Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-420/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “zabit kimi xidmətdə olarkən məxfiçilik pulu hesablanmaqla yeni məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2620/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “zabit kimi xidmətdə olarkən məxfiçilik pulu hesablanmaqla yeni məlumat vərəqəsinin aidiyyatı üzrə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2620/2024 nömrəli qərardadı ilə 2-1(118)-2620/2024 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddiası “öhdəlik haqqında” növündə iddiaya aid edilsə də, mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında mövcud olan hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.3-cü maddəsinə uyğun həll edilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun iradəsini ifadə edir və ondan irəli gələn hüquqi nəticələrin qəbul edilməsi deməkdir. Bu, eyni zamanda hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Hazırkı iş üzrə inzibati iş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarış ilə müəyyən edilir ki, İddiaçı qeydiyyatda olduğu ünvan “Laçın rayonu, Qayğı Qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsi”dir. Hazırki işə Şirvan İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə aidiyyat məsələsinə və digər mühüm əhəmiyyətli halları araşdırmadan əsassız qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirar daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;... Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, 2-1(118)-2620/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırki iş üzrə iddia tələbi zabit kimi onun hərbi xidmətdə olarkən məxfiçilik pulu hesablanmaqla, yeni məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı əsas götürərək, hazırki işə baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İş materialllarından görünür ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsidir. İddiaçının faktiki yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48-dir (iddiaçı özü iddia ərizəsində və məhkəməyə ünvanlanmış ərizələrdə yaşayış yeri kimi həmin ünvanı qeyd etmişdir). Göründüyü kimi, indiki halda iddiaçının pasport qeydiyyatında olduğu ünvan ilə onun faktiki yaşayış yeri fərqli ünvanlardan ibarət olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən inzibati prosessual qanunvericiliyinin müvafiq normasının dispozitiv şərtlərinə əsasən hazırki iddia tələbinə münasibətdə aidiyyət qaydalarına əsasən iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İndiki halda iddiaçının xidməti yaşayış yerinin olması halı müəyyən edilməmişdir. Belə olan halda həmin normanın dispozitiv şərtlərinə əsasən hazırki iddia tələbinə münasibətdə aidiyyət qaydalarına əsasən işə iddiaçının yaşayış yerinin yerləşdiyi yerin yurisdiksiyasına aid məhkəmə tərəfindən baxılmalıdır. Mülki qnaunvericiliyin tələbinə əsasən iddiaçının yaşayış yeri adətən yaşadığı yer onun yaşayış yeri sayılır, şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmçinin, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin tələbinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi şəxsin bir neçə yaşayış yeri ola bilər. İddiaçının faktiki yaşayış yerinin onun yaşayış yeri kimi əsas götürülməsi ilk növbədə şəxsin məhkəməyə müraciət imkanının asanlaşdırılmasına xidmət etməklə, məhkəməyə əlçatımlığın, çəkişmə, prosessual qənaət, işə ağlabatan müddətdə baxılması və şəxsin pozulmuş hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin təmin edilməsi prinsiplərinin mahiyyətindən və həmin prinsiplərin tələblərinə riayət edilməsindən irəli gəlir. Bununla bağlı qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi:- şəxslərin məhkəməyə əlçatanlığının;işlərə ağılabatan müddətdə baxılmasının;- prosessual qənaət prinsipinin;- ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin, məhkəməyə əlçatımlığın təmin edilməsi və digər yuxarıda istinad edilən prinsiplərin tələbləri əsas götürülməklə, hazırki iddiaya münasibətdə ərazi aidiyyətinin müəyyən edilməsi zamanı İPM-in 8.1.3-cü maddəsinin tələbi baxımından iddiaçının yaşayış yeri qismində məhz onun faktiki yaşayış yerinin əsas götürülməsi məqsədəmüvafiqdir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının faktiki yaşayış yeri Bakı şəhəri olduğundan, müvafiq qanunvericiliyin tələbinə əsasən Bakı şəhəri məhz Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan, hazırki iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının müəyyən edilməsi zamanı qeyd olunan prinspilərin tələbləri nəzərə alınmamış, formal yanaşma tətbiq edilməklə, iş üzrə gəldiyi nəticə yalnış olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətinin məzmununda məhkəmə qərardadının ləğv edilməsi ilə yanaşı, iş üzrə icraatın davam etdirilməsini də xahiş etmişdir. İndiki halda işə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alındığından, iddiaçının şikayəti qismən-məhkəmə qərardadının ləğv edilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, 2-1(118)-2620/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2620/2024 nömrəli qərardadı ləğv edilsin. 2-1(118)-2620/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-420/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-420/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver