Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-422/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(118)-547/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, müraciətə baxılmış və cavabdehin 05 noyabr 2021-ci il tarixli, **********48 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, idarəyə təqdim etdiyi sənədlərin araşdırılması zamanı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyata alınmış və təyinatına uyğun istifadə olunmadığı müəyyən olunmuşdur. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edərək ərizənin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində olan qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin oktyabr ayında Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0.36 ha torpaq sahəsi almış və həmin torpaq sahəsi xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində **********48 seriya nömrəsi ilə çıxarışla qeydiyyata alınmış, daha sonra müraciətinə əsasən Sumqayıt şəhər İcra başçısının xx.xx.2018-ci il tarixli 285 saylı sərəncamına əsasən həmin torpaq sahəsinə yanacaq doldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Tikintini başa çatdırdıqdan sonra xx.xx.2021-ci il tarixdə qeyd edilən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması barədə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********48 saylı məktubuna əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyata alındığından və təyinata uyğun istifadə edilməsini əsas gətirərək Daşınmaz əmlakın Dövlət Reyestri haqqında Qanunun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın onun ərizəsinin icrasından imtina etməsi üçün Qanunun 15-ci maddəsində sadalanan xüsusatlar mövcud deyildir. Cavabdeh iddiaya etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Sumqayıt şəhərində qeyriyaşayış sahələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlərə əlavə olunmalıdır. Hesab edir ki, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması əsaslandırılmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(118)-547/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Yaşma Bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında 0,36 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim L.Mirzəyeva) Həmin qərarla razılaşmayan cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən iş dəqiq və düzgün araşdırılmamış, qanunvericiliyin tələbləri nəzərə alınmamış, aidiyyatı dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı öz-özlüyündə hüquqi bir aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Prezident fərmanı. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla, aidiyyatı qurumlar tərəfindən də tikinti aparılmasına, layihələndirilməsinə və binanın istismarına icazə verilmişdir. Belə olan halda, inşa edilən qeyri-yaşayış binasının dövlət reyestrində mülkiyyət kimi qeydə alınması qanunsuz hesab edilə bilməz. Bu baxımdan, məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinə dair DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, AN seriyalı 296837 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli 02 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında inşa ediləcək yanacaqdoldurma məntəqəsinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 26531 nömrəli rəyinə əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti üzrə tikinti layihəsi bütün işlərin icrasının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərtilə razılaşdırılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 14 yanvar 2019-cu il tarixli, 13 saylı “Obyektin tikintisinə icazə” sənədindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 14 yanvar 2019-cu il tarixli, 13 saylı “Tikintiyə icazə barədə xüsusi nişan” dan görünür ki, iddiaçının mülkiyyətində olan 0,36 ha torpaq sahəsində yanacaqdoldurma məntəqəsinə icazə barədə xüsusi nişan verilmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X7nun 29 aprel 2019-cu il tarixli, 984 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında iddiaçıya məxsus yanacaqdoldurma və avtoservis xidmətinin istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X7 tərəfindən tərtib edilmiş 11 iyun 2019-cu il tarixli, Ö seriyalı 002909 nömrəli X6ndan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 285 nömrəli sərəncamına əsasən, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin tikintisinə 14 yanvar 2019-cu il tarixində başlanılmış, 24 aprel 2019-cu il tarixdə yekunlaşdırılmışdır. Binanın ümumi sahəsi 120 m2, tikintinin həcmi 480 m3-dir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 26 avqust 2019-cu il tarixli, 13 saylı Tikinti obyektinin istismarına icazədən görünür ki, təqdim edilmiş sənədlərə əsasən, Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında iddiaçıya məxsus yanacaqdoldurma məntəqəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alınaraq tikinti obyektinin istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.10-cu və 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair- tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. İstinad edilən normanı hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyriyaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -istismara qəbul aktı. İşin yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 0,36 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 14 yanvar 2019-cu il tarixli, 13 saylı sözügedən ünvanda yerləşən yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinə icazə sənədi verilmişdir. Tikiləcək yanacaqdoldurma məntəqəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarçinin, lahiyəçinin və podratçının nümayəndələrinin imzaları ilə təstiq edilmiş 11 iyun 2019-cu il tarixli 002909 saylı X6 verilmişdir. Mağazanın inşası başa çatdırıldıqdan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 13 saylı İcazəsinə əsasən 240.0 kv.m ümumi sahəsi olan mağazanın istismarına icazə verilmişdir. Beləliklə, iş materiallarında iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə barədə qərar və istismara qəbul aktı müəyyən edilmişdir. Qeyd olunan mağazanın üzərində yaranmış mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə İddiaçı DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. Cavabdeh təşkilatın imtina üçün gətirdiyi arqument- qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (bağ sahəsi) kimi qeydiyyata alınsa da təyinatına uyğun istifadə olunmadığıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında göstərdiyi hal daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, buna dair məkhəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlili isə qeyri-yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsinin yalnız Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin səlahiyyətlərinə aid olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə ilə bağlı iddaçı Sumayıt şəhər İcra Hakimiyyəti başçısının 03 dekabr 2018-ci il tarixli, 285 saylı sərəncamını təqdim etmişdir. Qeyd olunan sərəncamın məzmunundan görünür ki, iddiaçıya Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Çinar” B/Y 20 ünvanında yerləşən 3600 kv.m torpaq sahəsində yanacaqdoldurma məntəqəsi və avtoservis xidməti obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Prezident fərmanının 4.7-1.2.2-ci bəndində deyilir ki, həmin Məcəllənin 75.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27-ci maddəsinin 3-cü bəndinə əsasən memarlıq obyektinin layihəsini və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri hüdudlarında təsdiq etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Bu təhlil isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının hazırki mübahisə üzrə təqdim etdiyi sənədlər biri-birini tamamlayır, işin halları ilə uyğunluq təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda istinad edilən qanunvericiliyin tələblərini pozmaqla yanaşı, əsassız səbəblərdən iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(118)-547/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-422/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-422/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver