Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-42/2025 19.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(118)-1762/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: “Dalğa” X3 Heyətinin 1988-ci il tarixli, 1 nömrəli iclas protokoluna əsasən İddiaçı “Dalğa” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmiş və ona 5 nömrəli bağ sahəsinin ayrılmışdır. Ayrılmış 5 nömrəli bağ sahəsi Sumqayıt şəhərinin “Yaşma” ərazisində “Dalğa” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş torpaq sahəsinə aid 1:2000 miqyasında yerquruluşu xəritəsində göstərilmişdir. “Dalğa” bağçılıq yoldaşlığı tərəfindən iddiaçıya 5 nömrəli üzvlük kitabçası verilmiş və həmin sənəddə onun bağçılıq cəmiyyətinə 1988-ci ildə qəbul edildiyi qeyd edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət edərək ona məxsus 0,06 ha torpaq sahəsi cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyündən həmin torpaq sahəsinə görə ona kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh 10 avqust 2022-ci il tarixli, ********* nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin (çıxarış) surətlərinin təqdim edilməməsi əsas gətirilərək imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində yerləşən sahəsi 600 kv.m. olan 5 saylı torpaq sahəsinin dəyərinin - 9.000 manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-nin xx.xx.1988-ci il tarixli 16 saylı qərarına əsasən iddiaçıya Yaşma bağları ərazisindən sahəsi 600 kv.metr olan 5 saylı bağ sahəsi ayrılmışdır. “Dalğa” bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli 1 saylı Protokoluna əsasən o, həmin BY-na üzv qəbul edilmişdir. Sonradan həmin sahələr AR Prezidentinin 1997-ci il tarixli sərəncamına əsasən qanuni sahiblərin mülkiyyətinə verilmişdir. Səhhəti ilə əlaqədar mülkiyyət hüquqlarını qeydə ala bilməmiş, daha sonra həmin sahələrdən magistral yol çəkildiyi və cavabdeh orqan tərəfindən torpaq sahiblərinə torpağın dəyərinin ödənilməsi barədə məlumat əldə etmişdir. Bu məqsədlə cavabdehə müraciət etmiş, lakin, cavabdeh müraciətindən imtina edərək bildirmişdir ki, yalnız mülkiyyət hüququ qeydiyyatdan keçib buna dair hüquqi sənəd aldıqdan sonra onunla həmin 600 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanıla bilər. Hesab edir ki, cavabdehin hərəkətləri tamamilə qanunsuzdur və ən azından ona ədalətli kompensasiya ödənilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçıya verilmiş rəsmi cavabda göstərilmişdir ki, torpağa aid olan mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin təqdim olunması zəruridir. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsinin icrası ilə bağlı vətəndaşların yolun tikinti altına düşən torpaqlarının siyahısı müəyyənləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Alınmış cavabda bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddia ərizəsindən göründüyü kimi qeyd olunan layihənin icrası zamanı iddiaçı göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi dövlət qeydiyyatından keçməmişdir və bununla bağlı mülkiyyət və digər hüquqlarına malik olmamışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində (5 saylı bağ sahəsinin) yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 5.910 manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(118)-1762/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya onun mülkiyyətində olan Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində (5 saylı bağ sahəsinin) yerləşən 0,06 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 5.910 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş alqı-satqı müqavilələri üzrə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində 0.06 ha torpaq sahəsi 4.320 manata, 0.035872 ha torpaq sahəsi 2.582 manata, 0.06 ha torpaq sahəsi 8998 manata satılmış, torpaq sahələrinin bir sotunun qiyməti 1-ci - 720 manat, 2-ci - 737 manat, 3-cü – 1499 manat olmaqla, 1 sotun orta qiyməti təqribən 985 manatdan çox edir (720+737+1499=2956:3=985.33). İddiaçının mülkiyətində olan torpaq sahəsinin 6 sot olduğunu nəzərə alaraq, torpaq sahəsinin qiyməti 5.910 (6x985=5.910) manatdan çox təşkil edəcəkdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün ona dəymiş maddi ziyan 5.910 manat məbləğindədir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən, mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, ərazidə ağacların, tikilinin mövcud olub-olmamasını, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşüb- düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) və həmin torpağın üzərində ağacların, tikilinin mövcudluğu müəyyənləşdirilməmişdir. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə, həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlığının olması da işin araşdırma tələb edən hallarındandır. Məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin siyahıya alınma tarixinə bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqısatqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmiş və torpaqların carı bazar qiymətini araşdırmaqla kifayətlənmişdir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixi məhkəmə tərəfindən müəyyən edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli 0,06 ha torpaq sahəsi ona 1 nömrəli şəhər xəstəxanasında işlədiyi dövrdə xəstəxananın səhiyyə şöbəsi tərəfindən ayrılmışdır. Cavabdeh tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhəd avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən ona məxsus 576 kv.m. torpaq sahəsindən artıq qalan 24 kv.m. torpaq sahəsindən hazırda istifadə etməsi mümkün deyil. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən həyata keçirilən “Bakı- Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində yerləşən 0,0576 ha və faktiki istifadəsi mümkün olmayan qalan 0,024 ha olmaqla, ümumilikdə, 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq ona 4.320 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. Maddə 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. ... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. ... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. ... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. ... Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; ... Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; ... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; ... Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmeti Sumqayıt şəhərinin “Yaşma” ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar hesablanmalı olan kompensasiyanın ödənilməsi barədədir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri 2 hissədən ibarətdir: 1) torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “M-1 Bakı-Quba- Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” altına düşübdüşməməsinin araşdırılmaması; 2) sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın olmaması. Kollegiya cavabdehin 1-ci dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirmək və hər iki tərəf üçün mühüm olan – kompensasiyanın məbləğinin düzgün müəyyənləşdirilməsi üçün ilk öncə iddiaçının mülkiyyət hüquqlarına hansı həcmdə müdaxilə edildiyini, yəni iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinin dövlət ehtiyacı üçün alınmaya məruz qalmalı olduğunu, bundan sonra isə torpağın dəyərinin düzgün müəyyənləşdirilməsi mütləqdir. Bu iki hal düzgün formada araşdırıldıqdan sonra ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi mümkün olacaqdır. Bununla bağlı, kollegiya qeyd edir ki, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 10 oktyabr 2022-ci il tarixli müayinə (baxış) aktı” nda mübahisələndirilən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,06 ha, faktiki isə 0,0127 ha təşkil etdiyi, yəni, 0,06 ha torpaq sahəsinin 0,0473 ha hissəsinin Bakı Quba avtomobil yolunun tikintisi altında düşdüyü göstərilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı isə cavabdeh tərəfindən məhkəməyə mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən çıxarış təqdim edilmişdir. Həmin orto-foto xəritədən çıxarışdan iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin bir hissəsinin avtomobil yoluna, bir hissəsinin isə yolun mühafizə zonasına düşdüyü görünsə də, bu sahələrin konkret ölçüsü göstərilməmişdir. Bu baxımdan, kollegiya tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin həm avtomobil yoluna, həm də yolun mühafizə zonasına düşən hissələrinin cəmi sahəsi barədə məlumat verilməsi barədə cavabdehə sorğu verilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq cavabdehin 14 fevral 2025-cü il tarixli, 3-21-3-31/2-509/2025 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin avtomobil yoluna və yolun mühafizə zonasına düşən hissələrinin cəmi sahəsi 0,0576 ha təşkil edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildiyi ki, iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin 0,0576 ha hissəsi cavabdeh tərəfindən həyata keçirilən “M-1 Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşür. Şikayətin 2-ci dəlili ilə bağlı kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi torpaq sahəsi iddiaçıya “Dalğa” X3 Heyətinin iclas qərarına əsasən ayrılmış və bağçılıq yoldaşlığı tərəfindən iddiaçının adına üzvlük kitabçası verilmişdir. Nəzərə almaq lazımdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Belə ki, Mülki Məcəllənin yuxarıda istinad olunan 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 2004-cü il 30 noyabr tarixli qərarında ifadə olunmuşdur ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Eləcə də, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Kopeçki Slovakiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, müəyyən hallarda əmlak əldə edilməsi ilə bağlı “qanuni gözlənti” də 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşə bilər. Belə ki, mülkiyyətçinin maraqlarının tələb formasında olduğu hallarda, marağın milli qanunvericilikdə kifayət qədər əsası olduğu təqdirdə (misal üçün, onun mövcud olmasını təsdiq edən milli məhkəmələrin təcrübəsi mövcuddursa) bunun verildiyi şəxsə “qanuni gözləntisi” olan şəxs kimi baxılması mümkündür. Həmçinin, “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinə istifadə və sahiblik hüquqları ona mülkiyyətçi hüquqlarından istifadə etmək üçün əsas verir və dövlət ehtiyacları üçün geri alınmış əmlaka görə ədalətli kompensasiya tələb etmək hüquqları vardır. Bundan əlavə, iddiaçı sözügedən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi yerləşən ərazidən artıq Bakı-Quba avtomobil yolu çəkildiyindən və sahənin əksər hissəsi avtomobil yolunun tikintisi altına düşdüyündən müraciətin icrasından imtina etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir. İşin yuxarıda qeyd edilən hallarından müəyyən edilir ki, iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin ümumilikdə 0,0576 ha hissəsi cavabdeh tərəfindən həyata keçirilən Bakı- Quba avtomobil yolunun tikintisi altına, eləcə də mühafizə zonasına düşmüşdür. Torpaq sahəsinin qalan 0,0024 ha hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi ümumilikdə 0,06 ha torpaq sahəsi iddiaçıya bağçılıq yoldaşlığının qərarı ilə bağçılıq məqsədilə ayrılmışdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, torpaqların alınmasını zəruri edən layihələrin həyata keçirilməsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsinə səbəb olarsa, torpağın müəyyən hissəsinin alınmasına yalnız hüquq sahibinin yazılı razılığı əsasında yol verilir. Qanunun 56.1, 56.1.1 və 56.1.4-cü maddəsinə əsasən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər də nəzərə alınır. Normaların tələbindən müəyyən edildiyi kimi dövlət ehtiyacları üçün geri alınan torpaq sahələrinə görə kompensasiyanın məbləği müəyyənləşdirilərkən torpaq sahəsinin saxlanılan (alınmayan) hissəsində qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərin olub-olmaması, torpağın müəyyən hissəsinin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər də nəzərə alımalıdır. Hazırkı halda, iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin əksər hissəsi (24/25 hissəsi) cavabdeh tərəfindən həyata keçirilən avtomobil yolunun tikintisi altında düşmüş və yerdə qalan cüzi hissədən (0,0024 ha) hissədən faktiki olaraq torpaq sahəsinin məqsədli təyinatı üzrə - bağçılıq məqsədilə istifadə edilməsi tam mümkünsüzdür. İşin bu halını və qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı ümumilikdə 0,06 ha torpaq sahəsindən məhrum edilmiş və bu dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (M-1 Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. Bununla bağlı, birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt şəhəri, “Yaşma” bağları ərazisi “Dalğa” bağçılıq yoldaşlığı 4 ünvanında yerləşən torpaq sahələrinə dair ünvan 2a cavab olaraq məhkəməyə təqdim edilmiş müqavilələrdən görünür ki, cavabdeh tərəfindən həyata keçirilən “M-1 Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində avtomobil yolunun tikintisi ilə əlaqədar Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən “Yaşma” BY 278 və 403 saylı, həmçinin, eyni ərazidə “Dalğa” BY 7 ünvanında yerləşən torpaq sahələrinə görə xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqavilələri imzalanmış, hər üç müqaviləyə əsasən, torpaq mülkiyyətçilərinin hər birinə cavabdeh tərəfindən 1 sotu 720 manatdan hesablanmaqla ödəniş edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilımiş 15 yanvar 2025-ci il tarixli, 11-1/2-3xx-xx/2025 nömrəli, həmçinin xx.xx.2025-ci il tarixli, 11-1/2-12xx-xx/2025 saylı məktublardan görünür ki, tərəflərindən “Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi həyata keçirilən zaman Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yolun tikintisi altına düşən maneə sahiblərinə kompensasiya tam ödənilmiş, həmin ərazidə torpaq sahələrinin 1 sotu Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış bazar qiymətinin 20 faizi miqdarında əlavə nəzərə alınmaqla, 720 (yeddi yüz iyirmi) manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçıya məxsus bağ torpaq sahəsinin qonşuluğunda yerləşən bağ torpaq sahələrinin geri alınması ilə əlaqədar torpaq sahiblərinə 2020-ci ildə sahənin 1 sotu üçün 720 manat məbləğində kompensasiya ödənilmişdir. Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı cavabdeh tərəfindən torpaq sahiblərinə 1 sot sahəyə görə ödənilmiş 720 manat kompensasiya məbləğilə razılaşdığını bildirmiş və bu baxımdan, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi(həcminin azaldılması) barədə ərizə təqdim edərək, yolun tikintisi altına düşən 0,0576 ha və faktiki istifadəsi mümkün olmayan qalan 0,024 ha olmaqla, ümumilikdə, 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq ona 4.320 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Qeyd edilənləri ümumiləşdirərək, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən həyata keçirilən “M-1 Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsinin icrası ilə əlaqədar geri alınan torpaq sahələrinə görə əmlak sahiblərinə torpaq sahəsinin 1 sotu üçün 720 manat məbləğində kompensasiya ödənildiyindən və hazırkı halda iddiaçı da ona bu məbləğdə kompensasiya ödənilməsini tələb etdiyindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2-1(118)-1762/2024 nömrəli qərarı dəyişdirilsin. Cavabdeh tərəfindən həyata keçirilən “Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşən Sumqayıt şəhəri, Yaşma bağlar massivi, “Dalğa” Bostançılıq Yoldaşlığının ərazisində yerləşən 0,0576 ha və faktiki istifadəsi mümkün olmayan qalan 0,024 ha olmaqla, ümumilikdə, 0,06 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq İddiaçı 4.320 (dörd min üç yüz iyirmi) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-42/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-42/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver