Məhkəmə qərarları › İş №2-1(105)-423/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-423/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-423/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-172/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq torpağın alğı-satqı aktı tərtib edilsin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınsın. Həmçinin torpaq sahəsinin planı da tərtib olunmuşdur. Eyni zamanda bu məsələ ilə bağlı hüquqlarını təmsil etdiyi şəxs tərəfindən Sumqayıt şəhər bələdiyyəsinə 021649 nömrəli xx.xx.2006-cı il tarixli, 021975 nömrəli xx.xx.2007-ci il tarixli mədaxil qəbzlərinə əsasən müvafiq ödənişlər həyala keçirilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda, Ceyrantaban qəsəbəsi yaxınlığında yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçüsünün verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********38 nömrəli xx.xx.2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, alğı-satqı aktı tərtib edilmədiyindən onun müraciətinin təmin olunmasından imtina edilir.

3. Tərəflərindən iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilərək, İddiaçı ilə Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alğısatqısına dair müqavilənin və müvafiq aktın tərtib edilib imzalanması vəzifəsinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-939/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə baxışında cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, həqiqətən İddiaçı tərəfindən həmin torpaq sahəsi üçün ödəniş edilmiş, həmin torpaq sahəsi ona ayrılmışdır. Lakin onlara məlum olmayan səbəblərdən həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsi və aktı imzalanmamışdır. Hazırda qanunvericiliyə edilmiş dəyişikliklərə görə bələdiyyə orqanı tərəfindən alğı-satqı müqaviləsinin imzalanması səlahiyyəti yoxdur.

5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-939/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması üçün bələdiyyənin qərarı və onlarla bağlanılan müqavilələr əsasdır. İddiaçıya alğı-satqı aktı 2014-cü ilin aprel ayınadək verilə bilərdi. Hal-hazırda isə 2014-cü ildə torpaq qanunvericiliyinə dair normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə torpağın alğısatqı aktlarının verilməsi müddəası ləğv edilərək notarial qaydada təsdiq edilən alğı-satqı müqavilələrinin verilməsi ilə əvəz olunduğundan, həmçinin həmin alğı-satqı aktını qeydiyyata alan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin özü də ləğv edildiyindən, torpağın alğı-satqı aktının verilməsi mümkün deyildir.”

6. Göründüyü kimi Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin İddiaçı ayrılması, həmin torpaq sahəsinin onun sahibiliyinə və istifadəsinə verilməsi məhkəmə qərardadı ilə öz təsdiqini tapmışdır. Lakin qanunvericiliyə edilən dəyişiklik səbəbindən hazırda torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin və aktının verilməsi mümkün deyildir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********38 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilən çatışmazlıqlar aradan qaldırılmışdır.

7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılınasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Bundan sonra yuxarıda qeyd edilən faktlar və sənədlərlə birlikdə tərəflərindən təkrar olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixli 125/003 nömrəli məktubla müraciət edilərək, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnun hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********33 nömrəli imtina məktubu vermişdir. İmtina məktubu belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********38 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır.

8. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Muradov Müşviq Murad oğlu Sumqayıt şəhəri, Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında yerləşən 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsi ilə əlaqədar 25 yanvar 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Muradov Müşviq Murad oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı Qaydalarının müddəalarına zidd olaraq bələdiyyənin qərarının 19 yanvar 2007-ci il tarixli 02 nömrəli olmasına baxmayaraq alğı-satqı aktının tərtib edilmədiyi müəyyən edilmişdir.

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

10. Qeyd olunanları nəzərə alaraq təqdim olunmuş sənədlər əsasında torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasının mümkün olmadığı İddiaçı etibarnamə üzrə nümayəndəsi Muradov Müşviq Murad oğluna bildirilmiş və bu barədə ona 01 fevral 2021ci il tarixli **********38 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.

11. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-172/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, “Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

12. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsi ilə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfin etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

24. Hazırki işin hallarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 yanvar 2007-ci il tarixli 02 saylı qərarı ilə Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır.

25. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 710 saylı, 20 dekabr 2006-cı il tarixli rəyindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən göstərilən şərtlər daxilində təqdim olunmuş mövqe planına əsasən İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 0,08 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir.

26. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/44 saylı, 16 yanvar 2007-ci il tarixli rəyindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq İddiaçı Bakı-Quba yolunun cənubunda, Ceyranbatan qəsəbəsi yaxınlığında fərdi ev tikintisi üçün 5-ci küçədə sahəsi 800 kv.m olan 13 saylı həyətyanı torpaq sahəsinin alğı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir.

27. Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin BÖO seriyalı 021649 saylı, 08 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına fərdi yaşayış torpaq sahəsinin alğı-satqı haqqı olaraq 400 manat pul vəsaiti köçürülmüşdür.

28. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********33 saylı, 16 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

29. Cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili - alğı-satqı aktının hazırkı ərizəyə əlavə edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyənin mülkiyyətində olan torpağı torpaqların alğı-satqı qaydalarına uyğun olaraq iddiaçıya ayırması, alğı-satqıya dair aktın tərtib edilməsi barədə göstəriş verməsi, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın dəyərinin ödənilməsi özü-özlüyündə alğı-satqının mövcudluğunu ehtiva edir. Alğı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilməməli, onun məsuliyyətinə və mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya səbəb olmamalıdır.

30. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir.

31. Hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi və habelə memarlıq və şəhərsalma idarəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəylər əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 400 manat məbləğində pul vəsaiti ödənilmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(118)-172/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar