Məhkəmə qərarları › İş №2-1(105)-423/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-423/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-423/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(118)-375/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, 1/Q-1985 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissəyə keçməyi, N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağstafa rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və N və N nömrəli hərbi hissələrin tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Ağdam və Ağdərə rayonlarında erməni silahlı dəstələrinə qarşı döyüşlərdə iştirak etməsi barədə məlumat ona verilmiş hərbi biletdə öz əksini tapmışdır. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilimiş vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, iddiaçı 1991-1993-cü illər tarixlərində hərbi xidmət keçmiş və xidmət müddəti başa çatmasına görə ehtiyata buraxılmışdır. Digər tərəfdən, X2 notarial təsdiq edilmiş ərizəsindən görünür ki, o, iddiaçı ilə birlikdə N saylı (sonradan 707) hərbi hissədə xidmət etmiş və onlar birlikdə Qazax rayonunun Kəmərli, Fərəhli kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdirlər. X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, iddiaçı ilə birlikdə Qazax, Ağstafa, Ağdərə və Ağdam rayonlarının müdafiəsində iştirak etmişlər, xx.xx.1993-cü il tarixində ordudan təxris edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən iddiaçının qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. Hərbi qulluqçuların ehtiyyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikasının Müdafiə nazirinin 24 yanvar 1996-cı il tarixli əmrinin 1-ci bəndində qeyd edilmişdir ki, 10 fevral 1996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(118)-375/2023 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir (hakim İ.Burcayev). Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)-108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Hesab edir ki, məhkəmənin bu mövqeyi yanlışdır. İş materiallarından göründüyü kimi iddiaçı ilk dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbi ilə müraciət edərkən hazırkı iddia tələbində əsaslandığı hallara istinad etməmişdir. Belə ki, o, cavabdehə ilk dəfə müraciət edərkən sübut kimi yalnız hərbi biletini təqdim etmişdir və hərbi biletdə onun tərxis olunması qeyd edilmədiyindən ona imtina cavabı verilmişdir. Lakin iş materiallarından göründüyü kimi onun kassasiya şikayəti əsasında işə baxılarkən o, əlavə sübut kimi hərbi xidmətdə olarkən hərbi hissənin komandiri olmuş X4 notariat qaydasında təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Həmin ərizədə göstərilmişdir ki, o, hərbi hissənin komandiri kimi təsdiq edir ki, iddiaçının hərbi xidmətdən tərxis olunmasına dair əmr vermiş və bu barədə əmrlərin qeydiyyatı jurnalında müvafiq qeydiyyat aparılmışdır. Lakin kassasiya instansiya məhkəməsi işə baxılarkən yeni sübutların qəbul edilməsinə qanunla yol verilmədiyini bildirərək bu əsasla yenidən cavabdeh təşkilata müraciət edilməsini və müraciəti təmin edilmədiyi halda yenidən məhkəməyə şikayət etməsinin mümkünlüyü barədə iddiaçıya hüququnu izah etmişdir. Buna görə də iddiaçı əldə etdiyi yeni sübular kimi X4 notariat qaydasında təsdiq olunmuş ərizəsini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Elektron arayışı” nı müraciətinə əlavə edərək (həmin arayışda onun hərbi hissədən tərxis olunaraq ehtiyata buraxıldığı göstərilmişdir) yenidən cavabdehə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan da ona yenidən imtina cavabı verərkən onun artıq bu tələblə bir dəfə müraciət etdiyini göstərməmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, hərbi hissəni özbaşına tərk etməmişdir. Həmin vaxt onun atası və iki qardaşı da könüllü olaraq torpaqlarımızın erməni işğalçılarından müdafiəsində hərbi hissənin tərkibində birlikdə döyüşmüşlər. Belə vəziyyətdə onun hərbi hissəni özbaşına tərk etməsi qeyri mümkün idi və bunun üçün heç bir səbəb də olmamışdır. Müdafiə Nazirliyinin əməkdaşlarının onun xidmət etdiyi həmin dövr üçün hərbi hissənin əmrlər jurnalını məhkəməyə təqdim etməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ona görə bu faktı təsdiq etmək üçün başqa əsaslarla yenidən məhkəməyə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməli, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi qərardadında eyni tərəflər arasında, eyni predmet barəsində Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(83)-108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı olduğunu qeyd etmiş və bu səbəbdən, iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İşdən görünür ki, iddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 09 yanvar tarixli, 2- 1(83)-108/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 aprel tarixli, 2-1(104)-287/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının apellyasiya instansiyasının qərarından verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2- 1(102)-788/2020 nömrəli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı əvvəllər də analoji iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, onun iddia tələbi təmin edilməmiş və həmin tələblə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 09 yanvar tarixli, 2-1(83)-108/2019 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, o, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı ilk dəfə cavabdehə müraciət edərkən sübut kimi yalnız hərbi bileti, kassasiya instansiya məhkəməsində işə baxılarkən isə hərbi hissə komandirinin notariat qaydasında təsdiq olunmuş ərizəsini təqdim etmiş, məhkəmə kassasiya instansiyasında yeni sübutların təqdim edilməsinin qanunla yol verilmədiyini bildirərək iddiaçıya bu əsasla yenidən cavabdehə müraciət etməsi və müraciəti təmin edilmədiyi halda yenidən məhkəməyə şikayətlə müraciət etməsinin mümkünlüyü barədə hüququnu izah etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının əvvəlki tələbi üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2-1(102)-788/2020 nömrəli qərarından görünür ki, iddiaçı kassasiya şikayətinin dəlillərində hazırkı şikayətində qeyd etdiyi hərbi hissə komandirinin notariat qaydasında təsdiq olunmuş ərizəsinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsi həmin ərizəyə hüquqi qiymət verərək qərarında qeyd etmişdir ki, ərizədə iddiaçının xx.xx.1993-cü il tarixdə atası və qardaşı bu hərbi hissədə xidmət etdiyinə görə hərbi hissə komandirinin əmrilə ordudan tərxis edildiyi bildirilmişdir. Lakin bununla bağlı qeyd edilməlidir ki, bu barədə hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışlarının mövcudluğu müəyyən edilmir. Göründüyü kimi iddiaçının yeni sübut kimi istinad etdiyi ərizə ən azı kassasiya instansiyasında məhkəmə baxışının predmeti olmuş və həmin sənədə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Beləliklə, kollegiya hesab edir ki, yeni iddianın qaldırıldığı xx.xx.2022-ci il tarixədək iddiaçının tələbinin faktiki və hüquqi əsasları ilə bağlı hər hansı dəyişikliyin baş verməsi iş üzrə materiallardan müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Birinci instansiya məhkəməsinin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması ilə bağlı hüquqi mövqeyi əsaslı olsa da, məhkəmə bu əsasla iş üzrə icraata xitam verərkən haqlı olmamışdır. Belə ki, mülki prosessual qanunvericilikdən fərqli olaraq inzibati prosessual qanunvericilikdə bu halda iş üzrə icraata xitam verilməsi deyil, qaldırılmış iddianın mümkünlüyü məsələsinə baxılır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2-1(118)-375/2023 nömrəli qərardadı dəyişdirilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar