Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-42/2023 10.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı işi üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X3 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil və cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun 58 nömrəli 23 iyul 2019-cu il tarixli Əmri ilə tutduğu Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəliyin qoyulması” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ilin may ayından 2012ci ilin iyun ayına kimi və 2014-cü ildən 23 iyul 2019-cu ilə kimi Şamaxı rayonu Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, 2-ci dərəcəli Dövlət qulluqçusudur. İşlədiyi müddətdə yaxşı xidmətinə görə dövlət qulluqçusu və Şamaxı RİHBnın Çaylı kənd İƏD-si üzrə nümayəndəsi kimi dəfələrlə mükafatlandırılmışdır. O, heç bir qanuni əsaslar olmadan, fəaliyyəti araşdırılmadan və Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şurasında baxılmadan Şamaxı rayon prokurorunun ona heç bir aidiyyatı olmayan 04 iyun 2019-cu il tarixli təqdimatına əsasən 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrlə işdən azad olunmuşdur. Qanunsuz işdən azad olunması ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Şamaxı rayon İcra Hakimiyyətinin Başçısına müraciət etsə də, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı onu əvvəlki iş yerinə və ya Şamaxı rayonunun başqa kəndinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin etməsi barədə söz vermiş, vaxtı uzatmış, lakin onun qanuni və əsaslı müraciətinə bu günə kimi cavab vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bu yolla da onun məhkəməyə müraciət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və məhkəməyə müraciət etmək vaxtını qanunsuz olaraq bilərəkdən uzatmağa çalışmışdır. Hesab edir ki, buraxılmış müddət məhkəmə qaydasında üzürlü hesab olunmaqla bərpa edilməlidir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-50/2021 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və Cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, İddiaçı barəsində yeni inzibati aktın qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır (sədrlik edən hakim İsmayıl Quliyev). Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “Dövlət qulluğu haqqında Qanunun 25.2, 25.3-cü maddələrinə, “İnzibati İcraat haqqında” Qanunun 14.2, 24.1, 24.2, 24.3, 24.4-cü maddələrinə, İPM-in 73.2-ci maddəsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-50/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı işdən azad edilməsindən bir ilə yaxın müddət keçmiş və həmin vəzifəyə yeni təyinat aparılmış, eyni zamanda yerli icra hakimiyyəti orqanları strukturuna aid vəzifələrə bütün təyinatlar yuxarı rəhbər orqan tərəfindən təqdimat qəbul ediləndən sonra aparılmasına baxmayaraq məhkəmə mövcud vəziyyəti nəzərə almadan belə bir nəticəyə gəlmişdir. Həmçinin bildirirlər ki, İddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi vəzifəsinin Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilməsi onları bir çox problemlərlə üzləşdirəcəkdir. Məhkəmə qərar qəbul edərkən öz mövqeyini Şamaxı rayon Prokurorluğunun cinəyət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibinin olmadığının müəyyən edilərək cinayət işi üzrə icraata xitam verilməsi və onun məhkəmə proseslərinə məhkəmələrin çağırışlarına əsasən və rayon İcra Hakimiyyətinə məlumat verdikdən sonra getməsi ilə əsaslandırmışdır. Onu da bildirirlər ki, Şamaxı rayon Prokurorluğu İddiaçı əməlində cinayət tərkibinin olmadığını müəyyən edərək cinayət işi üzrə icraata xitam verilməsinə qərar vermiş olsa da, 04 iyun 2019-cu il tarixli, ********* nömrəli təqdimatında onun dövlət qulluğu ilə uyğunlaşmayan əməllərinə hüquqi qiymət verilməsini Şamaxı rayon İcra Hakimiyyətinə həvalə etmişdir. Eyni zamanda İddiaçı məhkəmə proseslərində nəinki bilavasitə tərəf qismində, həmçinin dəfələrlə digər şəxsin nümayəndəsi qismində də iştirak etmişdir. Bununla yanaşı o, rayon İcra Hakimiyyətinə məlumat verdikdən sonra proseslərə getməsini heç bir sənəd və ya digər vasitələrlə sübut edə bilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(105)-424/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, İddiaçı iddia tələbinin təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2019-cu il tarixli 58 saylı əmrinin ləğv edilməsi, İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilsin və ona 23 iyul 2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır (hakimlər – Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Hökümə Babayeva və İlqar Dəmirov). Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən İPM-in 12, 14, 35, 58, 82, 87, 89, 90, 94-cü maddələrini, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24, 73-cü maddələrini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25, 33-cü maddələrini, Yerli icra hakimiyyətləri haqqında Əsasnaməsinin 4-cü maddəsini tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(105)-424/2021 nömrəli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-1(102)- 2334/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-424/2021 nömrəli qərarı ləğv edilərək işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər – Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimov). Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətini təmin etmədiyi halda, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(118)- 50/2021 nömrəli qərarını ləğv edir, yeni qərar qəbul edir, iddiaçının iddiasını tam təmin edir, lakin bunun kimin apellyasiya şikayəti üzrə etdiyi bəlli deyildir. Bununla da apellyasiya məhkəməsi tərəfindən İPM-in 87.6-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin kassasiya şikayətindəki 2 (ikinci) dəlilinə, yəni “Qanunun dövlət qulluqçusuna qadağan etdiyi əməllər iddiaçı tərəfindən dəfələrlə törədilsə də məhkəmə bunu nəzərə almamışdır”, gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Qərar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1, 20.1.3-cü maddələri, İnzibati Prosessual Məcəllənin 81.1, 82, 84, 87.1, 87.6, 87.8, 90, 91, 94, 96 və 98.1 ci maddələrinə istinad edərək əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 2-1(105)-248/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2-1(118)-50/2021 nömrəli qərarı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Zahid Məmmədov). Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İPM-in 73.2-ci maddəsinə istinad edərək iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoymuş, lakin həmin normada nəzərdə tutulan iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsini mümkün etməyən halları göstərməmiş, məhkəmənin hüquqi mövqeyini nədə ifadə etməsini göstərməmiş, bununla bağlı hüquqi əsaslandırma aparmamışdır. İddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı həmin əmrin ləğvinə, əvvəllki vəzifəsinə və dövlət qulluğuna bərpa olunmasına, bərpa olunana kimi əmək haqqının ödənilməsinə yönəlmişdir ki, bu da iddianın məcburetmə növünə deyil, mübahisələndirmə növünə aiddir. Göründüyü kimi birinci instansiya məhkəməsi mövcud iddia tələbinə dair mahiyyəti üzrə qərar qəbul etməmişdir. İddiaçının yuxarıda qeyd olunan məzmunda - “Şamaxı rayon prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələblərinin nəzərə alınaraq, onun barəsində yeni inzibati aktın qəbul edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi olmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.3, 69.4, 68.2, 73.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Birinci instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2019-cu il tarixli 58 saylı əmrində iddiaçının tutduğu vəzifədən və dövlət qulluğundan azad edilməsi üçün əsas kimi onun saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu göstərilmişdir. İddiaçı müəyyən vaxtlarda özünün və oğlu X4 iştirak etdiyi məhkəmə iclaslarında iştirak etdiyini təsdiq etmiş və buna görə müvafiq qaydada ərizə ilə şöbə müdirinə müraciət etdiyini və icazə aldığını bildirmişdir. Cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı məhkəmə iclasllarına getməsi üçün icazə verilməsi barədə müraciəti rayon İcra Hakimiyyətinə daxil olmamış və ona belə bir icazənin verilməsi barədə heç bir əmr verilməmişdir. Bununla iddiaçı dövlət qulluqçusu kimi nizam intizam qaydalarını və işə davamiyyət qaydalarını pozmuşdur. İddiaçı iddia tələbində cavabdeh tərəfindən onun barəsində ən ciddi intizam tənbeh tədbiri seçildiyinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, qanunda intizam tənbehlərinin ardıcıllıqla seçilməsi və ya birbaşa dövlət qulluğundan azad edilməi ilə bağlı tədbirin seçilməsinin qanunsuz olması kimi bir məhdudiyyət nəzərdə tutulmamışdır Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Dövlət qulluğu haqqında Qanunun 25.1, 25.2, 33.1, 33.1.6-cı maddələrinə, İPM-in 2.2.1, 32.1 və 58.7-ci maddələrinə əsaslanmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barəsində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşə baxan məhkəmə tərəfindən qeyd edilən qanun norması kobudcasına pozulmuş, işin faktiki halları araşdırılmamış və araşdırılmış hesab edilən xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işin hallarına, daha dəqiqi Şamaxı RİHB-nın xx.xx.2019-cu il tarixli 58 saylı əmrinin surətindən görünür ki, həmin əmrlə Şamaxı rayon prokurorunun xx.xx.2019-cu il tarixli təqdimatı əsas tutularaq tutularaq İddiaçı tutduğu vəzifədən Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsinin nümayəndəsi vəzifəsindən azad edilmiş və onun dövlət qulluğuna xitam verilmişdir. İşdən azad edilməsi barədə əmrdə əsas kimi onun “saxta olduğu sübuta yetirilmiş torpaq icarə müqaviləsindən istifadə etməsi, iş vaxtında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı almağı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozması” qeyd edilmiş və “Dövlət qulluğu haqqında” ARQ-nun 25.2.6, 33.1.6-cı maddələri və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.8 –ci bəndi rəhbər tutulmuşdur”. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, inzibati işin hallarından görünür ki, Şamaxı rayon prokurorluğunun rayon İH-nə ünvanlanmış xx.xx.2019-cu il tarixli Təqdimatında rayon prokurorluğunda AR CM-nin 313 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə müəyyən edilən qanun pozuntularına gələcəkdə yol verilməməsi, qarşısının alınması məqsədilə təqdimatın rayon icra hakimiyyətinin ümumi yığıncağında müzakirə edilməklə Şamaxı rayon İHB-nın Birinci Çaylı kənd inzibati ərazi dairəsinin nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. Qeyd olunan təqdimat müzakirə olunub nəticəsi barədə Şamaxı rayon İHB-nın İddiaçı barədə 58 saylı, xx.xx.2019-cu il tarixli əmri verildikdən, yəni İddiaçı tutduğu vəzifədən azad edilib, onun dövlət qulluğuna xitam verildikdən sonra, yəni ilkin olaraq Şamaxı rayon prokurorunun müavininin 15 avqust 2019-cu il tarixli və eləcə də yenə də eyni prosessual şəxsin xx.xx.2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarları ilə ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Rayon prokurorluğunun xx.xx.2019cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərararından görünür ki, həmin qərarla İddiaçı əməlində AR CM-nin 320.2-ci maddəsinin (Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) tərkib əlamətləri olmadığından, eləcə də onun əməlində AR CM-nin 179-cu maddəsinin (Maddə 179. Mənimsəmə və ya israf etmə) tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Bununla yanaşı həmin qərarda həmçinin qeyd edilir ki, aparılmış istintaq zamanı İddiaçı əməlində saxta sənəddən (hazırkı halda torpaq icarə müqaviləsi) istifadə cinayətinin tərkib əlamətlərinin olmadığı müəyyən olunmuşdur. Göründüyü kimi hazırkı halda Şamaxı rayon prokurorluğunun İddiaçı barəsində rayon prokurorluğuna ünvanladığı xx.xx.2019-cu il tarixli Təqdimat “İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etməsi” hissəsində rayon prokurorluğunun özü tərəfindən aparılmış istintaqla təkzib olunmuş olsa da, işə baxan məhkəmə tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmçinin işə baxan məhkəmə İddiaçı “iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı alması və bununla da qanunvericiliyin tələblərini pozması” barədə prokurorluğun təqdimatındakı və PİH-nin 58 saylı əmrindəki müddəaları da doğru düzgün araşdırmamış, bu faktlarla əlaqədar işdə olan cavabdehin nümayəndəsinin izahatlarına və həmin izahatlardakı ziddiyyətlərə əhəmiyyət verməmiş və bununla da iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Belə ki, cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməmiş və göstərmişdir ki, İddiaçı rayon prokurorluğunun təqdimatında qeyd edildiyi kimi “saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı alması və bununla da qanunvericiliyin tələblərini pozduğu üçün” AR Dövlət qulluğu haqqında Qanunun 25.2.6-cı, 33.1.6-cı maddələri və “Yerli icra hakimiyyətləri haqqında” Qanunun 4.1.8-ci bəndinə əsasən işdən azad olunmuş və onun dövlət qulluğuna xitam verilmişdir. Həmin nümayəndənin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında verdiyi izahatda qeyd etmişdir ki, “İddiaçı işlə təmin etmək üçün çox çalışsalar da, təklif etdikləri işlərlə bağlı sonuncu öz vəzifəsinə bərpa olunmasında israrlı olduğundan razı olmamışdır. İddiaçı barədə heç bir inzibati tənbeh tədbiri olmayıb. İddiaçı məhkəmə proseslərinə getməsi üçün İH-nə verdiyi ərizələr o zaman qeydiyyata düşməyib deyə rəsmi sayılmamışdır. Ona görə də iddiaçıya müvafiq məhkəmə iclaslarına getməsi üçün icazə verilməsi barədə müraciəti İH-nə daxil olmamış hesab edilməklə belə bir icazənin verilməsi barədə heç bir əmr verilməmişdir. İddiaçı yalnız prokurorluğun təqdimatı əsasında işdən azad edilib, saxta müqavilənin iddiaçıya heç bir aidiyyəti yoxdur”.... Göründüyü kimi iddiaçının məhkəmə iclaslarında iştirak etməsinin üzürlü olmasına dair dedikləri cavabdehin nümayəndəsinin izahatı ilə də öz təsdiqini tapır. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi bu ziddiyyətləri araşdırmamış və lazımi hüquqi qiymət verməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-248/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadının 5-ci vərəqində məhkəmə haqlı olaraq qeyd edir: ”Göründüyü kimi 1-ci instansiya məhkəməsi mövcud iddia tələbinə dair mahiyyəti üzrə qərar qəbul etməmişdir. İddiaçının yuxarıda qeyd olunan məzmunda-“Şamaxı rayon prokurorluğunun təqdimatı və cinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarı,inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələblərinin nəzərə alınaraq, onun barəsində yeni inzibati aktın qəbul edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi olmamışdır”. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinə tövsiyə etdiyi bu vacib hal məhkəmə tərəfindən diqqətə alınmamış, iş mahiyyəti üzrə araşdırılmamışdır. Əslində məhkəmə bu xüsusatlara diqqət yetirməli idi. İddiaçı tutduğu vəzifədən qanunsuz və əsassız olaraq azad edilməsi və eləcə də onun dövlət qulluğuna əsassız olaraq xitam verilməsi işin faktiki halları ilə öz təsdiqini tapmasına baxmayaraq məhkəmə əsassız və qanunsuz olaraq iddianın rədd olunmasına dair nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 15.2. İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: «Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm». Maddə 18. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. Maddə 4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Maddə 7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Maddə 10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Maddə 10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Maddə 15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 58.1 Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya baxışının hədləri Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün məhkəmə kollegiyası hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, İddiaçı Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun 23 iyul 2019-cu il tarixli 58 nömrəli Əmri ilə tutduğu Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin 58 nömrəli 23 iyul 2019cu il tarixli əmrinin ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki,...“ İddiaçı iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı alması və bununla da qanunvericiliyin tələblərini pozması” barədə prokurorluğun təqdimatındakı və PİH-nin 58 saylı əmrindəki müddəaları da doğru düzgün araşdırmamış, bu faktlarla əlaqədar işdə olan cavabdehin nümayəndəsinin izahatlarına və həmin izahatlardakı ziddiyyətlərə əhəmiyyət verməmiş və bununla da iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir” Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətində qeyd etdiyi bu dəlillini də əsassız hesab edir. Çünki məhkəmə kollegiyasının iclasında da araşdırma zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda özünün və digər şəxslərin adından nümayəndə (vəkil kimi iştirak etməmişdir) qismində məhkəmə proseslərində iştirak etmişdir. Lakin iddiaçı həmin proseslərdə iştirak etməsinə dair müvafiq qaydada rəhbərliyə müraciətini və ya bu müraciətlər əsasında verilmiş icazəni təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununlarından göründüyü kimi dövlət qulluqçuları vəzifədə olaraq başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verdikdə, vəzifədə olaraq etik davranış qaydalarına əməl etmədikdə onların barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.-ci maddəsinə qeyd olunan intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. Kollegiya iş üzrə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh, iddiaçının müvafiq hərəkətlərə (vətəndaşların nümayəndəsi olmaqla) yol verməklə “Dövlət qulluğu haqqında” Qanunun tələblərini pozması qənaətinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunan əsasla ona “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiqi həm “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununuun 25.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin tələbləri baxmından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl “...dövlət qulluğunun ona verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə” and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmuşdur. Lakin onun yol verdiyi hərəkətlər (hansı ki, iddiaçı inkar etmir) həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət də təşkil edir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, tətbiq edilmiş “dövlət qulluğundan azad edilmə” tənbeh tədbiri adekvat seçimdir. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən inzibati aktın (əmrin) ləğv edilməsi üçün cavabdeh inzibat orqanın hərəkətlərində qanun pozuntusu müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 23 iyul 2019-cu il tarixli 58 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2-1(118)-1713/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-42/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-42/2023
10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver