Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-424/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə açar sözlər: dövlət qulluğuna bərpa olunma və ödənilməyən əmək haqqının ödənilməsi öhdəliyinin qoyulması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı və cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarından cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə 16 sentyabr 2021-ci il tarixdə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ilin may ayından 2012-ci ilin iyun ayına kimi və 2014-cü ildən 23 iyul 2019-cu ilə kimi Şamaxı rayonu Birinci Çaylı kəndi İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, 2-ci dərəcəli Dövlət qulluqçusudur. İşlədiyi müddətdə yaxşı xidmətinə görə dövlət qulluqçusu və Şamaxı RİHBnın Çaylı kənd İƏD-si üzrə nümayəndəsi kimi dəfələrlə mükafatlandırılmışdır. O, heç bir qanuni əsaslar olmadan, fəaliyyəti araşdırılmadan və Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şurasında baxılmadan Şamaxı rayon prokurorunun ona heç bir aidiyyatı olmayan 04 iyun 2019-cu il tarixli təqdimatına əsasən 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrlə işdən azad olunmuşdur. Qanunsuz işdən azad olunması ilə bağlı 19.08.2019-cu il tarixli ərizə ilə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etsə də, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı onu əvvəlki iş yerinə və ya Şamaxı rayonunun başqa kəndinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin etməsi barədə söz vermiş, vaxtı uzatmış, lakin onun qanuni və əsaslı müraciətinə bu günə kimi cavab vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh bu yolla da onun məhkəməyə müraciət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və məhkəməyə müraciət etmək vaxtını qanunsuz olaraq bilərəkdən uzatmağa çalışmışdır. Hesab edir ki, buraxılmış müddət məhkəmə qaydasında üzürlü hesab olunmaqla bərpa edilməlidir.
3. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazları:
4. Cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin 05 mart 2020-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı etirazında qeyd olunmuşdur ki, Şamaxı rayon Prokurorunun 04 iyun 2019-cu il tarixli, ********* nömrəli təqdimatına əsasən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu müəyyən edilmişdir. Buna görə də İddiaçı “Dövlət qulluğu haqqında” Azğrbaycan Respublikası Qanununun 25.26, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.8-ci maddələrinə əsasən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2019-cu il tarixli, 58 saylı əmri ilə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edir və məhkəmədən etirazın nəzərə alınmasını xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
5. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarı (hakim İ.R.Quliyev) ilə iddia qismən təmin edilərək “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və məhkəmənin hüququ mövqeyi nəzərə alınmaqla Şamaxı payon Prokurorunun təqdimatı və сinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınmaqla İddiaçı barəsində yeni inzibati akt qəbul edilməsinin cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan narazı qalan cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi N.Mənəfov apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
7. Cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi N.Mənəfov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı işdən azad edilməsindən bir ilə yaxın müddət keçmiş və həmin vəzifəyə yeni təyinat aparılmış, eyni zamanda yerli icra hakimiyyəti orqanları strukturuna aid vəzifələrə bütün təyinatlar yuxarı rəhbər orqan tərəfindən təqdimat qəbul ediləndən sonra aparılmasına baxmayaraq məhkəmə mövcud vəziyyəti nəzərə almadan belə bir nəticəyə gəlmişdir. Həmçinin bildirirlər ki, İddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi vəzifəsinin Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilməsi onları bir çox problemlərlə üzləşdirəcəkdir. Məhkəmə qərar qəbul edərkən öz mövqeyini Şamaxı rayon Prokurorluğunun cinəyət işi üzrə icraata xitam verilməsi haqqında 30 sentyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibinin olmadığının müəyyən edilərək cinayət işi üzrə icraata xitam verilməsi və onun məhkəmə proseslərinə məhkəmələrin çağırışlarına əsasən və rayon İcra Hakimiyyətinə məlumat verdikdən sonra getməsi ilə əsaslandırmışdır. Onu da bildirirlər ki, Şamaxı rayon Prokurorluğu İddiaçı əməlində cinayət tərkibinin olmadığını müəyyən edərək cinayət işi üzrə icraata xitam verilməsinə qərar vermiş olsa da, 04 iyun 2019-cu il tarixli, ********* nömrəli təqdimatında onun dövlət qulluğu ilə uyğunlaşmayan əməllərinə hüquqi qiymət verilməsini Şamaxı rayon İcra Hakimiyyətinə həvalə etmişdir. Eyni zamanda İddiaçı məhkəmə proseslərində nəinki bilavasitə tərəf qismində, həmçinin dəfələrlə digər şəxsin nümayəndəsi qismində də iştirak etmişdir. Bununla yanaşı o, rayon İcra Hakimiyyətinə məlumat verdikdən sonra proseslərə getməsini heç bir sənəd və ya digər vasitələrlə sübut edə bilməmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. apelyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, İddiaçı işlə təmin etmək üçün çox çalışsalar da təklif etdikləri işlərlə bağlı sonuncu öz vəzifəsinə bərpa olunmasında israrlı olduğundan razı olmamışdır. Belə ki, İddiaçı pensiya məsələsi ilə bağlı dövlət qulluğu vəzifəsi ilə əlaqədar işlə təmin olunmasını istəyir. Onlarda işin qaydası belədir ki, yuxarı rəhbər orqan tərəfindən təqdimat qəbul ediləndən sonra işçi işə təyin edilir, yəni hansı vəzifəyə təyinatından asılı olmayaraq yuxarı orqana məlumat verilir. İddiaçı barədə heç bir inzibati tənbeh tədbiri də olmayıb. Sonuncunun məhkəmə proseslərinə getməsi üçün İHnə verdiyi ərizələr o zaman qeydiyyata düşməyib deyə rəsmi sayılmamışdır. Ona görə də iddiaçıya müvafiq məhkəmə iclaslarına getməsi üçün icazə verilməsi barədə müraciəti İHnə daxil olmamış hesab edilməklə belə bir icazənin verilməsi barədə heç bir əmr verilməmişdir. İddiaçı yalnız prokurorluğun təqdimatı əsasında işdən azad edilib, onun işdən azad edilməsində başqa hal müəyyən edilməmiş, saxta müqavilənin iddiaçıya heç bir aidiyyəti yoxdur. İH-i tərəfindən mübahisə barışıq yolu ilə həll edilmək istənilsə də, sadəcə olaraq qarşı tərəfi qane edəcək bir təklifləri yoxdur. Belə ki, iddiaçıya başqa dövlət qulluğu olmayan vəzifə təklif edilib, amma iddiaçı dövlət qulluqçusu kimi pensiya hüququndan yararlanmaq istəyindən dövlət qulluğu olmayan vəzifələrə təklifi qəbul etməmişdir. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 13 il dövlət qulluğunda işləmiş və demək olar ki, ən cətin problemli bir kənddə işləyərək orada çox əziyyət çəkmişdir. Onun işdən çıxarılmağı sifarişli olmuş və o, prokurorun təqdimatına əsasən işdən azad olunmuşdur. İcra hakimiyyəti başçısı ona bir qədər gözləməyi bildirmiş, o da hətta demişdir ki, onu ən ucqar kəndə keçirsinlər, lakin onun sözünə əhəmiyyət verilmədiyindən məcbur olaraq məhkəməyə müraciət etmişdir. İşlədiyi müddət ərzində onun - İcra Başçısının razılığı və əmri ilə mükafatlandırılmaları olmuşdur. Yalnız 2012-2014-cü illərdə səhhətilə bağlı işləməmişdir. Rayon icra hakimiyyətinin nümayəndələri şənbə və bazar günləri belə harasa gedəndə rəhbərlikdən icazə alınır. O, da problemli kənddə işlədiyinə görə Şamaxı Rayon Məhkəməsində və Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iştirak etməyi ilə bağlı əvvəlcədən Şamaxı rayon İcra Hakimiyyətinə məlumat vermiş, məhkəmə bildirişlərini Şamaxı rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin sabiq müdiri X5 və Şamaxı rayon İcra Hakimiyyətinin başçısının sabiq 1-ci müavini X1 təqdim etmiş və onların ərizəsinə qoyduqları dərkənardan sonra icazəli şəkildə iş yerindən getmişdir. Hətta ərizəni RİHB-nin birinci müavininə verən zaman müavin ona demişdir ki, “ərizəni apar şöbə müdirinə ver”. Şöbə mudirinə də verəndə isə o, da demişdir ki,”ərizəni ver katibəyə”. Keçən müddət ərzində də rayon icra hakimiyyətinin rəhbərliyi onun işlə təmin olunacağını dəfələrlə söz vermələrinə baxmayraq bu günə qədər onun barəsində heç bir müsbət addım atılmamış, sadəcə sözlərlə vaxtı yubandırmışlar. Hesab edir ki, onun barəsində başlanılmış əsassız cinayət təqibi sonda xitam verilməklə əməlində heç bir qanunsuzluq olmadığı halda prokurorluq tərəfindən verilmiş təqdimat əsasında işdən azad olunması qanunsuz olmuş, ona görə də iddiası əsasında inzibati məhkəmə tərəfindən haqlı qərar verilərək işdən azad olunması barədə əmr ləğv olunmuş, bu səbəbdən də İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməyərək öz əvvəlki işi üzrə vəzifəsinə bərpa olunması və keçən müddət ərzində ödənilməmiş əmək haqlarının tutulması barədə qərar qəbul edilməsini xahiş edir.
Tədbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
12. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
13. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
14. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
15. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
16. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
18. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
19. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
20. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
22. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
23. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
24. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
25. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
26. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
28. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 73.1 Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
29. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu: M a d d ə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. M a d d ə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;
30. Yerli icra hakimiyyətləri haqqında Əsasnamə. 4.1. Ümumi səlahiyyətlər: 4.1.8. yerli icra hakimiyyəti başçısının aparatının işçilərini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yanında olan orqanlarda inzibati vəzifə tutan işçiləri, habelə tabeliyində olan hüquqi şəxslərin rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, yerli icra hakimiyyəti başçısı aparatının struktur bölmələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin rəhbərlərinin hesabatlarını dinləmək; 4.1.9. bu Əsasnamənin Əlavəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq onların yerli bölmələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək və ya onların vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdimat vermək; “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə:
1. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.
2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Statistika Komitəsinin yerli bölmələrinin rəhbərlərini yerli icra hakimiyyəti başçısının təqdimatına əsasən müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri vəzifəyə təyin və vəzifədən azad edirlər.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hazırkı qərarın 11-21-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
32. İş materiallarından müəyyən olunur ki, Şamaxı rayon Prokurorluğunun 30 sentyabr 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən İddiaçı və X3 əməllərində Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə, həmçinin İddiaçı əməlində Azərbaycan Respublikasının CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v.188-205).
33. Şamaxı rayon Prokurorunun Şamaxı rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı 04.06.2019-cu il tarixli Təqdimatdan görünür ki, rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 313 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə müəyyən edilən qanun pozuntularına gələcəkdə yol verilməməsi, qarşısının alınması məqsədilə təqdimatı rayon icra hakimiyyətinin ümumi yığıncağında və ya şura iclasında müzakirə etməklə Şamaxı RİHB-nın Birinci Çaylı kəndi İƏD üzrə nümayəndəsi İddiaçı barəsində müvafiq tədbirlər görülməsi, təqdimatın müzakirəsi barədə qanunla müəyyən edilmiş bir ay müddətində rayon prokurorluğuna məlumat verilməsi xahiş edilir(i.v.206-208).
34. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrindən görünür ki, Şamaxı rayon Prokurorunun 04.06.2019-cu il tarixli, ********* №-li təqdimatına əsasən Şamaxı RİHB-nın Birinci Çaylı kəndi İƏD üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğundan, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.8-ci bəndlərinə əsasən İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir(i.v.14).
35. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırkı qərarın 16 və 28-ci (maddə 73) bəndlərində nəzərdə tutulan qanun normalarının tələbləri baxımından iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Belə ki, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı tələbi cavabdehin 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması və 23 iyul 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dövlət qulluqçusu olduğu üçün onun bu iddianı qaldırmaqda subyektiv hüququ vardır, cavabdeh cavab verməli olan inzibati orqandır və iddiaçı pozulmuş hüququnun müdafiəsilə bağlı 22.10.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir.
36. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslı sayaraq qərarında İddiaçı işdən azad edilməsinə dair Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 58 nömrəli, 23 iyul 2019-cu il tarixli əmrinin ləğv olunması nəticəsinə gəlsə də, qərarın “məhkəmənin hüququ mövqeyi nəzərə alınmaqla Şamaxı rayon Prokurorunun təqdimatı və сinayət işi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınmaqla İddiaçı barəsində yeni inzibati akt qəbul edilməsinin cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsində səhv nəticəyə gələrək məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı qəbul edilməsinə aid prosessual hüquq normasına istinad etmişdir. Halbuki, hazırkı iddia inzibati orqanın qanunsuz əmrinin ləğvinə yönələn mübahisələndirməyə aid iddia növüdür.
37. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı işdən azad edilməsi barədə Şamaxı RİHB-nın əmri əsaslı hesab edilə bilməz ona görə ki, “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsilə dövlət qulluğundan azad edilmək üçün həmin Məcəllənin 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən pozulmuş olsun. Başqa sözlə desək, dövlət qulluqçusu əsas vəzifələrini yerinə yetirmədikdə, qulluğu ilə əlaqədar məhdudiyyətlərə riayət etmədikdə və “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunsun.
38. Məhkəmə araşdırması zamanı hazırkı qərarın 32-ci bəndində istinad edilən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla da müəyyən olunur ki, İddiaçı hərəkətlərində cinayət tərkibli əlamətlər olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, lakin hazırkı qərarın 33-cü bəndində istinad edilən Təqdimata əsaslanan Şamaxı RİH-nin Başçısı İddiaçı barəsində hazırkı qərarın 34-cü bəndində istinad edilən əmrilə sonuncunu tutduğu vəzifəsindən və dövlət qulluğundan azad etmişdir.
39. Məhkəmə kollegiyasının iclasında cavabdeh inzibati orqanın nümayəndəsi də təsdiq etdi ki, İddiaçı yalnız prokurorluğun təqdimatı əsasında işdən azad edilmiş, sonuncunun işdən azad edilməsində başqa hal müəyyən edilməmiş, saxta müqavilənin iddiaçıya heç bir aidyyəti yoxdur.
40. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı prokurorluğun təqdimatında istinad edilən, eyni zamanda barəsində verilən işdən azad edilmə əmrində göstərilən “saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğundan vəzifəsindən və dövlət qulluğundan azad edilməsinə” dair göstərilənlərin heç bir əsası yoxdur ona görə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbinə uyğun olaraq müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək dövlət qulluqçusunun hüquqlarına aid edilmişdir. Bu baxımdan Şamaxı rayon İ Çaylı Bələdiyyəsi tərəfindən cəlb edildiyi iddia üzrə İddiaçı cavabdeh qismində məhkəmə iclaslarında iştirak etməklə öz hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə qatılmasına hazırkı qərarın 27-ci bəndində istinad edilən kostitusion norma ilə təminat verilir.
41. Məhkəmə kollegiyası hazırkı qərarın 7-ci bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir ona görə ki, İddiaçı barəsində rayon prokurorunun təqdimatı daxil olduqdan sonra cavabdeh təşkilat təqdimatda göstərilən məsələlərlə bağlı heç bir inzibati araşdırma aparmadan 23.07.2019-cu il tarixli əmrində prokurorluğun təqdimatında istinad edilən halları sadalamaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.1.8-ci bəndlərinə əsaslanaraq İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilməsi qənaətinə gəlmişdir. Halbuki, hazırkı qərarın 28-ci bəndində istinad edilən qanunun 24-cü maddəsinin tələbləri, həmçinin hazırkı qərarın 29-cu bəndində istinad edilən qanunun 25.3-cü maddəsinin tələbləri cavabdeh İH-i tərəfindən riayət edilməmişdir.
42. Apelyasiya şikayətinin yerli icra hakimiyyəti orqanları strukturuna aid vəzifələrə bütün təyinatlar yuxarı rəhbər orqan tərəfindən təqdimat qəbul ediləndən sonra aparılmasına dair dəlilini də məhkəmə kollegiyası əsassız sayır ona görə ki, hazırkı qərarın 30-cu bəndində istinad edilən Əsasnamənin 4.1.9-cu maddəsinə və “Əsasnaməyə əlavə”də hansı vəzifələrə mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısının vəzifəyə təyin və vəzifədən azad etməsi və ya müvafiq yerli bölmələrin rəhbərlərini yerli icra hakimiyyəti başçısının təqdimatına əsasən müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad etmə qaydası müəyyən edilmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanlara əsaslanaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı prosessual hüquq normalarının tətbiqilə bağlı səhv əsaslandırıldığından ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı işdən azad edilməsinə dair 23 iyul 2019-cu il tarixli, 58 saylı əmrinin verilməsi qanun pozuntusu ilə aparılmaqla əsassız olduğundan ləğv olunmalı, İddiaçı iddia tələbi təmin edilərək sonuncu Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunmaqla İddiaçı 23 iyul 2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-50/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı iddia tələbi təmin edilsin. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 23 iyul 2019-cu il tarixli 58 saylı əmri ləğv olunsun. İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa edilsin və ona 23 iyul 2019-cu il tarixdən başlayaraq öz vəzifəsinə bərpa olunana kimi əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.