Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-420/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən ona və ailə üzvlərinə JN- 390, Kod30603015 nömrəli “Torpağın mülkiyyət hüququna dair Dövlət aktına» əsasən mülkiyyət hüququ üzrə məxsus olan 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 205/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarının icrasını təmin etmədiyi üçün cavabdehin cərimə olunmasına dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2063/2022 nömrəli, 14 fevral 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən ona və ailə üzvlərinə JN- 390, Kod- 30603015 nömrəli “Torpağın Mülkiyyət hüququna dair Dövlət aktına» əsasən mülkiyyət hüququ üzrə məxsus olan 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2063/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş və “JN-390, Kod-30603015 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Xızı rayonu, Giləzi kəndində yerləşən 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması, orada əkilən bitki və ağacların yerləri dəyişdirilməklə həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyyətdə iddiaçı X4 və ailə üzvlərinə qaytarılması vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-205/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1000/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarı birinci instanisya məhkəməsi tərəfindən icraya yönəldilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məktubla məhkəməyə müraciət edərək ağacların ikinci vegitasiya dövründə olduğunu (inkişaf dövrü), Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən 2024-cü ilin “X10 Həmrəylik İli” elan edildiyini, həmçinin Azərbaycan Respublikasının COP29 kimi mğtəbər bir tədbirə ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda, sözügedən qərarın icrasının 5 ay müddətinə uzadılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı ərizə ilə məhkəməyə mraciət edərək cavabdehin məhkəmə qərarının icrasının qsədən yubandırdığını, könüllü icra edilmədiyini bildirərək məhkəmə qərarını icra edilməməsinə görə cavabdehin cərimə edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2063/2022 nömrəli, 14 fevral 2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 205/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarının icrasının təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh orqan tərəfindən vaxtında və məzmununa uyğun şəkilə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks halda məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin olunmaması barədə qərardad çıxarılması baradə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X1 iddia etdiyi 2,50 ha ərazi Bakı- Quba magistral avtomobil yolunun kənarında yerləşir və ASC-nin 5 saylı Yaşıllaşdırma idarəsinin xidməti ərazisinə aiddir. Yaşıllıqlar magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılmasına dair ölkə başçısının tapşırıqlarına əsasən Xızı RİH-nin 56 saylı 03 iyun 2002-ci il tarixli sərəncamına uyğun olaraq 2010-cu ildə salınmış və ərazidə hal-hazırda müxtəlif yaşda və ölçüdə ağac və kol bitkiləri becərilir. Yuxarıda göstərilənləri və eləcə də yaşıllıqların Prezidentin fərmanları və Dövlət Proqramları əsasında salındığını, onların əhəmiyyətini nəzərə alaraq ağacların çıxarılmasını məqsədəmüvafiq hesab edilmir. Bundan başqa cavabdeh iddianın mahiyyətinə toxunaraq Torpaq Məcəlləsinin tələblərinə görə vətəndaşın kənd təsərrüfatı istehsalı üçün ayrılmış torpaq sahəsinin dalbadal iki il ərzində istifadə edilmədiyi halda torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməli olduğuna istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçının övladlarına iş yeri təklif edə biləcəklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bundan başqa iddiaçının nümayəndəsi artıq hüquqi maraqlarının həmin torpaq sahəsindən istifadədən daha çox kompensasiya almaq olduğunu, hazırki bazar qiymətləri nəzərə alınaraq torpaq sahəsiin dəyərinin ödənilməsini xahiş etdiklərini, lakin cavabdeh tərəfindən hər hansı kompensasiya təklif edilmədiyini, iş yeri təklif edilsə də, onların faktiki orada işləməyəcəklərini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarının: - 25-ci bəndinə əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 120.1 . Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses ştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3 . Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. .... Maddə 121. İcranın mübahisələndirilməsi 121.1. Barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. 121.2. Mübahisəyə müvafiq apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılır və bu barədə qərardad qəbul edilir. Şikayət təmin edilmədikdə və ya qismən təmin edildikdə, bu barədə məhkəmə qərardadı Ali Məhkəmədə mübahisələndirilə bilər. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşin hallarından görünür ki, iddiaçının tələbi mülkiyyət hüququ üzrə məxsus olan 2,50 ha torpaq sahəsində salınmış yaşıllaşdırma ərazisinin boşaldılması və orada əkilən bitki və ağacların həmin ərazidən çıxarılması, torpaq sahəsinin əvvəlki vəziyətdə ona qaytarılması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-205/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qərarının icrasının təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. ... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apelyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir.” Göründüyü kimi, sözügedən qərar artıq qanuni qüvvəyə mindiyindən, onun qanuniliyi deyil, hazırda həmin qərarın icra edilməməsinə görə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin cərimə edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2063/2022 nömrəli, 14 fevral 2025-ci il tarixli qərardadının qanuniliyini yoxlanılır. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Lakin hazırki iş üzrə bir sıra diqqətəlayiq hallar nəzərə alınmalıdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nəqliyyat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-205/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın icrası ilə əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində əkilmiş hündürboylu və iri diametrli ağacların köçürülməsi idarənin imkanları xaricindədir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3- 14-24/2-8-001-3/2025 saylı məktubundan görünür ki, sözügedən ərazidə 1342 ədəd Eldar şamı, 78 ədəd iydə, 850 ədəd akasiya, 625 ədəd göyrüş, 304 ədəd tuya, 162 ədəd sərv, 70 ədəd oleandır, 53 ədəd makliura ve 58 ədəd yulğun olmaqla cəmi 3542 (üç min beş yüz qırx ikij ədəd ağac vardır. Ağacların digər əraziyə köçürülməsi xeyli vaxt tələb edir. Həmçinin ağaclar hündür və iri diametrli olduqları üçün onların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin imkanları xaricində olduğu halına istinad etmişdir. Bundan başqa Yaşıllıqların salınması, mühafizəsi və landşaft dizaynı şöbəsinin baş mütəxəssisi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ağacların aktiv vegetasiya dövründə köçürülməsi (yəni yarpaqların tam inkişaf etmiş, böyümə və fotosintez prosesləri aktiv şəkildə davam etdiyi vaxtda) ümumiyyətlə, məsləhət görülmür. Bu dövrdə ağac köklərindən yarpaqlara su və qida maddələrinin aktiv daşındığı bir mərhələdir və köçürülmə prosesi zamanı köklərin zədələnməsi ağacın stressə düşməsinə, hətta qurumasına səbəb ola bilər. Bu baxımdan köçürmənin ən uyğun vaxtları payızda, yarpaqlar töküldükdən sonra, torpaq donana kimi və erkən yazda, veqetasiya başlamazdan əvvəldir. Cavabdeh iddia edir ki, icradan yayınmır, lakin mövcud şəraitdə icranın sürətli və tam şəkildə həyata keçirilməsi mümkün deyildir. İcra prosesində yaranan çətinliklərin mövcudluğu nəzərə alınaraq, ağacların çoxluğu və diametrlərinin böyük olması, onların kəsilməsi və daşınmasının əməliyyatlarının mürəkkəb və vaxt aparan proses olduğunu göstərir. Bu, xüsusilə yay fəslində icra işlərinin həyata keçirilməsini texniki və ekoloji baxımdan çətinləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş məhkəmə qərarının könüllü icrasından yayınma halları müşahidə olunmamaqla yanaşı, faktiki və texniki səbəblərdən icra prosesində obyektiv çətinliklərin mövcudluğu nəzərə alınmalıdır. Həmçinin, işin daha detallı araşdırılması və müvafiq şəraitin qiymətləndirilməsi üçün qərardad ləğv edilməli və iş ərizəyə baxılması üçün birinci instansiyaya qaytarılmalıdır. Bu, həm cavabdehin hüquqlarının tam təmin olunmasına, həm də məhkəmə qərarının daha dəqiq və real vəziyyətə uyğun şəkildə icrasına imkan verəcəkdir. Nəzərə alınmaldıır ki, icra predmeti olan ağacların sayı çox, diametrləri isə böyükdür. Bu səbəbdən onların kəsilməsi, daşınması və ərazinin təmizlənməsi müvafiq mexaniki və insan resursları, eləcə də uyğun hava və torpaq şəraitini tələb edir. Cavabdeh tərəfindən təqdim olunan izahatlarda qeyd edilmişdir ki, yay fəslində belə işlərin icrası həm texniki baxımdan çətinləşir, həm də meşə zolağında fəaliyyət ekoloji qanunvericiliklə əlavə tənzimlənən sahə olduğundan, ağacların sökülməsi və daşınması yalnız müəyyən icazə və uyğun icra tədbirləri çərçivəsində həyata keçirilə bilər. Göstərilən hallar onu deməyə əsas verir ki, cavabdehin qərarın icrasından yayınması niyyəti olmamış, əksinə, icranın faktiki icra olunmazlığı və ləngiməsi texniki və obyektiv səbəblərlə bağlı olmuşdur. Belə ki, ağacların diametrinin böyük olması, ərazidə meşə zolağının sıxlığı və iqlim şəraiti ilə bağlı olaraq yay aylarında texniki icra imkanlarının məhdudluğu səbəbindən faktiki icra mümkün olmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdeh barəsində tətbiq etdiyi 500 (beş yüz) manat məbləğində cərimənin əsassız olduğu qənaətinə gəlmək mümkündür. Eyni zamanda qeyd olunmalıdır ki, hazırda iddiaçının hüquqi marağı vurulmuş ziyana görə kompensasiyanın alınması təşkil edir. Birinci instansiya məhkəməsi ərizəyə yenidən baxarkən məhkəmə qərarının icra üsulunun dəyişdirilməsi və ya tərəflərin hər hansı razılaşma əldə etməklə mübahisənin barışıq yolu ilə həlli məsələlərini də nəzərdən keçirilməlidir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli Qərarının İcranın mübahisələndirilməsinə dair 5-ci bəndinə əsasən, İPM-in 121.1ci maddəsinə əsasən barəsində icranın həyata keçirildiyi şəxs, mübahisə ilə bağlı iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra da icra ilə əlaqədar ona qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadını mübahisələndirilə bilər. Bu normada nəzərdə tutulan barəsində icranın həyata keçirildiyi şəxs dedikdə, qərarı bilavasitə icra etməli olan şəxs və ya orqan nəzərdə tutulur. Həmin şəxslər məhkəmə tərəfindən qəbul edilmiş icra ilə bağlı istənilən qərardaddan deyil, yalnız onlara qarşı məcburi icra tədbirlərinin müəyyən olunması haqqında məhkəmə qərardadından şikayət verə bilərlər. Məsələn, İPM-in 119.1 -ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən qərardaddan şikayət verilə bilməz. Çünki həmin qərardad şəxsin barəsində konkret məcburi icra tədbirlərinin tətbiqi haqqında məsələni həll etmir. Sözügedən qərardad məhkəmənin qanundan irəli gələn vəzifələrinin həyata keçirilməsini təmin etməyə, könüllü icra üçün müəyyən olunmuş müddətdə icra təmin edilmədikdə, sonrakı icra hərəkətlərinin yerinə yetirilməsi üçün müvafiq icra sənədi verilməsi məsələsini həll etməyə yönəlmişdir. İcra orqanı kimi hakim və ya məhkəmə tərəfindən qəbul edilmiş icra haqqında qərardadların mübahisələndirilməsinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə nəzərə alınmalıdır ki, İPM-in 121.4-cü maddəsinə müvafiq olaraq apellyasiya və kassasiya şikayəti vermək hüququna, həmin şikayətlərə dair tələblərə, şikayətlərin geri götürülməsinə və onlara apellyasiya və kassasiya icraatı qaydasında baxılmasına dair İPM-in 81, 85, 87, 88, 90, 94, 96, 97 və 99-cu maddələrinin müddəaları müvafiq olaraq tətbiq edilməlidir. Buna görə, qanunda birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı və hüquqi müdafiə maraqlarının mövcudluğu müəyyən olunduğu hallarda icra haqqında qərardadlardan şikayət verə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1 -ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və "İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Republikası İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhəməyə göndərə bilər. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2-1(85)-2063/2022 nömrəli qərardadı ləğv edilsin və iş ərizəyə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-420/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-420/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver