Məhkəmə qərarları › İş №2-1(105)-421/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-421/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-421/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1, Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixədək X2 iş stajının dövlət qulluqçusu kimi nəzərə alınmaqla, iddiaçıya xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(118)-935/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur.

2. 01 iyul 1974-cü il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək, xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilədək, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək, xx.xx.2004-cü ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. Məhkəməyə sorğu əsasında X3 daxil olmuş 04 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. "Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Adıçəkilən Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası"nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 7- 1-ci hissəsinə əsasən dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 29 İyun 2001-ci il tarixli 168-1İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən X4 xidmət keçmə bu orqanlarının funksiya, vəzifə və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən polis əməkdaşı polis orqanlarında müəyyən vəzifə tutan və bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.”

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının 21 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən xüsusi stajının olmaması səbəbindən imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “iddiaçıya pensiya hüququnun yarandığı 02 iyul 2022-ci il tarixdən xüsusi şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixədək X2 iş stajının dövlət qulluqçusu kimi nəzərə alınmaqla, iddiaçıya xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02 iyul 2022-ci il tarixdə 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyasi almaq üçün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına göndərmişdir. Buna səbəb 01 iyul 1974-cü il tarixində 18 fevral 2015-ci il tarixinə qədər olan iş fəaliyyəti dövründə istehsalatın ayrı-ayrı sahələri ilə yanaşı, 01 avqust 1999-cu il tarixdən 02 aprel 2006-ci il tarixə kimi 4 il 8 ay (əmək kitabçasının 28-30-cu səhifəsində 21-25 qeydiyat nömrəsi) və 14 noyabr 2006-cı il tarixdən 19 sentyabr 2012-ci İl tarixə kimi 5 il 8 ay (əmək kitabçasının 28-30-cu səhifəsində 28-29 qeydiyyat nömrəsi) olan toplam, 10 il 6 ay dövlət qulluqçusu kimi əmək fəaliyyəti göstərilir. 2004-cü ilin fevral ayında işdə olarkən avtomabil qəzası keçirmişdir və qismən ağır xəsarət almışdır. Buna baxmayaraq bir müddət ambulator müalicə alaraq işini davam etdirmişdir. Sonradan səhhətindəki ağrıları nəzərə alaraq 02 aprel 2004-cü ildə öz ərizəsi ilə işdən azad olmuşdur. 12 may 2004-cü il tarixdən 12 noyabr 2004-cu il tarixə kimi (əmək kitabçasının 28-ci səhifəsi 2627 qeydiyyat nömrəsi) Siyəzən Rayon Məşğulluq mərkəzində o dövrdə tutduğu vəzifəyə (nümayəndə) görə verilən əmək haqqı həcmində müavinət almışdır. O, 30 sentyabr 1979-cu il tarixindən 15 yanvar 1987-ci il tarixə kimi (7 il 8 ay) Azərbaycan SSRİ X4 işləmiş və 1982-1985-ci illərdə Bakı Xüsusi Orta Milis Məktəbini (indiki Polis Akademiyasını) bitirmişdir. X2 əmək fəalliyəti tam olmadığı üçün həmin dövrdəki iş stajının Dövlət Qulluğuna bərabər tutulması ilə bağlı etdiyi müraciətlərlə cavab olaraq bildirmişdir ki, X4 işlədiyiniz müddətin dövlət qulluğuna bərabər tutulması, Azərbaycan Respublikası Prezidentindən 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinə həvalə edilib. Bu məsələyə yəni X4 xidmət etdiyi dövrün dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınması məsələsinə bu qayda və şərtlər müəyyən edildikdən sonra baxıla bilər. Hesab edir ki, ona pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. 2012-ci il tarixə kimi 15 ildən artıq dövlət qulluğunda əmək stajı olduğuna baxmayaraq, ona xüsusi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına uyğun olaraq 240 manat pensiya təyin edilmişdir. Təyinatdan razı qalmayan iddiaçı cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, cavabdeh orqan 21 sentyabr 2022-ci il tarixli **********9 nömrəli cavab məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan yetərli güzəştli sosial sığorta stajına malik deyil. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cı maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, dövləl təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin maddədə əlavə olaraq qeyd edilir ki, Bu orqanların (Azərbaycan Respublikasının Mərkəz Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər-xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Dövlət qulluğunun xüsusi növündə olanlara pensiya təyinatının aparılması qayda və şərtlər müxtəlifdir, eləcə də onlarda pensiya məbləğinin hesablanması da dövlət qulluğuna görə əmək pensiyasından fərqlənir. Göründüyü kimi dövlət qulluğunun xüsusi növündəki sosial sığorta stajının dövlət qulluqçusunda mövcud sosial sığorta stajına daxil edilməsi o qədər də asan məsələ deyildir. Cavabdeh orqan öz imtina məktubunda qeyd etdiyi kimi bu məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti 14 iyul 2021-ci il tarixdə 138 nömrəl Fərman qəbul etmiş, qayda və şərtlərin müəyyən edilməsini Nazirlər Kabinetinə həvalə etmişdir. Bu da aydındır ki, hələ ki, Nazirlər Kabineti bununla bağlı akt qəbul etməmişdir. Beləliklə, dövlət qulluqçusuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 15 il güzəştli sosial sığorta stajı tələb edildiyi halda iddiaçının 10 il 6 ay (xx.xx.1999-xx.xx.2004-cü il və xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər) güzəştli sosial sığorta stajı vardır. Nəticə etibarilə, iddiaçıya dövlət qulluqçusu kimi güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hal-hazırda qeyri-mümkündür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(118)-935/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci il tarixədək X2 iş stajının dövlət qulluqçusu kimi nəzərə alınmaqla, ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim L.Mirzəyeva)

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının fəaliyyəti dövlət qulluğu kimi qəbul edilmiş və onlara dövlət qulluqçularına təyin edilmiş hüquqların verilməsi nəzərdə tutulmuşdur. İddiaçının həmin əmək fəaliyyətinin öz əksini tapdığı əmək kitabçası da mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xüsusi iş stajına malik oduğundan ona tələbi üzrə dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, qanunvericilikdə göstərilmiş anlayışlardan və X5 müvafiq məktubundan da aydın olur ki, ümumən dövlət qulluqçuları və xüsusi rütbəli şəxslər dövlət qulluğu məfhumuna daxildir. Polis vəzifəsi dövlət qulluqunun xüsusi növü olaraq xüsusi rütbəli səxlər kateqoriyasına daxildir, bu isə həmin vəzifənin dövlət qulluğu məfhumuna aid olmağını istisna etmir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.4-cü maddəsində xüsusi rütbəli şəxslərə münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin müvafiq icra hakimiyyəti orqanları arasında Daxili İslər Nazirliyi də nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının stajı xüsusi rütbəli şəxslərin stajı kimi dövlət qulluğunun xüsusi növü kimi hesablanmalıdır. X6 məktubunda da bu təsnifat göstərilmişdir. Buna uyğun olaraq cavabdeh orqan haqlı olaraq həmin stajın dövlət qulluqçusu stajına daxil edilə bilməyəcəyini, bunun üçün nəzərdə tutulmuş hüquqi mexanizmin hazırda mövcud olmadığını qeyd etmişdir. Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti 14 iyul 2021-ci il tarixdə 138 nömrəli Fərman qəbul etmiş, qayda və şərtlərin müəyyən edilməsini Nazirlər Kabinetinə həvalə etmişdir. Bu da aydındır ki, hələ ki, Nazirlər Kabineti bununla bağlı akt qəbul etməmişdir. Fərman vasitəsilə bu məsələnin həll edilməsinin Nazirlər Kabinetinə həvalə edilməsi belə onu göstərir ki, bu prosedur spesifik olduğundan mexanizmi də spesifikdir. Başqa sözlə, dövlət qulluqunun xüsusi növündəki stajı dövlət qulluğu stajına kor-koranə şəkildə əlavə etmənin hər hansı normativ əsası yoxdur, daha doğrusu mövcud qanunvericiliyə ziddir. Göründüyü kimi, bu məsələnin məhkəmə qərarında qeyd edilən nə “hüquqi müəyyənlik” nə də “qanuni gözlənti” ilə əlaqəsi var. Sığorta ödənişinin verilməsi məsələsində olduğu kimi Prezidentin müvafiq Fərmanı əsasında Nazirlər Kabineti tərəfindən Qərar qəbul edildikdən sonra dövlət qulluğunun xüsusi növündəki staj dövlət qulluğu stajına əlavə edilərək vətəndaşlara, eləcə də İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmk pensiyası təyin edilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

16. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 20.1.7. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.11.1. Dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında əmək pensiyasına əlavələr təyin edilir. Maddə 20.11.2. Dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 7.1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

21. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

24. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

25. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən, xx.xx.1979-cu il tarixindən xx.xx.1987-ci ilədək X2 stajının dövlət qulluqçusu stajına daxil edilib-edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən aidiyyatı üzrə sorğular verilmişdir.

26. Məhkəməyə sorğu əsasında X3 daxil olmuş 04 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası"nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qaydanın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.”

27. Yuxarıda sadalanan normaların tələbindən və sorğuya cavab məktubundan müəyyən edilir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşların fəaliyyəti dövlət qulluğu kimi qəbul edilmiş və onlara dövlət qulluqçularına təyin edilmiş hüquqların verilməsi nəzərdə tutulmuşdur.

28. İddiaçının həmin əmək fəaliyyətinin öz əksini tapdığı əmək kitabçası da mövcuddur.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh inzibati orqanın mövqeyinə görə, Prezidentin müvafiq Fərmanı əsasında Nazirlər Kabineti tərəfindən Qərar qəbul edildikdən sonra dövlət qulluğunun xüsusi növündəki staj dövlət qulluğu stajına əlavə edilərək vətəndaşlara, eləcə də İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilə bilər.

30. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-1(118)-935/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar