Məhkəmə qərarları › İş №2-1(105)-418/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-418/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-418/2024 06.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “20.000 manat kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2- 1(118)-918/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1614/2023 nömrəli qərarına əsasən iddia təmin edilmiş, İddiaçı tam orta təhsil haqqında attestatı ilə bağlı Cavabdeh hərəkətləri (attestatın inzibati icraat gedişində İddiaçı qaytarılmaması) qanun pozuntusu kimi tanınmışdır.

2. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1083/2022 saylı, 27 may 2022-ci il tarixli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verməməsi qanun pozuntusu kimi tanınmış, İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinə cavab verilməsi və qiymət sənədi və diplomun həqiqiliyi haqqında xarici ölkədə istifadəsi ilə əlaqədar apostil üçün müvafiq arayışın möhürlə təsdiq edilmiş vəziyyətdə verilməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmuş, poçt göndərişinə görə ödənilmiş 0,57 manat pul cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən İddiaçı xeyrinə tutulmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-526/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı qismən-cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyindən poçt göndərişinə görə ödənilmiş 0,57 manat pulun İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilmiş, ləğv edilən hissədə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Ali Məhkəmənin xx.xx.2023-cii il tarixli 2-1(102)-245/2023 nömrəli qərarı ilə Sumqayıt qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli, 2-1(105)-526/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “20.000 manat kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tam orta təhsil haqqında attestatının iddiaçıya qaytarılması üçün Cavabdeh müraciətlərini (D.O. xx.xx.2020-ci il N-Q9500; və sairə) alsa da, tam mahiyyəti üzrə baxılmamışdır, məhkəməyə müraciətindən sonra Attestatını Nazirlik qaytarmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(118)-1614/2023 nömrəli qərarına əsasən onun tam orta təhsil haqqında attestatı ilə bağlı Cavabdeh hərəkətləri (attestatın inzibati icraat gedişində İddiaçı qaytarılmaması) qanun pozuntusu kimi tanınmışdır, iddiası təmin edilmişdir. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri ABU-nun fəaliyyətinin dayandırılması barədə əmr imzalamışdır. Tam orta təhsil haqqında attestatın qaytarılması üçün Təhsil Nazirliyinə müraciətinə Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədov 30.06.20-ci il tarixli cavabında yazmışdır: “Təhsil Nazirliyinə ünvanladığınız (17.06.20,Q-6002) ərizənizə cavab olaraq bildiririk ki, ABU-nun Nazirlikdə olan arxivində Sizin adınıza attestat aşkarlanmadı. Bu səbəbdən müraciətinizdə qeyd olunan məsələ ilə bağlı məzun olduğunuz ümumtəhsil müəssisəsinə müraciət etməlisiniz”. Uzun çəkişmələr əsasında iddiaçı müvafiq sənədi məhkəmə vasitəsilə əldə etmişdir. Cavabdeh tərəfinin qanunsuzluğu nəticəsində sarsıntı keçirməyi, şüurunda baş vermiş mənfi hallar, yaşamaq eşqinin azalması, iztirab keçirməyi danılmazdır. Bu, məyusluq hissləri keçirməyinə səbəb olmuşdur. Cavabdeh qanuna əsasən Attestatını qaytarmaq əvəzinə onu iddiaçıdan gizlədib, qəsdən hüquqlarının pozulması zərərin kompensasiyasının məbləğini artırır. Qanuni qüvvəsinə minmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(118)-1614/2023 nömrəli qərarının əsaslandırma hissəsində də yazıldığı kimi “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pozulmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona 20.000 manat məbləğində ziyan dəymişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində tələbi onunla əsaslandırmışdır ki, 2016-cı ildən attestatın verilməsi ilə bağlı Təhsil Nazirliyinə dəfələrlə müraciət etdiyini bildirmişdir. İlkin olaraq attestatın aşkar edilmədiyi bildirilsə də, lakin sonradan attestatın tapıldığı barədə məlumat verilmiş və onun təhvil verilməsi ilə bağlı aidiyyəti şöbəyə yaxınlaşması məsləhət görülmüşdür. Attestatın vaxtında verilməməsinə əsaslanaraq, ona kompensasiya ödənilməsini məhkəmədən xahiş edir. Bildirilir ki, “kompensasiyanın ödənilməsi barədə” iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçının attestatın qaytarılması barədə xx.xx.2020-ci il tarixli (qeydiyyat nömrəsi Q- 6002) müraciətinə xx.xx.2020-ci il tarixli, Q-6002/31-04 tarixli məktubla cavab verərək bildirilmişdir ki, Nazirlikdə olan arxivdə sizin adınıza yazılmış attestat aşkar edilməmişdir. Bu səbəbdən məzun olduğunuz ümumitəhsil müəssisəsinə müraciət edilməsi tövsiyyə edilmişdir. İddiaçı “Məhkəməyə qədər pretenziya qaydasında” yenidən xx.xx.2022-ci il tarixli müraciətinə xx.xx.2023-cü il tarixli, Q-15974/01-31-24 saylı məktubla cavab verilərək bildirilmişdir ki, fəaliyyəti dayandırılmış bir sıra ali təhsil müəssisələrinin məzunlarına aid Nazirliyin arxivində saxlanılan sənədlərin mövcud vəziyyətinin müəyyən edilməsi məqsədilə hazırda yenidən siyahıyaalınma aparılır. İşlər yekunlaşdıqdan sonra sizin məsələyə baxıla bilər. Sonradan sənədlərin siyahıya alınması zamanı iddiaçıya məxsus diplom blankı aşkar edildiyindən Nazirliyin əməkdaşı iddiaçı ilə telefon əlaqəsi yaradaraq, bu məlumatı ona vermişdir. Lakin, iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən Nazirliyə müraciət edərək, attestatın aşkar edilməsi faktı ilə bağlı məlumatın kağız daşıyıcıda rəsmi qaydada verilməsini tələb etmişdir. İddiaçının məktubu nəzərə alınaraq ona rəsmi qaydada məktub göndərilmiş və attestatın götürülməsi üçün Nazirliyin müvafiq sektoruna yaxınlaşması qeyd edilmişdir. Bildirilir ki, ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Universitetin məzunlarına məxsus təhsil sənədlərinin bir hissəsi təhsil müəssisinin rəhbərliyi ilə bağlı aparılan cinayət işinin istintaqı zamanı prokurorluq tərəfindən götürülmüş, bir hissəsi nazirliyə təhvil verilmiş, digər hissəsi hal-hazıra qədər Universitetin binasında saxlanılmışdır. Nəzərə almaq lazımdır ki, Universitetin fəaliyyəti dayandırıldıqdan sonra arxiv sənədləri rəsmi qaydada Nazirliyə təhvil verilməmişdir. Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin məzunlarına aid sənədlərin mövcud vəziyyətinin müəyyən edilməsi məqsədilə aparılan siyahıyaalınmadan sonra həmin sənədlərin Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektoruna təhvil verilməsi barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktdan görünür ki, fəaliyyəti dayandırılmış ali təhsil müəssisələri ilə bağlı 32477 ədəd arxiv sənədi həmin sektora təhvil alınmışdır. Sektor tərəfindən təhvil alınmış sənədlərin sistemləşdirlməsi zamanı iddiaçıya məxsus attestat aşkar olunmuş və sektorun əməkdaşı tərəfindən iddiaçıya təhvil verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli “Məhkəməyə qədər pretenziya qaydasında” müraciətində qeyd edir ki, tam orta təhsil haqqında attestatının ona qaytarılması barədə müraciətləri olsa da, məsələ mahiyyəti üzrə araşdırılmamışdır. Baxmayaraq ki, attestatla bağlı iddiaçının sorğularına cavab verilmiş, onun adına yazılmış attestatın Nazirliyin arxivində aşkar edilmədiyi bildirilmişdir. İddiaçı hətta “Məhkəməyə qədər pretenziya qaydasında” müraciətində “Məhkəməyə qədər pretenziya qaydasında” müraciətinin də cavabsız qaldığını qeyd etmişdir. İddiaçının müraciətlərinin məzmunundan aydın olur ki, onun cavabdehə qarşı münasibəti qərəzli və əsassız olmuşdur. Belə ki, attestatın qaytarılması barədə iddiaçının təkidli tələbinin məntiqi qeyri-müəyyəndir. Belə ki, tam orta təhsil haqqında attestat ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunmaq üçün əsas təhsil sənədi hesab edilir. Ali təhsil haqqında diplom əldə edildikdən sonra, əlavə təhsilə qəbul zamanı attestat deyil, diplom tələb edilir. Diplom əldə edildikdən sonra, ölkə ərazisində attestatın mövcudluğu faktiki olaraq əhəmiyyətini itirir. İddiaçı həmin məktubunda qeyd edir ki, ABU bağlanarkən Siz təhvil-təslim aktı ilə sənədləri almışınız, o cümlədən attestatı da. Bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra ABU-nun rəhbərliyi tərəfindən heç bir sənəd rəsmi qaydada Nazirliyə təhvil verilməmişdir. İddiaçı hansı əsasla ABU-nun sənədlərinin təhvil-təslim aktı ilə Nazirliyə verildiyini təkid etməsinin hüquqi əsası yoxdur. Eyni zamanda iddiaçı həmin ərizəsində qeyd edir ki, attestatın qaytarılması ilə bağlı Nazirlik Sumqayıt şəhər 25 saylı məktəbə müvafiq məktub göndərməli və digər tədbirlər görməlidir. Hesab edilir ki, iddiaçının bu mövqeyi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının 5.10-cu bəndində qeyd edilir ki, Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir. Həmin Qaydanın: 5.11-ci bəndi: Ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatını verir. 5.12. Ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatı arxiv sənədləri əsasında verilir. Bu Qaydanın məzmunundan görünür ki, attestatın itməsi barədə zəruri sənədlər təqdim edildikdən sonra ona attestatın dublikatının verilməsi məsələsinə baxılmalıdır. Digər tərəfdən attestatın itməsi barədə zəruri sənədlər təqdim edilmədikdə nazirliyin ümumtəhsil müəssisəsinə məzuna təhsil sənədinin verilməsi barədə tapşırıq vermək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı nazirlik tərəfindən ona ziyan vurulduğunu və ona görə də 20.000 manat kompensasiya ödənilməsini, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin, vurulmuş ziyanın nədə ifadə edilməsi barədə nə onun müraciətlərində, nə də iddia ərizəsində heç bir əsas göstərməmişdir. Hesab edilir ki, iddia tələbinin 20.000 manat kompensasiya (bərpa etmək, haqqını ödəmək) ödənilməsi hissəsi də əsassızdır. Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-918/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim C.Məmmədov).

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ləğv edilən hüquqi şəxsin arxiv sənədlərinin qəbul edilməsi Təhsil Nazirliyinin vəzifələrinə aid edilməmişdir. Ləğv olunan ali təhsil müəssisəsinin arxiv sənədləri onun özü tərəfindən yerli arxiv idarəsinə təhvil verilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi bir sıra ali təhsil müəssisələrinin ləğvindən sonra verilən əmrlərində ləğv edilmiş ali təhsil müəssisələrinin sənədlərinin qəbul edilməsi göstərişinə gəlincə isə məhkəmə qeyd edir ki, ləğv edilmiş ali təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə birbaşa tabeçiliyi olmadığına görə qeyd olunan qərarlarda olan göstərişlərin yerinə yetirilməməsinə görə həmin ləğv ərəfəsində olan ali təhsil müəssisələri məsuliyyət daşımırlar. Qeyd olunan göstərişlər Elm və Tahsil Nazirliyinə könüllü təhvil verildiyi təqdirdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrinin müvafiq strukturları üçün imperativ xarakter daşıyır. Başqa sözlə desək Elm və Təhsil Nazirliyinin ləğv edilmiş ali təhsil müəssisələrin arxivini məcburi şəkildə əldə etməsi və öz saxlancına qəbul edilməsi kimi vəzifəsi mövcud deyil.

10. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1. Cavabdeh Nazirlikdən diploma və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərini istəmişdi, üç pilləli bütün instansiya məhkəmələrini keçdiyini iddia ərizəsində göstərmişdi, bununla bağlı bütün qərarların surətlərini iddia ərizəsinin qoşmasında vermişdi, məhkəmə prosesinin video yazısından və məhkəmə iclasının protokoluna dair qeydlərindən göründüyü kimi məhkəmə iclasında Ali Məhkəmənin xx.xx.2023-cii il tarixli 2-1(102)-245/2023 №-li qərarının mövqeyini səsləndirərək, tələbi əsaslandıraraq iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, hakim göründüyü kimi, qəsddən İPM-nin 69.3-cü maddəsin tələbləri pozaraq öz Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-918\2024№-li qərarının giriş hissəsində iddia ərizəsində yazdıqlarının əsas hissəsini göstərməmişdir. İPM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir. 2.İddia ərizəsinin əsas hissəsini Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-918\2024№-li qərarının giriş hissəsində hakim yazmadığından, iddianın əsas predmetini qəsdən dəyişdirdiyindən, bundan irəli gələrək hakim İPM-nin 69.4-cü maddəsinin tələblərini də pozmuşdur, bununla bağlı Azərbaycan Respublikası İPM-nin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməli olduğu halda, göstərilməmişdir. 3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)- 4256/2023 №-li Sərəncamını hakim tərəflərə versə, də inzibati icraatla bağlı sənədlərin surətlərini məhkəmə baxışının son gününə qədər cavabdehdən qəsdən icrasını tələb etməmişdir. İPM-nin 60-cı maddəsinə əsasən İnzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Məhkəmə iclaslarında cavabdeh tərəfə bununla bağlı ciddi xəbərdarlıq məktubunun göndərilməsini vəsatətlə hakimə müraciət etsə də, hakim məktub göndərməmişdir. İnzibati icraatla bağlı sənədlərin surətlərinin məhkəmə baxışına təqdim edilməsi istiqamətində hakim heç bir tədbir görmədiyindən, İPM-nin 61.1ci maddəsindəki İnzibati icraatla bağlı materiallarla tanış olmaq hüququnu da hakim pozmuşdur. Pretenziya qaydasında Nazirliyə xx.xx.2022-ci il tarxli ərizəmdə yazmışdı: “Bu azmış kimi hələ Azərbaycan Beynəlxalq Universitetinin diplomunun və qiymət sənədinin apostil olunmasında da mənə tərəfinizdən ziyan vurulmuşdur, qanunun tələblərinə müvafiq sənəd verilməmişdir.”4. İPM-nin 65.1-cı maddəsinə əsasən İnzibati məhkəmə icraatında protokollaşdırma ilə bağlı Mülki Prosessual Məcəlləsinin 22-ci fəslində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 918\2024№-li protokolları məhkəmə iclaslarının mövcud video yazılarına ziddir. Belə ki, xx.xx.2023-cü il tarixli (adlandırıldığı kimi) məhkəmə iclas prosesinin 40 dəqiqəlik video yazısının 29-cu dəqiqəsindəki video yazısından göründüyü kimi, hakim Vəfa xanım Əzizovanın qanuni qüvvəsinə minmiş xx.xx.2022-ci il tarixli 1083/2022 №-li qərarına istinad edərək demişdir ki, cavabdeh Elm və Təhsil Nazirliyinin guya müraciətimə cavab verildiyinin yalan olduğu məhkəmə qərarı ilə sübut olunmuşdur. Cavabdeh vəzifə borcunu yerinə yetirməməklə ona ziyan vurmuşdur. Həmin prosesin video yazısının 30-31-ci dəqiqəsində Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Fuad Məmmədovun xx.xx.2022ci il tarixli qərarına istinad edərək demişdi ki, cavabdeh Elm və Təhsil Nazirliyi apellyasiya şikayətində yazmışdır ki, guya iddiaçı müraciətinə cavabını şəxsən Nazirliyə gələrək götürməli idi və cavabdehin bu yalanı da məhkəmənin qərarına əsasən sübut olunmuşdur. Daha sonra cavabdeh Nazirliyin kassasiya şikayəti təmin edilməmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır, bu haqda iddia ərizəsində yazmışdı, məhkəmə tərəfindən təyin edilmiş könüllü müddət ərzində cavabdeh Nazirlik vəzifə borcunu yerinə yetirməməklə ona ziyan vurmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Fuad Məmmədovun qərarında yazıldığı kimi, haqlı olaraq Nazirliyin məhkəmə prosesinin gedişi zamanı hazırladığı və verməklə məhkəmə işinin bağlanmasına cəhd elədiyi yalnız diplomun həqiqiliyi barədə xx.xx.2022-ci il tarixli arayışı (iş vərəq 195) ilə razılaşmamışdı, çünki Nazirliyə müraciətində diploma və qiymət sənədinə xaricdə istifadə üçün müvafiq apostil sənədlərini istəmişdi, müraciətinə tam mahiyyəti üzrə baxılmasını istəmişdi. Müvafiq apostil sənədlərinin verilməsi Elm və Təhsil Nazirliyinin vəzifə borcudur, lakin Nazirlik vəzifə borcunu tam yerinə yetirməmişdir. Cəmi 8 hakim cavabdeh Nazirliyə qarşı iddia ərizələrilə başlanmış işlərdə haqlı olduğunu imzaladıqları qərarlarla təsdiqləmişdir. Lakin, yuxarıda göstərdiyi prosesin video yazısındakılar iş üçün çox mühüm və əhəmiyyətli olsa da, nəyə görəsə 2-1(118)-918\2024№-li məhkəmə iclasının protokolunda göstərilməmişdir. 5.Məhkəmə iclası prosesinin 40 dəqiqəlik video yazısının 20-21-ci dəqiqəsindəki video yazısından göründüyü kimi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi cənab Ceyhun Məmmədova vəsatətlə müraciət etmişdi ki, rəsmi qaydada aldığı xx.xx.2023-cü il tarixli ərizəni və onun qoşmasındakı qızı Aynurənin Unibankdakı hesabı barədə rəsmi məlumatın kserosurətləri cavabdehin nümayəndəsinə rəsmi qaydada təqdim edilsin və Nazirliyin nümayəndəsinin qəbulu haqqında imzası ilə sübutun kserosurəti ona verilsin. X4 vəsatətin təmin edilməsi barədə qərarını elan etmişdir. Məhkəmə iclas prosesinin 40 dəqiqəlik video yazısının 23-cü dəqiqəsindəki video yazısından göründüyü kimi, məhkəmə iclas katibi sənədlərin kserosurətini çıxardaraq Elm və Təhsil Nazirliyinin nümayəndəsinə vermişdir, sənədlərin kserosurətlərini Nazirliyin nümayəndəsi alsa da, qəbulu haqqında sənədi imzalamamışdır, imzlamaqdan imtina etmişdir, Sumqayıt İnzibati Məhkəməsinin hakimi cənab Ceyhun Məmmədov hüququn pozulmasını görsə də, Nazirliyin nümayəndəsinə heç nə deməmişdir və məhkəmə iclasının protokoluna bu vəsatəti haqda heç nə yazılmamışdır. xx.xx.2023-cü il tarixli ərizənin və onun qoşmasındakı qızı İddiaçı Unibankdakı hesabı barədə rəsmi məlumatın kserosurətləri videodan göründüyü kimi cavabdehim nümayəndəsinə verilsə də, rəsmi qaydada təqdim edilməsi haqqında imzası ilə sübut məhkəmə işində olmadığında məhkəmə işinin 198-199 vərəqlərinə baxıb, haqlı olduğunda və hüquqların pozulmasında əmin olmaq olar. Göründüyü kimi, hakim vəsatətin təmin edilməsi barədə qərarını elan etsə də, hüquqlarını pozaraq rəsmi təqdimetmə haqqında sübutun surətini ona verməmişdir, Prosessual Qanunun tələblərini pozmuşdur. Vəsatətlə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsindən xahiş edir ki, məhkəmə işinin 198-199 vərəqlərində olan xx.xx.2023-cü il tarixli ərizənin və onun qoşmasındakı qızı İddiaçı Unibankdakı hesabı barədə rəsmi məlumatın kserosurətləri cavabdehin nümayəndəsinə rəsmi təqdim edilsin və cavabdeh tərəfə rəsmi təqdim edilməsini göstərən sübutun surətini iddiaçıya göndərilsin. 6. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etsə də, xx.xx.2023-cü il tarixli 2-1(118)- 918\2024 №-li məhkəmə iclasının protokolunda yazılıb ki, guya iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli saat 12:30 məhkəmə iclasının başlanmasından əvvəl yazılı çıxışın bir nüsxəsini Sumqayıt İnzibati Məhkəməsinin dəftərxanasına rəsmi qaydada əlbəəl vermişdi, məsul şəxs onda qalan ərizənin surətində xx.xx.2023-cti il tarixdə saat 11:29-da qəbul edilməsi barədə yazaraq imzalamışdır və Sumqayıt İnzibati Məhkəməsinin ştampı ilə təsdiqləmişdir (protokola dair Qeydlər). xx.xx.2023 saat 10:00-da 2-1(118)- 4256\2023№-li iş üzrə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək ətraflı çıxışıda mənəvi ziyanı əsaslandırmışdı, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovanın xx.xx.2023-cü il tarixli 2-1(118)-1083\2022 №-li Nazirliyə və surəti məlumat üçün ona olan məktubunda yazmışdır ki, könüllü icra müddəti bitdiyinə görə Nazirlik cərimə olunacağı barədə xəbərdar edilsə də, heç bir məlumat daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizovanın xx.xx.2023-cü il tarixli məktubunun əslini X4a vermişdi, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1083\2022№-li qərarının könüllü müddətdə icra olunmadığı haqda demişdi, o isə məktubun kserosurətini işə əlavə olunması üçün çıxartdıraraq əslini ona qaytarmışdır. xx.xx.2023-ci il tarixli yazılı çıxışı xx.xx.2023-cü il tarixdə saat 9:34-də məhkəmə iclasının başlanmasından əvvəl Sumqayıt İnzibati Məhkəməsinin dəftərxanasına rəsmi qaydada əlbəəl vermişdi, məsul şəxs onda qalan ərizənin surətində xx.xx.2023-cü il tarixdə saat 09:34-də qəbul edilməsi barədə yazaraq imzalamışdır və Sumqayıt İnzibati Məhkəməsinin ştampı ilə təsdiqləmişdir (bax protokola dair Qeydlər). Həmin sübutu həmin gün məhkəmə iclasında X4a göstərmişdi və yazılı çıxışını səsləndirmişdi. Məhkəmə iclasında əlavə olaraq demişdi ki, ölkə xaricində diplomun tanınması üçün həmin sənəd müvafiq qaydada səlahiyyətli orqan tərəfindən apostil olunmalıdır. Azərbaycan Respublikasında bununla bağlı səlahiyyətli qurum qismində Elm və Təhsil Nazirliyi müəyyən olunmuşdur. Məhkəmənin qanuni qüvvəsinə minmiş qərarı hətta cavabdehin cərimə olunacağı barədə təkrar xəbərdarlıq məktubundan sonra da icra olunmadığı faktı nigarançılıq, ruhi sarsıntı, həyəcan, acizlik və iztirab, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik hissi yaratmışdır, yaşamaq eşqi azalmışdır. Lakin, məhkəmə iclasının protokolunda, göründüyü kimi, bu haqda, iclasda etdiyim çıxışlarım haqda heçnə yazılmamışdır. 7. Hazırkı məhkəmə işi üzrə yalnız iki video fayl mövcuddur, onlar da Prosessual Qanunun pozulması ilə hazırlanmışdır, tam deyildir, hətta cavabdehin nümayəndəsinə sual verdiyi zaman video kəsilib, sualı yarımçıq kəsilmiş vəziyyətdədir, hakimin iş üzrə son qərarının elanına dair heç bir prosessual hərəkətlər yoxdur, iştirakı ilə qərarın elan olunması olmamışdır. 8.Məhkəmə iclas prosesinin 32 dəqiqəlik video yazısından göründüyü kimi, iclasda demişdi ki, ABU diplom vermişdir, lakin onun əlavəsi olmalı olan qiymət sənədi verilməmişdir. Halbuki diplomun əlavəsi ilə birlikdə verilməsinə Nazirlik nəzarət etməlidir, həqiqiliyini təsdiq eləməlidir. 9. Vəsatətlə müraciət etmişdi ki, Bakı İnzibati Məhkəməsinə 2-1(82)-1647/2017№-li işin məhkəmə baxışına tələb edilməsi üçün sorğu göndərilsin. Həmin işin kserosurətini Bakı İnzibati Məhkəməsindən alıb, X4a işə əlavə etmək və Bakı İnzibati Məhkəməsinə sorğu vermək üçün göndərmişdi və məhkəmə iclasında vəsatətini elan etmişdi. Çünki Məhkəmənin Sərəncamını Təhsil Nazirliyi o vaxtdan almışdır, icra etməmişdir. Lakin məhkəmənin protokolunda X4 yazmışdır ki, vəsatət yoxdur. Hətta tərəfindən təqdim edilmiş məhkəmə işinin kserosurətinə baxaraq, o cavabdehin nümayəndəsindən proses zamanı soruşmuşdur ki, Müseyib Bayramov kimdir. xx.xx.2023cü il tarixli məhkəmə iclasının protokolunda yazılanlar həqiqətə uyğun deyildir, prosesin video yazısı da yoxdur. Məhkəmə iclasında mən demişdim ki, qızı Ayıuırə Quliyevanın Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 01.2016-cı il tarixli ərizəsində yazılıb: Yazıb bildirirəm ki, 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin İbtidai təhsilin pedaqoqikası və metodikası ixtisasını (qiyabi şöbəsini) bitirmişəm, mənə B № 058584 saylı Diplom verilmişdir. Lakin qiymət vərəqəsi yoxdur. Qiymət vərəqəsini və Diplomun Azərbaycan Respublikasında və onun hüdudlarında keçərli olması barədə arayış verməyinizi Sizdən xahiş edirəm. Ooşma: şəxsiyyət vəsiqəmin surəti. Məhkəməyə müraciətimdən sonra diploma əlavəsi verilməsə də, onun əvəzinə böyük çətinliklərlə Təhsil Nazirliyindən iki ayrı-ayrı vərəqlərdən ibarət olan qiymət cədvəli, yəni, ilk vərəqi Nazirliyin blankında xx.xx.2016 №Q- 957U1-24 ARXİV ARAYİŞİ (Diploma əlavə) yazısı olan möhürsüz, ikinci vəqəqi isə Nazirliyin möhürü ilə təsdiqlənmişdir (bax iş vərəq 192- 193). 10.X4 məhkəmə iclasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 7\15- 494\15\22№-li məktubunu alıb, baxaraq tədqiq etmişdir, onun kserosurətini çıxartdırmışdır ki məhkəmə işinə əlavə etsin və əslini qaytarmışdır. Lakin həmin sübut haqqında X4 məhkəmə iclasının protokolunda heçnə yazmamışdır (bax protokola dair Qeydlər). Vəsatətlə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsindən xahiş edir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 7\15-494\15\22№-li məktubuna məhkəmə baxışı keçirilsin, sübut tədqiq edilsin və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin son qərarında qeyd edilsin.

11. xx.xx.2024 tarixli məhkəmə iclasının protokolunda yazılıb ki, guya 14:30-da başlanıb, 14:45-də qurtardı. 45-30=15 dəqiqə. Məhkəmə attestatla bağlı tətbiq etməli olduğu normanı tətbiq etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1614\2023№-li və 2-1(1 18)-1083\2022№-li işlərinə baxış keçirilməsi üçün məhkəmə iclasında vəsatətlə hakim C.Məmmədova müraciət etsə də, əhəmiyyət verilmədi. Vəsatətlə müraciət edərək bu səhvin apellyasiya instansiyası məhkəməsindən düzəldilməsini xahiş edir. 12.İddia ərizəsində Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-245\2023№-li qərarının 29-cu bəndində və sairə bəndlərində yazılanları konkret göstərərək yazmışdı və məhkəmə iclasındakı çıxışında səsləndirmişdi: Hazırkı mübaisəyə münasibətdə cavabdehə müraciət etməklə iddiaçının hüquqi marağı mahiyyətcə xarici ölkədə istifadə üçün diplomun və qiymət sənədinin (diploma əlavənin) həqiqiliyinin müvafiq qaydada apostil olunmasına yönəlmişdir. Yəni iddiaçı cavabdehə müraciət etməkdə konkret məqsəd güdür və həmin məqsədə nail olmaq üçün onun tələbinə baxmaq və həll etmək səlahiyyətinə malik orqana müraciət etmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, şəxsin xaricdə işə düzəlmək və ya təhsilini davam etdirmək istədiyi hallarda ali təhsil haqqında diplom tələb oluna bilər. Ölkə xaricində diplomun tanınması üçün həmin sənəd müvafiq qaydada səlahiyyətli orqan tərəfindən apostil olunmalıdır. Azərbaycan Respublikasında bununla bağlı səlahiyyətli qurum qismində Elm və Təhsil Nazirliyi müəyyən olunmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, bəzi hallarda diplomun apostil olunması yetərli olmaya bilər. Belə ki, şəxsin xaricdə güddüyü məqsədlər baxımından diploma əlavənin, yəni tədris olunmuş fənlərin, onların həcminin və qiymətlərin göstərildiyi sənədin həqiqiliyinin zərurəti də yarana bilər. Xüsusi ilə şəxsin təhsilini davam etdirmək və ya nostrifikasiya prosedurunu keçmək istədiyi hallarda diploma əlavənin həqiqiliyinin təsdiq olunması mütləq sayılır. Bu baxımdan cavabdeh səlahiyyətli qurum kimi şəxsin müraciətinə onun hüquqi marağı və məqsədi nəzərə alınmaqla baxmağa və həll etməyə borcludur. Qeyd olunmalıdır ki, şəxsin müraciətindən onun tələbinin, nail olmaq istədiyi məqsədin aydın olmadığı hallarda, inzibati orqan yardım etmə vəzifəsi çərçivəsində şəxsin tələbinin dəqiqləşdirilməsi üçün ona kömək etmək öhdəliyi daşıyır. “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsi müraciət etmiş şəxsə məsləhətlərin və zəruri məlumatların verilməsi ilə bağlı inzibati orqanın üzərinə düşən öhdəlikləri tənzimləyir. Həmin maddəyə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla nağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt vasitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur. Belə yanaşma səmərəli və qənaətcil idarəçilik prinsiplərindən, eləcə də xidmətyönümlü fəaliyyət standartlarından irəli gəlir. Bu zaman həm də şəxsin inzibati orqandan idarəçiliyin səmərəli və düzgün həyata keçirilməsini tələb etmək hüququ da nəzərə alınmalıdır. Mubaisəyə dair iş üzrə materiallardan cavabdehin bu qərarın 32- 34-cü bəndlərində qeyd olunmuş prinsiplərə və tələblərə uyğun davrandığı təsdiq olunmur. Nəzərə almaq lazımdır ki, müraciətə baxılmasının nəticələrinin iddiaçıya çatdırılması və bununla bağlı effektiv və təminatlı çatdırılma üsulunun müəyyən olunması cavabdehin məsuliyyət sferasına aiddir. Bu qərarın 19-cu bəndində istinad olunan normanın müddəalarına görə, sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. Bu qayda həm də tələb olunan sənədin qanunla müəyyən olunmuş qaydada şəxsə təqdim olunmasını da ehtiva edir.

b) Apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçının kompensasiya tələbinin əsası kimi qeyd edilmişdir ki, iddiaçı attestatın verilməsi ilə bağlı AR Təhsil Nazirliyinə dəfələrlə müraciət etmiş, ilkin olaraq nazirlikdə olan arxiv sənədlərində attestatın aşkar edilmədiyi bildirilmişdir. Müvafiq sənədlər arxivə təhvil verildikdən sonra attestatın aşkar olunduğu bildirilmiş və onu təhvil alması ilə bağlı məlumat verilmişdir. İddiaçı attestatın qəsdən təhvil verilmədiyini əsas gətirərək kompensasiya tələb edir. İddiaçı iddia edir ki, 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra arxiv sənədlərini qəbul etmək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin öhdəliyi olmuşdur. Milli Arxiv İdarəsinin Kollegiya qərarı ilə təsdiq edilmiş təlimatda da bildirilir ki, cavabdehin belə öhdəliyi olmamışdır. Ləğv edilmiş hüquqi şəxs müvafiq sənədləri arxivə təhvil verməli və arayış almalıdır. Əlavə olaraq apellyasiya şikayətində qeyd edilən birinci instansiya məhkəməsində olan prosessual pozuntularla bağlı dəlillər də əsassızdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096. 1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

13. İnzibati icraat haqqında Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

16. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, hazırki mübahisənin predmeti “20.000 manat kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir.

19. İddiaçı attestatın vaxtında verilməməsinə əsaslanaraq, ona kompensasiya ödənilməsini cavabdehdən tələb etmiş, lakin onun müraciəti cavablandırılmamış qalmışdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bu aşağıdakılardan irəli gəlir.

21. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

23. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericliyin tələbinə görə iddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətlərinin ilk növbədə qanunazidd olmasını, həmin hərəkətlərlə ona vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə olmasını sübuta yetirməlidir. İddiaçı isə məhkəməyə belə bir sübut təqdim etməmişdir.

25. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

27. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

28. İddiaçın mənəvi və fiziki sarsıntıya məruz qalmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-918/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar