Məhkəmə qərarları › İş №2-1(105)-418/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-418/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-418/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (açar sözlər: dəbbə pulu borcunun ləğv edilməsi) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Qurbanova Səkinə Ağakərim qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “əsassız hesablanmış 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(118)-422/2020 saylı qərarından İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı “əsasssız hesablanmış 10.349,27 manat məbləğində dəbbə pulu borcunun ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi **********5447 saylı 18.09.2017-ci il tarixli və **********2500 saylı 28.11.2017-ci il tarixli gömrük bəyannamələrindən göründüyü kimi tərəflərindən 18.09.2017-ci il və 28.11.2017-ci il tarixlərdə "kanepox lining free 3430" adlı mallar istehsal məqsədi ilə ölkəyə idxal edilmişdir. Bununla bağlı olaraq müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və "kanepox lining free 3430" adlı mallara gömrük orqanları tərəfindən 320890 təsnifat kodu verilərək idxal rüsum dərəcəsi 0,5% olmaqla hər bəyannamə üzrə 414.08 manat məbləğində rüsum hesablanmış və hər iki gömrük bəyannamələri üzrə onlar tərəfindən cəmi 828.16 manat idxal rüsumu ödənilmişdir. Daha sonra təxminən 2019-cu ilin iyul aylarında cavabdehin məsul şəxsləri tərəfindən MMC-yə verilən məlumata əsasən daxili gömrük auditi tərəfindən aparılmış yoxlamaların nəticəsi olaraq əvvəllər **********5447 saylı və **********2500 saylı gömrük bəyannamələrində idxal olunmuş malların idxal rüsumu dərəcəsi 15% əvəzinə 0.5% kimi rəsmiləşdirilmişdir. Nəticədə 24.028,88 manat idxal rüsumu və 4.325,20 manat ƏDV, cəmi 28.354,08 manat gömrük ödənişləri az hesablandıgından həmin məbləğin də ödənilməsi MMC-dən tələb olunmuşdur. Onlar da öz növbəsində buna razılıq verərək gömrük orqanları tərəfindən vaxtında az hesablanmış qalıq məbləği ödəmişlər. Lakin cavabdeh tərəfindən MMC-yə yuxarıda qeyd olunan əməliyyatların nəticəsi olaraq əlavə 10.349,24 manat məbləğində dəbbə pulu hesablaması ilə onlar qətiyyən razı deyillər. Çünki ölkəyə idxal olunan bütün mallar məhz gömrük orqanları tərəfindən gömrük yoxlamasından və laboratoriyadan keçirilir, təsnifat kodu verilir və dövlət rüsumları təyin olunaraq sahibkara bu barədə məlumat verilir. Sahibkar da öz növbəsində tələb olunan rüsumları ödəməklə gətirdiyi malları ölkəyə idxal edir. Yuxarıda adı çəkilən mallar MMC-i tərəfindən ölkəyə idxal edilərkən gömrük orqanı tərəfindən idxal rüsum dərəcəsi 0,5% olaraq hesablanmış və müəssisə də öz növbəsində həmin ödənişləri vaxtında və lazımi qaydada icra etmişdir. Həmin ərəfələrdə gömrük orqanları tərəfindən idxal rüsum dərəcəsi 0,5% deyil, 15% həddində hesablansa idi, müəssisə təbii ki, həmin ödənişləri də lazımi qaydada icra edəcəkdi və indiki kimi süni dəbbə pulu borcu yaranmamış olacaqdı.

Cavabdehin etirazları:

3. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin 17 dekabr 2019-cu il tarixində Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında qeyd olunmuşdur ki, iddiaçı “xxxx” MMC-nin iddia ərizəsi mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünün mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdehin inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman hazırki tələblə bağlı Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdein həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu halda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımdan hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımdan hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istıdiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İnzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanması üçün zəruri olan ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Göstərilənlərə əsasən iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(118)-422/2020 saylı qərarı (hakim İsmayıl Quliyev) ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

5. Qərardan narazı qalan İddiaçı MMC apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(118)-422/2020 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya məhkəməsində icraat:

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(105)-159/2021 saylı qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(118)-422/2020 saylı qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

7. İddiaçı MMC-i kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(105)-159/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.

Kassasiya instansiya məhkəməsində icraat:.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2-1(102)-796/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin olunaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(105)-159/2021 saylı qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri:

9. İddiaçı MMC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya qeyd olunan əməliyyatların nəticəsi olaraq əlavə 10.349,24 manat məbləğində dəbbə pulu hesablaması ilə qətiyyən razı deyillər. Çünki ölkəyə idxal olunan bütün mallar məhz gömrük orqanları tərəfindən gömrük yoxlamasından və laboratoriyadan keçirilir, təsnifat kodu verilir və dövlət rüsumları təyin olunaraq sahibkara bu barədə məlumat verilir. Sahibkar da öz növbəsində tələb olunan rüsumları ödəməklə gətirdiyi malları ölkəyə idxal edir. Yuxarıda adıçəkilən mallar iddiaçı tərəfindən ölkəyə idxal edilərkən gömrük orqanı tərəfindən idxal rüsum dərəcəsi 0,5% olaraq hesablanmışdır və müəssisə də öz növbəsində həmin ödənişləri vaxtında və lazımi qaydada icra etmişdir. Həmin ərəfələrdə gömrük orqanları tərəfindən idxal rüsum dərəcəsi 0,5% deyil, 15% həddində hesablansa idi, müəssisə təbii ki, həmin ödənişləri də lazımi qaydada icra edəcəkdi və indiki kimi süni dəbbə pulu borcu yaranmamış olacaqdı. Bundan başqa, bəyannamələrin sahibkar tərəfindən doldurulmağı yekun olaraq hüquqi baxımdan təsdiqlənməsi deyil, sadəcə olaraq sahibkar gətirdiyi malları adını və digər parametrlərini ilkin olaraq özü doldurur ki, mallar ölkəyə daxil olan zaman gömrük orqanı xəbər tuta bilsin. Lakin sahibkar tərəfindən bəyannamədə göstərilmiş bütün məlumatların doğruluğunun yoxlanılması birbaşa gömrük orqanının səlahiyyətində və vəzifəsindədir. Əks halda ölkədə bu əməliyyatlar yalnız sahibkarların ümidinə qalmış olsaydı, bütün ölkədə sahibkarlar bu imtiyazdan özbaşına istifadə etmiş olardı və ölkədə ümumi iqtisadi sabitliyin pozulmasına gətirib çıxardardı. Bundan başqa gömrük orqanının laboratoriya mərkəzləri mövcuddur. Həmin laboratoriya ölkəyə ilk dəfə daxil olan bütün spesifik, əvvəldən təsnifatı məlum olmayan malların ekspertizasını təşkil edir və laboratoriyanın rəyinə əsasən həmin mallara təsnifat kodu verilməklə tariflər müəyyənləşdirilir. Həmin tariflərin müəyyən olunması üçün gömrük orqanına qanunvericiliklə bağlı bütün səlahiyyətlər verilmişdir. Əlavə olaraq, qanunvericilikdə dəbbə pulu, müqavilə və ya qanuna əsasən yaranmış öhdəliyin yerinə yetirilməsinin gecikdirilməsi əsasında yaranır. Göründüyü kimi gömrük borcunun ödənilməsi ilə bağlı MMC tərəfindən heç bir gecikməyə yol verilməmişdir. İstər ilkin gömrük rəsmiləşdirilməsi zamanı, istərsə də, sonradan keçirilən audit yoxlaması-nəticəsində MMC-yə bildirilən gömrük ödənişləri dərhal ödənilmiş və heç bir gecikmə yaranmamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. apelyasiya şikayətinə qarşı cavabdeh tərəfin etirazı təqdim edilməmişdir.

C) məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, əlavə olaraq onu da qeyd etdi ki, qanunvericiliyin tələbinə əsasən dəbbə pulu yalnız borcun gecikdirilməsi zamanı hesablana bilər ki, təmsil etdiyi MMC-i tərəfindən də belə bir gecikmə halı baş verməmişdir. Cavabdeh İdarə tərəfindən ilkin mərhələdə düzgün hesablanmayan rüsumla baglı sonradan əlavə hesablanmış rüsumların yubadılmadan ödənilməsi borcun gecikdirilməsi kimi qiymətləndirilməməlidir. Ona görə də şikayətlərinin təmin edilərək iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək gömrük rüsumunun hesablanmasında ilkin olaraq məbləğin az olması iddiaçı təşkilatın gətirilən mallara yanlış kodun göstərilməsi olmuş, lakin sonradan audit zamanı həmin nöqsan müəyyən olunaraq mala görə gömrük rüsumu 15%dən hesablanmış və iddiaçı təşkilat da bununla razılaşaraq əlavə hesablanmış rüsumu da ödəmişdir. Belə olan halda əlavə olaraq ödənilmiş rüsumla birgə dəbbə pulu da ödənilməlidir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.

Tədbiq edilən hüquq

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

17. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

18. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

19. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

20. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

21. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

22. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 25 Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

28. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; Maddə 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Maddə 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Maddə 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: Maddə 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; Maddə 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. Maddə 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. Maddə 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Maddə 321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Maddə 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır.

29. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. İdxal gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.5. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. 11.4. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.

Apelyasiya instansiya məhkəməsinin mövqeyi

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr, 2020-ci il tarixli, 2-1(118)- 422/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır.

32. Belə ki, iddianın mümkünlüyü ilə baglı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-i hazırki mübahisə ilə əlaqədar 16 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə rəsmi müraciət etmiş və Komitənin 22 avqust 2019-cu il tarixli cavab məktubu ilə Gömrük Məcəlləsinin 239 və 247-ci maddələrinə əsaslanmaqla hesablanmış dəbbə pulunun qısa müddət ərzində dövlət büdcəsinə ödənilməsi bildirilmişdir(i.v.139, 141-142).

33. Bundan sonra 27 noyabr 2019-cu il tarixində cavabdeh Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə **********5447 və **********500 saylı GB-ləri üzrə dəbbə pulu - 10349,27 manat hesablandıgından həmin məbləgin qısamüddət ərzində dövlət büdcəsinə ödənilməklə Sumqayıt Baş Gömrük İdarəsinə məlumat verilməsi bildirilmiş(i.v.4), nəhayət bundan sonra İddiaçı MMC-i 05 dekabr 2019-cu il tarixdə hazırki iddia ilə əlaqədar məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 13-18 və 21-ci bəndlərində qeyd edilən prosessual normaların tələbləri baxımından iddiaçının iddiası hazırki qərarın 32 və 33-cü bəndlərində qeyd edilən hallar nəzərə alınmaqla mümkünsüz hesab edilməsinə dair əsaslar mövcud deyildir, bu səbəbdən də hazırki iddiaya mahiyyəti üzrə baxılmalıdır.

35. Mübahisənin mahiyyəti üzrə qeyd edilməlidir ki, iş materiallarında olan 18.09.2017-ci il tarixli, **********5447 saylı və 28.11.2017-ci il tarixli, **********500 saylı gömrük bəyənnamələrindən göründüyü kimi iddiaçı tərəfindən həmin tarixlərdə “kanepox lining free 3430” adlı mallar istehsal məqsədi ilə ölkəyə idxal edilmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və “kanepox lining free 3430” adlı mallara gömrük orqanları tərəfindən 320890 təsnifat kodu verilərək idxal rüsum dərəcəsi 0.5 % olmaqla hər bəyənnamə üzrə 414.08 manat məbləğində rüsum hesablanmış və hər iki gömrük bəyənnamələri üzrə iddiaçı tərəfindən cəmi 828.16 manat idxal rüsumu ödənilmişdir.

36. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən dəbbə pulunun hesablanması qanunvericiliyin tələblərindən irəli gəlir və bu səbəbdən də, cavabdeh inzibati orqanın hərəkətlərində dəbbə pulu hesablanmasında hər hansı hüquq pozuntusu yoxdur.

37. Halbuki, hazırki qərarın 9-cu bəndində göstərilən iddiaçının apelyasiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh tərəfindən hər iki halda iddiaçıya təklif edilmiş gömrük rüsumları dərhal ödənilmiş olsa da, sonradan 2019-cu illin noyabr ayının 27-də dəbbə borcu barədə iddiaçı MMC-yə Gömrük İdarəsi tərəfindən məktub göndərildiyindən hazırki mübahisə ilə bağlı iddiaçı məhkəməyə müraciət edərək əsassız hesablanmış dəbbə borcunun ləğv edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 28-ci bəndində göstərilən Gömrük Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq malların gömrük dəyəri müəyyən ediləndən sonra hesablanmış gömrük borcu ödənilməsi üçün müəyyən edilmiş müddət pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu almaqda haqlıdır. Yəni gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək, eyni zamanda borcla bir yerdə dəbbə pulu da ödənilməlidir. Göründüyü kimi qanunvericilik dəbbə pulunun hesablanmasını yalnız borcun ödənilmə müddətinin başa çatması ilə şərtləndirdiyi halda hazırki iş üzrə iddiaçı MMC-nin gətirmiş olduğu mallara görə gömrük borcunun ödənilməsinin gecikdirilməsi halı müəyyən olunmamışdır.

39. Cavabdeh İdarənin 01.01.2016-01.01.2019-cu il dövrünü əhatə edən audit yoxlaması zamanı aşkar olunmuş nöqsanlarla əlaqədar iddiaçı MMC-nin də 18.09.2017-ci il tarixli, **********5447 saylı və 28.11.2017-ci il tarixli, **********500 saylı gömrük bəyənnamələrinə əsasən gətirmiş olduğu mallara görə hesablanmış gömrük rüsumunun düzgün olmaması səbəbindən əlavə olaraq hesablanmış 28.354,24 manat idxal rüsumu və ƏDV məbləğinə görə gömrük ödənişinin ödənilməli olduğu tarixdən yoxlamanın aparıldığı tarixədək (365 gün) 10.349,27 manat təşkil etməsinin qanunu olması barədə mülahizələrinə gəldikdə isə, məhkəmə kollegiyası həmin mülahizələri hazırki qərarın 29-cu bəndində göstərilən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə əsasən əsassız hesab edir və qeyd edir ki, gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ olduğunda iddiaçı MMC-i tərəfindən idxal olunan mallara görə ilkin mərhələdə səhv hesablanmış gömrük rüsumuna görə məsuliyyət iddiaçı MMC-yə aid edilə bilməz, bu səbəbdən də iddiaçı MMC-yə gətirdiyi mallara görə hesablanmış 10.349,27 manat məbləğində dəbbə borcunun ləğv edilməsi qanuni və əsaslıdır.

40. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı MMC-nın apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(118)-422/2020 saylı qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(118)-422/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin “xxxx” MMC-yə 18.09.2017-ci il tarixli, **********5447 saylı və 28.11.2017-ci il tarixli, **********500 saylı GB-ləri üzrə hesabladığı 10.349,27 manat məbləğində dəbbə pulu borcu ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar