Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-426/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional ərazi filialına qarşı (Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi) “1983-1988-ci illərdə işlədiyi dövrlərin onun sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-83/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional ərazi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Fondunun Abşeron rayon Şöbəsinə) müraciət etmişdir. Lakin həmin orqanın 09 dekabr 2019-cu il tarixli, **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmiş, 1983-1988-ci illərin onun sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Fondunun Abşeron rayon Şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Fondunun Abşeron rayon Şöbəsi iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh təşkilat imtinanın əsası kimi 1983-1988-ci illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsinin qanunvericiliklə mümkün olmamasını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın bu imtinası tamamilə əsassızdır və qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı 1983-cü ildən 1988-ci ilədə Gürcüstan Respublikası Madneuli mədənzənginləşdirmə kombinatında yükvuran, yükbağlayan fəhlə vəzifəsində işləmişdir. İşləməyi barədə rəsmi arayışı cavabdeh təşkilata təqdim etsə də, həmin arayış nəzərə alınmamışdır. İddiaçı bildirir ki, 1970-ci ildən müxtəlif yerlərdə işləmişdir. Amma bir çox yerdə işlədiyi dövrləri cavabdeh nəzərə almır. Rusiyada işlədiyi yerlərdən arayış gətirməyə imkanı yoxdur, yaxın olduğu üçün Gürçüstandan istədiyi illərə dair sənədi əldə edə bilmişdir. 1983-1988-ci illərdə Gürcüstanda işləmişdir, bu dövrlərlə bağlı arayış təqdim etmişdir.Həmin arayış nəzərə alınanda tələb olunan 12 il tamam olur. Lakin bu cavabdeh tərəfindən nəzərə alınmamışdır. Onun əmək stajı çox olsada 12 ili nəzərə alıb ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə 23.10.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. DSMF-nin Abşeron rayon şöbəsində fəaliyyət göstərən əmək pensiyası təyin edən komisiyanın 25.10.2019-cu il qərarı ilə tələb olunan sosial sığorta stajını toplamadığı üçün ərizəsi təmin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin bu Qanunun 21-ci maddəsinin 21.1-ci bəndində ancaq qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterlərindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcədə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş dilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il sosial sığorta stajı tələb olunur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci maddəsinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması həyata keçirilir. Əmək kitabçasında qeyd olunmuş 01.03.1994-01.01.2004-cü illər üzrə iş stajın yoxlamaq zərurəti yaranmışdır. Əmək kitabçanızda qeyd olunan Müstəqil “Bakı” Kooperativindəki iş stajınızın yoxlanılması məqsədilə DSMF Nəsimi rayon şöbəsinə sorğu verilmiş, lakin müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Həmçinin Qaydaların 3.1.1-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı yalnız əmək kitabçası əsasında müəyyən edildiyindən 1983-1988-ci illərin sığorta stajına əlavə edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı yuxarıda göstərilənlərə əsasən tələb olunan 12 il sosial sığorta stajı toplanmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-83/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 1983-1988-ci illərdə işlədiyi dövrlər onun sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyası ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin 1 saylı Regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək İddiaçı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə qəbul edilmiş 16 aprel 2021-ci il tarixli, 2-1(118)-83/2021 saylı Sumqayıt İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iddiaının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 18.04.1983cü il tarixdən 08.07.1988-ci tarixədək olan dövr üzrə Gürcüstan Respublikasında “Madneuli mədən-zənginləşdirmə kombinatı”da işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə nüraciət etmiş və Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-83/2021 nömrəli qərarına əsasən iddiası təmin edilərək sözügedən illərin sosial sığorta stajına daxil Edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Hazırkı iş üzrə 16 aprel 2021-ci il tarixli, 2-1(118)-83/2021 saylı birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv şdırılmaması səbəbindən qanuna zidd və əsassızdır.
1. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 nömrəli qərarının 4.2.7-ci maddəsinə əsasən pensiya (pensiya, sosial yardım və müavinətlər) sektorunun əməkdaşı (müvafiq sahə üzrə) ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Hazırkı işdə iddiaçının sözügedən müəssisədə işləməsi "xxxx" MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir. Həmin arayışın mötəbərliyini müəyyənləşdirmək məqsədilə qarşılıqlı yoxlamasını həyata keçirmək üçün X2 Departamenti tərəfindən Gürcüstan Respublikasına sorğu ünvanlanmışdır. Lakin məhkəmə sorğuya cavabın əldə edilməsi üçün gözləmədən iddia tələbini təmin etmişdir. Nəticədə, qeyd edilən normanın tələbləri məhkəmə tərəfindən pozulmuşdur.
2. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında əsas sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə asən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək siğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Belə ki, vətəndaşın 18.04.1983-cü il tarixdən 08.07.1988-ci il tarixədək əmək fəaliyyəti göstərməsi əmək kitabçası ilə təsdiq olunmadığı üçün sosial sığorta stajına daxil edilə bilməz. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası təhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci stansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
TƏRƏFLƏRİN İZAHATLARİ
Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının işlədiyi 1983-1988-ci illərin sığorta stajına əlavə edilməməsi qanuna uyğun deyildir. Belə ki, iş materiallarında olan 30 avqust 2019-cu il tarixli, 40209 saylı arayışdan görünür ki, 23.07.1953-cü il təvəllüdlü İddiaçı həqiqətən 1983-cü il tarixindən Madneuli mədən zənginləşdirmə kombinatında işləmişdir. 18.04.1983-cü il tarixində MTTM-ə yükvuran yük bağlayan fəhlə vəzifəsinə qəbul olunmuşdur, əmr №163 15.04.1983-cü il. 13.09.1984-cü il tarixində Zənginləşdirmə fabrikinə əsas korpusa 3-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə keçirilmişdir, əmr №55 10.09.1984-cü il. 28.05.1985-ci ilk tarixində ÜQT-yə 3-cü dərəcəli QAZ-52 sürücüsü vəzifəsinə keçirilmişdir, əmr № 38 28.05.1985-ci il. 08.07.1988-ci il tarixində azad edilmişdir. Əmr №142 15.07.1988-ci il. GSSR ƏHQM 30 maddəsinin 1-ci bəndi, tərəflərin razılaşması. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi düzgün olaraq qiymətləndirmişdir. Həmin arxiv arayışının mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin sübutun mötəbərliyi ilə bağlı şübhələr olduğu halda inzibati icraat zamanı müvafiq sorğular edilməli, sənədin mötəbərliyinə olan şübhələr öz təsdiqini tapdığı halda əsaslandırılmış imtina verilməli idi. İnzibati icraat haqqında Qanunun 19.1-ci maddəsinə əsasən: “İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır”. Həmin qanunun 19.2-ci maddəsinə əsasən: “Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür”. İş materialları ilə və iddiaçının əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçının 18.04.1983-cü ildən 08.07.1988-ci ilədək olan dövr ərzində Gürcüstan Respublikasında "Madneuli mədən-zənginləşdirmə kombinatın"da işlədiyi dövrlər nəzərə alınanda, tələb olunan 12 il sığorta stajı toplandığına görə onun pensiya hüququnun yaranır. İddiaçının «Madneuli mədən zənginləşdirmə kombinatın»da işləməsinə dair "xxxx" MMS tərəfindən verilən arayışın mötəbər olmamasına dair cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Həmin arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa dair hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Buna görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2-1(118)-83/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.