Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-419/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək göstərmişdir ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına X2 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən həyat yoldaşı X1 Elşad Yusif oğlundan ona məxsus, Quba şəhəri, 28-ci kvartalda, 24 kv.metr torpaq sahəsində yerləşən yarımçıq mağaza tikintisini almışdır. Quba Rayon İcra Hakimiyyəti Başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-cı il tarixli, 35 saylı sərəncamı ilə göstərilən torpaq sahəsində yarımçıq tikilmiş mağaza binası X4 adına rəsmiləşdirilmişdir. Sonradan həyat yoldaşı X6 tikintini tam başa çatdırmaqla, mağaza binası tikmişdir. Həyat yoldaşı X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. Hal-hazırda iddiaçının vərəsəliyi rəsmiləşdirmək üçün mağaza binasına mərhumun adına Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı və müvafiq texniki sənədləri almaq istəyir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, göstərilən mağaza binasının mülkiyyət sənədlərinin verilməsi üçün bütün müvafiq sənədlərin əsl nüsxələrini əlavə etməklə, xx.xx.2021-ci ildə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********54 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə imtina məktubu ilə ona mülkiyyət sənədlərinin verilməsindən imtina olunmuşdur. Məktubda imtinanın səbəbi kimi guya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam olmaması göstərilmişdir. Məktubda göstərilir ki, guya Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti olmamışdır. Bələdiyyələr formalaşana qədər torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi. Məktubda həmçinin xx.xx.2013-cü ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsaslanmaqla bildirilir ki, Məcəllə qüvvəyə mindikdən sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tələb olunan sənədlər təqdim olunmamışdır. Lakin, göstərilən mağaza binası yarımçıq tikilmiş vəziyyətdə 1998-ci ildə alınıb və dərhal da tikintisi başa çatdırılmaqla, həmin vaxtdan istifadəsindədir. Haqqında söhbət gedən yarımçıq mağaza binası 1998-ci ildə alınmışdır, həmin dövrdə torpaq sahələri icra nümayəndəlikləri tərəfindən verilirdi, torpaq sahəsinin verilməsi üçün tələb olunan bütün sənədlər tərtib olunmuş və torpaq sahəsinin verilməsi üçün həmin dövrün qanunvericiliyinin bütün tələblərinə və prosedur qaydalarına əməl olunmuşdur. Mağazanın yarımçıq tikilisi və onun yerləşdiyi torpaq sahəsi qanun əsasında həyat yoldaşı tərəfindən alınmaqla, o, mağazanın tikintisini başa çatdırmışdır. Həmçinin, göstərilən torpaq sahəsinin yerləşməsi, həmçinin orada tikilmiş mağazanın yerləşməsi və quruluşu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və bunlar iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur. Göstərilənlər əsas verir ki, hal-hazırda haqqında söhbət gedən mağazaya mülkiyyət hüquqlarını təsdiq edən sənədlər verilməlidir. Hesab edir ki, imtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Quba şəhəri 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mərhum həyat yoldaşı X2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021ci il tarixdə daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli **********54 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizə əlavə olunmuş Quba rayon Dövlət notariat konturunun xx.xx.1998-ci il tarixli, 3-M-58 reyestr nömrəli alğı-satqı müqaviləsində qeyd olunmuş 25 kv.metr torpaq sahəsi Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin xx.xx.1996-ci il tarixli 35 saylı sərəncamı əsasında ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Əlavə olaraq qeyd edirlər ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizdə qeyd olunan qeyri-yaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Quba şəhəri, 28-ci məhəllədə yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İddia ərizəsində göstərilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Bununla bağlı icraatda olan iş üzrə Quba Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 m2 olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli əlavə qərarı ilə Quba rayon Dövlət Notariat Kontorunda 19 fevral 1998-ci ildə 3-m- 58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 m2 olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov)
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 103-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.4-cü maddəsinə əsasən tikinti obyektinin istismarına icazənin vahid forması Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tikinti obyektinin istismarına icazənin vahid forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsinin məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir, həmin daşınmaz əmlakın digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarım və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsində göstərilir ki, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, bu norma da şəhərsalma və tikinti normalarını və qaydalarının tələblərinin gözlənilməsi şərti ilə torpaq sahəsində binalar və qurğuların ucaldılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. X6 inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququna malik deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun yaranma anı göstərilmişdir. Həmin hüquq onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 14. Sübut etmə vəzifəsi
14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia
34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
18. Hazırkı işin hallarından görünür ki, mübahisə Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binası üzərində X2 mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlıdır.
19. Cavabdeh orqan Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binası üzərində X2 mülkiyyət hüququnu qeydə almaqdan imtina etmiş və imtinasında göstərmişdir ki, Quba rayon dövlət notariat konturunun xx.xx.1998-ci il tarixli, 3-M-58 reyestr nömrəli alğı-satqı müqaviləsində qeyd olunmuş 25 kv.metr torpaq sahəsi səlahiyyətsiz qurum olan Quba Rayon İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəsinin sərəncamı ilə ayrılmış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamış, yəni qeyd olunan qeyri-yaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarı, memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir.
20. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı olmuşdur. Hesab olunur ki, həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahəsinin səlahiyyəti olmayan qurum tərəfindən ayrılması barədə gətirilən arqument əhəmiyyətsizdir. Nəzərə alınmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin altında olan torpaq sahənin mülkiyyətçisinin gələcəkdə qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən torpaq haqqını və ya tikilinin sökülməsini tələb etmək hüququ var. Ona görə də məhkəmə hesab edir ki, inzibati orqanın bu səpkidə gətirdiyi arqumentə əsaslanmaq düzgün deyil.
22. Daha sonra məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən Quba Rayon İcra Hakimiyyətindən Quba rayonu 28-ci kvartalında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mağazanın Quba şəhərin memarlıq üslubuna, xarici görünüşünə zidd olub-olması, o cümlədən istismarına hər hansı bir maneənin olub-olmaması haqqında məlumat tələb edilmiş və verilmiş cavabdan məlum olmuşdur ki, mövcud tikili şəhərin memarlıq üslubuna və xarici görünüşünə xələl gətirmir. Məhkəmə hesab etmişdir ki, qeyd olunan cavab məktubu tikiliyə başlanılmamışdan öncə verilən rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən memarlıq və tikinti şöbəsinin verdiyi rəyə uyğundur. Belə ki, memarlıq və tikinti şöbəsi tərəfindən rəyin verilməsində məqsəd rəy inşa ediləcək tikilinin şəhərin memarlıq üslübuna və estetik görünüşünə xələl gətirilməməsinə nəzarət xarakteri daşıyır. Göründüyü kimi Quba rayonu 28-ci kvartalında yerləşən ümumi sahəsi 52.80 kv.m olan mağazanın yerləşməsi Quba Rayon İcra Hakimiyyətinin maraqlarına toxunmur.
23. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin yerləşdiyi yerin məlum olmaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
25. Belə ki, cavabdehin imtina əsaslarından biri və apellyasiya şikayətinin əsas dəlili qeyri-yaşayış binasına dair Quba Rayon İcra Hakimiyyəti başçısının tikintiyə icazə verilməsi barədə qərarının və memarlıq şöbəsi tərəfindən təsdiqlənmiş layihə və tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi olmuşdur.
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd edilən halı nəzərə almamışdır.
27. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. İstinad edilən normanın hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyri-yaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; tikintiyə icazə verilməsi barədə qərar; tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə.
29. Hazırki işin hallarından isə iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktının olmadığı görünür.
30. Beləliklə, iddiaçı mağaza binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, həmin qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərinin mövcud olmadığı müəyyən olunur.
31. İş materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyətinin 339/2 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba şəhəri, H.Əliyev prospektində (əvvəlki 28-ci kvartalda) yerləşən daşınmaz əmlaka baxış keçirilən zaman şəhərin ümumi görünüşünə zidd hal aşkar olunmamış, obyektin kommunikasiya xətlərinin üzərində yerləşmədiyi və istismarına maneə olmadığı müəyyən edilmişdir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikilinin şəhərin ümumi görünüşünə zidd olmaması və istismarına maneə olan halın olmaması barədə Quba Rayon İcra Hakimiyyətinin məktubu tikilinin inşasına dair istismara qəbul aktını əvəz etmir.
33. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
34. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.
35. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, X6 ilə X8 arasında Quba rayon dövlət notariat konturunda xx.xx.1998-ci ildə, 3-M-58 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinə əsasən, İ.Həsənova Quba şəhəri, 28-ci məhəllədə yerləşən 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır.
36. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə iddiaçı Quba rayon dövlət notariat kontorunda 19 fevral 1998-ci ildə 3-m-58 reyestr nömrəsi ilə təsdiq olunmuş alğısatqı müqaviləsinə əsasən Quba şəhəri, 28-ci kvartalda yerləşən ümumi sahəsi 52.80 kv.m olan qeyri-yaşayış binasına X2 mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.
37. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərək, 52.80 kv.m qeyriyaşayış binasına X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qərarına gəlmişdir. Halbuki, iddiaçı tərəfindən İ.Həsənovun ümumi sahəsi 52.80 kv.m mağaza binası üzərində hər hansı hüququnun mövcud olduğunu təsdiq edən sənəd təqdim edilməmiş və buna dair sənədlər iş materiallarına əlavə edilməmişdir. xx.xx.1998-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən isə İ.Həsənova 25 kv.m yarımçıq mağaza tikilisi satılmışdır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2-1(118)-585/2022 nömrəli qərarı ləğv edilsin və və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba şəhəri, 28-ci kvartalda yerləşən mağaza binasına vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.