Məhkəmə qərarları › İş №2-1(105)-422/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-422/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-422/2025 24.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, Üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslərin qanuni nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X5 və onun uşaqları - X2, X3 və İddiaçı Şirzad qızının ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-2307/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (RX seriyalı ******* nömrəli) görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X10, xx.xx.2019cü il təvəllüdlü X7, xx.xx.2012-cü il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Şirzad qızı həmin mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 ilə cavabdeh X9 arasında xx.xx.2010-cu il tarixində, Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Şirzad qızı, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüddlü X7 iddiaçı X5 yanında saxlanılması qət edilmişdir. İddiaçı ərizə ilə cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək X5 və onun uşaqları - X2, X3 və İddiaçı Şirzad qızının ünvan 1 ünvanından qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Verilən imtina ilə razılaşmayan İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslər olan X5 və onun uşaqları X2, X3 və İddiaçı Şirzad qızının ünvan 1 ünvanından qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçıya məxsusdur və üçüncü şəxslər X10 və onun uşaqları X7, X8 və İddiaçı Şirzad qızı həmin mənzildə ünvan qeydiyyatındadırlar. İddiaçı qeydiyyatdan çıxarılma ilə bağlı cavabdeh orqana müraciətə etsə də, müraciəti təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10, X7, X8 və İddiaçı Şirzad qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-2307/2025 nömrəli qərarı ilə İddia qismən təmin edilmiş, üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 42 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim İmran Burcayev) Qərarını onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaçının gəlini - üçüncü şəxs X6 münasibətdə təmin olunmalıdır. Çünki onun yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən yaşayış sahəsinə əmlak hüququ olmamaqla qeydiyyatı formal xarakter daşıyır. İddiaçının da verdiyi izahatla müəyyən edilmişdir ki, hazırda X10 həmin ünvanda yaşamır. Həmçinin, üçüncü şəxsə məhkəmə iclası barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Üçüncü şəxslərdən X3, İddiaçı Şirzad qızının və X2 yetkinlik yaşına çatmadıqlarını və iddiaçının nəvələri olmalarını nəzərə alaraq məhkəmə qərar çıxararkən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad edir. Belə ki, işin araşdırılan hallarından görünür ki, xx.xx.2019-cü il təvəllüdlü X7, xx.xx.2012-cü il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Şirzad qızının atası X4 da qeydiyyatı ünvan 3 ünvanında yerləşən 42 nömrəli mənzildir. Belə olan halda məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların qeydiyyat ünvanı onların mövcud qeydiyyatı olan valideyninin yaşayış yeri hesab olunmalıdır. Həmin uşaqların təhsil almalarını və digər halları nəzərə alaraq onların mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları bir sıra hüquqlarını məhdudlaşdırmış olar. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, iddia ərizəsində adları qeyd olunan şəxsləri mənzilə sonradan qeydiyyata salsa da, onlar heç vaxt bu mənzildə yaşamamışlar. Bundan başqa oğlu Şirzad da onunla bu ünvanda yaşamır. Lakin məhkəmə xx.xx.2019-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Şirzad qızının ataları X4 ünvan 4 ünvanında yerləşən 42 nömrəli mənzilə qeydiyyatda olmalarını əsas götürməklə qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan uşaqların qeydiyyat ünvanı onların mövcud qeydiyyatı olan valideyninin yaşayış yeri hesab olunmalıdır. Həmin uşaqların təhsil almalarını və digər halları nəzərə alaraq, onların mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları bir sıra hüquqlarını məhdudlaşdırmış olar. Məhkəmənin bu yanaşması tam əsassızdır, belə ki, onun adları qeyd olunan nəvələri analarının himayəsinə verilmiş və hazırda da anaları ilə birlikdə başqa ünvanda yaşayırlar, ona məxsus olan mənzildə yaşamırlar və o, həmin şəxsləri 2021-ci ilin avqust ayında bu mənzilə qeydiyyata almışlar. Hazırda bu şəxslərin formal olaraq qeydiyyatda saxlanılmaları onun üçün bir sıra problemlər yaradır və onun mülkiyyətində olan əmlak üzərində sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdırır. Üçüncü şəxs qeydiyyatdan çıxıb hansı ünvana qeydiyyata düşəcəksə, uşaqlarını da öz üstünə qeydiyyata ala bilər. Onun oğlu Şirzad da könüllü razılıq əsasında onun mənzilindən qeydiyyatdan çıxacağına söz vermişdir, o bu şəxsləri daimi olaraq öz mənzilimdə qeydiyyatda saxlamaq kimi öhdəlik götürməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslərin qanuni nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq onu da bildirdi ki, iddiaçının oğlu ilə nikaha girdikdən sonra 6 ay həmin mənzildə yaşamış, sonra isə kirayədə yaşamaqla bir daha həmin mənzildə yaşamamışlar. Onun və uşaqlarının qeydiyyata düşməyə başqa ünvanları yoxdur. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişlər, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – X2, X3 və İddiaçı Şirzad qızının iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 42 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. İddianın təmin edilməməsi hissəsində qərarını onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan uşaqların qeydiyyat ünvanı onların mövcud qeydiyyatı olan valideyninin yaşayış yeri hesab olunmalıdır. Həmin uşaqların təhsil almalarını və digər halları nəzərə alaraq onların mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları bir sıra hüquqlarını məhdudlaşdırmış olar. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır və hal-hazırda da, mülkiyyətindədir. Həmçinin iddiaçının keçmiş gəlini və nəvələri, xx.xx.1984-cü il təvəllüdlü X10, xx.xx.2019-cü il təvəllüdlü X7, xx.xx.2012-cü il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Şirzad qızı həmin mənzildə qeydiyyatdadırlar. İşin halları ilə o da müəyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X10 ilə cavabdeh X9 (iddiaçının oğlu) arasında xx.xx.2010-cu il tarixində, Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Şirzad qızı, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2019cu il təvəllüddlü X7 iddiaçı X5 yanında saxlanılması qət edilmişdir. Üçüncü şəxslər on dörd ildən çoxdur ki, mübahisələndirilən evdə yaşamamqla formal qeydiyyatda qalmışdırdırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, X1 Şirzad Şaumyan oğlu ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonra iddiaçıya məxsus mübahisəli mənzildə ilk 6 ay yaşamış, daha sonra isə ailəsi ilə birlikdə kirayədə yaşayaraq son 14 ildən artıq həmin mənzildə ümumiyyətlə yaşamamışlar. Bir sözlə üçüncü şəxs və uşaqları iddiaçıya məxsus evdə pasport qeydiyyatında olsalar da, onların qeydiyyatı formal xarakter daşımışdır. Üçüncü şəxs və uşaqları hazırda da, iddiaçıya məxsus evdə yaşamır. İşin bu halı üçüncü şəxsin etiraf edici izahati ilə də, öz təsdiqini tapmışdır. O da nəzərə alınmalıdır ki, X10 ilə X9 arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xitam verilmiş, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Şirzad qızı, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüddlü X7 iddiaçı X5 yanında saxlanılması qət edilmişdir. Lakin buna baxmayaraq üçnücü şəxs və uşaqları mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqlar analarının himayəsinə verilmiş və hal-hazırda da, onunla bərabər yaşayırlar. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq qeyd edir ki, mübahisəli mənzilin mülkiyyət hüququnun qorunması və mülkiyyətçinin hüquqlarının təmin edilməsi zəruridit. Mülkiyyət hüququ, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində əksini tapan əsas hüquqlardan biri olaraq, insanın əmlak üzərində istədiyi kimi sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququnu təmin edir. Mülkiyyət hüququ, həmçinin, ölkə qanunvericiliyi, o cümlədən Mülki Məcəllə və Mənzil Məcəlləsinin müvafiq müddəaları ilə qorunur və dövlət tərəfindən təminat altına alınır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzil, iddiaçıya məxsusdur və bu mülkiyyətə hüququ olan şəxs olaraq o, həmin mülkiyyəti öz iradəsinə uyğun olaraq idarə etmək hüququna malikdir. Məhkəmə baxışında təhlil edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, mübahisəli mənzildə qeydiyyatda olan şəxslər — İddiaçı Şirzad qızı, X8 və X7 mülkiyyətçinin keçmiş ailə üzvləri olmaqla, məhkəmə qərarı ilə, yəni Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə analarının himayəsinə verilmişdir və faktiki olaraq həmin şəxslər artıq mübahisəli mənzildə yaşamır, yalnız qeydiyyatdadırlar. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla kollegiya belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini qismən təmin edərkən haqlı olmamışdır. Ona görə də iddia tələbi qanuni və əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin qərarı qismən X7, X8 və İddiaçı Şirzad qızının iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 42 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, e-2-1(118)-2307/2025 nömrəli qərarı qismən - X7, X8 və İddiaçı Şirzad qızının iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 42 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilərək yeni qərar qəbul edilsin. X7, X8 və İddiaçı Şirzad qızının iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 42 nömrəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar