Məhkəmə qərarları › İş №2-1(105)-425/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-425/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-425/2025 23.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(118)-1912/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları: İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli ***-**** nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr 1993-cü il tarixli 226 №-li əmrilə 13 oktyabr 1993-cü il tarixdən “sıravi” hərbi rütbəi verilməklə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. İş materiallarına əlavə olunmuş 265 saylı Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçın diaqnoz xəstəlikləri döş qəfəsi və qarnın odlu-silah çoxsaylı güllə yaralanması nəticəsində mədənin hər iki divarının, nazik (11sm) və yoğun (3sm) bağırsaqların zədələnməsi, soltərəfli hemopnevmotoraks, soltərəfli plevranın empieması, əməliyyat (xx.xx.N) sol tərəfli torakosentez, lapartomiya,mədə nazik və yoğun bağırsağın yaralarının tikilməsi, qarın boşluğunun drenajı, xarici tənəffüsünün pozulması diaqnozlarını Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 yanvar 2025-ci il tarixli, 1807/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.1995-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-C- 8946/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 2/2-608 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 349 nömrəli arayışına əsasən 706(810,850,851) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmədiyinə və N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ödəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq xidmətini xx.xx.1993-cü ildən xx.xx.N-cü ilə kimi N və N saylı hərbi hissələrin tərkibində icra etmişdir. xx.xx.N-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanaraq döş və qarın nahiyəsindən 3 güllə yarası almışdır. Bununla əlaqədar xx.xx.N-cü ildən xx.xx.N-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunaraq hərbi xidmətə yararsız hesab edilmişdir. Alınmış xəsarət hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar alınmışdır. Buna əsasən ikinci dərəcəli Qarabağ müharibəsi əlili hesab edilmişdir. Hal-hazırda əlilliyi dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ərizəsində xx.xx.1993-cü ildən xx.xx.N-cü ilədək N və N nömrəli hərbi hissələrin tərkibində xidmətdə olarkən Ağdam rayon ərazisində gedən döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1- dən N-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar ezam olunması və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş xx.xx.2024- cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-ci il tarixli 226 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 4 nömrəli əmrilə İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 10 nömrəli əmrilə N nömrəli hərbi hissədən gəlmiş İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar-fevral N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 7N (,,) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmədiyinə, və N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 7N (,,) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmir və xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(118)-1912/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır kı, iddiaçı birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və yaralanmışdır və ona xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə qərarının əsaslandırmasında vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2580/2024 saylı qərarına istinad etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmış, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq izah etdi ki, o, Qarabağ müharibəsi əlili olması kimi 2020-ci ildə dövlət tərəfindən mənzil və maşınla təmin edilmişdir. Onun sonradan reabilitasiya olunması səbəbi ilə əlilliyinin ləğv edilməsi müharibə iştirakçısı olması faktını inkar edə bilməz. Hazırda ona müharibə veteranı adının verilməsindən imtina əsassız hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. 2-ci abzas. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, “bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir”. Maddə 7.1. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” özləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun xx.xx.1993-cü ildən xx.xx.N-cü ilə kimi N və N saylı hərbi hissələrin tərkibində hərbi xidmətini icra etməsi və xx.xx.N-cü il tarixdə Ağdam rayonu uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanaraq döş və qarın nahiyəsindən 3 güllə yarası alması halına istinad etmişdir. xx.xx.1995-ci ildə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. 2023-cü ilə qədər müahribə əlilliyi qüvvədə olmuşdur. Cavabdeh inzibati orqan imtina əsası kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 2/2-6081 nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli, 349 nömrəli arayışına əsasən 706(810,850,851) nömrəli hərbi hissələrdə hərbi xidməti təsdiqlənmədiyinə və N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması təsdiq olunduğundan və iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı N-cü ilin yanvar ayında yaralanmış və bir müddət staionar müalicədə olması ilə bağlı hərbi xidmətə qayıda bilməmişdir. Belə ki, iddiaçıya “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 265 saylı, xx.xx.N-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə” inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. İddiaçı xx.xx.1995-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinə olunmaqla ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik müəyyən olunması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2023-cü ildə əlillik müddəti bitdikdən sonra yenidən əlilliyi müəyyən edilməsə də, o, ən azı sonuncu müayinə tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusuna malik olmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan və bununla bağlı qanunvericilik normalarında xüsusi qeyd nəzərdə tutulduğu halda cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2580/2024 saylı qərarında qeyd edilmişdir: “35. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərt əlilliyin hansı tarixdə əldə edilməsi deyil, onun səbəbli əlaqəsidir. Kollegiya qeyd edir ki, əlilliyin təyin edilməsinin yuxarıda qeyd olunan qərarın təsdiq olunmasından sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Əlilliyin təyin edilmə tarixinin əsas götürülməsi qanunun güddüyü məqsədin nəzərə alınmaması nəticəsini doğura bilər. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, nə “Veteranlar haqqında” Qanunda, nə də “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamədə belə bir məhdudiyyət təsbit edilməmişdir. Eyni zamanda, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. (...)

37. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»).

38. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar.

39. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər.

40. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir.” Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməklə düzgün nətcəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur.

Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2-1(118)-1912/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar