Məhkəmə qərarları › İş №2-1(105)-419/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-419/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-419/2023 04.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair texniki pasportun dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(118)-809/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 499.9 kv m ölçülü anbar təyinatlı əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir. Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnvertarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd “Azər Avtonəqliyyat" DŞ LSTB TTİ-nin Abşeron rayonu Xırdalan şəhərində yerləşən qeyriyaşayış sahəsi barəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu Təmir Tikinti İdarəsinin 499.9 kv m binası xx.xx.2004-cü il tarixdə özəlləşdirilmiş və müəssisənin qanuni nümayəndəsi X8 tərəfindən xx.xx.2006cı il tarixdə iddiaçının mərhum əri X1. Daha sonra həmin əmlak qanun üzrə vərəsəlik hüququ haqqında şhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı RX seriyalı ******* nömrəli Çıxarış əsasında xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, B.Səfəroğlu küç.,93 ünvanında yerləşən, ümumi sahəsi 499.9 kv.m olan əmlak kompleksi kimi müəssisənin tərkib hissələri faktiki olaraq ümumi sahəsi 311.1 kv.m olan 2 mərtəbəli inzibati binadan ibarətdir. Qeyd olunan Çıxarışda və həmin əmlaka dair əvvəlki mülkiyyətçi “Azəravtonəqliyyat DŞ LSTB TTİ-nin adına olan xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilmiş əmlak kompleksi kimi müəssisənin B.D.Q.V tikililəri sökülmüş, A İnzibati bina yerindədir. Тех.pasportda göstərilən tikililərdən A İnzibati bina faktiki olaraq var,Тех.pasportda göstərilmiş 0.4522 ha torpaq sahəsinin 0.0630 ha hissəsində Fərdi evlər tikilmişdir, 0.0027 ha hissəsi faktiki ərazidən kənara çıxır, 0.3865 ha hissəsi isə iddiaçının istifadəsindədir. Ərazidə 430.0 kv.m əlavə 1 mərtəbəli tikililər mövcuddur. İddiaçının istifadəsində faktiki torpaq sahəsi 0.4590 ha-dır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək əmlak kompleksinə texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksini qanuni şəkildə özəlləşdirmiş və mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Həmin əmlak kompleksi 499,9 kv m olmaqla iddiaçının adına xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd edilən əmlak kompleksi iddiaçının adına qeydiyyata alınsa da, həmin əmlak kompleksinə dair iddiaçıya texniki pasport verilməmişdir. Texniki pasport əvvəlki mülkiyyətçi “Azər Avtonəqliyyat" DŞ LSTB TTİ-nin adında qalmışdır. Qeyd edilən əmlak kompleksinə iddiaçının adına texniki pasportun verilməsi üçün cavabdeh idarəyə müraciət etsə də, həmin idarə qanunsuz olaraq xx.xx.2022-ci il tarixli, **********46 saylı məktubla imtina etmişdir. İmtinada üç səbəb qeyd edərək cavabdeh bildirir ki, sözügedən inzibati binada qaçqın statusuna malik ailələrin yaşadığı müəyyən edilmiş, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi Dövlət Neft Şirkətinin kontrakt ərazisində yerləşir və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. İmtinada göstərilən əsaslarla texniki pasportun verilməsindən imtina edilməsi qanunsuzdur. Çünki iddiaçı həmin əmlak kompleksini özəlləşdirərkən bunu həmin dövrdə aidiyyəti dövlət orqanı bilib müvafiq özəlləşdirməni aparmışdır. Özəlləşdirilən və hazırda mülkiyyətində olan yuxarıda göstərilən əmlak kompleksinə texniki pasportun verilməsi isə cavabdehin vəzifəsidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsinin 6 kVt elektrik xəttinin mühafizə zonasında və əmlak kompleksi kimi müəssisə və müəssisənin altında olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşdiyi, habelə əmlak kompleksi kimi müəssisənin tərkib hissəsi olan inzibati binada qaçqın statusuna malik ailələrin yaşadığı, əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binaların söküldüyü və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa etdirildiyi aşkar edilmişdir. Təyinatın konkretliliyi baxımından - təyinat çoxməqsədli olduğu halda funksiyalarının cəmi bütöv bir vahid kimi qəbul edilir. Obyektin öz aralarında birbaşa əlaqəsi olmayan ayrıca baxılan funksional hissələri inventar obyekti deyildir. Bina və qurğuların təyinatından kənar, bu və ya digər məqsədlər üzrə istifadəsi texniki inventarlaşdırılma sənədlərində əks etdirilmir. Qeyd olunan binanın qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalıdır. Obyektin müvafiq icra hakimiyyəti orqanının tərəfindən təsdiqlənmiş layihəsi təqdim edilməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(118)-809/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əmlakın iddiaçı tərəfindən özəlləşdirilməsinə maneə ola biləcək arqument kimi çıxış etmək ehtimalları vardırsa, həmin əmlaka dair texniki pasportun verilməsinədn imtina üçün əsas ola bilməz. Məlum olduğu kimi texniki pasport əmlakın texniki göstəricilərini (ölçüləri, sahəsi, hündürlüyü, yerləşdiyi torpaq sahəsinin ölçüləri və s.) əks etdirən sənəddir. Artıq əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdırsa, həmin əmlakın Dövlət Neft Şirkətinin kontrakt ərazisində, yüksək gərginlikli eletrik xəttinin mühafizə zolağında yerləşməsi və ya inzibati binada qaçqın statusuna malik ailələrin yaşaması texniki pasportun verilməsi üçün əhəmiyyət daşımamalıdır. İddiaçıya verilən imtina cavabına qeyd olunmasa da, iddia ərizəsinə etirazda cavabdeh tərəfindən “əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binaların sökülməsi və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa etdirilməsi” kimi daha bir dəlil əlavə edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı tələbində texniki pasportun məhz hansı göstəricilərə uyğun verilməsini qeyd etməmiş, o sadəcə mülkiyətində olan əmlaka texniki pasdportun verilməsini tələb etmişdir.Cavabdeh əmlakı mülkiyyət hüququnu qeydə aldıqdan sonra əmlaka texniki pasportunu tərtib edərək vermək vəzifəsini daşıyır. Mülkiyyətçi dəyişdikdən sonra nəticə etibarı ilə texniki pasportun da yeni mülkiyyətçinin adına verilməsi labüddür. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə texniki pasportun verilməsi ilə bağlı iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin torpaq sahəsinin 6KVt elektrik xəttinin mühafizə zonasında yerləşdiyi; ünvan 5 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə və müəssisənin altında olan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft şirkətinin kontrakt ərazisində yerləşdiyi; Əmlak kompleksi kimi müəssisənin tərkib hissəsi olan inzibati binada qaçqın statusuna malik ailələrin yaşadığı Əmlak kompleksi kimi müəssisənin tərkib hissələrindən «A» inzibati binasından başqa digər binaların söküldüyü və ərazidə dörd ədəd birmərtəbəli binanın inşa etdirildiyi aşkar edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın 10-cu bəndinə əsasən dövlət reyestrinin bölmələri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestr nömrələri (bundan sonra - reyestr nömrələri) ilə nömrələnir. Dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün (torpaq sahələri, torpaqla möhkəm bağlı olan bütün obyektlər, o cümlədən su obyektləri (sututarlar), meşələr, çoxillik əkmələr, binalar, qurğular, qeyri-yaşayış sahələri, mənzillər, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi müəssisələr, kommunikasiyalar və yer təki sahələri) adı verilir. Təyinatın konkretliliyi baxımından - təyinat çoxməqsədli olduğu halda funksiyalarının cəmi bütöv bir vahid kimi qəbul edilir. Obyektin öz aralarında birbaşa əlaqəsi olmayan ayrıca baxılan funksional hissələri inventar obyekti deyildir. Bina və qurğuların təyinatından kənar, bu və ya digər məqsədlər üzrə istifadəsi texniki inventarlaşdırılma sənədlərində əks etdirilmir. Qeyd olunan binanın qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən tikintiyə icazə - memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi., 4-cü maddəsinə əsasən memarlıq obyektinin yaradılması üçün sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinə və obyektin tikintisinə dair icazə almalıdır. Obyektin müvafiq icra hakimiyyəti orqanının tərəfindən təsdiqlənmiş layihəsi təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 47.4.2-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasın! və təsdiqlənməsini təmin edir, 48.3.3-cü maddəsinə əsasən sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikiiklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır və s. Habelə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın tələblərinə cavab verən tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Akt təqdim edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaların Bənd 3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir Bənd 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Bənd 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi daşınmaz əmalka dair texniki pasportun dəyişdirilməsi və müvafq əmlaka dair texniki pasportun verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşməsi, torpaq sahəsinin müvafiq neft şirkətinin kontrakt ərazisində yerləşməsi, inzibati binada qaçqın statusu olan ailələrin yaşaması, habelə həmin əmlak kompleksinin tərkib hissələrindən “A” inzibati binadan başqa digər binaların sökülməsi, ərazidə 4 ədəd birmərtəbəli binanın inşa edilməsi, həmin tikintiyə dair icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalı, layihə, istismara qəbul aktı təqdim edilməli olması halına istinad edilmişdir. Məhəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, qeyd edilən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq dövlət qeydiyyatına alınmışdır. Həmçinin, qeyd edilməlidir ki, həmin əmlak kompelksinə dair texniki passport xx.xx.1998-ci il tarixdə əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş, həmin texniki pasportda ümumi sahəsi 499,9, əsas sahə 218,5, köməkçi sahə 281,4, habelə A inzibati bina, B anbar, V sanitar qovşağı, Q gözətçi otağı, D kupol tipli anbar kimi qeyd edilmiş, hər birinin ümumi sahələri əks olunmuşdur. İndiki halda iddiaçının hüquqi marağı məhz əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş texniki pasportun onun adına dəyişdirilərək, onun adına yeni texniki pasportun tərtib edilməklə, verilməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda həmin əmlak kompleksinə dair iddiaçının mülkiyyət hüququ mövcud olduğundan, bu hüquq dövlət qeydiyyatına alındığından, həmin kompleksinin yerləşdiyi torpaq sahəsinin yüksək gərgnlikli elektrik xəttinin mühafizə zolağında və müvafiq neft şirkətinin kontrakt ərazisində yerləşməsi halı həmin əmlaka dair texniki göstəricilərini əks etdirən sənədin-texniki pasportun verilməsindən imtina üçün əsas qismində çıxış etməmiş, habelə cavabdeh tərəfindən bununla bağlı heç bir dəlilə istinad edilməmiş, buna dair heç bir hal əsaslandırılmamışdır. Bu baxımından cavabdeh inzibati orqanın qeyd edilən hissədə imtina və apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin əmlak kompelksində qaçqın statusu olan ailələrin yaşaması halı da özlüyündə iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan əmlak kompelksinin texniki göstəricilərinin müəyyən edilməklə, ona dair texniki pasportun tərtib edilməsində imtina üçün əsas qismində çıxış etməmiş, nəticə etibarilə cavabdeh inzibati orqan formal olaraq, həmin əsasa istinad etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, əmlak kompleksinə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, indiki halda cavabdeh inzibati orqanın binanın qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün tikitiyə icazə sənədi alınması, layihə təqdim edilməsi, kimi hallara istinad edilməsi əsassız olmaqla, həmin əmlaka dair texniki pasportun verilməsindən imtina üçün əsas qismində çıxış etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi digər dəlillərlə bağlı qeyd edir ki, cavabdeh inzibati orqan həmin əmlak kompelksinin tərkib hissəsi olan əmlaklardan yalnız A inzibati binanın mövcud olduğunu, digər tikililərin mövcud olmaması, onların əvəzində birmərtəbəli evlər inşa olunması, həmin tikililərə dair icazə sənədi, layihə, istismara qəbul aktının təqdim edilməməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əmlakın texniki vəziyyətinin müəyyən edilməsi məqsədilə məhkəmə araşdırması zamanı buna dair mütəxəssis rəyi alınmış, habelə həmin əmlakın yerində müayinə edilməsi məqsədilə baxış keçirilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, ümumi sahəsi 499.9 kv.m olan əmlak kompleksi kimi müəssisənin tərkib hissələri faktiki olaraq ümumi sahəsi 311.1 kv.m olan 2 mərtəbəli inzibati binadan ibarətdir, qeyd olunan Çıxarışda və həmin əmlaka dair əvvəlki mülkiyyətçi “Azəravtonəqliyyat DŞ LSTB TTİ-nin adına olan xx.xx.1998-ci il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilmiş əmlak kompleksi kimi müəssisənin B.D.Q.V tikililəri sökülmüş, A İnzibati bina yerindədir, texniki pasportda göstərilən tikililərdən A inzibati bina faktiki olaraq var, texniki pasportda göstərilmiş 0.4522 ha torpaq sahəsinin 0.0630 ha hissəsində fərdi evlər tikilmişdir, 0.0027 ha hissəsi faktiki ərazidən kənara çıxır, 0.3865 ha hissəsi isə iddiaçının istifadəsindədir, ərazidə 430.0 kv.m əlavə 1 mərtəbəli tikililər mövcuddur, iddiaçının istifadəsində faktiki torpaq sahəsi 0.4590 ha-dır. Həmçinin, yerində baxış protokolunun məzmunundan görünür ki, həmin əmlak kompleksinin tərkib hissələrindən 2 mərtəbəli olan A əsas inzibati bina faktiki olaraq mövcuddur, B, V, Q, D tikililəri sökülmüş, B, V, Q tikililərin yerində sökülmüş tikili qalıqları, habelə 1 ədəd birmərtəbəli ev və 4 ədəd bir-birinə bitişik formada yerləşən, ayrı giriş-çıxış qapısı olan birmərtəbəli fərdi ev mövcuddur. Göründüyü kimi indiki halda həmin əmlak kompleksinin tərkib hissəsi kimi yalnız ümumi sahəsi 311,1 kv.m olan 2 mərtəbəli A əsas inzibati bina mövcud olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, əmlaka dair texniki pasport məhz həmin əmlakın texniki vəziyyətini, texniki göstəricilərini ehtiva etməklə, buna dair məlumatları özündə ehtiva edir. İndiki halda isə həmin əmlak kompleksinin tərkib hissəsi kimi mövcud olmayan (sökülmüş) tikililərin onun texniki vəziyyətini müəyyən edən sənəddə nəzərdə tutulması onun mövcud vəziyyətini əks etdirməməklə, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə ziddir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda texniki pasport əmlakın texniki göstəricilərini, texniki vəziyyətini müəyyən edən sənəd kimi çıxış etdiyindən, həmin əmlaka dair əvvəlki texniki pasportda qeyd edilmiş tikililərdən sözügedən əmlak kompleksinin tərkib hissəsi kimi yalnız A əsas inzibati bina faktiki olaraq mövcud olduğundan, məhz həmin tikili qeyd edilməklə, texniki pasportun tərtib edilməsi mümkündür. Eyni zamanda qeyd edilməlidir ki, həmin əmlak kompleksinin tərkib hissəsinə aid olmayan 1 ədəd tikili və 4 ədəd fərdi evlər aşkar edilsə də, həmin tikilələrə dair sənədlərin (müvafiq rəy, icazə, layihə, istismara qəbul aktı və digər) mövcud olması halı müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Bu baxımından həmin tikililərin əmlak kompleksinin tərkib hissəsi kimi çıxış etmədiyindən, habelə həmin tikililərə dair müvafiq sənədlərin mövcud olması halı müəyyən edilmədiyindən, qeyd edilən tikililərin texniki pasportda əks olunması mümkün deyildir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, sözügedən əmlak kompleksi kimi müəssisənin əvvəlki texniki pasportunda qeyd edilmiş və hazırda mövcud olan tikililər (A əsas inzibati bina) nəzərə alınmaqla, texniki pasportun verilməsi hissəsində əsaslı olmaqla, həmin hissədə təmin edilməlidir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam aydınlaşdırılmamış, sözügedən əmlak kompleksinin texniki vəziyyətini əks etdirən hallar cavabdeh inzibati orqan tərəfindən mübaisələndirildiyi halda, bununla bağlı işin halları araşdırılmamış, mövcud olmayan tikililərin və yeni tikilmiş tikililərin nədən ibarət olması, habelə əmlak komplekisinin faktiki texniki vəziyyətini xarakterizə edən hallar müəyyən edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, həmin hissədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(118)-809/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair əvvəlki (xx.xx.1998-ci il tarixli) texniki pasportunda qeyd edilmiş və hazırda mövcud olan tikililər (A inzibati bina, 2 mərtəbəli, ümumi sahəsi 311,1 m2) nəzərə alınmaqla, texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar