Məhkəmə qərarları › İş №2-1(105)-42/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-42/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-42/2021 26.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4, iddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-819/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Corat Bələdiyyəsinin 15 saylı, xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Corat qəsəbəsi ərazisində uzun illər faktiki istifadə etdiyi sahəsi 292 kv m olan həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumayıt şəhər şöbəsinin 02/2437 saylı xx.xx.2007-ci il tarixli rəyində sözügedən torpaq sahəsinin İİİ qiymət zonasında yerləşməsi, ölçüsünün 292kv m olması, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini nəzərə alaraq həmin torpaq sahəsinin İddiaçı satılması məqsədə müvafiq hesab edilmiş, həmçinin DTXK-nin Sumayıt şəhər şöbəsinin 462 saylı arayışında satılan torpaq sahəsinin Corat Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla ilk dəfə satıldığı qeyd edilmişdir. Eynilə, Sumqayıt ŞİH-nin Memarlıq şöbəsinin müdiri tərəfindən verilmiş xx xxxxxx 2007-ci il tarixli, 597 saylı rəydə də faktiki istifadə etdiyi 292 kv m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsinə etiraz edilməmişdir. Corat Bələdiyyəsinin nümayəndəsi ilə İddiaçı arasında xx xxxxxx 2008-ci il tarixdə torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 525.60 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən sözügedən torpaq sahəsinə dair A N 034662 saylı plan və ölçüsü sənədi tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında xx xxxxxx 2008-ci il tarixdə 1283 nömrə ilə uçota alınmışdır. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx xxxxxx 2007-ci ildən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin bildirilmişdir ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun Dövlət qeydiyyatı aparılmamış və ya bələdiyyənin Dövlət aktı ərazi idarəsinə təqdim edilməmişdir. Odur ki, torpağın ayrılmasına əsas olmuş Corat bələdiyyəsinin qərarı xx xxxxxx 2007-ci il tarixdən sonra verildiyi üçün müraciətin icrası mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Corat qəsəbəsində yerləşən 0,0292 ha torpaq sahəsinin onun adına qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirilmiş, cavabdeh isə əsassız olaraq müraciəti təmin etməkdən imtina etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-819/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, Corat Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 15 nömrəli qərarı və xx.xx.2008-ci il tarixli torpaqların alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhər Corat Bələdiyyəsi ərazisində yerləşən 292 m2 həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair onun adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx xxxxxx 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin bildirilmişdir ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılmamış və ya bələdiyyənin dövlət aktı 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməmişdir. Göründüyü kimi, torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa hərrac keçirilmədən vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Qeydiyyat orqanı haqlı olaraq iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir. İşə baxan məhkəmə isə bu halları araşdırmadan iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz təqdim edərək iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdehin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən xx xxxxxx 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər arqumentinə münasibətdə qeyd edir ki, iddiaçı 15 ildən artıqdır ki, Sumqayıt şəhərində pasport qeydiyyatdadır və onun Sumqayıt Bələdiyyəsinin fəaliyyət göstərdiyi inzibati ərazidə daimi yaşayıs yeri var. Cavabdeh tərəfindən gətirilən digər arqumentə münasibət bildirmişdir ki, bələdiyyə tətərfindən qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ tanınmadan ona müraciət edən şəxsə satılmasında, iddiaçının heç bir təqsiri yoxdur. Belə ki, onun hüquqları etimad prinsipinə əsasən qorunur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halından görünür ki, Corat qəsəbəsi ərazisində faktiki istifadəsində olan 292 kv m torpaq sahəsi Corat bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, yerin təhvil aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin müvafiq rəyi, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaqların alqı-satqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi iddiaçıya Corat Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 15 saylı qərarı və xx xxxxxx 2008-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin xx xxxxxx 2007-ci il tarixli, 02/2437 saylı rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Ona görə də, birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan və hərrac keçirilmədən birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Halbuki, əvvəlcə ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı idi, yalnız bundan sonra həmin sahə hərrac vasitəsilə iddiaçıya satıla bilərdi. Kollegiya aşağıda göstərilənlərə əsasən sözügedən dəlili əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd edilən qanunun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Fərdi yaşayış və bağ evlərinin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri onların mülkiyyətinə torpağın ayrılması, həmçinin müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçının qonşuları tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyət Başçısının Corat qəsəbə Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli akta və Corat qəsəbə Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 273 saylı arayışa əsasən, iddiaçı xx xxxxxx 1963-cü ildə Corat qəsəbəsində 535 nömrəli evə gəlin gəlmiş və hazırkı vaxtadək həmin evdə qeydiyyatsız yaşayır. Sumqaylt şəhər Məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2-1602/2008 saylı qətnaməsindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum qaynanası X3 mülkiyyətində olan miras əmlaka- Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 535 saylı evə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsini xahiş etmiş, məhkəmənin qətnaməsi ilə iddiaçının tələbi təmin edilmişdir. Qətnamənin təsviri hissəsindən müəyyən olunur ki, iddiaçının qaynanası Əsmət Hüseynova xx.xx.1983-cü il tarixdə, həyat yoldaşı Ənvər Hüseynov isə xx.xx.1991-ci il tarixdə, oğlu Süleyman Hüseynov isə xx.xx.1999-cu ildə vəfat etmişdir. Həmin vaxtdan etibarən miras evə faktiki sahiblik və istifadə edir. MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, məhkəmənin qətnaməsi icra edilərək, Sumqayıt şəhəri Corat qəsəbəsində mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 535 nömrəli fərdi yaşayış evi xx xxxxxx 2008-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Nərgiz Əliqulu qızının adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhərinin baş memarı tərəfindən imzalanmış, ayrılmış torpaq sahəsinə dair mövqe planından görünür ki, 292 kv m torpaq sahəsi iddiaçının qaynanası X3 xüsusi mülkiyyətində olan Corat qəsəbəsi ev 535 ünvanda yerləşən 800 kv m həyətyanı torpaq sahəsinə bitişik sahə olmaqla iddiaçı tərəfindən uzun illər qeyri-qanuni istifadə edilmişdir. Beləliklə, sadalanan sənədlərlə təsdiq edilir ki, 292 kv m torpaq sahəsi iddiaçının qaynanası X3 xüsusi mülkiyyətində olan, sonuncunun ölümündən sonra iddiaçı tərəfindən faktiki qəbul edilən və hazırda vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmiş Corat qəsəbəsi ev 535 ünvanda yerləşən 800 kv m həyətyanı torpaq sahəsinə bitişik sahə olmaqla iddiaçı tərəfindən uzun illər qeyriqanuni istifadə edilmişdir. Bu halda isə yuxarıda sadalanan qanunvericilik normalarına istinadən hərracın keçirilməsi və müvafiq olaraq bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması tələb olunmur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-819/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar