Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-426/2025 02.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının nümayəndələri Nümayəndə2 və X2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2237/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim İmran Burcayev) xx.xx.2025-ci il tarixli 2-1(118)- 2237/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqana yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümümi sığorta stajının 19 il 14 gün təşkil etməsi bildirilmiş, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Sumqayıt 2712 saylı Avtokombinatında, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “X9” İstehsalat Birliyində olan əmək fəaliyyəti (sürücü) sığorta stajına daxil edilməmişdir. Hesab edir ki, ümumi əmək stajı 25 ildən artıq olduğuna görə ona 65 yaşından, yəni xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla iddiaçının cəmi sığorta stajı 19 il 14 gün təşkil edir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Sumqayıt Avtokombinatında əmək fəaliyyəti dövrü, xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində əmək faəliyyəti dövrü, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək “X9” X1 dəstəsində əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olan və mübahisələndirilən sosial sığorta stajına dövrünə aid hesab edilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək dövrlər üzrə “X9” İstehsalat Birliyində olan əmək fəaliyyətinin "xxxx" İstehsalat Birliyinə aidiyyəti olmadığı qeyd edilsə də, sözügedən dövrlər iddiaçının əmək kitabçasında “Azərqaz” möhürü ilə təsdiqlənmişdir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1993-cü il tarixdə işdən çıxma möhürü kiril qrafikalı əlifba ilə olduğundan, 1993-1994-cü il tarixləri üzrə möhür oxunaqlı olmadığından və səlahiyyətli şəxsin adı qeyd edilmədiyindən) həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur, hazırda 68 yaşı var. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında mövcud olan xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Sumqayıt Avtokombinatında əmək fəaliyyəti dövrü, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində əmək faəliyyəti dövrü, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək X9 X1 dəstəsində əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olduğunu və mübahisələndirilən sosial sığorta stajını ümumi staj dövrünə aid etməmiş, bu səbəbdən də, iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını göstərmiş və iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassız olmuşdur. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. Həmin dövrün qanunvericiliyin tələbinə əsasən iddiaçının stajına əlavə edilməsi nəzərdə tutulmuşdur ki, bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Əmək kitabçasında qeyd edilən dövrlərə nəzər saldıqda müəyyən edilir ki, iddiaçı xx.xx.1978-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1990-cı, xx.xx.1990-xx.xx.1993-cü illər ərzində (Sumqayıt 2712 saylı Avtokombinat), xx.xx.1993-xx.xx.1994-cü illər ərzində ("xxxx" Kiçik Müəssisəsi), xx.xx.1994-xx.xx.1997-ci illər ərzində (X9 İB) və xx.xx.2019-xx.xx.2024-cü illərdə sürücü işləməklə, ümumilikdə 25 il 4 ay 24 gün əmək stajı əldə etməklə, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla ümumilikdə sığorta stajının 19 il 14 gün olduğunu bildirmişdir. Lakin qeyd olunmalıdır ki, əmək stajını təsdiqləyən əsas sənədin əmək kitabçası olduğunu nəzərə alaraq yuxarıda tələb olunan illərin iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapdığı müəyyən edilir. Bundan əlavə cavabdeh orqanın öz etirazında qeyd etdiyi halların - Sumqayıt Avtokombinatının, habelə "xxxx" Kiçik müəssisəsinin sənədlərinin arxivdə aşkar edilməməsi iddiaçının təqsiri kimi qələmə alınaraq onun sosial təminat hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Eyni zamanda imtinada qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək dövrlər üzrə “X9 İstehsalat Birliyi”ndə olan əmək fəaliyyəti "xxxx" İstehsalat Birliyinə aidiyyəti olmasa da, sözügedən dövrlər iddiaçının əmək kitabçasında "xxxx" möhürü ilə təsdiqlənmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, X9nun "xxxx" İstehsalat Birliyinin səlahiyyətinə aid olmamasına dair hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlili ilə eyni məzmun daşıyır, iddiaçının xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumilikdə sığorta stajının 19 il 14 gün təşkil etməsi cavabdeh orqan tərəfindən qəbul olunsa da, iddiaçının əmək kitabçasında mövcud qeyddə olan xx.xx.1990-xx.xx.1993-cü il tarixədək Sumqayıt Avtokombinatında əmək fəaliyyəti dövrü, xx.xx.1993-xx.xx.1994-cü il tarixədək "xxxx" kiçik müəssisəsində əmək faəliyyəti dövrü, xx.xx.1994-xx.xx.1997-ci il tarixədək X9 X1 dəstəsində əmək fəaliyyəti dövrü mötəbərliyinə görə qəbul edilmir və həmin dövrlərin sosial sığorta stajına aid olması mübahisə doğurur. Verilmiş apellyasiya şikayəti əsasında işin hallarını araşdıran məhkəmə kollegiyası tərəfindən iddiaçının xx.xx.1994-xx.xx.1997-ci il tarixədək X9 X1 dəstəsində əmək fəaliyyəti barədə məlumatın təqdim edilməsi barədə "xxxx" İstehsalat Birliyinə və Dövlət Neft Şirkətinə müvafiq sorğu verilmişdir. "xxxx" İstehsalat Birliyi xx.xx.2025-ci il tarixli 14-2-18/2-2407/2025 nömrəli cavab məktubla məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, İddiaçı 1994-1997-ci illər üzrə işləməsi barədə məlumat (1995-ci il istisna olunmaqla) Birliyin 7 nömrəli “Nəqliyyat və Xüsusi Texnika İdarəsi” arxiv fondunun haqq-hesab cədvəlində öz əksini tapmışdır. İddiaçı 1994-cü ilin sentyabr ayında 3985,84 manat oktyabr ayında 19930 manat, noyabr ayında 44509 manat və dekabr ayında 52481 manat olmaqla, cəmi 120905,84 manat; 1996-cı ilin yanvar ayında 94545 manat, fevral ayında 83224 manat, mart ayında 74901 manat, aprel ayında 228167 manat, may ayında 308372 manat, iyun və iyul aylarında 0,00 manat, avsqust ayında 66773 manat, sentyabr ayında 64773 manat, oktyabr ayında 85013 manat, noyabr ayında 100241 manat və dekabr ayında 12721 manat olmaqla, cəmi 1,115,730 manat; 1997-ci ilin yanvar ayında 159239 manat əmək haqqı alması göstərilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhəri üzrə Sosial Müdafiə Mərkəzi tərəfindən təsdiq edilmiş pensiya təyin edilməsi üçün şəxsi işlərdən müəyyən olundu ki, İddiaçı iş yoldaşlarından xx.xx.1951-ci il təvəllüdlü X3 1995-ci ildən 1997-ci ilədək; xx.xx.1953-cü il təvəllüdlü X6 1987-ci ildən 1999-cu ilədək "xxxx" İB-də işləmişlər və onlara cavabdeh inzibati orqan tərəfindən pensiya təyin edilmişdir. Hazırkı inzibati işdə iddiaçının mübahisəli dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən müvafiq qeydlər, əmək kitabçasında da mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-2237/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-426/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-426/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver