Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-427/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(118)- 149/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları Sumqayıt Bələdiyyəsi (bundan sonra iddiaçı) 13 fevral 2020-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək, 820 kv.metr torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh 03 mart 2020-ci il tarixdə məktuba cavab olaraq bildirmişdir ki, Layihə- Tədqiqat Mərkəzi 2 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən hazırlanmış müayinə baxış aktında və Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi Şöbəsinin rəyində Bələdiyyənin mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv.metr göstərilməsinə baxmayaraq, Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli, 14 saylı protokolunda və 13.02.2020-ci il tarixli 487 saylı məktubunda torpaq sahəsinin ölçüsü 824,3 kv.metr göstərilmişdir. Bundan əlavə nəzərdə tutulan torpaq sahəsi Sumqayıt şəhərində Koroğlu prospekti Niyazi küçəsini və M.Əsədov adına küçəni birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubu sənədlərə əlavə edilməlidir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Koroğlu prospekti ilə Məhəmməd Əsədov və Niyazi küçələrinin kəsişməsindəki ərazidə yerləşən, sahəsi 820 kv.m olan torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışının Sumqayıt bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması “Seyhun” şirkətinin direktoru Nümayəndə2 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, bələdiyyə mülkiyyətində olan və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarə hüququ əsasında “Seyhun” şirkətinin istifadəsində olan Sumqayıt şəhəri 17-ci və 18-ci mikrorayonların ərazisində Koroğlu prospekti ilə Məhəmməd Əsədov və Niyazi küçələrinin kəsişməsində yerləşən sahəsi 818,6 kvadrat metr olan torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə şirkətin mülkiyyətinə verilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən icarə hüququ əsasında, onun üzərində yerləşən sahəsi 45 kv m olan qeyri-yaşayış binası isə mülkiyyət hüququ əsasında “Seyhun” şirkətinin adına 24 fevral 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” çıxarış verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə torpaq sahəsinin hərrac (müsabiqə) yolu ilə rəsmiləşdirilməsi üçün müvafiq prosedurlara başlamışdır. Baxmayaraq ki, Cavabdeh tərəfindən “Seyhun” şirkətinin adına 24 fevral 2012-ci il tarixdə verilmiş “Hüquaların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” Çıxarışda torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsi göstərilmişdir və bu səbəbdən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun təkrar qeydiyyata alınmasına ehtiyac yoxdur, cavabdehin tələbi nəzərə alınaraq hal-hazırda qüvvədə olan bələdiyyə torpaqlarına dair qanunvercilik aktlarına əsasən müvafiq sənədləşmə işlərinə başlanılmışdır. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 19.06.2017- ci il tarixli 75 saylı rəy verilərək 824,3 kv m torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən müvafiq məktubla Cavabdehnə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair rəyin və torpaq sahəsinin kateqoriyası barədə məlumatların Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmişdir. Həmin müraciət əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi idarəsi tərəfindən 11 oktyabr 2017-ci il tarixli, 1022 saylı rəy verilərək torpaq sahəsinin müsabiqə və ya hərraca çıxarılmaqla sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Həmin rəylər əsasında Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli, 14 saylı iclasının 11 saylı qərarı ilə sözügedən torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasını qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi idarəsi tərəfindən 10 aprel 2018-ci il tarixli, 1494 saylı yeni rəy verilərək sahəsi 820 kvadrat metr olan torpaq sahəsinin müsabiqə və ya hərraca çıxarılmaqla mülkiyyətə verilməsinin mümkün olduğu bildirilmişdir. Torpaq sahəsinin hərraca,yaxud müsabiqəyə çıxarılması məqsədilə tələb olunan mülkiyyət hüququna dair çıxarışın və digər aidiyyəti sənədlərin bələdiyyəyə verilməsi üçün bələdiyyə tərəfindən cavabdehə müraciət olunsa da, sonuncu 03 mart 2020-ci il tarixli məktubla cavab verərək müraciətin icrasından imtina etmişdir. Cavabdeh imtinanı bələdiyyə qərarı ilə müvafiq müraciət məktubunda torpaq sahəsinin ölçüsünün 824,3 kv m göstərildiyi halda, torpağın ölçüsünün 820 kv m olması ilə əsaslandırmağa çalışmış, həmçinin tamamilə qanunsuz olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə olunnmalı olduğunu bildirmişdir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə, nə də Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun 24 fevral 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Seyhun” şirkətinin adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Dövlət reyestrindən” çıxarış verilərkən dövlət qeydiyyatından keçirilməsinə əhəmiyyət verməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və 2012-ci ildə bələdiyyənin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək halhazırda da bələdiyyə mülkiyyətindədir. Cavabdehin iddia tələbinə dair etirazı Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, Layihə-Tədqiqat Mərkəzi 2 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən hazırlanmış müayinə baxış aktında və Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi Şöbəsinin rəyində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv.m göstərilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 13 oktyabr 2017-ci il tarixli 14 saylı protokolunda və 13 fevral 2020-ci il tarixli 487 saylı məktubunda torpaq sahəsinin ölçüsü 824,3 kv m göstərilmişdir. Bundan əlavə, nəzərdə tutulan torpaq sahəsi Sumqayıt şəhərində Koroğlu prospekti ilə Niyazi və M.Əsədov adına küçələri birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilməli olduğu Sumqayıt Bələdiyyəsinə bildirilmiş və bu barədə ona 02 mart 2020-ci il tarixli **********84 qeydiyyat nömrəli cavab göndərilmişdir. Hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(118)-149/2021 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim V.Əzizova). Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını həyata keçirən cavabdeh İdarə bir xidmət orqanıdır və qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə ərizəçinin sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü İdarə tərəfindən araşdırılır. Lakin göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə çatışmazlıqlar olduğu halda torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin iddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun “Ümumi müddəalar” adlanan 1-ci fəslində qeyd edilir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Qanunun 2.1-ci maddəsində təsbit olunur ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə özü də hazırki qərarın əsaslandırma hissəsində bu normaya istinad etsə də, nədənsə bunları nəzərə almayaraq mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət və ya imtina üçün əsas olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir.Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum ,olur ki, məhkəməyə müraciət edən şəxs hüquqlarının qeydiyyatı üçün əsas mövcud olduğu halda qanunsuz olaraq hüquqlarının qeydiyyata alınmamasından müdafiə üçün deyil, yəni mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının qeydiyyatı üçün məhkəmə tərəfindən əsas yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən torpaq sahəsinə dair sənədlərdə çatışmazlıq olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, işə baxmış məhkəmə tərəflərindən verilmiş etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlıdır. Belə ki, iş materiallaırndan görünür ki, Sumqayıt Bələdiyyəsi ilə “Seyhun” şirkəti arasında 19 yanvar 2012-ci il tarixdə torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Sumqayıt şəhəri, Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişməsində 818,6 kv.m torpaq sahəsi yanacaq doldurma məntəqəsi üçün 99 il müddətinə şirkətə icarəyə verilmişdir. MA № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, M.Əsədov və Niyazi küçələrinin kəsişdiyi ərazi ünvanında yerləşən 45 kv m qeyri-yayayış binası (yanacaq doldurma məntəqəsi) mülkiyyət hüququ əsasında, qeyri-yaşayış sahəsinin yerləşdiyi 0.08186 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla icarə hüququ əsasında “Seyhun” şirkətinin adına 24.02.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 01.06.2017-ci il tarixdə “Seyhun” şirkəti Sumqayıt bələdiyyəsinə müraciət edərək, şirkətin icarəsinə verilmiş Sumqayıt şəhəri, Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişməsində 818,6 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tərəfindən sənədləşmə işlərinə başlanılmış, aidiyyəti orqanlara müraciət olunmuşdur. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 75 nömrəli 19.06.2017-ci il tarixli rəyindən görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Sumqayıt şəhəri Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişməsində sahibkarlıq məqsədi ilə yayayış məntəqələri torpaqları kateqoriyasına aid olan yerqurluşu, təsərrüfat planına və baş plana uyğun olan 824,5 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. ƏMDK 5 saylı Sumqayıt ərazi şöbəsinin 11 oktyabr 2017-ci il tarixli 1022 saylı rəyindən görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi ilə müsabiqə və ya hərraca çıxarılması yolu ilə icarəyə verilməsi nəzərdə tutulan Sumqayıt şəhəri Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişdiyi ərazidə 824,3 kv m torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqları, təyinatı-sahibkarlıq olmaqla müsabiqə və hərraca çıxarılması yolu ilə və bilavasitə icarəyə verilməsinə baxıla bilər. Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli 14 saylı qərarından görünür ki, Sumqayıt şəhəri Koroğlu prospekti, M.Əsədov küçəsi və Niyazi küçəsinin kəsişdiyi ərazidə sahibkarlıq məqsədilə 824.3 kv m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmışdır. Bundan sonra iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iki əsasla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir: 1)iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün 820 kv.m göstərilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli 14 saylı protokolunda və 13.02.2020-ci il tarixli 487 saylı məktubunda torpaq sahəsinin ölçüsünün 824,3 kv.metr göstərilmiş; 2)nəzərdə tutulan torpaq sahəsi Sumqayıt şəhərində Koroğlu prospekti ilə Niyazi küçəsini və M.Əsədov adına küçəni birləşdirən dairənin tərkib hissəsi olduğundan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubu sənədlərə əlavə edilməmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı” haqqında Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi və vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyəyə təhvil verirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinini qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. İstinad olunan normalardan göründüyü kimi mülkiyyətinə ayrılmış torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaq iddiaçının hüququdur. Bu hüququn reallaşması yolunda çıxan maneələr isə hüquqların qeydiyyatından imtina üçün əsas deyil. Belə ki, cavabdehin imtinasının əsası kimi Bələdiyyənin protokolunda və ƏMDK-nin 5 saylı Ərazi şöbəsinin rəyində torpaq sahəsinin ölçülərinin fərqli olması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, istinad edilən sənədlərdə torpaq sahəsinin ölçüsü 824.3 kv m göstərilsə də, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt ərazi şöbəsinin sonuncu, yəni 10 aprel 2018-ci il tarixli 1494 saylı rəyində qeyd edilmişdir ki, Sumqayıt bələdiyyəsi tərəfindən mülkiyyətə verilməsi nəzərdə tutulan 820 kv m torpaq sahəsi Sumqayıt bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyası – yaşayış məntəqələrinin torpaqları olmaqla, yaxınlıqdakı avtomobil yolunun mühafizə zolağı nəzərə alınmaqla, müsabiqə və hərraca çıxarılması yolu ilə və bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. Bundan əlavə cavabdehə olan son müraciətində də iddiaçı məhz 820 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçı hazırda Sumqayıt Bələdiyyəsinin 13.10.2017-ci il tarixli 14 saylı qərarında göstərilən ölçülərdən çox deyil, əksinə 4.3 kv m az ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir ki, bu da onun hüquqlarından imtina üçün əsas təşkil etmir. Cavabdehin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bunu torpaq sahəsinin hər iki küçənin kəsişməsində yerləşməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 09 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamədə Komitənin fəaliyyət istiqamətləri, hüquqları və vəzifələri sırasında küçələrin kəsişməsində yerləşən torpaqlarla bağlı rəy və ya razılıq verməsi kimi hər hansı müddəa nəzərdə tutulmamışdır. İstisna hal tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu ilə bağlı rəyin verilməsi ola bilər. Belə ki, adı çəkilən Əsasnamənin 8.20-5-ci bəndinə əsasən tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək Komitənin vəzifələrinə aid edilmişdir. Lakin istinad olunan normadan da göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən Komitə tərəfindən hələ tikiləcək tikililər üçün öncədən rəy-razılıq verilməsi tələb olunur. Hazırki işin hallarından isə görünür ki, nəzərdə tutulan torpaq sahəsində yanacaq doldurma məntəqəsi inşa olunmuş, həmin stansiyaya dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinni Sumqayıt Ərazi İdarəsi, yəni elə cavabdehin özü tərəfindən texniki pasport tərtib olunmuş, həmin bina istismara qəbul edilmiş (bu barədə qəbul aktı iş materiallarına əlavə olunmuşdur), eləcə də 24.02.2012-ci il tarixdə həmin qeyri-yaşayış binasına “Seyhun” şirkətinin adına mülkiyyət hüququ qeydə alınmışdır. Bununla da müəyyən olunur ki, cavabdehin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubunun sənədlərə əlavə edilməməsi barədə dəlili əsassızdır. Beləliklə də kollegiya hesab edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət və ya imtina üçün əsas mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına alınmasından imtinası üçün müəyyən edilmiş əsaslar olmadan, iddiaçının daşınmaz əmlak üzərində hüquqlarını qeydə almaqdan imtina etmiş, bununla da, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2-1(118)-149/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-427/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-427/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver