Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-420/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X2 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzillə təmin olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2-1(118)-740/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1958-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçının anası X5 ümumi xəstəlik səbəbindən gözdən birinci qrup əlil kimi xx.xx.1985-ci il tarixdən yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. X5 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli, 60 nömrəli sərəncamına əsasən ümumi xəstəlik səbəbindən gözdən birinci qrup əlil olmuş X3 xx.xx.1985-ci il tarixdən mövcud olan mənzil uçotu sonuncunun vəfatı ilə əlaqədar İddiaçı adına keçirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli, 60 nömrəli sərəncamına əsasən iddiaçının anası X3 növbəliliyi iddiaçının adına keçirilmişdir. Qeyd olunanlara əsasən iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, anası X3 vəfatından sonra onun mənzil uçotunun iddiaçının adına keçirilməsi nəzərə alınaraq, onun mənzillə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X5 xx.xx.1985-ci il tarixdən 27 ildir ki, gözdən əlil olaraq mənzil uçotunda olmuşdur. Anasının ölümündən sonra onun mənzil uçotunun onun adına keçirilməsi ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və İH-nin 14 fevral 2022-ci il tarixli, 60 saylı sərəncamı ilə anasının vəfatından sonra mənzil uçotu onun adına keçirilmişdir. Daha sonra ona mənzil verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək (16 avqust 2021-ci il) uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Sumqayıt Şəhər icra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahısında gözdən əlilliyi müəyyən edilmiş mərhum - X3 20 dekabr 1985-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində 2-ci sırada uçota alındığı qeyd edilmişdir. Həmçinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 14 fevral 2022-ci il tarixli 60 nömrəli sərəncamı əsasında mərhum B.Əliyevanın 20 dekabr 1985-ci il tarixli mənzil növbəliliyi oğlu İddiaçı adına keçirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2-1(118)-740/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X3 vəfatından sonra onun mənzil uçotunun iddiaçının adına keçməsi nəzərə alınaraq, iddiaçının mənzillə təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim C.Məmmədov). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında göstərildiyi kimi iddiaçıya mənzil ayrılmasından imtina edilmir, lakin hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında Sumqayıt şəhəri üzrə bir otaqlı mənzil olmadığından iddiaçının mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə iddiaçı mənzillə təmin ediləcəkdir. Hesab edir ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmamış və iddia tələbi əsassız olaraq təmin edilmişdir. Bu qəbildən olan iddia tələbləri mümkünsüz hesab edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Maddə 31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (qüvvədən düşmüş) Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: (-) 5) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparırlar; 6) müvafiq yerli xalq deputatları Sovetinə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; (-). Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 30. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yerində uçotu Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. SSRİ Nazirlər Soveti və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən müəyyən edilən hallarda və qaydada vətəndaşlar yaşayış yerindən kənarda da uçota götürülə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). (-). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması (-) 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (-) 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. (-) Maddə 59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya yaşayış sahəsinin verilməsi barədədir. İşdən görünür ki, iddiaçının anası X5 gözdən birinci qrup əlil kimi xx.xx.1985-ci il tarixdən yerli icra hakimiyyəti orqanında yaşayış yeri üzrə mənzil uçotuna alınmış, onun ölümündən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli, 60 nömrəli sərəncamı ilə onun xx.xx.1985-ci il tarixdən mövcud olan mənzil uçotu oğlu hazırki iş üzrə iddiaçının adına keçirilmişdir. İddiaçı hesab edir ki, bir halda ki, o, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi tanınmışdır, belə olan halda bu hüququ reallaşmalı və ona mənzil verilməlidir. Kollegiya bununla bağlı iddiaçının anasının uçota alındığı dövrdə qüvvədə olan 1983-cü il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həmçinin hazırda qüvvədə olan Mənzil Məcəlləsi və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa diqqət yetirməyi zəruri hesab edir. Belə ki, 1983-cü il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34-cü maddəsində vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması təsbit edilmişdir. Həmin maddəyə əsasən uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Sadalanan hüquq normalarının tələblərindən görünür ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşın, eləcə də əlilliyi olan şəxsin vəfat etməsi halında həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası həm iddiaçının anasının yerli icra hakimiyyəti orqanında uçotda olduğu dövrdə qüvvədə olan, həm də hazırda qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara növbəlik qaydasında onların uçota alınma tarixi əsas götürülməklə verilir. Hazırkı halda isə iddiaçının xx.xx.1985-ci il tarixdən uçota alınmış mərhum anasının növbəliyi qeyd olunan hüquq normalarının tələblərinə müvafiq olaraq 2022-ci il tarixində onun adına keçirilməklə sonuncu üçün saxlanılmış, dolayısı ilə iddiaçı 1985-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində tanınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şəxsində gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamı ilə tənzimlənir. Həmin sərəncamın 1-ci hissəsindən görünür ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzil hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilməsi qərara alınmışdır. Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi tapşırılmışdır. Göstərilən qeyri-normativ hüquqi aktın tələblərindən göründüyü kimi Sumqayıt şəhəri də daxil olmaqla, müvafiq regionlarda aktın qüvvəyə mindiyi 16 avqust 2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamının qüvvəyə mindiyi tarixədək iddiaçının gözdən əlil olan anası mənzil uçotunda olduğundan (20 dekabr 1985ci il tarixindən) onun ölümündən sonra ailə üzvü olaraq iddiaçının mənzil məişət şəraitinin yaxşılaşdırılması və mənzillə təmin edilməsi hüququ yaranmış olur. İddiaçının həmin məzmunda hüququ cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdehin imtina məktubu, iddia ərizəsi etiraz və apellyasiya şikayətinin yeganə dəlili Nazirliyin balansında iddiaçının mənzil təminatını təşkil edə biləcək mənzilin olmaması, balanslarına müvafiq mənzillər verildikdən sonra onun mənzillə təmin ediləcəyidir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya güzəştli kateqoriyadan olan şəxs kimi qanunverici tərəfindən verilmiş mənzillə təmin edilmə ilə bağlı sosial təminat hüququ mümkün olan ən qısa müddətdə təmin edilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan mənzil ayrılması və s. məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2-1(118)-740/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.