Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-425/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: hüquqi şəxslərin təsis sənədlərindəki və qeydə alınmış dövlət qeydiyyat məlumatlarında təsisçi adının başqa şəxsin adına dəyişdirilməsi, iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “onun adına açılmış (təsisçi və rəhbər kimi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyat məlumatlarında həmin Cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirmiş və onları yaratmış (təsis etmiş) X4 adına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023cü il tarixli, 2-1(118)-1279/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun adına açılmış (təsisçi və rəhbər kimi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyat məlumatlarında həmin Cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirmiş və onları yaratmış (təsis etmiş) X4 adına dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun ailə vəziyyətinin ağır olması, işsizlik və digər səbəblərdən qiyabi tanıdığını (ortaq tanışlar tərəfindən) Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəs., Azadlıq prospekti, ev 185-də qeydiyyatda olan X8 tərəfindən işlə təmin olunacağım barədə 2020-ci ilin dekabr ayında vəd verərək işlə bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün onun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və müvafiq rəsmiləşdirmələr aparıldıqdan sonra bir daha çağıracağını və ona etibarnamə verməli olduğunu bildirmişdir. İddiaçı isə işə çox ehtiyacı olduğundan onunla razılaşmış və o da ona olan inamından və etibarından sui-istifadə edərək iddiaçının xəbəri və razılığı olmadan adına 5 və 7 yanvar 2021-ci il tarixlərdə onun şəxsiyyət vəsiqəsinin FİN kodu ilə hüquqi şəxslər açmışdır (bu barədə onun ünvanına borc bildirişləri gəldikdən sonra vergi orqanında araşdırma apardıqdan sonra məlumatı olmuşdur). İlk öncə xx.xx.2021-ci il tarixdə X8 ilə Bakı şəhərində görüşərək 54 saylı notariat ofisinə getmiş və orada ondan bir neçə etibarnaməyə (7E-304 nömrəli, 7E-305 nömrəli və 7E-306 nömrəli etibarnamələrin surəti əlavə edilir) imza etməyini istəmiş və bunun nə ilə əlaqədar olduğunu soruşduqda cibindən çıxardığı möhürləri göstərərək bu firmalarda işlər olacağını, iddiaçının o firmalarda işləyəcəyini bildirmişdir. Daha sonra isə xx.xx.2021-ci il tarixdə yenidən onu dəvət edərək bu səfər Bakı şəhəri 3 saylı notariat ofisinə gedərək onun üçün maaş kartı açılacağını bildirərək yenidən etibarnaməyə imza etməyini bildirmiş və tərəfindən etibarnaməyə imza edildi (xx.xx.2021 -ci il tarixli 7E-39 reyestr nömrəli etibarnamənin surəti əlavə edilir). Lakin şəxsiyyət vəsiqəsinin FİN kodu vasitəsilə adına hüquqi şəxslər açacağını, onu aldadaraq imza etdirdiyi etibarnamələr ilə adına ASAN-imza alacağını, həmin hüquqi şəxslərlə bağlı bank hesablan açacağını və bank əməliyyatları aparacağını bilmirmiş və təsəvvür belə etmirdi. X8 onun adına heç bir xəbəri, razılığı və məlumatı olmadan 05-xx.xx.2021 -ci il tarixlərdə 4 hüquqi şəxsin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC dövlət qeydiyyatına alınması üçün müraciət edərək dövlət qeydiyyatından keçirmişdir. Adına açılmış müəssiələrdən və həmin müəssisələrin dövlət büdcəsinə yaranan borclarından ünvanıma gəlmiş bildirişlərə əsasən məlumatı olmuş və bundan sonra X8 ilə əlaqə saxlayaraq bu barədə ona məlumat vermiş və qısa müddət ərzində həmin məsələnin həll olunacağını və müəyyən səhvlik olduğunu bildirmişdir. Lakin sonradan isə X8 ilə əlaqə yaratmaq mümkün olmamışdır. Yaranan borcla bağlı onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Buradan da açıq şəkildə göründüyü kimi X8 tərəfindən əvvəlcədən düşünülmüş və hazırlanmış plan əsasında saxta yollarla dövlət qeydiyyatından keçirdiyi müəssisələrə möhürlər hazırlatdırmışdır, sonra məndən ASAN-imza üçün etibarnamə alaraq yuxarıda qeyd etdiyi 3 hüquqi şəxsə bank hesabları açaraq, həmin müəssisələrin dövriyyəsi və sairə bağlı faktiki rəhbərliyi və idarəetməni özü təşkil etmişdir. Bu halı bank əməliyyatlarında da X8 tərəfindən aparılması faktiki sübut olunur. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(112)-6815/2023 nömrəli qərarı ilə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya X8 tərəfindən işlə təmin olunacağı vədi verilərək ona məxsus ASAN imza ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) dövlət qeydiyyatına alınmış, lakin iddiaçı hüquqi şəxslərin fəaliyyəti ilə məşğul olmamışdır. Bildirilir ki, İddiaçı tərəfindən edilmiş 17.01,2022-ci il tarixli **********390500 nömrəli müraciət Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022- ci il tarixli **********123400 nömrəli məktubla əsaslı şəkildə cavablandırılmışdır. İddiaçı təsisçi və qanuni təmsilçi (rəhbər) olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021-ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2021- ci il tarixdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) xx.xx.2021-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmişlər. Həmin hüquqi şəxslərin qeydiyyata alınması üçün İddiaçı elektron qeydiyyat sisteminə müraciət edərək, ona aid olan elektron imza ilə müvafiq sənədləri imzalamışdır. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinin 3.0.11 -ci maddəsinə əsasən Xidmət kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir və dövlət reyestrini aparır. Göstərilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-1279/2023 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisədə əməliyyatların həyata keçirildiyi ASAN-imza formal olaraq ona məxsus olsa da, əslində faktiki olaraq X8 tərəfindən etibarnamə əsasında əldə edilmiş və bütün əməliyyatlar həmin şəxs tərəfindən aparılmışdır. Bu fakt onun tərəfindən verilmiş etibarnamənin verildiyi tarixlə ASAN-imzanın alındığı tarix arasındakı müddət fərqindən açıq-aşkar bəllidir. Təqdim edilmiş sənədlərdən də göründüyü kimi, əvvəlcə etibarnamə verilmiş, sonra ASAN-imza əldə edilmişdir. Onun adından qanunsuz şəkildə əməliyyatlar həyata keçirən X8 olsa belə səlahiyyətli şəxs o hesab olunur. Lakin bu o demək deyil ki, ASAN-imza onun tərəfindən şəxsən əldə edilmişdir. Çünki həmin hərəkətlər etibarnamələr əsasında həyata keçirilmiş, eləcə də həmin ASAN-imza etibarnamə əsasında X8 tərəfindən alınmışdır. Bu halda məhkəmənin elektron imzanın onun özü tərəfindən əldə edildiyini qeyd etməsi əslində mübahisədən tam xəbəri olmadığını bariz şəkildə göstərir. X8 tərəfindən işin gedişi zamanı təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********310 nömrəli ərizə təsdiq edir ki, onun sözügedən 3 etibarnamə əsasında həyata keçirilmiş heç bir əməliyyatdan xəbəri olmamışdır. Onun ümumiyyətlə hüquqi şəxs yaratmaq və əməliyyatlar həyata keçirmək niyyəti belə olmamışdır. Məhkəmə bu halı tam şəkildə araşdırmalı olduğu halda bu vəzifəni qeyri-qanuni şəkildə ona yükləmişdir. X8 aldatma nəticəsində onun inamından sui-istifadə edərək 3 ədəd etibarnamə əldə etmiş və şəxsin adından bir sıra qanunsuz əməliyyatlar həyata keçirmişdir. Şəxs özü də bunu etiraf etmişdir. Yəni, mübahisə üzrə aldatma faktının mövcud olduğu şəxsin etirafı ilə tam şəkildə təsdiq olunmuşdur. X1 mübahisəyə birbaşa aidiyyəti olduğu halda məhkəmə tərəfindən bir dəfə də olsun prosesə cəlb edilməmişdir. Mübahisənin məhz X4 qanunsuz hərəkətindən doğması halını sübut etmək onun vəzifəsi deyil. Məhkəmə mübahisə tam şəkildə həll olunmadan yarımçıq qərar qəbul edərək öz araşdırma vəzifəsindən boyun qaçırmışdır. O, X5 və X9 tərəfindən X6 qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi maraqlı şəxs kimi cəlb edilməklə xx.xx.2023-cü il tarixində “etibarnamələrin etibarsız hesab edilməsi” tələbi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda 2(008)-2430/2023 saylı mülki iş hakim Nilufər Cəfərlinin icraatındadır. Buradan da göründüyü kimi, 2(008)-2430/2023 saylı mülki işin gedişinin 2-1(118)-1279/2023 saylı məhkəmə işi üzrə əldə ediləcək yekun nəticəyə birbaşa təsiri vardır. Belə ki, 2(008)- 2430/2023 saylı iş üzrə tələb hissəsində qoyulmuş etibarsız hesab edilməli olan etibarnamələrlə məhz 2-1(118)-1279/2023 saylı inzibati işdə qeyd olunan hüquqi şəxslər təsis edilmiş, VÖEN hesabları açılmış və bank əməliyyatları həyata keçirilmişdir. Belə olan halda məhkəmənin iş üzrə doğru nəticəyə gələ bilmək üçün icraatı dayandırmalı olduğu halda anidən məhkəmə işinə xitam verməsi qanunazidd hərəkətdir. Məhkəmə icraatının dayandırılması səbəbi ilə iki dəfə məhkəməyə müraciət etməyimizə baxmayaraq, hakim tərəfindən ümumiyyətlə tələbə baxılmamış, imtina səbəbi belə bildirilməmişdir. Onun tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə iki dəfə zəruri sübutlarla birlikdə ərizə ilə müraciət edilmiş və iş üzrə icraatın dayandırılması tələb olunmuşdur. Bu barədə ərizəyə məhkəmə tərəfindən baxıldıqdan sonra xx.xx.2023-cü il tarixli məhkəmə iclası təxirə salınmış, sonra isə məhkəmə vasitəsilə əlaqə saxlanılaraq növbəti məhkəmə iclasında mütləq onun vəkilinin iştirak etməli olduğu bildirilmişdir. 3 əsas fakt X4 2-1(118)-1279/2023 saylı inzibati iş üzrə məhkəməyə şahid qismində cəlb edilməli olduğuna əsasdır: 1.Sözügedən etibarnamələr X6 verilmişdir; 2."xxxx" MMC, "xxxx" MMC , "xxxx" MMC və "xxxx" MMC X8 tərəfindən yaradılmışdır; 3.X8 öz təqsirini etiraf etmişdir. Göründüyü kimi, əgər məhkəmə iş üzrə icraatı dayandırmayacaqdısa, ən azından bu 3 fakta əsaslanaraq X7 şahid qismində cəlb edə və mübahisəni tam şəkildə araşdıra bilərdi. X2 şahid qismində dindirilsə idi, o zaman həqiqətən də iki məhkəmə işinin əlaqəli olduğu məlum olacaq idi. Lakin məhkəmə İnzibati Prosessual Məcəllənin maddəsinə əsasən vəzifəsi olduğu halda tam araşdırmadan və yaxud icraatı dayandırmadan tələsik şəkildə işi yekunlaşdırmışdır. Məhkəmə icraatının gedişi zamanı X8 tərəfindən xx.xx.2022-ci il tarixli, **********310 nömrəli ərizə təqdim edilmiş və həmin ərizədə qeyd edilmişdir ki, ona məxsus olan ********** VÖEN üzrə bütün əməliyyatları özü görmüş və bu günədək olan və gələcəkdə yarana biləcək bütün vergi və digər borcları ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılması üçün zəruri olan şərtlər mövcud olmalıdır, yalnız bu halda iddia mümkün sayılmalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının iddia tələbi müvafiq hüquqi şəxslərin dövlət qeydiyyat məlumatlarında qeyd olunmuş təsisçi adının başqa şəxsin adına dəyişdirilməsi ilə bağlı olmuş, iddia tələbinin əsası kimi isə həmin hüquqi şəxslərin onun tərəfindən təsis edilməməsi və onların fəaliyyətinə faktiki rəhbərliyi həmin şəxsin etməsi ilə bağlı hallara istinad etmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının hüquqi marağı məhz reyestrdə qeydə alınmış məlumatların dəyişdirilməsinə nail olmaqdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı qeyd edilən tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın həmin müraciətə dair xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, qeyd olunan hüquqi şəxslərin təsisçisi kimi iddiaçı qeyd edilməklə, həmin hüquqi şəxslər dövlət qeydiyyatından keçmişdir, bununla bağlı müraciət və müvafiq sənədlərin iddiaçının adına olan elektron imza ilə imzalandığı qeyd olunmuş, əlavə olaraq adına qeydə alınmış hüquqi şəxslərdə rəhbər dəyişikliyi aparılması üçün təsisçi və yeni təyin edilən rəhbər tərəfindən imzalanmış və hüquqi şəxsin möhürü ilə təsdiq eidlmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” forması hüquqi şxsin rəhbərinin dəyişdirilməsi barədə təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə qeydiyyat orqanına təqdim olunması, hüquqi şəxsin ləğv edilməsi və ya fəaliyyətinin dayandırılması ilə bağlı prosedur qaydalar, bununla bağlı mövcud qanunvericilik normalarının tələbləri izah edilmişdir. Göründüyü kimi, indiki halda cavabdeh inzibati orqanın qeyd olunan cavab məktubunda iddiaçıya iddia etdiyi dəyişikliyin qeydə alınmasından imtina olunmamış, iddia etdiyi dəyişikliyin qeydə alınması üçün hüquqi şəxslərin dövlət qeydiyyatında sonrakı dəyişikliyin mümkünlüyü üçün zəruri olan qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalar və bunun üçün təqdim edilməsi zəruri olan sənədlər barədə məlumat verilərək,bununla bağlı hüquqları izah edilmişdir. Belə olan halda isə cavabdeh inzibati orqanın qeyd edilən hərəkətinin iddiaçının iddia tələbində istinad etdiyi hüquqi şəxslərin dövlət qeydiyyatında dəyişiklik edilməsindən imtina kimi qəbul edilməsi, bununla iddiaçının hansı hüquq və qnaunla qorunan mənafelərinin pozulması halı müəyyən edilməmişdir. Halbuki, inzibati məhkəmə icraatı qaydasında qeyd edilən iddia növü üzrə iddia tələbinin mümkün sayılması üçün zəruri olan mümkünlük şərtlrəində biri də məhz cavabdehin imtinasının olması və bu imtina nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halının baş verməsi və bu halın iddiaçı tərəfindən əsaslandırılmalı olması zəruridir. İndiki halda isə cavabdeh inzibati orqanın iddia tələbinə dair imtinasının olması və bu imtina ilə iddiaçının hansı hüquqlarının pozulması, onlar arasında səbəbli əlaqənin olması halı aşkar edilməmişdir. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi və hüquqlarının pozulmasına səbəb olan hallar kimi istinad etdiyi hallarla (onun aldadılaraq, adına elektron imza alınması və digər) cavabdeh inzibati orqanın hərəkətləri arasında səbəbli əlaqənin olması halı müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, indiki halda iddiaçı tərəfindən cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulması ilə bağlı hallar əsaslandırılmamış, bununla bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir, birmənalı nəzərə çarpır. Həmçinin, qeyd olunmalıdır ki, formalaşdırılmış hüquqi mövqeyə görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İndiki halda isə iddiaçının iddia tələbinin əsaslandığı hallar (hüquq şəxslərin onun tərəfindən təsis edilməməsi, elektron imzanın özündə olmaması, aldadılması və digər) baxımından hər hansı mötəbər sübut (iddianın mümkünlüyü baxımından ilkin sübutlar qismində) təqdim edilmədiyindən (hansı ki həmin hallarla bağlı sübutetmək öhdəliyi məhz iddiaçı tərəfin üzərinə düşmüşdür) bu halların isə cavabdehin hərəkətləri ilə bağlılığı müəyyən edilmədiyindən, inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının hansı hüquq və qanunla qorunan marağının pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinin əsası kimi istinad etdiyi hallara dair heç bir dəlilə istina etməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının indiki halda hüquqlarının pozulması kimi istinad etdiyi hallar hazırki iş üzrə iddia predmeti ilə bağlılıq baxımından məhkəmə mübahisənin predmeti qismində çıxış etməməklə, qeyd olunan hallarla bağlı iddiaçı özünün pozulmuş hesab etdiyi hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsini mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməklə, həyata keçirə bilər. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə, yuxarıda qeyd olunan halları diqqətdən qaçırmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə hazırki iddia tələbinin mümkünlük şərtlərinə düzgün qiymət verməmiş, iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Həmçinin, qeyd olunamlıdır ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələrində yoxlanılmalıdır. Göstərilən hallara əsasən hazırki iş üzrə iddia tələbi mümkün sayılmamalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2-1(118)-1279/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-425/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-425/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver