Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-416/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ”06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək ona əlilliyə görə pensiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-1358/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya 06 aprel 2016-cı il tarixdən 06 aprel 2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmiş və həmin müddət ərzində ikinci qrup əlil olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. xx.xx.2021-ci il tarixdən sonra ona əlilliyə görə əmək pensiyasının ödənilməsi də dayandırılmış və yenidən əlillik təyin edilməsi ilə bağlı müraciəti əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 30 mart 2022-ci il tarixdən 30 mart 2027-ci il tarixədək ümumi xəstəlik səbəbindən ona İİ qrup əlillik təyin edilmişdir.
3. İddiaçı ona əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək ödənilməyən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq “06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək ona əlilliyə görə pensiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 06 aprel 2016-cı il tarixdən 06 aprel 2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmişdir. Həmin müddət ərzində ikinci qrup əlil olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin müddət bitdikdən sonra, yəni 06 aprel 2021-ci il tarixdən sonra ona əlilliyə görə əmək pensiyasının ödənilməsi də dayandırılmışdır. Yenidən əlillik təyin edilməsi ilə bağlı müraciəti əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 30 mart 2022-ci il tarixdən 30 mart 2027-ci il tarixədək ümumi xəstəlik səbəbindən ona İİ qrup əlillik təyin edilmişdir. Lakin əlilliyə görə əmək pensiyasının ödənişi 06 aprel 2021-ci il tarixdən deyil, ona əlillik təyin edilən tarixdən ödənilməyə başlamışdır. Halbuki həmin tarixdə əlilliyin yenidən təyini ilə bağlı müayinələrə cəlb edilmiş və həmin müayinələr əsasında əlilliyi qiymətləndirilmiş və İİ qrup əlillik təyin edilmişdir. Həmin müddətdə, yəni 06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək onun əlilliyi yeni müayinələr səbəbindən dayandırılsa da, xəstəliyi davam etmiş və əlilliyin yenidən 30 mart 2022-ci ildə qiymətləndirilməsi onun həmin tarixə qədərki dövrlərdə əlilliyini istisna etmir. Bu səbəbdən o, 06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək ona əlilliyə görə ödənilməyən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqan tərəfindən bu günə qədər onun müraciətinə hər hansı cavab verilməmişdir. Cavabdehin hərəkətsizliyi nəticəsində məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir: Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyin olunmuş əlilliyə görə pensiya ödənişi dayandırılmışdır. Bundan sonra, yenidən əlilliyə görə pensiya təyin olunması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yoxlanılaraq, İİ qrup əlillik təyin olunmuş və müvafiq tarixdən pensiya ödənişi həyata keçirilmişdir. Lakin, iddiaçı bununla razılaşmayıb, cavabdehə müraciət edərək ona pensiya ödənişinin xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsini tələb etmişdir. Cavabdeh müvafiq olaraq, ona əlilliyin müəyyən olunması ilə əlaqədar olaraq, qanunvericiliklə nəzərdə tutulan 6 aylıq müddət ötürüldüyündən pensiya ödənişinin qeyd olunan tarixdən ödənilməsinin mümkünsüzlüyünü bildirmişdir. İş üzrə icraat materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır. Lakin, iddiaçının növbəti müayinəsi xx.xx.2022-ci tarixdə həyat keçirildiyindən X5 Sistemindən çıxarışa əsasən ona əlilliyə görə əmək pensiyası qeyd olunan müddətdən bərpa edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 11 ay 3 həftə təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur.
7. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-1358/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək 06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək İddiaçı əlilliyə görə əmək pensiyası ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə olunması qərara alınmışdır.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın iddiaçının ərizəsinin təmin edilməsinə dair etirazı əsassızdır. Hazırkı iş üzrə iddiaçının İİ dərəcə əlil olması işin mübahisəsiz tərəfidir, yəni iddiaçının əlil olması mübahisələndirilmir. Belə ki, xx.xx.2016-xx.xx.2021 və xx.xx.2022-ci illər üzrə iddiaçıya əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 11 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 11 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 11 aylıq müddət ərzində iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar.
9. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Sumqayıt İnzibati Мəhkəməsinin xx.xx.2023-сü il tarixli 2-1(118)-1358/2023 nömrəli qərarında qeyd edildiyi kimi Azərbaycan Respublikasının Ali Мəhkəməsinin Рlеnumunun İnzibati Мəhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri şərt оnun mümkün oİmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-сü maddəsində iddiaçının iddia tələbinin mümkünlüyünün yoxlanılmasında məhkəmələr aşağıda qeyd olunan şərtlərə diqqət yetirməlidir: 1) Subyektiv hüququn olub-olmaması; 2) Cavabdehin həmin iddiaya саvаb verməli olub-olmaması; 3) Qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının оlub-olmaması; 4) inzibati Prosessual Мəсəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riаyət edilib-edilməməsi. İşin faktiki hallarından məlum olduğu kimi iddiaçının müraciəti aidiyyatı üzrə ТSЕК-ə еdildiуindən hеsаb edirlər ki, iş üzrə cavabdeh qeyd edilmiş qurum olmalıdır. Мəhkəmə prosesi ərzində hakimə bu barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdehə münasibət birmənalı olmuşdur. Nazirliyin tаbeliyində Dövlət Sosiaİ Мüdаfiə Fondu özünün nizаmnaməsinə uyğun olaraq, sadəcə sоsiаl ödənişlərin həyata keçirilməsi prosesini tənzimlədiyindən hеsab edirlər ki, iddiaçıya əlilliyin təyin оlunmasının gecikdirilməsi Fоndun səlаhiууət dаirəsinə şamil edilmir. Вu səbəbdən də, iddiaçıya münasibətdə cavabdehin dəyişdirilməsinə ehtiyac vardır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. I. Hər kəsin sosial təminat hüququ vardır. İİİ.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. “Sosial müavinətlər haqqında”Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər.
15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
16. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
20. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 06 aprel 2016-cı il tarixdən 06 aprel 2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən ikinci qrup əlillik təyin edilmiş və həmin müddət ərzində ikinci qrup əlil olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən sonra ona əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmış və yenidən əlillik təyin edilməsi ilə bağlı müraciəti əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 30 mart 2022-ci il tarixdən 30 mart 2027-ci il tarixədək ümumi xəstəlik səbəbindən ona İİ qrup əlillik təyin edilmiş və və pensiya ödənişinin həyata keçirilməsi bərpa edilmişdir. İddiaçı ona əlilliyə görə xx.xx.2021-ci il tarixdən 30 mart 2022ci il tarixədək ödənilməyən əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.
21. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı, pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən əlilliyi bərpa olunanadək ötən dövr- 30 mart 2022-ci il tarixədək, yəni 11 ay üçün ona pensiyanın ödənilməsidir.
22. Bununla bağlı qeyd edilməlidir ki, “Əliliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
23. Bundan əlavə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna 24 iyul 2021-ci ildən edilən dəyişikliyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (3.3-1-ci maddə).
24. İşin yuxarıda qeyd olunan mübahisəsiz hallarından görünür ki, iddiaçıya təkrar əlillik 11 aydan sonra, 30 mart 2022-ci il tarixdə təyin edilmişdir. İşə baxan məhkəmə 11 aylıq müddət ərzində əlilliyin təyin edilməməsinin iddiaçının təqsiri olmamasına istinadən ödənişin aparılmalı olması nəticəsinə gəlsə də, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan əlillik təyin edən qurumun qərarında göstərilən əlilliyin təyin tarixi ilə bağlıdır. Başqa sözlə, əlillik təyin edən qurumun qərarında qeyd olunan əlilliyin təyin tarixi cavabdehə pensiya ödənişinin hansı qaydada və hansı tarixdən həyata keçirilməli olması üçün əsasdır.
25. Hazırda iddiaçı ona əlilliyin vaxtında təyin edilməməsində təqsirsiz olması halından çıxış edirsə, bu halda, ilk növbədə o, əlilliyin təyini ilə bağlı 30 mart 2022-ci il tarixli qərarı mübahisələndirməklə, həmin qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsinə nail olduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı əvvəlki dövr üçün pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər.
26. Bundan əlavə, iddiaçı əlilliyin gec təyin edilməsində təqsirli olan dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər (“İnzibati icraat haqqında” Qanunun 89-cü maddəsi və Mülki Məcəllənin 1100-cü maddəsi).
27. Məhkəmə kollegiyası qeyd edilən mövqeyə əsaslanmaqla iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilməli olması barədə cavabdehin apellyasiya şikayətinin dəlilini də əsaslı hesab edir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, ilk növbədə mübahisələndirilən dövr üçün əlilliyin təyin olunması məsələsi həll olunduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı əvvəlki dövr üçün pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-1358/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ”06 aprel 2021-ci il tarixdən 30 mart 2022-ci il tarixədək ona əlilliyə görə pensiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.