Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-423/2025 22.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-696/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ona xx.xx.2022-ci il tarixində təyin edilmiş müddətsiz, 3-cü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X7 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T265/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2574003AATCC saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “İ87.0- Postrombotik sindrom sağ budun yuxarı 1\3 hissəsinin yumşaq toxumalarının geniş həcimli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastİkasından sonrakı vəziyyət bud-dizaltı venanın postrombotik sindromu İİİ dərəcə XVÇ ilə” Əsas xəstəlik şəxsin əyani müayinəsində öz təsdiqini tam tapmamış (oynaqda hərəkət məhdudluğu, atrofıya, qısalıq olmamış, distal arteriyalarda pulsasiya dolğun olmuş, işemiya əlamətləri olmamış, tük örtüyü normal, ətraf isti, trofiki pozğunluq izlənməmiş, nevroloji müayinədə diz refleksləri D=S canlı olmuş, əzələ gücü aşağı ətrafın həm proksimal, həm də distal qrup əzələlərdə 5\5 bal kimi qiymətləndirilmiş, Axil refleksi canlı olmuş, əzələ atrofıyası, hipertrofıyası, yerişində parez izlənməmişdir) yəni, xəstəlik əlillik təyinatı səviyyəsində olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X7 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, T628/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı iş materiallarındakı tibbi sənədlərə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd olunan “Əsas xəstəlik: İ87.0-Postrombotik sindrom sağ budun yuxarı 1\3 hissəsinin yumşaq toxumalarının geniş həcimli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanın postrombotik sindromu İİİ dərəcə XVÇ ilə. Ağırlaşma: İ83.0-Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, sağ baldırda hiperpiqmentasiya indurasiya çapıqlanmış trofık xora ilə fəsadlaşma. Yanaşı xəstəliklər: İ25.1-Ürəyin aterosklerotik xəstəliyi. ÜİX.Aterosklerotik kardioskleroz” diaqnoz stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilmişdir. İddiaçı tərəfimizdən Akad.M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müayinə üçün göndərilərkən ona “Sağ budun yuxarı 1/3-nin yumşaq toxumaların geniş həcmli travmatik zədələnməsinə görə bud venasının autovenoz plastikası, bud venasının bağlanmasınadn sonrakı vəziyyət, bud-dizaltı venanın postravmatik sindromu, BDV və KDV-nın 2-li varikozu, sağ aşağı ətrafın V sinif (CEAP), dermatit, indurasiya, hiperpiqmentasiya” diaqnozu qoyulmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin-Tibbi-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2022-ci il tarixində təyin edilmiş 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə qərarın ləğvi və əlilliyin bərpa edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər əvvəl iş yerində əmək xəsarəti almış, aşağı ətrafları ciddi şəkildə zədələnmişdir. İstehsalat zədəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Əvvəl 2-ci dərəcli əlillik təyin edilmişdir. Lakin 2022-ci ildə posttrombotik sindrom sağ budun yuxarı 1/3 yumuşaq toxumaların geniş həcmli yaralanmasına görə diaqnozu ilə müddətsiz olaraq xx.xx.2022-ci ildə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Ona məlum olmayan səbəblərdən xx.xx.2023-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Daha sonra cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixli bildiriş məktubu göndərilərək bildirilmişdir ki, ona xx.xx.2022-ci il tarixdə təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ona təqdim edilməmiş, ümumiyyətlə həmin qərarın hansı səbəbdən qəbul olunması aydın deyil. Bu qərarla razı deyil, onun istehsalat zədəsi nəticəsində sağlamlığı pozulmuş və bu günə kimi bərpa olunmamışdır. Əmək qabiliyyəti tam deyil, ağır işlərdə işləyə bilmir. Müalicə və dava-dərmana pul çatdıra bilmir. Əlilliyinin təkrar qiymətləndirilməsi və ləğvi qanunsuz olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv və əlilliyin bərpa edilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-13249/2023 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həmin şəxslərin əyani müayinəyə cəlb olunması nəzərdə tutulmuşdur və müvafiq qaydada ünvanlarına dəvət məktubları göndərilmişdir, müayinəyə gəlməyəcəkləri təqdirdə əlillik vəziyyətlərinin onların iştirakı olmadan qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. Şamaxı rayon sakini xx.xx.1979-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq İstehsalat zədəsi səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 60% (altmış faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. (ESDAS: **********7). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B-13690/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı özünü xx.xx.2009-cu ildən xəstə hesab etdiyini bildirmiş, xəsarəti iş tapşırığını yerinə yetirərkən asfalt döşəyən maşının şnekinin küncünün sağ ayağına ilişərək xəsarət yetirdiyini söyləmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xəsarətdən sonra yaradan güclü qanaxma olduğundan Şamaxı MRX-da yaranın birincili cərrahi işlənməsi magistral arteriya və venalar liqaturaya alınaraq Topçübaşov adına ECM göndərilmişdir. Xəstəyə ümumi narkoz altında yaranın cərrahi işlənməsi bud arteriyasının autovenoz plastikası yaranın drenaji cərrahi əməliyyat aparılmışdır. Bud nahiyəsində yara tam qranulyasiya ilə dolub həmin nahiyədə dəri örtüyü tam nekrozlaşdığından, nekroektomiyadan sonra geniş dəri defekti qalmış və bu səbəbdən xx.xx.2009-cu ildə 5-saylı xəstəxanada xəstəyə autodermoplastika icra olunmuşdur. Vətəndaş müayinəyə gələrkən xx.xx.2009-cu ildə tərtib edilmiş, xx.xx.2009-cu il saat 12 radələrində baş vermiş bədbəxt hadisəni təfsilatı ilə özündə əks etdirən “X5 S.p.A.” şirkəti tərəfindən təqdim olunmuş İstehsalatda bədbəxt hadisə haqqında akt №1 təqdim etmişdir. Obyektiv müayinədə sağ aşağı ətrafda budun ön, iç səthində orta və yuxarı 1/3-də yumşaq toxumaların deformasiyasi ilə əməliyyat çapığı izlənilmiş, oynaqda hərəkət məhdudluğu, atrofiya, qısalıq olmamış, distal arteriyalarda pulsasiya dolğun olmuş, şemiya əlamətləri olmamış, tük örtüyü normal, ətraf isti, trofik pozğunluq izlənilməmişdir. Nevroloji müayinədə Diz refleksləri D=S canlı olmuş, əzələ gücü aşağı ətrafın həm proksimal, həm distal qrup əzələlərdə 5/5 bal kimi qiymətləndirilmiş, Axil refleksi canlı olmuşdur. Əzələ atrofiyası, hipotrofiyası, yerişində parez izlənilməmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental müayinələr və təqdim edilmiş sənədlərə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023cü il tarixindən etibarən “Tam reabilitasiya olunmasi”na dair qərar qəbul edilsin. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-696/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 3-cü dərəcə əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddiaçının əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə iddiaçıya əlillik təyinatına əsas verən diaqnoz öz təsdiqini tapmışdır. Cavabdeh orqan tərəfindən əvvəlki qərarın qanuniliyini şübhə altına alan hallar mövcud olmasa belə iddiaçı barədə hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinə etirazının dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə təyin edilmiş üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya məktub ünvanlayaraq, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin ləğvi barədə inzibati akt qəbul ediləcəyi bildirilmişdir. İddiaçı həmin tarixdə əyani müayinədə iştirak etmiş, TSEK tərəfindən anamnestik məlumatlar, obyektiv, instrumental müayinələr və təqdim edilmiş sənədlərə əsasən tam reabilitasiya olunması barədə xx.xx.2023cü il tarilxi qərar qəbul edilmişdir. İş materiallarınan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişin məzmununda əsas diaqnoz “Posstrombotik sindrom, sağ budun yuxarı 1/3 yumşaq toxumalarının geniş həcmli yaralanmasına görə bud venasının bağlanması və autodermoplastikasından sonrakı vəziyyət bud-dizaltı venanınposttrombotik sindromu İİİ dərəcə ilə” XBT kodu İ87.0, ağırlaşma “Aşağı ətraf venalarının xora ilə birgə müşahidə olunan varikoz genəlməsi, sağ baldırda hiperpiqmentasiya indurasiya çapıqlanmış trofik xora ilə fəsadlaşma” XBT kodu İ83.0, yanaşı xəstəliklər “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX aterosklerotik kardioskleroz” xBT kodu İ25.1 kimi qeyd edilmişdir. İş materiallarında olan və tədqiq edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin mövcudluğu stasionar müayinə və müalicə zamanı müəyyən edilmişdir. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2024-cü il tarixli ekspert rəyinin tərtib edilməsində cavabdehin nümayəndəsi iştirak etdiyindən, bu hal isə həmin rəyin mötəbərliyini şübhə altına alınmasına əsas olan hal kimi çıxış etdiyindən, həmin ekspert rəyinin işin üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi zamanı nəzərə alınması məqsədəmüvafiq deyildir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş əlillik təyinatı ilə bağlı qərarının mötəbərliyini şübhə altına alınmasının əsası kimi müxtəlif risk qrupları üzrə araşdırılma aparılması məqsədilə bağlı hallara istinad etmişdir Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materialları əsasında iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən qəbul edilmiş qərar mövcud olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olub-olmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın (hansı ki inzibati icraatın təzələnməsinə əsas olmuşdur) nədən ibarət olmasıdır. Cavabdeh inzibati orqan bununla bağlı “əsaslı şübhə” qismində müxtəlif risk qrupları üzrə araşdırma aparılması hallarına istinad etməklə, “əsaslı şübhə”ni ümumi sözlər şəklində ifadə etməklə, risk qrupuna daxil edilmənin əsaslarına dair hər hansı sübut (audit yoxlaması, xidməti araşdırmanın nəticəsi və s.) təqdim edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, həmin qərarın mötəbərliyinin şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, inzibati icraatı təzələməklə, iddiaçı əyani müayinəyə dəvət edilmiş, onun barəsində tam reabilitasiya olunması barədə qərar qəbul etməklə və nəticə olaraq əlilliyi ləğv etməklə bağlı qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdehin istinad etdiyi hal ümumi söz şəklində ifadə edildiyindən formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan hal “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan “müxtəlif risk qrupuna daxil olması” ümumi söz şəklində istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Bu baxımından kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu məsələsinə məhz formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq qiymət vermişdir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında iddiaçıya əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Bu hal özlüyündə cavabdeh inzibati orqanın “tam reabilitasiya olunması” barədə qəbul etdiyi qərarın qanunazidd olduğunu deməyə əsas verir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində müddətsiz əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-696/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.