Məhkəmə qərarları › İş №2-1(105)-422/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-422/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-422/2023 02.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-536/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuş, ona xx.xx.2008-ci il tarixdə hərbi qulluqçu kimi pensiya təyin edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək pensiya məbləğinin sığorta kapitalına əsasən yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 9.5, 20.14, 20.14.1,-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, iddiaçıya sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilir. Eyni zamanda bildirilmişdir ki, Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Belə ki, qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1) fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2) güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maaşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. İmtinada daha sonar göstərilir ki, iddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Bu zaman o yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcəkdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə ona ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti filialına və ya DOST müraciət etmək tövsiyə olunmuşdur.

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərardan görünür ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən İddiaçı əmək pensiyası yenidən hesablanmışdır

Birinci instansiya məhkəməsində icraat

5. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanma barədə qəbul edilmiş qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən aparılmış yenidən hesablanma barədə qəbul edilmiş qərarın ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs, iddiaçıya pensiya təyin edildikdən sonra işləməkdə davam edərək 6 ildən çox işləmişdir. İddiaçının hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış yəni, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana müraciət edərək əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq aldığı əmək pensiyasının sığorta hissəsinin qulluq stajına görə əlavə azaldılmamaqla yenidən hesablanmasını xahiş etmişdir. Lakin müraciəti təmin edilməmiş və hətta indiyədək ona cavabdeh tərəfindən cavab məktubu verilmir. İddiaçı aidiyyəti üzrə cavabdehə müraciət edəndə məqsədi sığorta kapitalı əsasında pensiyanın məbləğinin artırılmasına nail olmaq idi. Lakin Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı qəbul edildi, həmin Qərarla hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun müvafiq müddəaları şərh edildi, nəticədə hazırda qüvvədə olan qanunvericiliyə görə pensiyasının məbləği sığorta kapitalı əsasında artmayacaq, pensiyasının məbləği sabit qalacaq. Eyni zamanda həmin Qərarla təsdiq edildi ki, iddiaçı "Əmək pensiyaları haqqında" Qanunun 29.2, 37.3.1,45-ci maddələri şamil olunur. "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən, həmin maddə yalnız “ 0İ.07.2017-ci ildən etibarən pensiyaya çıxmış şəxslərə” tətbiq olunur. İddiaçı xx.xx.2017-ci ildən öncə pensiyaya çıxmışdır.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 18545,36 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq 18545,36 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 194 (18545,26:194 (65 il-54 il 10 ay=122 ay+(144 ay-72 ay)=95,59 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (247,56 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 343,15 (247,56+95,59) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçının qulluq stajına görə əlavəsinin məbləği (419,88 manat) həmin artım qədər (95,59 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 343,15 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 324,29 (419,88- 95,59) manat təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-66,74 manat maddi yardım ödənilir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

9. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-536/2023 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı əmək pensiyasının yenidən hesablanmasına dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 saylı qərarının ləğv edilməsi və pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyası yenidən hesablansa da, cavabdeh onun barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsaslanaraq əmək pensiyasına qulluq əlavələrini azaltmışdır. Nəticədə isə yenidən hesablanma nəticəsində onun pensiyası əvvəlkindən də azalmışdır və iddiaçının vəziyyətində hər hansı yaxşılaşma baş verməmişdir. Faktiki olaraq cavabdeh əmək pensiyasının sığorta hissəsini artırsa da, bir o qədər qulluq stajına görə əlavələri azaltmışdır. Beləliklə, cavabdeh tyərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərar əlverişsiz inzibati aktdır və iddiaçının sosial təminatını yaxşılaşdırmağa xidmət etmir.

11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətində etirazda göstərilən hallar təkrar olunmaqla yanaşı göstərilir ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi filiala müraciət etdiyi tarixədək toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktikiproqram təminatının imkanları baxımından mümkün deyil. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə davam etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

14. İddiaçı xx.xx.2023-cü il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; ... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. ... 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada). Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyada) ....29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada). Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir (13 may 2022-ci il tarixli qanunla edilmiş dəyişikliklərə qədər olan redaksiyada).

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 5.3-cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarı; ... “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. ...

18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsaslarla və qaydada iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticəni “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələrinə uyğun hesab edir. Belə ki, həmin normalarda iddiaçının aid olduğu kateqoriyadan olan vətəndaşların pensiya kapitalının sığorta və yığım hissələrinin hesablanmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə dair dəlilləri əsassızdır.

21. Bununla yanaşı kollegiya cavabdehin etirazının və apellyasiya şikayətinin “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyasının yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılması barədə dəlillərini əsassız sayır.

22. Belə ki, iş materiallarından, o cümlədən cavabdehin etirazından da göründüyü kimi iddiaçı hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra işləməyə davam etmiş, işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 18545,36 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Cavabdeh özünün xx.xx.2022-ci il tarixli qərarı ilə aparılmış pensiyanın yenidən hesablanmasını düzgün olduğunu bilidirir və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə istinad edərək göstərir ki, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılmalıdır. Halbuki, iddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır.

23. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub-şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub-şəxslərin isləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırki iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan hazırki norma iddiaçıya şamil edilməlidir.

24. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici göstərilən maddədə (“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsidir) pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2-1(118)-536/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar