında aşkar olunmaması, müvafiq icra hakimiyyəti orqanının rəyi, kadastr planı və alqı-satqı aktının tərtib edilməməsi, 184 kv.m zəbt torpaq sahəsinin olması halına istinad etməklə, sözügedən torpaq sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi Sumqayıt Şəhər Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 27 saylı qərarı ilə iddiaçının adına ayrılmışdır. İddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş, bu barədə qəbz mövcuddur. Bələdiyyə təərfindən həmin torpaq sahəsinin yerləşmə mövqeyinə dair sxem tərtib edilmiş, habelə torpaq shaəsinin naturada yerinin müəyyən edilərək, nişanlanması və təhvil verilməsi barədə akt tərtib edilmiş, sözügedən torpaq shaəsi iddiaçıya təhvil verilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş torpaq sahəsinin texniki vəziyyətinə dair müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir, sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,04 ha, faktiki istifadə üzrə 0,0584 ha olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən isə iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi sözügedən torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının rəyi, kadastr planı və alqı-satqı aktının tərtib edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunamamaqla, onun hüquqi məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etməmişdir. Qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi məhz müvafiq inzibati orqan və qurumların səlahiyyətinə aid olmuşdur. Belə olan halda, məhz müvafiq qurumların öz öhdəliyini lazimi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının mövcud olan hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunvericiliyin mahiyyətinə, məqsədinə və prinsiplərinə zidd olmaqla yanaşı, iddiaçının konstitusion hüququnun əsassız olaraq mədudlaşdırılmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının, iddia tələbinə etirazın və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi həmin hallar (müvafiq rəy, kadastr planı və alqı-satqı aktının olmaması halı) əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət vermişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair arxiv sənədlərin aşkar edilməməsi halına istinad etsə də, məhkəmə araşadırması zamanı həmin sənədlərin arxiv nüsxələri müvafiq arxiv idarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan inzibati icraat çərçivəsində öz təşəbbüsü ilə digər inzibati orqana sorğu göndərmədən, bu istiqamətdə araşdırma aparmadan, formal olaraq, həmin əsasa istinad etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina əsasları həmin hissədə də əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi digər əsasla bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, hazırda da iddiaçının faktiki istifadəsindədir, bu hal cavabdehin özünün təqdim etdiyi müayinə aktı əsasında da öz təsdiqini tapır. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,04 ha, faktiki istifadə üzrə 0,0584 ha olduğu qeyd edilmişdir. Belə olan halda iddiaçının faktiki istifadəsində artıq zəbt sahəsinin olması halı hüquqmüəyyənedici sənəd üzrə onun adına ayrılmış 0,04 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas kimi çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılasına gətirib çıxarda bilər. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4658/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar