Məhkəmə qərarları › İş №2-1(105)-415/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-415/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-415/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(118)-671/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı əmək kitabçasında və müvafiq arayışlarda göstərilən iş stajını nəzərə alaraq ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə və “X6 LTD” müəssisəsinin arayışına əsasən sığorta stajı 35 il 2 ay 14 gün olmaqla qanunvericiliklə ona münasibətdə tələb olunan müddətdən çox olduğunu, lakin, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22599,84 manat pensiya kapitalı 60 yaşa uyğun olaraq qanunvericiliklə İddiaçı münasibətdə tələb olunan 25920 manat pensiya kapitalından az olduğundan əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmadığını bildirmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(118)-671/2023 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı (əmək kitabçasında və müvafiq arayışlarda göstərilən iş stajını nəzərə alaraq) əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək işə baxılması 25 may 2023-cü il tarixə təyin edilmiş və tərəflər lazımi qaydada məlumatlandırılmışlar. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən pensiya təyin edildiyini bildirərək bu barədə X3 Sistemindən müvafiq çıxarış təqdim etmiş, şifahi vəsatət verərək tərəflər arasında artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ona pensiyanın təyin olunduğunu və aprel ayı üçün pensiya ödənişini aldığını, cavabdehin vəsatətinin mahiyyətini başa düşmədiyini bildirmişdir. Kollegiya tərəfindən iddiaçıya yardım göstərilərək İPM-nin müvafiq normaları, iş üzrə icraata xitam verilməsi əsasları və qaydası izah edilmiş, iddiaçı tələb olunandan artıq əmək stajının olduğunu, pensiyasının kəsilməsini istəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəflərini, o cümlədən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı hallar proses iştirakçıları ilə müzakirə edilmiş, iddiaçı ilə cavabdeh arasında artıq pensiyanın təyin edilməsi ilə bağlı mübahisənin olmaması tərəflərin diqqətinə çatdırılmış, cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib-etməməsi ilə bağlı suala cavab olaraq artıq mübahisə olmadığından şikayəti də müdafiə edə bilmədiyini bildirmişdir. İnzibati-Prosessual Məcəllənin 87-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır (maddə 87.2, 87.3 və 87.4). Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarına əsasən hazırkı vəziyyətdə iddiaçı ilə cavabdeh inzibati orqan arasında mübahisə mövcud deyildir. Cavabdehin şifahi vəsatətinə və təqdim edilən xx.xx.2022-ci il tarixli qərara münasibətdə isə kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin “Birinci instansiya məhkəməsində icraat” adlı Vİİİ fəslinin “İddiaçının tələblərinin təmin olunması” adlanan 67-ci maddəsi nəzərdə tutur ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). 67.3-cü maddəyə əsasən isə Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilən normaların təhlilindən görüdüyü kimi, qanunvericilik birinci instansiya məhkəməsi tərəfindən yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlı olmasını nəzərdə tutur. Hazırkı işdə isə cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə birinci instansiya məhkəməsinə hər-hansı məlumat verməmiş, əksinə verilmiş iddiaya etiraz edərək özünün imtina ilə bağlı mövqeyini müdafiə etmiş, habelə iddianın təmin edilməsi barədə qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Yalnız birinci instansiya məhkəməsinin iş üzrə yekun qərarından apellyasiya şikayəti verməklə yanaşı həmin qərarda gəlinən nəticəyə uyğun olaraq iddiaçıya pensiya təyin edilməsi barədə 1 ildən əvvəlki tarixə - xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir ki, bu hal da iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadla apellyasiya şikayəti mümkün hesab edilərkən məhkəmədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarı barədə hər-hansı məlumat olmamış, cavabdeh verdiyi apellyasiya şikayətində də bu hala istinad etməmişdir. Həmin hal məhkəməyə yalnız xx.xx.2023-cü il tarixdə məlum olmuş və artıq tərəflər arasında mübahisə olmadığından şikayətin mümkünlüyü ilə bağlı halın tərəflərin iştirakı ilə müzakirə edilməsi zəuri hesab edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh inzibati orqan arasında mübahisə olmadığından və cavabdeh inzibati orqan apellyasiya şikayətini müdafiə etməyərək digər əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və cavabdehin apellyasiya şikayəti mümkün hesab edilməməli, аpellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Kollegiya həmçinin hazırkı və məhkəmənin icraatında olmuş digər iş (2-1(105)- 332/2023№-li iş) üzrə cavabdeh inzibati orqanın davranışına münasibətdə qeyd edir ki, vətəndaşların pensiya hüquqlarının cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq təmin edilməməsi ilə bağlı mübahisələr üzrə artıq formalaşmış məhkəmə təcrübəsinin mövcudluğuna baxmayaraq, cavabdehin yenidən eyni əsaslarla inzibati icraatda vətəndaşların müraciətlərinin təmin edilməməsi, daha sonra isə həmin işlər üzrə vətəndaşların xeyrinə çıxarılmış məhkəmə qərarlarından şikayətlərin verilməsi təcrübəsi qalmaqda davam edir ki, bu təcrübə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsiplərinə, habelə inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı tətbiq olunmalı olan qanunçuluq, etimad hüququnun qorunması, formal tələblərdən suiistifadənin və hüququn tətbiqindən imtinanın qadağan olunması kimi prinsiplərə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını, o cümlədən həmin Konstitusiyanın 38-ci maddəsi ilə təminat verilən pensiya hüququnu gözləməyə və qorumağa borclu olan inzibati orqanın vətəndaşlara münasibətdə hazırkı işdə olan davranışı, eyni zamanda prosessual hüquqlardan sui-istifadə cəhdi, mübahisənin guya məhkəmə qərarı əsasında deyil, 1 ilə yaxın çəkən və iddiaçının xeyrinə yekunlaşan məhkəmə icraatından sonra məhkəmədənkənar qaydada həll olunması görüntüsü yaratması qəbuledilməzdir. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq iddiaçıya pensiya təyin edirsə, sadəcə olaraq yekun məhkəmə qərarından şikayət verməməklə, yaxud verilmiş şikayətdən imtina etməklə həm məhkəmələrdə eyni kateqoriyadan olan əsassız iş sayının azalmasına töhfə verə, həm də şikayətin tərtib edilməsi, şikayət üzrə məhkəmə iclaslarında nümayəndələrin iştirakının təmin edilməsi kimi vəzifələrdən azad olmaqla sərf olunan vaxt və maliyyə xərcləri baxımından öz inzibati resurslarına da qənaət etmiş olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1 (105)-415/2023 saylı qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2-1(118)-671/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar