Məhkəmə qərarları › İş №2-1(105)-416/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-416/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-416/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 1 saylı regional ərazi filialına qarşı iş üzrə (açar sözlər: Əlilliyə görə pensiyanın təyin edilməklə əlilliyə görə müavinətlə əlilliyə görə pensiyanın arasındakı fərqin ödənilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 1 saylı regional ərazi filialına qarşı “01.01.2014-cü ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-834/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 1 saylı regional ərazi filialına qarşı “01.01.2014-cü ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı 14.07.2021-ci il tarixli ərizəsi ilə iddia tələbini dəqiqləşdirərək, əlilliyə görə müavinət aldığından, 2014-cü ildən əlilliyə görə pensiya hüququ yaranmış olsa da, 2020-ci ildə atası vəfat edəndən sonra ailə başçısını itirməyə görə pensiya alandan sonra ona əlillik pensiyasının düşdüyünü də bilmişdir. Hesab edir ki, atasının pensiyasını alana qədər əlillik müavinəti ilə əlillik pensiyasının fərqini almaq hüququ var. Ona görə də son üç il üçün 2017-2020-ci illər ərzində olan məbləğin ödənilməsinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş edir.

İddiaçının əsaslandırması:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 01.04.2020-ci il tarixdən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu əmək pensiyası ona uşaqlıqdan əlil olduğu üçün valideyninin vəfatı ilə əlaqədar olaraq təyin edilmişdir. Ona əmək pensiyası təyin edilənədək ona əlil kimi müavinət ödənilmişdir. Lakin ona 01.01.2014-cü ildən əlilliyə görə əmək pensiyası düşür. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 12-ci maddəsinə əsasən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 6 il 08 ay əmək stajı tələb olunur. Cavabdeh tərəfindən onun müraciətinə 23 iyun 2020-ci il tarixli məktubla cavab verilmiş olsa da, cavabdeh şöbənin hərəkəti qanunsuzdur. Onun 01.01.2014-cü il taixədək tələb olunan 06 il 08 ay əmək stajına qarşı 12 il 04 ay əmək stajı vardır. Həmin əmək stajının 04 il 04 ayı 01.01.2006-cı ilədək, 08 ili isə 2006-cı ildən sonrakı dövrü əhatə edir.

Cavabdehin etirazları:

4. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 1 saylı regional ərazi filialı iddiaya qarşı etirazında qeyd etmişdir ki, vətəndaşa pensiya hüququnun yarandığı 01.04.2020-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə pensiya təyin edilmiş və pensiyanın məbləği 604.20 manat təşkil edir. “Əmək Pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 2-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının 01.01.2014-cü il tarixdən əmək pensiyası təyin edilməsinə görə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciətinin olmaması səbəbindən ona qeyd olunan dövrdən əmək pensiyası təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci və apelyasiya instansiya məhkəmələrində icraat:

5. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(118)-1135/2020 saylı qərarı (hakim İ.R.Quliyev) ilə iddianın rədd edilməsi qərara alınmışdır.

6. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(118)-1135/2020 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apelyasiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(105)-200/2021 saylı qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(118)-1135/2020 saylı qərarının ləğv edilməklə işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-834/2021 saylı qərarı ilə iddia tələbinin təmin olunmaması qərara alınmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

9. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona 01.04.2020-ci il tarixdən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin əmək pensiyası ona uşaqlıqdan əlil olduğu üçün valideyninin vəfatı ilə əlaqədar olaraq təyin edilmişdir. Ona əmək pensiyası təyin edilənədək isə əlil kimi müavinət ödənilmişdir. Lakin ona 01.01.2014-cü ildən əlilliyə görə əmək pensiyası düşür. Əmək pensiyaları haqqında Qanunun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Məhz qanunun bu göstərişinə əsasən onun əmək pensiyasının təyin edilməsilə bağlı müraciətinə heç bir məhdudiyyət qoyulmamışdır. Digər tərəfdən cavabdeh onun savadının olmamasından sui-istifadə edərək ailə başçısını itirməyə görə müraciət etdiyi vaxt 01.04.2014-cü ildən əlilliyə görə əmək pensiyası almalı olması barədə ona pensiya müəyyən etməli olduğu halda bunu etməmişdir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz təqdim edilərək apelyasiya şikayətinin əsassız olması və şikayətin təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sosial müavinətlər haqqında qanunun 11.1.3-cü maddəsində “müavinətlərin ödənişlərin dayandırılması” bölməsində “18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət (dayandırma) - şəxs əmək pensiyası hüququ qazandıqda” müəyyən olumuşdur. İddiaçı Qəniyev 25.07.1994-cü ildən 01.04.2020-ci ilədək əlil kimi sosial müavinat almışdır. İddiaçı tələb etdiyi dövrə münasibətdə iki hüququndan (müavinət və ya əlilliyə görə pensiya) birini, yəni “əlil kimi müavinət almaq” hüququnu realizə etmişdir. Ona görə də iddiaçı hazırda ailə başçısını itirməsinə görə əmək pensiyası aldığından, onun əlilliyə görə əmək pensiyası almaq hüququ istisna edilir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətində qeyd edilən hüquqi mövqeyini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməklə iddiasının dəqiqləşdirilməsinə dair vermuş olduğu ərizəsində göstərdiyi 2017-2020-ci illəri üçün əlillik müavinəti ilə əlillik pensiyasının fərqinin ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

18. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

21. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

23. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

27. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

28. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

29. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

30. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

31. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

32. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1 Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01.07.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası). Maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Maddə 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 31.2. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 32.1. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

34. Məhkəmə kollegiyası hazırki qərarın 13-25-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin dinlənilmə hüququnu təmin edib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-834/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilməlidir.

35. Hazırki işin hallarından görünür ki, İddiaçı 30.06.1997-ci ildən 2-ci qrup əlil olmaqla, 01.02.1991-ci ildən 25.07.1994-cü ilədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq əlilliyinə görə, 25.07.1994-cü ildən 01.04.2020-ci ilədək 2-ci qrup uşaqlıqdan əlil kimi sosial müavinət almış (i.v.23), 01.04.2020-ci ildən isə ailə başçısının itirməsinə görə əmək pensiyası alır. Həmçinin İddiaçı əmək kitabçasından göründüyü kimi sonuncu 21.08.2001-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” zavoduna 3-cü dərəcəli bənna vəzifəsinə qəbul edilmiş və hal-hazıradək 5-ci dərəcəli suvaqçı vəzifəsində işləyir(i.v. 4-5). İddiaçı 09.02.2020-ci il tarixli 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair ərizəsinə DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən imtina verilərək qeyd edilmişdir ki, 01.01.2014-cü il tarixdən ona əmək pensiyası ödənilməsilə bağlı şöbəyə müraciəti olmadığından həmin dövrdən əmək pensiyası təyin edilməsi qanuna ziddir(i.v.24).

36. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qərarın 31-32-ci bəndlərində istinad edilən konstitusiyanın müvafiq maddəsinin tələbi baxımından hər kəs qanunla müəyyən edilmiş sosial təminat hüququndan istifadə edə bilər, o cümlədən əmək pensiyaları haqqında qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilməsi nəzərə alınmaqla iddiaçı 09.02.2020-ci ildə cavabdeh şöbəyə müraciət etməklə 01.01.2014-cü il tarixdən ona əmək pensiyasının təyin edilməsi barədə müraciətinin tamamilə imtina edilməsi əsassız olmuşdur. Belə ki, İddiaçı məxsus əmək kitabçasından göründüyü kimi sonuncu 21.08.2001-ci il tarixdən bənna vəzifəsinə qəbul edilmiş və hal-hazıradək suvaqçı vəzifəsində işləyir.

37. Kollegiya hazırki qərarın 9-cu bəndində öz əksini tapan iddiaçının apelyasiya şikayətinin dəlilləri, eləcə də hazırki qərarın 2-ci bəndində istinad edilən iddiaçının ərizəsilə əlaqədar qeyd edir ki, iddiaçı 14.07.2021-ci il tarixli ərizə ilə iddia tələbini dəqiqləşdirərək, uşaqlıqdan xəstəliklə əlaqədar əlilliyə görə müavinət aldığından, 2014-cü ildən əlilliyə görə pensiya hüququ yaranmış olsa da, 2020-ci ildə atası vəfat edəndən sonra ailə başçısını itirməyə görə pensiya alandan sonra ona əlillik pensiyaının düşdüyünü də bildiyindən atasının pensiyasını alana qədər əlillik müavinəti ilə əlillik pensiyasının fərqini almaq hüququnun olduğu üçün son üç ilə görə, yəni 2017-2020-ci illər ərzində olan məbləğin ödənilməsinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdiyindən 01.04.2020ci ildən əvvəlki üç il üçün, yəni 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək olan dövr üçün iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi hazırki qərarın 32-ci bəndində istinad edilən qanunun 32.1-1 və 32.1-ci maddələrinin tələblərindən irəli gəlir.

38. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci ilədək qüvvədə olan normasına əsasən, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələb olunmurdu.

39. Həmin Qanunun 12.1-ci maddəsində (01.07.2017-ci ildən qüvvədə olan redaksiyada) deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

40. İstinad edilən bu maddənin ikinci cümləsi, yəni əlilin fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalının olması barədə tələb, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə 10 mart 2017-ci il tarixli 543-VDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə olunmuş, 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir.

41. Müvafiq olaraq həmin tələb 01 iyul 2017-ci ildən sonra yaranmış münasibətlərə, yəni həmin tarixdən sonra İİ və İİİ qrup əlillik təyin edilmiş şəxslərə münasibətdə tətbiq edilə bilər. İddiaçının isə əlilliyi 30 iyun 1997-ci il tarixdə təyin edilmişdir və o, tələb etdiyi tarixə sosial sığorta stajına artıq malik olmuşdur. Belə ki, qanunun tələbinə əsasən, iddiaçıya özünün tələb etdiyi kimi, yəni 1978-ci ildə anadan olmuş İddiaçı 2014-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 7 il (36 yaş, əlillik dərəcəsinin təyin olunduğu vaxt – 15 yaş, əmək qabiliyyətli olmayan yaş dövrü = 21 x 4 ay = 84 ay/12 ay =7 il) sığorta stajı tələb olunur.

42. Beləliklə, sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı əlilliyə görə əmək pensiyası hüququ yarandığı vaxtda deyil, bundan çox sonra, yəni 2020-ci ildə müraciət etməsi onun qanunla müəyyən edilən hüquqdan istifadə etməsinə məhdudiyyət qoymur. Bu baxımdan iddiaçının özünün iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi təqdim etməklə 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin dövr üçün ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyasının fərqinin hesablanaraq ödənilməsini istəməsi nəzərə alınaraq İddiaçı göstərilən 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək olan müddətə əlilliyə görə əmək pensiyası təyin edilməli, eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlillliyə görə müavinət ödənilmiş, ona görə də sonuncuya həmin dövr üçün ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyasının fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-834/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 1 saylı regional ərazi filialına qarşı “01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin dövr üçün ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyasının fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə əmək pensiyası təyin edilsin. Həmin dövr üçün İddiaçı ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyasının fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar